Təbiət – yaşıl sipərimiz
Bütün xalqların mədəniyyətində bir çox inanclar (kult) var: bozqurd, torpaq, yer, su, göy cisimləri, dağ, at, inək, Hüma, Simurq, Səməndər quşları, ağac və s. Bunlar həyat ünsürləridir və insanların onlara tapınmaları da bu səbəblə bağlıdır.Belə inancların ortaq dəyər xüsusiyyətinə malik olması isə yer üzünün bütün insanlarını həyatı, yaşam vasitələrini ortaq şəkildə qorumağa, gələcəyə ötürməyə məsul edir.
Türk xalqlarının tapındığı belə müqəddəslər biri də ağacdır.
“Kitabi-Dədə Qorqud” dastanlarında digər inanclarla yanaşı, ağacın da müqəddəsliyinə dair nümunələr var.

“Saluq Qazanın evinin yağmalandığı boy”da kafirlər Burla xatunu digər 40 qızdan seçib tanıya bimək üçün oğlu Uruzun ətindən kabab çəkdirib qızlara yedirtmə istəyirlə.Kimsə yeməyəçəkmişsə, demək, anası odur. Uruzu dara çəkməyə aparanda demiş ki, qoyun mәni, bu ağacla danışım:
Sәnә “Ağac!”, “Ağac!” deyirәmsә, çәkinmә, ağac!
Mәkkә ilә Mәdinәnin qapısı ağac!
Museyi-Kәlimin әsası ağaç!
Böyük-böyuk suların körpüsü ağac!
Nәһәng-nәһәng dәnizlәrin gәmisi ağac!
Әlinin Düldülünün yәһәri ağac!
Әlinin qılıncının qınıyla, dəstәyi ağaç!
İmam Hәsәnlә, Hüseynin beşiyi ağac!…
Ümumiyyətlə, ağac Türk xalqları üçün həyatın və əbədiyyətin simvolu kimi qəbul edilmişdir. “Ağac əkmək savabdır” kəlamının tarixi Dədə Qorqud dövrlərinə qədər gedib çıxır və bu gün də mahiyyətini itirməmişdir.
Ağac həyatın və sağlamlığın təbii sipəridir. Canlı həyat üçün zəruri olan havanın təmizlənməsi, yağış yağması, iqlimin tənzimlənməsi, digər bütün canlı və bitkilərin qidalanması, böyüməsi ağacdan asılıdır.
İnsanın dünyaya gəlişi taxta beşikdən başlayır, əbədiyyətə də taxta tabutlarda yola salınır.Yəni, insanın həyata gəlişi də, həyatdan köçü də ağacla əlaqəli olur. İnsan özü çox vaxt hiss etməsə də, bütün həyatı boyu ağacın əmanətində hifz olununur.
Ağaca “həyat ağacı” kimi dəyər verilməsinin səbəbəbi də məhz ağacın insanlara xaysız-hesabsız xidmətləri ilə əlaqədardır. Buna görə də yaşayış məskənləri, yaşayış binaları tikərkən ilk olaraq bina tikiləcək, yaşayış məskəni salınacaq ərazilərin insanların sağlamlığı üçün nə dərəcədə əlverişli olması nəzərə alınır. Lap yaşıl örtüyü, ağacları olmayan ərazidə məskən salmaq zərurəti yaranıbsa, insanın ilk qayğısı bu yerlərin yaşıllaşdırılması, ağaclarla əhatə edilməsi olubdur. Həmin yerdə bağ-bağça, parklar salınıb, gül-çiçək, həmin yerlərin iqliminə uyğun ağaclar əkilib.
” Sağlam ruh sağlam bədəndə olar”sa, sağlam bədən də , daynıqlı inkişaf da yalnız ekoloji cəhətdən təmiz ətraf mühitdə mümkün ola bilər.
