Əxlaq və mənəviyyat

Bu gün mart ayının 25-i Beynəlxalq Doğulmamış uşaqlar günüdür. Doğulmamış uşaq deyəndə,bu, əlbəttə, hər iki cinsə aid edilə bilər. Mən elə düşünürəm ki, bizim ölkədə bu, daha çox qız uşaqlarına qarşı atılmış çox utanc bir addımdır.

Kütləvi informasiya vasitələrində BMT-nin Əhali Fondunun (UNFPA) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Fərid Babayevlə bir müsahibə diqqətimi cəlb etdi. Fərid bəyin müsahibədəki söyədiyi faktlara əsasən, 2000-ci illərin əvvəllərində Azərbaycanda doğulan qız və oğlanların nisbətində fərq çox böyükolub. Hətta bu fərq 100 qıza 118 oğlan nisbətinədək artmışdı. Sonrakı illərdə bu nisbət azalmağa doğru meyillənmiş və 2017-2020-ci illərdə 100/114 səviyyəsində qərarlaşdı. Əfsuslar olsun ki, 2021-ci ildə rəqəmlər yenə də artaraq 100/116 səviyyəsinə yüksəlmişdir. (Bax: https://oxu.az/society/676227 )
Dünya üzrə bu göstəricilərə görə Azərbaycan öndə gedir. Əgər doğulan uşaqlar arasında cinsə görə nisbətin ciddi şəkildə pozulmas bu şəkildə davam edərsə, 2050-ci ilə qədər hər il doğulan oğlan uşaqlarının sayı qız uşaqlarının sayından 12 000-15 000 nəfər çox olacaq. Bu, böyük fəsadlara gətirib çıxaracaq.
Yeni doğulan körpələrin sayı, onların arasında cins müxtəlifliyi, şəhərdə və ya kənddə doğulması kimi məsələlərin qeydiyyatı, araşdırılması tibbi, demokrafik, sosioloji, statistik və sair baxımından prioritet ola bilər. Bizm bu yazıda toxunmaq istədiyimiz məqam bunların heç biri deyil, fəqət, diqqətdən qaçırılmayacaq qədər vacib bir məsələdir. Sovet dövründə cinslər arasında fərq nisbəti hər zaman qızların/qadınların xeyrinə yüksək olub. Amma heç zaman bu mövzu söhbət mövzusu olmayıb, ailələr arasında ayrı-seçkilik fərqlikiyi yaratmayıb. Yaxud da qız uşaqlarına etmadsız baxış olmayıb. Sadəcə, qız uşaqları çox olan ailələyə el gözü ilə mərhəmət hissi yaranardı ki, filankəsin 6 qızı var, yazıq bunların cehizini necə düzüb qoşacaq. Amma Allah qurban olduğum yol açırdı, ailə qızlarının heç birinə fərq qoymadan öz imkanlarına görə bərabər cehiz verib gəlin köçürərdi.
Qız olan ailəyə olan daha bir fərqli baxış da vardı. Bir ailənin hamısı bir-birindən ağıllı və gözlər 7-8 qızı olardı. Hələ evlilik yaşında oğlu olmayan ailələr içlərində həmin ailənin hansısa qızlarını ala bilməyəcəklərindən bir təəssüf keçirərdilər ki, onların oğulları böyüyənə qədər bu qızlar artıq köçmüş olacaqlar. Çünki 40-50 il bundan əvvəl sanki hamı yaxşı ailələrlə ünsiyyət, qohumluq üçün oğluna toy edirdi, qızını ərə verirdi. Böyük oğulları olan ailəlrin gözünə yuxu getməzdi o ailənin qızını gəlin gətirəncəyə qədər .Qız anası da o ağıllı, bilikli, zəhmətkeş gəncin qayınanası oluncaya qədər ürəyində vərəvurd edərdi….


Elə bi birdən-birə dünyayi-aləm dəyişib. Həmin Azərbaycanı, həmin ailələri, həmin Günəşləri Qara div gəlib aparıb, yerinə ayrısını qoyub.
İndi qızına “Qızıl” deyən babaların varisləri qız övladlarının olmasını istəmirlər. Hamı oğlan övladı istəyir. Sirr deyil ki, bu meyil keçən əsrin 90-cı illərin sonuna yaxın, yəni USM kimi yeni texnologiyaların tətbiqindən sonra daha kütləvi hal almağa başladı. Hamiləliyi baş tutmuş qadınların bu aparatlara müraciəti çoxalmağa başladı və selektiv abortların sayı kəskin dərəcədə artmağa başladı. Nəticədə, qız uşaqlarının dünyaya gəlməsinə gizlı yasaqlar qoyuldu.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova 2021-ci il dekabr ayının 27-də Milli Məclisə “Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən müvafiq icra hakimiyyəti orqanının illik məlumatı”nı təqdim edərkən bildirmişdir ki, Azərbaycanda cins nisbətinə görə bioloji norma pozulma üzrə davam edir. 2020-ci ildə ümumilikdə 126 571 uşaq doğulub. Onlardan 67 407 nəfəri oğlan, 59 164 nəfəri isə qızdır.
Ailələr qız övladları olmasından qorxuya düşür. Artıq “Oğlum olsun” qətliyi düşüncələrə hakim kəsilib. USM yolu ilə qız övladı olacaq analar var ki, 5,6,7,8,9,10 dəfə aborta üz tutur.
Hətta, el arasında bu bu xoşagəlməz münasibəti ifadə edən ifadələr də işlənməkdədir:
“Qızım olunca, oğlm olsun, qoy gedib başqasının çəpərində banlasın ” və yaxud “Bir qızım olunca, 7 oğlum olsun”

