Baş redaktordan

Şahin Fazil — Hər zaman yad olacaqdır Xocalı soyqırımı
Çox fəlakətli nifaqdır Xocalı soyqırımı,
Xalqımın köksünə dağdır Xocalı soyqırımı.

“Qoy qırım!” olmalıdır soyqırıma indi əvəz,
Saplanan türkə bıçaqdır Xocalı soyqırımı.

Təhqirə məruz olan qeyrətimizdir Xocalı,
Söndürülmüş çox ocaqdır Xocalı soyqırmı.

Güllələnmiş babalardır, qana qəltan nənələr,
Süngülənmiş hər uşaqdır Xocalı soyqırımı.

Yaği yadlar tərəfindən ləkələnmiş örpək,
Başa həsrətli papaqdır Xocalı soyqırımı.

Lalənin rəngi hopubdur Xocalı torpağına,
Suyu qan çay və bulaqdır Xocalı soyqırımı.

Çəkilən dildir ağızdan, üzülən qol və ayaq,
Kəsilən baş və qulaqdır Xocalı soyqırımı.

Viran olmuş necə mənzil, uçurulmuş neçə mülk,
Dağılan zorla tifaqdır Xocalı soyqırımı.

Gözümüzdə elə sancaqdı çıxarmaq lazım,
Üzümüzdə şapalaqdır Xocalı soyqırımı.

“Ölən öldü və keçən keçdi” demək mümkünmü?
Qanayırsa, hələ sağdır Xocalı soyqırımı.

Bir şəhər yox, neçə min kənd, qəsəbə, yurd-obadır,
Neçə bağdır, neçə dağdır Xocalı soyqırımı.

Döyüşək ər kimi, övrət sayağı ağlamayaq
Bizə bədnam yamaqdır Xocalı soyqırımı.

Çıxa bilməz yadımızdan soyumun faciəsi,
Hər zaman yad olacaqdır Xocalı soyqırımı.

Soyqırımlar törədənlər yetə qoy soyqırıma,
Qəlbdən çıxmayacaqdır Xocalı soyqırımı.

Bir xəbərdir ki, gərəkdir yayıla hər tərəfə,
Bəşərə qanlı soraqdır Xocalı soyqırımı.

Zəngəzurdur ki, yüz ildir paralanmış, Şahin,
Yaralanmış Qarabağdır Xocalı soyqırımı.
21 fevral 2017

Ramiz Qusarçaylı – Xocalı-Xocalı uduzdum səni
Bir qarlı-şaxtalı qış axşamında
Xocalı-Xocalı uduzdum səni.
Sənə şirin-şirin nağıl söyləyib
Acılı-acılı uduzdum səni…

Bir qarlı-şaxtalı qış axşamında
Xocalı-Xocalı uduzdum səni.
Sənə şirin-şirin nağıl söyləyib
Acılı-acılı uduzdum səni…

Böyüklü-kiçikli uduzdum səni.
Uşaqlı-qocalı uduzdum səni.
Qar üstə səpilən gül balaların
Ana qucağını uduzdum,Vətən.

Bir ahıl kişinin başından düşən
Sənin papağını uduzdum,Vətən.
Qan-qan, ölüm-ölüm uduzdum səni,
Səni yesir-yesir uduzdum,Vətən…

Qız-qız, gəlin-gəlin uduzdum səni,
Səni əsir-əsir uduzdum,Vətən…
Ağdam Qarabağın “toy otağı”ydı,
O “toy”da başıma nələr gəlmədi.
O toyda Yerini uduzdum sənin,
O toyda Göyünü uduzdum,Vətən.

Dost deyib duz-çörək kəsdiklərinə
“Çörək muzeyi”ni uduzdum,Vətən.
Orda “Çay evi”ndə çayım soyudu,
Harayım soyudu, hayım soyudu…

Orda, Daşaltıda daş-qalaq oldum,
Gör səni Şellidə neylədim, Vətən…
Yırtdım ürəyini,
yırtdım üzünü,
Qanlı daşlarını iylədim, Vətən…
Qarğışı tutacaq “Xarı bülbül”ün
Şuşanı bazarlıq eylədim, Vətən…
Pozdum miqyasını,
masştabını,
Qoruya bilmədim baş kitabını,
Səni sənəd-sənəd uduzdum, Vətən,
Ərizə-ərizə uduzdum səni.
Səni sərhəd-sərhəd uduzdum, Vətən,
Ərazi-ərazi uduzdum səni…

Uduzdum rəngini, boyalarını,
Qədim laylarını uduzdum, Vətən.
Uduzdum dağını, qayalarını,
Sənin çaylarını uduzdum, Vətən.