Dünya İqtisadi Forumunun 2014-cü ildə 700 mütəxəssis tərəfindən hazırladığı Qlobal Risk Hesabatında dünya bu il təhdid edən 10 əsas riski qeyd edilmişdir. Bunlar aşağıdakılardır:
Maliyyə böhranları,yüksək işsizlik, su böhranı, gəlir bərabərsizliyi, iqlim dəyişikliyinə uğrama, qasırğaların artması, qlobal idarəetmə, qida böhranı, maliyyə qurumlarının dağılması, siyasi və sosial qeyri-sabitlik. Bu təhlükələrdən beşi birbaşa ətraf mühitin keyfiyyəti ilə bağlıdır. Əslində isə hər bir ölkənin dayanıqlı social-iqtisadi inkişafı ilə bağlı bütün yollar sağlam ekoloji mühitdən keçir. Bütün istehsal sahələrini təbii xammalla təmin edən resurslar təbiətdədir.Bu resursları üzə çıxaran, sənaye vahidlərində istehlak mallarına çevirən insanların davamlı fəaliyyəti üçün vacib olan əmək qabiliyyəti, cansağlığı birbaşa ətraf mühitlə bağlıdır.
Amma təəssüf ki, elmi-texniki nailiyyətlər inkişaf etdikcə, dünya əhalisinin sayı artdıqca, təbətdən, təbii resurslardan nizamsız istifadə dünyanı bir çox ekoloji problemlərlə üz-üzə qoymuşdur.
İnternet mənbələrinə istinadən, əgər XX əsrin əvvəllərində dünya üzrə atmosferə 2 milyard ton karbon dioksid qazı axıdıldığı aşkar edilibsə, XXI əsrdə artıq bu həcm 16 dəfə çoxalaraq 36,2 milyard tona çatıb. Buzlaqların və karbon emissiyalarının hərəkəti də planetimiz üçün iqlim dəyişikliyinə səbəb olacaq ciddi təhlükələrdən biridir. Bu təhlükələr sırasında dəniz və okeanlara atılan plastik qabların ətraf mühiti hədsiz çirkləndirməsi, dünya əhalisinin sürətli artımı və nəticədə daha çox enerji və ərzaq istehlakı kimi problemlər də dünyanı təhdid etməkdədir.
Yaranmış vəziyyətlə bağlı Birləşmiş Millətlər Təşkilatı 12 dekabr 2015-ci ildə İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasını (Paris Konvensiyası) qəbul etmişdir.
Avropa Komissiyası və Hollandiya Ekoloji Qiymətləndirmə Agentliyinin son məlumatlarına görə, Çin ildə 10,5 milyard ton karbon dioksid emissiyası ilə çirkləndirir. Bu, dünya üzrə karbon emissiyalarının təxminən üçdə birinə bərabərdir.
Çindən 5 milyard ton az emissiya ilə Amerika Birləşmiş Ştatları (ABŞ), 3,5 milyard ton az emissiya ilə Avropa Birliyi (AB) ölkələri gəlir.
2016-cı ilə qədər Çində havanın çirklənməsi və duman-çən səbəbindən məktəblərin bağlanır, uçuşlar ləğv edilirdi. Sənaye istehsalı həcmi getdikcə aşağı enirdi.Ən başlıcası isə Çin vətəndaşların sağlamlığı risk qarşısında idi. Ölkənin şəhərlərində insanlar maska taxmadan gəzə bilmirdi, göz -gözü görmürdü. Amma 2014-cü ildən başlayaraq Çin dövləti artıq hava çirkliliyi ilə mübarizəyə başlamışdı. 1,43 milyardlıq əhali ilə dünyanın ən böyük ölkəsi olan Çində hər il təxminən 1,6 milyon insan, hava çirklənməsi səbəbindən ürək və ağciyər xəstəlikləri ilə dünyasını dəyişirdi.

