Mövqe

Məqsədim kütləvi informasiya vasitələrində milli-mənəvi dəyərlərimiizin necə gəldi şərh edilməsinə fikir bildirməkdir.  Və onu da deyim ki, biz mətbuat və televiziya ilə bağlı fikirlərimizi həm öz saytımızda , həm də digər sosial şəbəkələrdə dəfələrlə ifadə etmişik. İllərdir bu fikirlər başqa təəssübkeşlər tərəfindən də dilə gətirilməkdədir, çifayda, məhəl qoyulmamaqdadır.

Mənim bildiyimcə, mətbuat ilk dəfə bizim eramızdan əvvəl “Günün hadisələri” adlanan vərəqdən ibarət olmuşdur. Daha başqa ölkələrdə də dərc edilən qəzetlərin missiyası insanları gündəlik hadisələrlə tanış etmək olub. Zaman irəli getdikcə mətbuatın ən yaxşı “kollektiv təbliğatçı”, “kollektiv təşkilatçı” olduğu məlum oldu. Onun məqsəd və məramına təkcə insanları gündəlik xəbərlərlə tanış etmək, əyləndirmək yox, həm də maarifləndirmək, tərbiyə etmək missiyası əlavə edildi.

Ona görə də mətbuat gerçəkliyi dəqiq, qərəzsiz və vicdanlı əks etdirməli, mühüm və vacib olanları ictimaiyyət üçün əhəmiyyətli və maraqlı etməyə can atmalıdır, insanların cəmiyyətlə normal münasibətlər qurmasına şərait yaratmalıdır. Jurnalist ictimai nəzarətçi statusunda meydanda olmalıdırsa, mətbuat vəteleviziya da cəmiyyətdə tənqid, habelə kompromis əldə edilməsi üçün ictimai forum olmalıdır.

Görünən isə budur ki, bugünkü özəl telekanallar, elektron KİV-lər öz fəaliyyətlərini cəmiyyətin düşündüyü kimi qura bilmirlər. Qura bilmədiklərini özləri də bilir və zərrəcə ehtiyatlanmırlar, məsuliyyət hiss etmirlər.

 Biz yuxarıda jurnalistikanı prinsipləri, məramı haqqında başa düşdüyümüz qədər az da olsa fikir bildirdik. Gerçəkdə isə əksər mətbuat və özəl kanallar ictimai tribuna cavabdehliyi daşımır, bunu heç qafalarına sığışdıra bilmir, dolanışıq hərisliyində gərəksiz mövzuları, erotik duyğulara bələdçilik edən görüntü və şəkilləri paylaşırlar. Çünki qanı, canı, ruhu qələmlə, qələmin müdriklik səlahiyyəti ilə birikmiş əsl jurnalistlər qalıb kənarda, televiziyada rəhbər vəzifələrə, yaradıcı reaksiyalara təsadüfi adamları seçib doldurublar. Azərbaycan musiqisini zaman-zaman qorumuş, sevdirmiş sənət adamları ( müğənni, bəstəkra, aktyor və s.) üşün süni baryerlər yaradılıb, küsdürülüb, incidilib sənətdən uzaqlaşdırılıb, Toliki, Zaur Kamalı, Zaur Baxşəliyevi, Xoşqədəmi, Sərxanı, Əli Mirəliyevi, Əlikramı, Nadiri, nə bilim hansı modelləri, şou müğənnilərini keçiriblər yuxarı başa. Olsun ki, Nadirin pərəstişkarları İlkin Əhmədovun pərəstişkarlarından az da deyil. Amma mənəvi baxışlarına görə İlkinin dinləyiciləri daha üstündür.

Nadirin tez-tez saytlara verdiyi açıqlamaları izləmirsinizmi: bir tərəfdən özünü müdrik kimi  göstərmək istəyir, o biri tərəfdən də  paylaşdığı şəkillərlə  şou adamlarına yanıq verir, özünü onların fövqünə qaldırmaq istəyir.