Xəyanət göyərdi hər bucağında,
Sənin həndəsəni uduzdum,Vətən.
Yadlara yazdırıb tarix dərsini,
Sənin tədrisini uduzdum,Vətən.
…Sənə “Mədrəsəli” çaxır oxutdum,
Sənin mədrəsəni uduzdum,Vətən.

Səni Laçın-Laçın uduzdum, Vətən,
Kəlbəcər-Kəlbəcər uduzdum səni.
Səni naşı-naşı uduzdum, Vətən,
Eybəcər-eybəcər uduzdum səni.

Getməyə üz də yox Kərkicahana,
Kərkidə keyfini uduzdum, Vətən.
Qisas qiyamətə qaldı deyəsən
Mən sənin heyfini uduzdum, Vətən…

Dünyanın abrı yox,
xəcaləti yox,
Hələ xumarlanır xəcilliyinə,
Yaxası erməni əlində qalıb
Hələ də oynayır “dəcəlliyinə”…
ATƏT BMT- nin bic balasıdı,
Bicdən bu yerlərə hay olmaz, Vətən.
Qət etdi…etmədi, uduzan mənəm
Ədalət bu qədər zay olmaz, Vətən.
Şəhidsiz bir günün keçmədi sənin
Bu qədər yas olmaz, vay olmaz, Vətən…

Özüm öz günümə ağı demişəm,
Özüm öz dərdimi ötmüşəm, Vətən.
Rusiya Qafqazın ilan ağzıdı,-
Gəlib düz ağzında bitmişəm, Vətən…

Səni ATƏT-ATƏT uduzdum,Vətən,
BMT-BMT uduzdum səni.
Səni sammit-sammit uduzdum, Vətən,
Qətnamə-qətnamə uduzdum səni.

Zəlimxan Yaqub — Xocalım, ay Xocalım
Bu dağların qoynunda yaşıl bir kənd varıydı,
Əlvan saray, güllü bağ, gen aynabənd varıydı.
Neçə dodağı şəkər, söhbəti qənd varıydı,
Neçə incəbel gözəl, zülfü kəmənd varıydı.
Yoxdu daha, nağıldı,
İtdi, batdı, dağıldı.
Mənim şirin qafiyəm, mənim üçcə hecalım,
Xocalım, ay Xocalım!

Ağzından alov saçan silahlar yedi səni,
İştahalar, nəfslər, tamahlar yedi səni.
Bağışlanmaz, yuyulmaz günahlar yedi səni,
Göydə Allahı danan “allah”lar yedi səni,
Heç Allah götürərmi qisasımı gec alım?
Xocalım, ay Xocalım!

Neçə ki yer üzündə yamanlar, pislər yaşar,
İçi dolu qurd olan nankor xəbislər yaşar,
Dumanlı beyinlərdə dumanlı hisslər yaşar,
Neçə ki bu şeytanlar, cinlər, iblislər yaşar,
Gərək hər gün, hər saat yağılardan öc alım,
Xocalım, ay Xocalım!

Quruyub cadar olmuş dodaqlara nə deyim?
Kəsilmiş biləklərə, barmaqlara nə deyim?
Qar içində buz olmuş ayaqlara nə deyim?
Yaxınlar eşitmirsə, uzaqlara nə deyim?
Tanrı rəva bilməsin, mən bu dərdlə qocalım,
Xoclım, ay Xocalım!

Nə möcüze göstərim, nə cürə imkan tapım,
Qan itirən kəslərin damarına qan tapım?
Hansı yolu seçim ki, dərdinə dərman tapım,
Amansız cəmiyyətdə sənə nə aman tapım?
Millətəmi güvənim, torpaqdanmı güc alım?
Xocalım, ay Xocalım!