Artıq Çin dövlətində məsələnin ciddiliyi ciddi şəkildə qəbul edilmiş və geniş fəaliyyətə başlamışlar. Bu, həm Çinin özü üçün, həm də bütün dünya üçün ümidli bir gözlənti idi. Bəşəriyyətin başı üstünü alan ekoloji fəlakətlərə qarşı aparılan mübarizələrin bir çoxu haqqında xəbərlər məhz Çindən gəlir.
Çin havanın çirklənməsi qarşısını almaq üçün mübarizəyə dünyanı şaşırdacaq yeni bir təşəbbüslə başlayıb: Quansi vilayətinin Lya-çjou şəhərində 40,000 min ağacdan ibarət dünyanın ilk “meşə şəhəri” tikintisinə start verilmişdir.
Ağaclar binaların fasadlarında, balkon və damların üstündə əkiləcəkdir.
Bu şəhər zəhərli qazların qarşısını tam alacaqdır. Tikinti tam başa çatdıqdan sonra, yeni şəhərə 30,000 nəfər köçürüləcəkdir. Bu ağac və bitkilər ildə çirkləndiricilərdən 57 ton çirkləndirici, təxminən 10,000 ton da karbon dioksid (CO2), udacaqdır və hər il təxminən 900 min ton oksigen istehsal ediləcəkdir.
Eyni zamanda səs və vibrasiyaları qarşısı alınmış olacaqdır.
Yeni Lya-çjou “meşə şəhər”inə sürətli dəmir yolu xətti çəkiləcək, nəqliyyat xidməti elektrik avtomobillərin bir sıra modelləri ilə təmin olunacaq, məktəb və xəstəxanalar inşa ediləcəkdir.
Baxın, Çində “meşə şəhər” salınır, dünya bu xəbəri rəğbətlə qarşılayır. Sanki Lya-çjoudakı ağacların mehi dünyanın hər diyarındakı insanların saçlarını darayır .
Əslində, bir az obrazlı olsa da, həqiqət belədir. Dünya bu dünyada yaşayan insanların ortaq evidir. Onun etibarlılığı və uzunömürlülüyü bu evdə yaşayan insanların hamısının birgə səyləri ilə mümkün olacaqdır. Hərə öz çevrəsini sağlam, ekoloji cəhətdən saf bir mühitə çevirsə, bu, dünyanın saflığı deməkdir.
Azərbaycan təbiətinə, iqliminə görə dünyanın ən füsünkar diyarlarından biridir. Ölkəmizin ətraf mühitin mühafizəsi sahəsində atdığı addımlar düşünülmüş və dövlət səviyyəsində aparılan binagüzarlıq siyasətidir. Bununla bağlı dövlətimizin çoxlu sayda Proqramları və konsepsiyaları vardır. Elə Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 29 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyası bunun bariz bir nümunəsi. Konsepsiyanın mühüm müddəalarından biri də “Ətraf mühitin qorunması və ekologiya məsələləri”nə həsr olunub. Həmin müddəada yazılıb:
“Konsepsiyanın əsas hədəflərindən biri ekoloji cəhətdən dayanıqlı sosialiqtisadi inkişafa nail olmaqdır. Biomüxtəlifliyin qorunması, yanacaq-enerji kompleksinin ətraf mühitə mənfi təsirinin neytrallaşdırılması, dənizin və onun akvatoriyasının çirklənməsinin aradan qaldırılması və qorunması, yaşıl ərazilərin bərpası və mövcud resursların səmərəli mühafizəsi istiqamətində zəruri tədbirlər gələcəkdə də davam etdiriləcəkdir.
Meşəsalma və bərpa işləri nəticəsində meşə sahələrinin ümumi torpaq sahələrinə nisbəti artacaq, yolkənarı ərazilərdə atmosfer havasının çirklənmədən qorunması, eləcə də nəqliyyatın hərəkətindən yaranan səs-küyün azaldılması məqsədi ilə yolqoruyucu yaşıllıqlar salınacaqdır. Atmosfer havasına atılan zərərli maddələrə dair Avropa standartlarına uyğun milli standartlar hazırlanaraq tətbiq ediləcəkdir.