Hansı sayta üz tutursan, bunlar açıqlama verir, məsləhət edir, əxlaq dərsi verirlər.

Tolik, Əli Mirəliyev, Elgiz Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini bitirmiş, jurnalistikamızın ustadlarından dərs almış peşəkarlar ortada yoxdur, meydanı veriblər bunlara.

İmkanı hesabına 5-3 mahnı klipləşdirən özünü cazmen, bəstəkar, rejissor və sair hiss edir. Onların səsini yayan şou mətbuatı və televiziyası da, maşallah, onların qulluğunda dəmadəm hazırdır.

Mətbuat, televiziya yazmağa, ekranlaşdırmağa mövzu tapmır. 44 günlük müharibənin yaratdığı assosiasiya ancaq qazanılan Zəfərdən qaynaqlanır. Bizim hünərvər oğullarımızın obrazını, özlərinə layiq obrazını görmədik mətbuatda, televiziyada. Dövlət mətbuatında ancaq titulu və statusu olanlar dərc olunur, digər mətbu vasitələrdə isə əsasən şou nümayəndələri, bəlli, Millət vəkilləri ( 10-15 Millət vəkili).

Amma biz istərdik ki, mətbuatın da, televiziyanın da mərkəzində sadə adamlar daha çox olsun: müəllimlər, mədəniyyət işçiləri(kitabxana, muzey, arxiv nəzərdə tutulur), qəhrəman əsgərlərimizin valideynləri, el-oba ağsaqqalları.

Bir şou adamı olsun ki, müəyyən auditoriyaya malikdir. Onun rəyi rəylər içərisində yer ala bilər, amma ümumi halda cəmiyyətə söz deyə bilməz.  Belə şəxslər, adətən, populist fikirlərlə diqqət çəkmək istəyəcək.

Qələbəmiz haqqında, Ali Baş Komandan haqqında, Milli ordumuzun əsgər və zabitləri haqqında sadə bir adam söz desə, onu kimdir manşetə çıxaran, amma Millət vəkilinin, müəyyən fəxri adı, statusu olan şəxsin yazısını bütün mətbu vasitələr gözləyir ki, manşetə çıxarsın: yoxlamadan,  kəm-kəsirini redaktə etmədən.

Xüsusilə müsahibə janrında qeyri-peşəkarlıq diqqəti daha çox cəlb edir.

Müsahibə cəmiyyətdəki bütün vacib hadisələrə rəsmi şəxslərin, ayrı-ayrı sahələr üzrə mütəxəssislərin mövqeyini, eləcə də baş vermiş hadisələrin şahidlərinin söylədiyi məlumatları operativ və birbaşa auditoriyaya çatdırmaq imkanı verir.

Amma mübahisələrin coğrafiyası təkgə bunlarla kifayətlənmir axı.

Müsahibə həmçinin cəmiyyətin qəbul etdiyi, fəaliyyəti ölkənin, xalqın səadətinə həsr olunan şəxslərin ( faydalı və böyükqəlbli insanlar) həyat və yaşam haqqındakı fikirlərini əks etdirən bir tribunadır. Odur ki, hər  bir informasiya ya cəmiyyətin həyatında baş verən mühüm ictimai-siyasi, mədəni hadisələri insanlara çatdıqmaq amacında olmalı, ya da insanların əxlaqi-mənəvi dəyərlərin varisləri olmasına xidmət etməlidir. Demirik insanların əylənmək hüququ yoxdur, amma əylənmək də ağayana olmalıdır, məzmunlu olmalıdır.

Saytların birində yazılır ki, türkiyəli  sənətçilər – müğənni İrem Derici ilə   sevgilisi Cem Belevi ayrılıb. Daha sonra bildirilir ki, bunların sevgiləri cəmi bir ay çəkibmiş. Sayt tərəflərdən heç kəsin məsələ ilə bağlı hələlik açıqlama vermədiyinə təəssüfünü də gizlətməyərək, onların açıqlamalar verəcəyi anonsuna da işarə edir.