Sənə yas verənlərə yas dalınca yas gərək,
İgidlərim öyməli, oğullarım xas gərək.
Dəmirdən geyim gərək, poladdan libas gərək,
Ölümə ölüm gərək, qisasa qisas gərək,
Gərək səndən ötəri qala yıxım, bürc alım,
Xocalım, ay Xocalım!

Həyat şirin, yol çətin, ölüm ucuz, can baha,
Baş qaldırıb ağrılar, dözmür ürəklər daha.
Təslim olmaq yaraşmaz bu gün ağrıya, aha,
Yalvarmaq istəyirəm peyğəmbərə, Allaha,
Haqqımı qaytarmağa bir ömür də borc alım,
Xocalım, ay Xocalım!

Rauf Qərib Alagöz – Göyərçin
Bir gecədə yanan şəhər,
Arzuları donan şəhər,
İşıqları sönən şəhər,
İlğım təki titrəyirsən şəhidlərin qəbri üstə.
Hədiyyə almış yetim uşaq təbəssümlü
“Bir an və möhtəşəm” xəyalın gəlir, gedir…
Qız-gəlinin əllərdədir,
Uçmuş ruhun çöllərdədir,
Yuxun gəlmir.
Havalar da heç düzəlmir.
Bu dünyanın səbri üstə xərclənənlər
geri gəlmir.
Xocalı!
Heykəl kimi uçurulan şəhər,
Diri-diri məzarlığa köçürülən şəhər,
Hər il ölüm günü təmtəraqla keçirilən şəhər!
Səngərləri aşa-aşa
Sənə tərəf gəlməkdəyəm.
Sağlığımda görüşməsək,
Görmək üçün ölməkdəyəm.
Bir yandan da düşünürəm:
– Bu qədər xərc, borc içində
Necə vurum ömrü başa?
Heç olmasa, ölənədək,
səni görmək arzusuyla
Xarabalıqlarda gecələyən
xəyalımda yaşa!

Fikrət Qoca – Hər gecə Xocalıda
Hər gecə Xocalıda
Canım ağrıyır mənim.
Güllələnən qocaya,
Parçalanan körpəyə
Ruhum ağlayır mənim.
Hər gecə Xocalıda

Göytürklərin ruhunda
Yanıq yeri sızlayır.
Gülməyi unutmuşam,
Xocalının qisasın
Alanda güləcəyəm.

Mən öləndən sonra da
Xocalıda yenidən
Dünyaya gələcəyəm.
Bu qisası alınca,
Ölüb-diriləcəyəm
Hər gecə Xocalıda.

Dədə Telman – Xocalım
Ürəyimdə dəfn olundu Xocalım,
Gözlərimdə sel başına qalıbdı.
Hanı yurdun bəy Becanı, Beyrəyi?
İgid ölüb – el başına qalıbdı.

Nər nəfəsi qaralıbdı bu kəndin,
Yolu-izi daralıbdı bu kəndin,
Bağ-bağçası saralıbdı bu kəndin,
Bülbül uçub – gül başına qalıbdı.

Bu kişinin şəhid olub obası,
Uçub evi, qaralıbdı sobası,
Taya üstdə sancılıdı yabası,
Şum üstündə bel başına qalıbdı.

Vətən oğlu, qayıt hələ belə bax,
Bu dünyada fitnəyə bax, felə bax,
Qaçqın gələn el qızına hələ bax,
Daraq düşüb – tel başına qalıbdı.

Bu torpağı mahal-mahal verdilər,
Yağı düşmən məskən salıb yurd elər,
Dədə Telman öz-özünə verd elər,
Ağlı çaşıb, dil başına qalıbdı.

Arzu Əlyarova – Xocalım
Sən-boğazımdakı
içimi göynədən acı qəhər.
Sən-adı ürəklər dağlayan
yanıb-yanıb külə dönən,
Şəhid şəhər, Xocalım!

Söylə səni yad etməkçün
Gətirdiyim bu gülləri
Qoyum hara, Xocalım?!
Qoynunda qalmaq, yolunda ölmək istərdim,

Neyləyim yoxdur heç əlacım!!!
Mən səni düşünə-düşünə ,
Mən səni ağlaya-ağlaya ,
Qocaldım, Xocalım!!!


Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.