Konsepsiyanın əhatə etdiyi dövrdə Azərbaycanda orta hesabla bir vahid ÜDM istehsalı üçün istifadə edilən enerjinin və emissiya olunan karbon dioksidin miqdarı İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı ölkələri üzrə müvafiq göstəriciyə yaxınlaşdırılacaqdır.
Xammala qənaət, təbii sərvətlərdən səmərəli istifadə və ətraf mühitin qorunması məqsədi ilə tullantıların zərərsizləşdirilməsi, təkrar emalı, təkrar istifadəsi, həmçinin az tullantılı və ya tullantısız texnologiyaların tətbiqi istiqamətində zəruri işlər görüləcəkdir. Tullantıların idarə edilməsi sahəsində mütərəqqi üsullardan istifadə olunacaq, sənaye və məişət tullantılarının təkrar emalı üçün müəssisələr yaradılacaqdır.

Son on ildə Azərbaycanda şəhər əhalisinin xüsusi çəkisi nisbətən artmışdır.
Urbanizasiya meylinin növbəti illərdə də davam edəcəyi gözlənilir ki, bu da şəhər infrastrukturunun formalaşdırılması ilə bağlı qarşıya yeni tələblər qoyur. Paytaxtda və ölkənin digər yerlərində həm dövlət, həm də özəl sektor tərəfindən aparılan tikinti-abadlıq işləri və iqtisadiyyatın bütün sahələrinin inkişafı üzrə həyata keçirilən tədbirlər zamanı ətraf mühitin mühafizəsi tələbləri ön planda olacaqdır.
Konsepsiyanın əhatə etdiyi dövr ərzində mənzil-kommunal təsərrüfatı sahəsində köklü islahatlar aparılacaq, ölkə əhalisinin su xidmətlərindən və kanalizasiya sistemindən istifadə imkanları təkmilləşdiriləcək, şəhər və qəsəbələr təmizləyici qurğularla təmin ediləcəkdir. Daha müasir istilik təchizatı sistemi qurulacaq, istilik təchizatı zonası genişləndiriləcək, iqtisadi cəhətdən səmərəliolmayan qazanxanalar ləğv ediləcək və yeni istilik təchizatı mənbələri tikilib istifadəyə veriləcəkdir.
Bütün bunlarla yanaşı, ətraf mühitin mühafizəsinə dair qanunvericiliyin qabaqcıl beynəlxalq təcrübəyə uyğun təkmilləşdirilməsi, səmərəli monitorinq və nəzarət mexanizmlərinin yaradılması yönündə əməli addımlar atılacaqdır. Eyni zamanda,ekologiya və təbiətin mühafizəsi sahəsində elmi araşdırma fəaliyyətinin dəstəklənməsi üçün tədbirlər həyata keçiriləcək və zəruri infrastruktur yaradılacaqdır.
Ölkədə ətraf mühitin qorunması sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsinə, ətraf mühitin mühafizəsi mədəniyyətinin aşılanması məqsədi ilə ictimaiyyətin məlumatlandırılmasına xüsusi diqqət yetiriləcəkdir”.
Bu siyasətin davam etdirilməsində ictimai təşkilat kimi Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq İctimai Birliyinin (IDEA), onun təsisçisi və sədri Leyla Əliyevanın gördüyü işlər Azərbaycan təbiətinin qorunmasına diqqətəşayan bir nümunədir.


5 iyun 2018-ci ildə Bakı Konqres Mərkəzində keçirilən “2030 Gündəliyinin ətraf mühit aspektləri” mövzusunda Milli Gənclər Forumu yetişməkdə olan gənc nəsli təbiətə, ekoloji mədəniyyətə məhəbbət və məsuliyyət borcu yaratmaq baxımından böyük əhəmiyyətə malik idi.
Bununla belə, yerlərdə ətraf mühitə mühafizəsi, təbiətə qayğı sahəsində narahatedici məqamlar da az deyil.