Kimə lazımdır belə sevgi nümunəsi , belə sevgililər, belə  sənətçilər? Hansı məşhur gözlərinin qurdunu öldürür, mətbuat onu cəmiyyətə tirajlayır. Siz cəmiyyətə belələrini deyil,  ölçü nümunələri gətirməlisiniz, hədəf müəyyən etməlisiniz.

Bu gün pozulan nikahların artmasında, dağılmış ailələrin daha çox yeni evliliklər arasında olmasında  zərərli ideoloji təsirlər əsas faktordur. Nümunəvi ailə çütlükləri, əsl sevgi obrazları, belə obrazların həyat tərzi yoxa çıxıb, mətbuat, bəzi özəl kanallardakı şou proqramları insanları əyləncə həyata bağlayır.

Saytlarda çox ciddi yazılar da olur, amma ciddi narahatçılıq doğuran yazılar da az deyil.  Məsələn, bir saytda  yazılıb: “Kəbinlə ikinci arvad almaq olarmı? – Çoxarvadlılığın dini və hüquqi yolları” (https://hokm.az/kebinle-ikinci-arvad-almaq-olarmi-coxarvadliligin-dini-ve-huquqi-yollari/). Bu yazı bir neçə saytda tirajlanıb, sadəcə, sərlövhələr başqa-başqadır. Məsələn,  digər bir sayt həmin  yazıya belə sərlövhə qoymuşdu: “İkinci arvad almağın şərtləri – Çoxarvadlılıq cana faydalıdır”

Onda biri də yazsın ki, çoxərlilik də cana faydadır. Olurmu belə?

 Lent. az : “Tolik liposaksiya yolu ilə qarın, kürək, sinə hissəsində olan piyləri çəkdirdiyini, buxaqdan xilas olduğunu” yazıb,  Tolikin şəklini paylaşmışdı (https://lent.az/xeber/maqazin/tolik-emeliyyat-olundu-401557).

Mətbuat Toliki, Elgizi,  Zaur Kamalı, bir sözlə, şou sənətçılərini Azərbaycan televiziyasının keçən əsrin sonlarına qədər qazandığı  bütün dəyərlərin fövqünə qaldırır.

  Kütləvi informasiya vasitələri  cəmiyyətin ali dəyərlərinə xidmət edən qəhrəman əsgər və zabitlərimizə, müəllimlərə, kitabxana və muzey işçilərinə  heç bu qədər  ayrılmır.

Ali təhsilli müəllimlər 5 il təhsil alır, Dövlət İmtahan Komissiyası onlara ixtisas statusu verir. Gənc mütəxəssislər necə böyük arzularla fəal həyata atılmaq istəyirlər, amma iş tapa bilmirlər: işə qəbul üçün yenidən imtahan verməlisən, sonra diaqnostik qiymətləndirmələr, sertifikasiyadan keçmək və s.

Amma bu şou sənətçiləri üçün bütün telekanalların qapısı açıqdır.   Bəzi telekanallar, əksər mətbu vasitələr onların zəngin malikanələrini,  avtomobillərini, istirahət məkanlarını,   hətta sərgüzəştlərini, “sirləri”ni, etiraflarını  ekranlardan,   mətbuat səhifələrindən əskik etmir. Belə məsələlərə bir  nəzarət edən, onları  nizamlayan,  cəmiyyətin  ümumi  nizamına uyğunlaşdıran tapılacaq, ya yox? Şou mətbuatı, şou televiziyası şou sənətçilərinin geyimrini, zinət əşyalarını, avtomobillərini, istirahətlərini, zəngin süfrələrini gözə soxurlar.  Yəni,    Şou sənətçilərinin fəaliyyəti  müəllimin arxeoloqun, kommunal işçinin fəaliyyətindən üstünmü,  cəmiyyətə hədəf belə  nümunələr müəyyən edilməlidirmi?

