Əxlaq və mənəviyyat

Yaxud o vaxtlar övlad, nəvə gözləyən ailənin gəlini hamilə halında nəinki yola-irizə çıxardı, heç ərindən, qayınanasından başqa kimsəyə görünməzdi. Amma indi nəinki valideynlərin gözünə görünür, hələ diqqəti cəlb edəcək şəkildə həyətə, küçəyə də çıxırlar. Təbii ki, dünyaya gələcək körpənin, onu böyüdüb xoşbəxt edəcək ananın sağlamlığı mütləq lazımdır. Amma analarımız, nənələrimiz həm də ədəb-ərkanı da gözləyiblər.
Bu cür məsələləri həm də hər kəsin bilməsi vacibdir və əhəmiyyətlidir. Gənclər bu məmləkətə naməlum planetlərdən endirilməyib ki. Onların hər biri bizim sevgi çiçəklərimizdir. Onlar ta ömrümüzün sonuna kimi bizim həyatımızı ətirləndirməlidir. Amma elə ətirləndirməlidirlər ki, yaşamaqdan doymayaq, elə yaşamaq istəyək.
Yunis Əmrə necə gözəl söyləyib:
Bu dünyanın eşqdir canı,
Bu yolda qoymuşam canı,
Yunis İmrə deyir bunu,
Bir gün də eşqsiz olmayın.
Amma bu eşq elə gündə fürsət tapıb qızı dalda-bucağa çəkib ona sarılmaq anlamında olmamalıdırl. Özü də bu, sarılmaq yox, eybəcər yapışmaq ola. Avropalılar buna “vampir” deyirlər, bizdə “yanıq”.

Müasir sevgi münasibətlərində şəhvani meyillər özünü daha tez sezdirir. Bir vaxt evlənənə qədər əlləri əllərinə dəyməyən sevənlər indi bir-birlərinin evlərinə də gedirlər. Bu cür yaxın əlaqələrə müasir sevgi münasibətləri donu geyindirmək istəsələr də, digər tərəfdən bu “müasir yanaşma” onları dəruni eşqdən uzaqlaşdırır. Bu gün ailə münasibətlərinin üstünü qara buludlar alıb. Elə bunun üçün… Pozulan nikahların dinamikasını izləsək, erkən evliliklərin pozulmasının artdığını görəcəyik. Əgər bir kəs zirvəyə qalxmağa can atırsa və o, nəhayət, zirvəyə çatırsa, bəs sonra nə edəcək.Daha yuxarı yol yoxdur axı. Onda aşağı enməlidir. Sevginin, ailənin təməlini intim münasibətləri fəallaşdırmaq, bu ailənin səadətini, beləcə, uçuruma səmtləndiririr …
Hörmətli kulturoloqumuzda, bu fikrə həmrəy olan hər kəsi başa düşürük. Amma bura Hollandiya deyil, Fransiya deyil, Yunanıstan deyil. Eşitdiyimə görə, bu ölkələrdə nəinki hansısa tanış bir xanımın dodaqlarından və yaxud əllərindən öpmək iltifat sayılır. Nəyimizə lazım belə iltifat? Bizim ədəb-ərkanla nəinki naməhrəm kişinin, hətta öz halal ərinin qadını başqasının yanında öpməsi özünü idarə edə bilməməkdir, hisslərinə sahib ola bilməməkdir. Lap evlənməmiş gənclərimiz olsa belə.
Öpüş yerlərinin olmamasına görə narahat olanların arqumenti budur ki, gənclər evliliyə qədər bir-birlərinə alışmırlar, sonra da bir-birlərinə qapalı olurlar: “Gənclər artıq ilkin, romantik hisslərini yaşamaya-yaşamaya içindəki hissləri öldürürlər. Sonra da deyirik niyə bu qədər “mavi”lər, cinsi azlıqlar, impotentlər, ailədə intim problemlər yaşayan gənclərimiz var? Bir az bunun ətrafında düşünmək lazımdır. Qadağalar onsuz da əks reaksiya yaradır.”
Sevgi öpüşlər deyilmiş,
Toxunmadan sevmək varmış.
Hisslərini pıçıltıyla
Vərəqlərə, güzgülərə,
İnsanlardan gizlədərək
Qaranlığa, gecələrə demək varmış.
Lap uzaqdan xəyalları sındıraraq
Oxşamaqmış sevdiyinin tellərini…
Amma vampirsayağı öpüşmək sevginin də, ailə həyatının özünə də qeyri-etik yanaşmadır. Onda belə çıxır ki, qadın elə gözlərin qurdunu öldürmək üçünmüş. Bu mövzuda istənilən yazılarda ailə həyatının bu özəllikləri yanlış yozulur. Onda belə çıxır ki, insanlar fizioloji tələbatlarını başqa cürə ödəyə bilmirlər. Ən optimal yol elə nikaha girməkdir. Axı evliliyin məramı, məqsədi bu deyil. Küçələrə atılan, uşaq evlərinə verilən günahsız çocuqlar belə izdivaclardan dünyaya göz açmışlardır.
Özəl həyat da həyatımızın bir parçasıdır. Amma o hər kəsin özəl həyatında , səmimi münasibətlərin axarında elə baş verir ki, burda orqazm olmur: həyadan pul kimi qızarmaq olur. Ailə həyatında bu yaxınlıq mənəvi həmrəylik üçündür.
Bu gün dünya nizamında gənclər üçün sərhədsiz sərbəstliklər var. Elə Aydın müəllimin xatırladığı hippilər kimi. Hippilər də özlərinə sərhəd qoymayan, mövcud bütün qaydaları rədd edən, azad, könüllü həyatı müdafiə edən bir hərəkatdır. Axı istər təhsildə, istər əməkdə, istərsə də ailədə bir nizam, hədəf, məqsəd cavabdehliyi olmazsa, uğurlarımızmı çox olacaq, tənəzzüllərimizmi?