Ən böyük narahatçılıq şəhərətrafı rayonlarda yaşıllıq sahələrinin 100 cürə adlarla işbazların əlinə keçməsidir.İnsanların ümumi istifadəsi üçün nəzərdə tutulmuş ərazilər parça-parça maşınyuma məntəqələrinə, kafelərə, avtomobil təmiri sexlərinə, tikiləndən sonra icarəyə verilən ofislərə, mağazalara çevrilməkdədir. Məhəlləlrin girəcəkləri əksər yerlərdə zəbt olunub: güc-bəla şəxsi minik avtomobilləri keçir. Əksər məktəblərin, bağçaların böyür-başı ticarət-iaşə obyektləri ilə qapanıb. Bunlar hamısı yaşıllıqların, ağacların məhv edilməsi bahasına başa gəlir. Televiziyada, mətbuatda Yasamal rayonunda ağacların dibinə kimyəvi maddə töküb qurudulması ilə bağlı süjet verilmişdi, guya qarşısı alınıb və aqrotexniki qaydada ağaclara qulluq göstərilib. Günahkar da guya bir köçkün imiş və müəyyən edilərək cərimə də kəsilib.İctimaiyyət buna inandımı? Əzələn, cərimənin məbləği o qədər azdır ki, tikinti şirkətləri, işbazlar üçün bu məbləq “semiçka” puludur. Bu cəza miqdarı ilə bir də gözümüzü açarıq ki, sahibkarlar paytaxt şəhərində bir dənə ağac qoymayıblar.
Digər tərəfdən qaçqın və yaxud köçkün olan şəxş özbaşına belə addım atmağa cürət edə bilməz. Kasıb adamdır, bunun cəriməsi var axı. Yəqin ki, belə adamların statusları müəyyən hallarda işbazlara torpaq sahələri ələ keçirməkdə kara gəlir. Müəyyn qədər onlara pul verib, torpaq sahəsini, tikilini onun adına rəsmiləşdirir, təhlükə sovuşandan isə öz adlarına keçirirlər.
Ağaclara qəsd edilir.İctimaiyyət haray salanda qarşısı alınır, kimsə səsini çıxarmayanda isə illərin bahasına ərsəyə gələn ağaclara elə divan tuturlar ki .


İşbazlar əvvəlcə ələ keçirəcəkləri sahələri müəyyənləşdirirlər, qarşıya çıxa bilən çətinlikləri götür-qoy edirlər.Həmin yerdə ağclar varsa, yaşıllıq varsa, MİS-lə dil tapılır və guya ağaca naməlum şəraitdə, naməlum kəslər tərəfindən qəsd edilib. Və bir müddətdən, ara sakitləşəndən sonra bir də görürsən ki, həmin yerdə bir gecədə obyekt hazır oldu.
Ərazilərdəki yaşıllıqlara, ağaclara heç vaxt qulluq göstərən yoxdur. Yaşadığınız ərazidə ağacların görkəminə baxın, dibinə baxın:yağış, qar suyunun ümidinə yaşayırlar.Hansısa sahibkar buranı ələ keçirincəyə qədər həmin ağaclar sussuzluq əzabını yaşayacaqlar.

Qonşum bu yay mövsümündə Ukraynada istirahət etmidi.Deyir ki, küçə və yollardan başqa heç yerdə asfalt görmədim.
Bilirsiniz niyə, bu laləzarlığa,gül-çiçəyə həmin yerin insanları hörmət edirlər, qayğı ilə yanaşırlar. Xidmət idarələri ilə yanaşı, adi vətəndaşlar da əkir, qulluq edir. Gül kolunun, hansısa bir meyvə ağacının yanından keçəndə əyub budağını sındırmır. Zibil torbasını pəncərədən ağacların başına atıb onları təhqir etmir. Ağacların, güllərin də hissiyatı var. Laqeydlik görən gül çiçək aça bilmir, ağac yaşıllaşa bilmir.