Bu, aşınmadır. Bu, ideoloji kürsümüzün hədəfinə hörmətsizlikdir, məsuliyyətsizlikdir. Belə məzmunsuz, məntiqsiz yazı və verilişlərə hər gün rast gəlirik.

Onlayn mətbuatda təqdim olunan  bir çox müsahibələr, özəl televiziyalardakı şou proqramları bu cür əxlaqa bələdçilik edir.

  Mətbuatda 2021-ci ilin 8 ayı üçün Azərbaycanda qeydə alınan nikah və boşanma hallarının sayı açıqlanıb.

Dövlət Statistika Komitəsindən “Report”a bildirilib ki, 2021-ci ilin yanvar-avqust aylarında qeydiyyat şöbələri tərəfindən 36 063 nikaha daxilolma və 11 313 boşanma halları qeydə alınıb (Bax: https://report.az/daxili-siyaset/bu-il-azerbaycanda-nikah-ve-bosanma-hallarinin-sayi-aciqlanib/).

Həmin açıqlamada qeyd olunub ki, əhalinin hər 1000 nəfərinə 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə nikahların sayı 3,5-dən 5,4-ə, boşanmaların sayı isə 1,4-dən 1,7-yə qədər artıb.

Fikir verin, hələ sentyabr, oktyabr, noyabr, dekabr ayları üçün vəziyyət necə olacaq bu göstəricilərdə yoxdur. Az qala pozulan nikahların sayı bağlanan nikahların sayına yaxınlaşmaq üzrədir.

Hələ mətbuatda dərc olunan bu statistika rəsmi olanlardır. Ailələr var ki, faktiki nikah davam edirsə də bu ailə boşanmış ailələrdən heç də fərqlənmir. Ailə var ki, kiminsə qızını gətirib evinə, toydan bir ay sonra da üz tutub “Rusyət”ə, Ukraynaya, Avropaya və s.

Nə qədər belə məsələləri, onları doğuran səbəbləri doğru-düzgün təhlil edib nəticələrə gəlinməyəcək, bu yönümdə ciddi addımlar atılmayacaq, davam edəcək boşanmalar, dağılan tifaqlar.

45-50 il bundan öncəki toyların forma və məzmunu arasındakı fərqi indiki gənclər bilmir, bilməyəcək də. Amma yaşlı nəsillər bilir axı. O vaxt oğlan, istərsə də

qız belə məsələlər haqqında fikirləşmirdi.Bunlar hədəf deyildi. Onlar, sadəcə, həyat axarında yaşmaqlarını davam etdirirdilər. Ata-analar istəyirdilər ki, övladlarını oxutsunlar, təhsil versinlər, övladları ağıllı olsun, əlləri çörəyə çatsın. Bu hədəflər eyni zamanda onların kişi olmaq, ana olmaq zamanlarını şərtləndirirdi. El-oba , toy edəcək ailə, eləcə də gələcəkdə oğlunu evləndirəcək, qızını köçürəcək ailə də bu gedişatı izləyirdi. Oğlan tərəfin valideynləri kəndin, məhəllənin bütün qızlarının, onların ailələrinin cəmiyyətdəki yerinə: əxlaqına, ailə nümunələrinə, qızın bu vaxta kimi ictimai mühitdə davranışına, geyiminə və sair bələd olurdular. Ola bilərdi ki, oğlan bir qızı sevsin, amma ailənin o qıza, onun ailəsinə münasibəti yaxşı olmasın. Bu sevda baş tutmayacaqdı, istisna kimi baş tutsaydı da, həmin ailə hər zaman davalı-şavalı olardı.