Əgər biz dədə-babaların əsrlərlə yaşayıb formalaşdırdıqları ailə əxlaq məcəlləsini bu hala düşməsi ilə barışmamalıyıq. Yəqin, internetlə əlaqəsi olan hər kəs məşhur sosial şəbəkələrə arada bir də olsa nəzər yetirirlər. Gənclər var ki, elə düşşünürlər ki, gənclik elə flörtləşməkdən ibarətdir. Gənclərəı ünsiyyət məkanları buna görə lazımdırmı?
Gənclərin tanış olması, bir-birlərini kəşf etməsi üçün yerlər o demək deyil ki, burada kamera olmamalı, işıq da olmamalı, kim əlinə bir sadəlövh keçdimi, götürüb gətirsin bura. Vağzallar, limanlar, kitabxana və oxu zalları, ali məktəb yolları, kollektiv tədbirlər belə ünsiyyət üçün yetərlidir və bizim ölkəmizdə gənclərin bu imkanları var. Bu yerlər qıza imkan verir xoşladığı oğlanın sosial tərəflərini, psixoloji durumunu, əxlaq və davranışını təkrar-təkrar incələsin. Əmin olsun ki, bu gənc əməksevərdir, ailəsini saxlamaq üçün tam qüdrətlidir və sair. Və yaxud oğlan müşahidə etsin ki, sevmək istədiyi qızın oturuşu-duruşu, ətrafındakılarla ünsiyyəti, əl və dil qabiliyyəti necədir…
Möhkəm və xoşbəxt ailə üçün bunlar şərtdir. Yemək bişirə bilirmi, yeməyə duz tökmək qədərini bilirmi, köynək ütüləyə bilirmi? Amma həyati müşahidələr göstərir ki, evliliyə can atan gənclərin əksəriyyəti bunları gələcək həyatı üçün hesablamır. Bəziləri fikirləşir ki ən yaxın 2-3 ildə dünyaya 2 övlad gətirərəm, 1 il sonra bağçaya verərəm, özüm də işə gedərəm, ata evimdə olduğum kimi rahat yaşayaram. Bugünkü ailə modeli, əsasən, ata/ana+ 2 uşaqdan ibarət olması elə bunun göstəricisidir. Ona görə də getdikcə ailə institunun əsasları dağılmaq üzrədir. Adam var 3-4 dəfə arvadını boşayıb, adam var 3-4 dəfə ərə gedib. Adam var 2-3 uşağını evdə qoyub, başqasına qoşulub qaçır. Adam var bir arvadı rayonda, birini də Bakıda alır, 1 ildən sonra dula çevirir.Dula çevirsə, hələ yaxşıdır. Bütün bunlar hamısı sevgiyə, qadına öz müqəddəsliyindən tamam xəbis niyyətlə yanaşılmaqdan qaynaqlanır. Ekranlarda o qədər cəmiyyət tərəfindən qınaqla qarşılanan evliliklər olub ki: ər özündən 15, 20, 30 yaş kiçik qızla evlənib… Biz demirik ki, 50-60 yaşında dul kişi elə tənha da ölməlidir? Biz demirik ki, qızlarımız zorla ərə verilməlidir. Qızlarımız da, oğlanlarımız da elə sevməli, elə sevgi tərəfi tapmalıdır ki, hər ikisi ata-analarının, nəslin qarşısına üzüağ çıxsın. Siz görmürsünüz, Qərb dünyasının əyləncə həyatı mənəvi həyatımıza necə doluşub? Qızlarımız var ki, deyir ki, necə istəyirəm, elə də edərəm. Həyat mənimdir, onu özüm qurmalıyam. Və bunlar vaxt gəlir ki, əvvəl özləri və ailələri üçün, sonra da cəmiyyət üçün problem yaradır. Özünüzü cəmiyyətin fövqündə hesab edirinizsə, necə yaşayırsınız , özünüz bilərsiniz? Amma bunları intenetdə, saytlarda bildirməklə nə demək istəyirsiniz? Sizin suçunuz qədər də mətbuatın suçu var. Nümunə, təqdir olmağa layiq həyatları olan qızlarımız var, ailə nümunələri var, bunlar yada düşmür, mətbuat , demək olar ki, hər gün adı gələndə adamın tüstüsünü təpəsindən çıxaran şəxsləri (kişi və ya qadın fərqi yoxdur) təqdir edir. İdeologiyamız haqqında ciddi düşünmək lazımdır.
Yadınızdadırsa,Türkmənistanın yeni prezidenti Sərdar Berdıməhəmmədov hakimiyyətə gələndən sonra ölkədə qadınların yaşamı ilə bağlı yeni məhdudiyyətlər tətbiq etmişdi:
1. Dar geyim yasaqlanıb. Qadınlara yalnız milli geyimlərdən “istifadə etmək məsləhət görülüb”.
2. Süni kipriklər və dırnaqlar yasaqlanıb. Qadağanı pozan türkmənistanlı xanımları 15 sutkalıq inzibati həbs və ya böyük məbləğdə cərimə gözləyir.
3. Saç boyamaq yasaqdır.
4. Qadınlar Türkmənistanda avtomobildə yalnız ailə üzvünün və ya qohumunun müşayiəti ilə hərəkət edər. O da yalnız axşam saat 20.00-dək, avtomobilin ön sərnişin oturacağında oturmamaq şərti ilə.
5. Botoks zəhər sayılıb. Botoskdan istifadə və Türkmənistana gətirilməsi qadağandır.