Amma burası da var ki, bizdə bir qədər fərqlidir. Əvvəlcə bu mühiti, bu düşüncəni yaratmaq lazımdır. Görülən işlər, atılan addımlar şəffaf olmalıdır.Torpaqların hansı kateqoriyaya aid olduğu, toxunulmazlığı insanlara məlum olmalıdır.İnsanlar əmin olmalıdır ki, onun əkdiyi və yaxud qulluq göstərdiy elə əvvəldən əkilmiş ağacı 5 ay sonra, 2 il sonra dağıdıb, yerinə obyekt tikməyəcəklər. İnsanlarda bu əminliyi yaradıb, baş şəhərimizin yaşıl libasını daha füsünkar edə bilərik.
Bunun üçün istək olmalıdır, təşəbbüskarlıq olmalıdır. Yerlərdəki müxtəlif xidmətsahələri arasında işbirliyi olmalııdr. İnsanlar, xüsusən, yeniyetmə və gənclər yaşıllığın, ətraf mühitin həyatımızdakı önəmini şüurlu şəkildə bilməlidir. Hər bir kəs təbiətə xidmət etməlidir, təbiəti, ağacları qorumalıdır.

İDEA İctimai Birliyinin “Yaşıl marafon”ları, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ağacəkmə kampaniyaları nə qədər sevindiricidirsə, belə tədbirlərdə əkilən ağacları sonradan unudulan görmək, baxımsızlıqdan quruyan görmək o qədər üzücüdür. Axı bu tinglərin, kol və dekorativ bitkilərin hər biri müəyyən vəsait hesabına başa gəlib. Diqqətinizdədirsə, yanvar ayında saytımızda “İməciliklərin formasına yeni məzmun gətirmək lazımdır və ya iməcilikdən sonra iməcilik haqqında təəssüratlar” sərlövhəli yazı vermişdik (link: http://anaveusaq.az/tebiet/2400-meciliklerin-formasina-yeni-mezmun-getirmek-lazimdir-ve-ya-imecilikden-sonra-imecilik-haqqinda-teessuratlar.html). Həmin yazıda Gəncə pr 63, 65 və 69 nömrəli binaların qabağında keçirilən ağacəkmə kampaniyası ilə bağlı müşahidə və təəssüratlarımızı ifadə etmişdik. Tələm-tələsik , necə gəldi əkilən bu ağaclar haqqında fikirlərimizi bölüşmüşdük. Bununla bağlı Xətai Rayon Bələdiyyəsində də olmuşuq, idarənin məsul şəxsləri ilə görüşüb müşahidələrimizi onların da diqqətinə çatdırmışdıq. Üstündən 9 aya yaxın vaxt keçib. Bir neçə gün öncə həmin ərazidə olduq. Nə görsək yaxşıdır: 9 ay öncə əkilmiş ağacların əksəriyyəti baxımsızlıq ucbatından quruyub.
Bu ərazini ətrafda yaşayan insanlar üçün nümunəvi istirahət məkanına çevirmək olmazmı? Ərazini əhatələyən neçə bina var, bura abad, yaşıllıqlı bir məkana çevrilsə, həmin binada yaşayan sakinlərin təkcə evlərinin pəncərəsindən bu mənzərəni seyr etməsi onlara nə qədər psixoloji rahatlıq gətirər.
Ağac əkmək savab işdir, amma ağaca qulluq etmək ondan da böyük mərhəmət və xeyirxahlıq nümunəsidir.


Görünür, biz bu nümunəni şüurlu olaraq həyat tərzimizə çevirə bilmirik.
Bakıda nümunəvi həyət-bacası olan təhsil müəssisələri, idarə və təşkilatlar yox dərəcəsindədir və ya barmaqla sayılacaq qədər azdır. Bunu dövlət yox həmin müəssisə və təhsil ocaqları, bu məktəb və müəssisələrdə çalışan və oxuyanlar etməlidir. Əgər bir müəssisə , bir məktəb, ali məktəb və ya kollec məskunlaşdığı ərazidə əhatə gözəlliyi yarada bilmirlərsə, niyə onların fəaliyyətinə qiymət verilərkən bu cəhət diqqətə gəlmir. Sanki hamı çalışdığı müəssisənin dolanışıq tərəfini düşünür, amma özündən nə isə bir iz qoymaq istəmir.