Eləcə də qız tərəfi. Min bir əziyyətlə böyüdüb ərsəyə gətirdiyi qızı hər qapılarına gələnə verməyəcəkdilər ki. Oğlan tərəf də, qız tərəf də övladları böyüdükcə kürəkən, gəlin axtarışında olardılar, ürəklərində, xəyallarında arzuladıqları kürəkəni, gəlini formalaşdırardılar. Oğlan tərəfin də, qız tərəfin də bir qayğısı həmişə bu olardı: ətraflarına, yan-yörələrinə həmişə göz qoyardılar ki, hansı qız necədir, hansı oğlan yaxşıdır. Bu, oğlan və qız tərəfi həm də neçə övladları var , onların hamısı evlənincəyə, gəlin köçüncəyə qədər ətrafla ünsiyyətini fəallaşdırıdı.Gək qaynayıb qarışasan, onların toyunda, hüznündə iştirak edəsən ki, fikir verib görəsən ki, ail necədir, onların övladları necədir.

Vaxt gələndə də xalalar, bibilər, bacılar başlayarlar qız nişan verməyə.

Bir ailənin toy məclisi bütün şəcərənin toy büsatına çevrilərdi.Yığışardılar, dəfələrlə məsləhət-məşvərət edərdilər. Toy gününə qədər bu xeyir işin neçə şərtini yerinə yetirərdilər. Bu proseslərdə hər iki tərəfə mənsub nəslin bütün yaxınları iştirak edirdi.

Onların toyunda bütün qohum-əqrəba iştirak edərdi, bütün kənd iştirak edərdi. Oğlan da, qız da bu nəsillərin, bütün el-obanın qarşısında həmişə cavabdehlik daşıyardılar.

Qız evinə parça aparardılar, bayramlarda pay aparadılar, gəlin gətirməyə gedəndə hər qohum şəstlə neçə gün öncə bu münasibətlə hazırladığı xonçanı aparmağa aparardı. Toy günü bütün qohum-qardaş, dost-tanış, bütün el-oba şənliyə cəm olub bu ailələrə gözaydınlığı verərdilər. Bunlar həmin toy məclislərinin, toy ənənələrinin rəsmi ssenarisi idi, amma hər bir belə elliklə başa gətirilən toy məclisinin gələcək ailənin davamlılığı üçün də böyük təsiri vardı.

Qədim insanların mövsüm və mərasimlərlə bağlı neçə-neçə ayinləri olub. Məhsulları bol olsun, ovları uğurlu olsun deyə, müxtəlif ayinlər keçiriblər. Bəli, o vaxtın toylarında elliklə keçirilən, toyun səhərisi günü isə keçirilən ” Üzəçıxdı”, “Üçgünlük”, “Gəlinin qırxgünlüyü”,

“Gəlingördü”, “Ayaqaçdı”, “Qonaqçağırma” kimi çoxlu sayda ayinlər həmin ayinlərin mahiyyətini təmin edirdi.

İndi getdikcə bunlar unudulur. İndiki evlənənlərin 80 faizi yengə deyəndə, “Üzəçıxdı” deyəndə daş atıb başlarını tuturlar. İnternetdə, avtobusda, harda-harda rastlaşıb dərhal da izdivaca qaçırlar. Ailə, toy ritualları tamam yaddan çıxır. Yoxdur axı bunlar artıq. İndi inanmıram ki, sevgilərin ömrü 3-5 il olsun, 8 il olsun. Tanış olur və dərhal da evliliyə baş vururlar. Ürək, ədəb-ərkan, sevdiyi tərəfdə gələcək ailə səadətini təmin edəcək keyfiyyətlərin varlığını düşünən çox az… Toydan 5-6 ay keçməmiş aradakı uçurum dərhal görünməyə başlayır.

Qız tərəf deyəcək özün bəyəndiyindiyi getmisən, oğlan tərəf də deyəcək özün seçdiyindi almısan… İlk və yeganə qınaq da bu olacaq. Guya bundan sonra daha yaxşı olacaq deyə hər iki tərəf özlərini rahat hiss edir. Belələrinə qarşı bu gün cəmiyyətin qınağı azdır. Belələri heç nə olmayıbmış kimi karyera pillələri ilə yuxarı addımlayırlar, fəxriad alırlar, vəzifələrə təyin olunurlar, ekranlara cəmiyyətə dərs keçməyə dəvət edilir və s.