Sərdar Berdıməhəmmədov haqlıdır. Türkmənistan polisi də haqlıdır. Nə orada, nə də belə addım atılacaq hansısa bir ölkədə istər hüquq-mühafizə orqanlarının, istər yerli icra strukturlarının, istərsə də ictimai qınağın hədəfi o deyil ki, gənclərimiz sevgi hissindən uzaq olsun. İstər sevənlər, istər evlilər arasnda səmimiyyət, bağlılıq olmasın.. Bu, ola da bilməz. Məqsəd qəbahətləri, olmazları cilovlamaqır. Siz ətrafda baş verənləri görmürsünüz? Bura Hollandiyadır? Siz inanırsınzı iki tərəfin ağsaqqallarının xeyir -duası ilə ailə qurmuş evli şəxslər lap evliliklərindən 3-5 ay sonra olsun, yoldaşını yanına salıb belə məqsədlər üçün məkan seçilmiş yerlərə aparsın. Dünyasında aparmaz . Hər şeyin bir əndazəsi olmalıdır axı. Sevin, sevmək gözəldir, Ana olmaq ondan da gözəldir. Amma ədəb-ərkanla sevin. Valideynlərniz də sizin sevginizdən şad olsunlar.
Belə olarsa, ailə, qadınlıq səadətini yaşayan qızlarımız, bəxtəvər gəlinlərimiz də çox olar. Elə yazımız da bu xeyir-duanı gözəl bir mahnımızın sözləri ilə tamamlayıram.
Paltarın biçilib ay işığından,
Ağ gülün, zambağın qarışığından.
Baxanlar doyarmı yaraşığından,
Nərgiz qonçəsitək təzə- tər gəlin.
Nəq:
Elimin, günümün ağ çiçəyisən,
Şəfəqlər dolu dağ çiçəyisən,
Arzusu, istəyi bəxtəvər gəlin.
,
***
Köçdüyün ocaga səadət gətir
Məhəbbət bağından qönçələr bitir.
Neçə oğul böyüt, neçə qız yetir,
Bəzəsin ömrünü ağ günlər, gəlin.
***
Dəyməsin gülzara nəfəsi yadın,
Sevdiyi oğlanı isitsin odun
Gül kimi ləkəsiz qoy olsun adın,
El- oba söyləsin sənə “ər” gəlin…
Nəq:
Elimin, günümün ağ çiçəyisən,
Şəfəqlər dolu dağ çiçəyisən,
Arzusu, istəyi bəxtəvər gəlin.

Son

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.