Hindistanın Radjstan əyalətinin Piplantra kəndində çox maraqlı bir ənənə formalaşıb: hər doğulan qız uşağı üçün torpağa bir ağac basdırılır.

Maşallah, Hindistanda da dünyaya göz açan uşaqların çoxu qızdır və bu əyalət artıq yaşıllıqlar diyarına çevrilib. Niyə bizdə belə təşəbbüslər yoxdur, biz ağac əkmirikmi? Əkirik, amma əkdiyimiz gündən o yerlərə bir də qayıtmırıq. Halbuki, belə tədbirlərin hər birini rəmzi mahiyyət paylaşan bir adla bağlasaq, hesab edirəm ki, ağacəkmə niyyətlərimizə yeni bir məzmun gələr.Məsələn, fərqi yoxdur, parkın, bağın birini “Ülfət” bağı adlandıraq. Nikah bağlayanlar nikah bağlanan gün hərəyə iki ağac əksin, ağaçlara da onların adı və ülfət bağladığı günün tarixi yazılsın. Bu lövhələr qorunsun. Hər yeni sevənlər də bu məkanı ülfət, əhd yeri seçsin. Hərbi xidmətə gedənlər, ilk dəfə məktəbə qədəm basacaq körpələrimiz özləri kimi torpağa bir fidan basdırsalar, öz adları ilə böyüyən ağaclara özləri də, valideynləri də qayğı göstərməyə can-başla hazır olarlar.
Və yaxud Şəhidlərimizin xatirəsinə belə bir məkan yaratmaq olar. Hər şəhid üçün əkilən hər bir ağac, sözün həqiqi mənasında bir yaddaş xatirəsinə çevrilər.

İməciliyə tədbir xatirinə yox, cəmiyyətə, torpağa ayrılmaq məsuliyyəti ilə getmək lazımdır Ağacəkmə kampaniyalarında məşhur şəxslər görünür. İndi görək onlar sonradan ağac əkir deyə iştiraklarını əyan edən görüntüdəki ağacın yanına bir dəfə də olsun gediblərmi?
Maarifləndirmə hərəkatı ilə yanaşı, bağça və məktəblərdə söhbətlər, görüşlər, viktorinalar, inşa yazı müsabiqələri və s keçirmək olar. Bu təbiətin sahibi olacaq uşaqlarımıza təbiəti tanıtmadan, sevdirmədən onları ətraf mühitə qayğıya çağırmaq səmərəsiz olacaq.
Sovet dövründə məktəbyanı sahədə hər sinfin özünün yeri olardı, taxta lövhədə hər sinfin adı yazılardı.Əmək dərslərində, digər boş vaxtlarında hər kəs öz sinfinin sahəsində ağacların dibini belləyərdi, su verərdi və s.
Niyə belə ənənələri getdikcə unuduruq?
Ormansız bir yurd vətən deyildir.
Atatürк
Bir xalqın inkişaf səviyyəsi üzərində yaşadığı torpağı necə ağaçlandırması ilə ölçülür.
RuzveIt
Torpağın ürəyi meşənin dərinliklərində gizlənir, meşəsizləşən bir millət ölü bir millətdir.
Andre Teurit
Təbiət mühafizəçi ilə deyil, sevgi ilə qorunar.
Naməlum
Yalnız son ağac kəsildikdən sonra, son çay zəhərləndikdən və son balıq tutulduqdan sonra biləcəksiniz ki, təbiət nədir.
Hindu atalar sözü
Təbiət insan olmadan da yaşayır; amma insan təbiəti məhv edildikdən sonra yaşaya bilməz.
Paul Erlix


Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.