Keçmiş toy adətlərimiz yaşadılmalıdır. Onun müəyyən nizamlamalara ehtiyacı olsa da, məzmun və mahiyyəti eyni ilə yaşadılmalıdır, həm də qədirşünaslıqla.

Müasir gənclik  bizim dədə-babalardan miras qalmış  ailə dəyərlərinə sahib çıxmalıdırlar. Onu  yaşatmalı və qorumalıdırlar.  Bunun üçün  maarifləndirilmə işlərinə  ciddi ehtiyac var.  Aparılan maarifləndirilmə işləri həyatda təsdiqini tapmalıdır. Hansı ədəbiyyat və sənət adamının, publisistin, ağsaqqalın, ağbirçəyin fikirləri havadan asılı qalmamalıdır.  Ağsaqqal  və ziyalıların  dedikləri  bir başqa, cəmiyyətin  gedişatı bir başqa olmamalıdır.

 Bu saat gündəmdə evliliklərinin 30-40, hətta 50 illiyini yaşayanlar deyil,   2-3 dəfə evlənib boşananlardır.  Belədirsə, onda  heç bir maarifləndirmə cəhdi  uğurlu olmayacaq.

 Digər bir ciddi məsələ də    bu mövzuda söz deyən, proqram aparan  jurnalistin müdriklik statusundan asılıdır. Məsələn, bu xüsusda   Rövşanə xanımın  müsahibəsinə istinad etsək, Rövşanə xanım  özü hələ gəncdir,  olsun ki, hələ qayınana da deyil və ailə  münasibətlərinin     bu dövrünü hələ  yaşamayıb.  Özü qayınana olmayan   bütün analar   mübahisə edən  tərəflərə  xoş niyyətlərini ifadə edə bilər,  amma  ailə ziddiyyətlərində   gəlin üçün doğma ana kimi canıyananlıq    göstərə bilməz.

Ona  görə də istər  Rövşanə xanımın, istərsə də  yaşını qabaqlayıb   belə məsələlər haqqında söz demiş, söz deyəcək   hər kəsin    ağbirçəklik, ağsaqqallıq haqqı olmalıdır: belə insanlarımız görüb-götürmüş olmalıdır, ağbirçək, ixtiyar olmalıdırlar.

Şəxsən mən Rövşanə xanımdan fərqli olaraq  toylarımızın keçmişdəki kimi izdihamlı, bütün ayinlərə əməl edilməklə  keçirilməsini istəyirəm.

Rövşanə xanım saytların birinə verdiyi açıqlamasında bildirmişdi ki, toya100-150 nəfər ən yaxınların dəvət edilməsi kifayətdir. Xanım aparıcı sonra demişdi ki,

Əzələn, babnız nəmər salıbsa, o nəməri daha siz salmayacaqsınız, sizin toy məclisinə salacaqlar. Həm də toyların mənası onun kütləviliyindədir. Qoy hamı şahidlik etsin toylarımıza.

Belə izdihamlı  toy mərasimləri  unudulmaz olduğu kimi, həm də  tərəflər qarşısında, istər  yeni ailə quracaq  gənclər arasında, istərsə də   onların ailələri arasında bir  məsuliyyət və cavabdehlik yaradır.  Gənclər  nəsil qarşısında, toyda onlara xeyir-dua verməyə gəlmiş  insanlar qarşısında özlərini  borclu bilirlər.

 40-50 il bundan əvvəl  kənd toylarında  bütün kənd  iştirak edirdi. Toy sahibi  bu məqsədlə əvvəlcədən bir öküz  saxlayırdı. Bir öküz  toyu yola  verməyə bəs edirdi. Süfrəyə yalnız çay, dovğa bir kasa da bozbaş    gətirilərdi.

Nəmər  salmaq məcburi deyildi. Salanlar da 5-10 manat  salardı ki, bu pullar da gənc ailəyə dəstək üçün verilərdi. Getdikcə toylarımızı  günümüzdəki vəziyyətə gətirdilər.

 Gənclərimizin əhd-peymanlarını  el-obanın  xeyir-duası ilə gerçəkləşdirən toylarımız  işbazların  korporativ maraqları üçün  vasitəyə çevrildi.

Toylar toy  sahibi, yeni ailə quranlar üçün deyil,  şadlıq saraylarının sahibləri üçün, manıslar üçün  xidmət etməyə başladı. Buna qarşı mübarizə aparmaq lazımdır. Qaldı ki,  Rövşanə xanımın babasının  yüz il bundan qabaq  kiminsə toyuna rus əlliliyi salıbsa,    aparıcı xanımın  indi onu qaytarmaq məsələsinə.  Narahat olmayın, babanız  kiminsə toyuna rus əlliliyi salıbsa, indi  siz onun  toyuna  seyil, o sizin xeyir işlərinizə nəmər salacaq.

 Əgər biz istəyiriksə, gənclərimizin ailə ittifaqları möhkəm olsun,  ailə telləri qarşılıqlı sevgi və etimada əsaslanan  sevgi üzərində qurulsun,  milli  köklərimizə tapınmalıyıq. Yenilik,  kreativlik   istehsalatda, məişətimizdə ola bilər. Adət-ənənələrimizə, ailə dəyərlərimizə  heç bir yenilik, kreativlik yol tapa bilməməlidir. Biz gənclərimizə     ata-babalardan miras qalmış dəyərlərin   siqlətini  çatdıra bilməliyik. Bu vacib məsələnin  cəmiyyətə çatpdırılması üçün   ədəbiyyat, sənət  və kütləvi informasiya vasitələri ciddi addımlar atmalııdr.

Kütləvi informasiya vasitələrində  milli adət-ənənələrə, milli-mənəvi dəyərlərə münasibət bildirməyə şou nümayəndələri  deyil,  el ağsaqqallarına: ixtiyar qocalara, ağbirçək nənələrə,   zəngin  həyat təcrübəsi olan sənət adamlarına,    nümunəvi həyat tərzi sürən ailə başçıları   dəvət edilməlidir. 

Yadınızdadır, Zaur  bir vaxt  məktəbli qıza elçi  getmişdi? Vaxtilə məşhur adamlar elçi gediblər və onlar  getdikləri qapıdan heç vaxt naümid qayıtmayıblar.  Amma Zaur, Tolik, Elgiz, Sərxan hara, elçilik hara?  Ailə, sevgi məsələləri şou proqramlarına daxil edilməməlidir.

Bir çox telekanallarda uğursuz ailələrdən bəhs edən  verilişlər aaparılır.  Nəyə lazımdır belə məzhəkələr? Gedin nümunəvi ailələri tapın, sədəaqətli ər-arvad cütlüklərini tapın,  qızıl, brilyant toyları  yaxınlaşan  bəxtəvərləri   ekrana  cətirin, manşetlərə çıxarın. Gənclərə, təcrübəsiz ailələrə,  ilk dəfə qayınana, qayınata olmuş  şəxslərə onlar  yön öyrətsin. Belə verilişlərdə şit-şit şou mahnıları deyil,  insanların qanına, ruhuna işləyən  mahnılar səsləndirilsin, məsələn, Xalq artisti Yalçın Rzazadənin ifasında məşhur bəstəkarımız, Xalq artisti Tofiq Quliyevin  Xalq şairi Fikrət Qocanın sözlərinə bəstələnmiş  “Bəxtəvər qayınana”   mahnısı:

Sevinsənə, gülsənə,

Bir gəlin tapdım sənə.

Barmaqları qızıldır,

Özü də, bəy qızıdır.

Nəqarət:

Ay, bəxtəvər qaynana,

Nə durmusan, dur oyna….

 

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.

I’m Emily

Welcome to Nook, my cozy corner of the internet dedicated to all things homemade and delightful. Here, I invite you to join me on a journey of creativity, craftsmanship, and all things handmade with a touch of love. Let’s get crafty!

Bağlantı