Hər kəsin ailə planlaşması öz arzusudur, öz seçimidir. Amma ailə institutu cəmiyyətin bütün üzvləri üçün ortaq dəyərdir. Cəmiyyətin hər bir üzvünün bu dəyərlər haqqında fikir ifadə etməsi müsbət haldır, bu dəyərlərin qorunub saxlanmasına və davam etdirilməsinə yönəli meyillərdir.
Elə bil ki, sivilizasiya artdıqca, təbiatin də, cəmiyyətin də dərdləri başından aşmağa başlayır. Ümumi evimiz olan Yer kürəsi təbitə laqeyd münasibət nəticəsində ən təhlükəli həddə gəlib çatıb.
Allahın qüdrətinə şükür edirəm. Amma Peyğəmbərimizin “Övladlarınız arasında fərq qoymayın, əgər qoymaq lazım gəlsəydi, mən qızlarıma üstünlük verərdim” kəlamını beynimdə dolandıraraq fikirləşirəm:elə isə niyə bəxtimizə düşən övlad payının oğlan və ya qız olmasına önəm veririk?
Ana bətnində cücərən həyatın özü qədər şirin, pak və məsum yavrunun günahı nədir ki, hələ işıqlı dünyaya gəlməmişdən öncə ata-anaları onların cinsini müəyyənləşdirməyə can atırlar: vaxt və vəsait sərf edirlər. Oğlan olduğunu bilincə çıçəklər çırtlayır, amma qız olacağını eşitdikdə qəmlənir, üzünü görmədən ondan imtina etmək yolunu tuturlar: ananı daha əlavə əzab və sarsıntı keçirməyə məcbur edir, müəyyən qədər də pul səf edirlər. Bu da hələ son deyildir.
Belə imtinalara görədir ki, dünyaya gələn uşaqların cins tərkibində ədalətsiz və Allahsız olaraq fərqli bir nisbət yaranmışdır: doğulan uşqalar arasında oğlanlar üstünlük təşkil edir. Görəsən hamı doğrudanmı oğlan uşağı gözləyir? Axı bacısız qardaşın nə ləzzəti?

Nümunə gətirəcəyimiz bir düzgüdə bacının köksündə gergəkləşməyə can atan arzunun böyüklüyünə baxın:
Şirvan yolu mil bağlar,
Dəstə-dəstə gül bağlar.
O gülün birini üzəydim,
Tellərimə düzəydim.
Qardaşımın toyunda,
Oturub-durub süzəydim.
“Qız uşağı şeytan olar”,- deyiblər. Nə qədər qaradinməz, ciddi adam olsa belə, uşaq, xüsusən də, qız uşağı ən kiçik hərəkəti , baxışı ilə onu duyğulandırar. Evinizdə, həyət-bacada görməmisinizmi, oğlan uşağı dırmaşmaq, atılıb-düşmək, vurub-dağıtmaq istəyəndə, toz-torpaqla oynayanda, qız uşağı o yan-bu yana qaçar, gözü harda bir çiçək görsə, dərhal ora cumar. Yaxınlaşar çiçəyə, əyilib balaca boyunu sanki çiçəyin boyuna bərabərləşdirər. Sonra da az qala çiçəyin saplağına oxşayan barmaqlarını yaxınlaşdırar gözü tutduğu çiçəyə.
Bir həmlədə qoparda bilməz onu, sadəcə, gücü çatmaz. Barmaqları ilə tutduğu yerdən – saplaqdan taca qədər olan hissə ya əzilərək qırılar, ya da heç saplağı qıra bilməz, güc verəndə əlində ancaq tacın özü qalar. Kövrəkdən kövrək barmaqlarının ucunda o çiçəyi elə tutar ki, elə bil çiçək bu barmaqların ucunda açıb.
Analar evdə yemək hazırlayanda oğlan uşaqlarının başı ancaq yeməyə qarışar, amma qız uşaqları analarının arzu etmədikləri “köməkçilərə” çevrilər, analar qoyduğu heç nəyi yerində tapmayanda usanar, onların əlinə vurub acıqlanarlar ?
Amma üstündən çox keçməmiş balasının bu biçimində öz uşaqlığına qayıdar, öz biçimində balasının bir evin xanımı olacağı günlərə boylanıb elə duyğulanardı ki…. Duyğulanardi ki, yox, övlad könül meyvəsidir, qız və ya oğlandır, eyb etməz, Allahın bəxş etdiyi paydır. Ürəyində qız uşağı doğulanda bunu özünə dərd edən anaları qınayardı da…Düşünərdi ki, niyə valideynlər qız böyütməyin məsuliyyət və əzab-əziyyətindən qaçmağa can atırlar?Bu duyğuların, bu yanaşmaların heç birindən bu məsum körpələrin heç xəbəri olmaz. Ana bətninə düşəndə qız olduğunu bilib imtina edənlər öz işində, “qız qızıl alma” deyib onu qızıl kimi qoruyub saxlayanlar da öz analıqlarında.

Bəli, bu gün dünya ölkələrində cinsi seçmək, hətta planlaşdırmaq üsulları mövcuddur və o ölkələrdə bu üsullardan artıq istifadə də edirlər. Azərbaycanda da belə hallar mövcuddur: analar ultrasəs müayinəsinə gedərək gələcək övladının qız olmasını yəqin edincə, abortiv yolla ondan imtina edirlər. Nə qədər yasaqlaq qoyulsa da, valideynlər tibb işçiləri ilə “dil tapıb” bu müdhiş addımı atırlar. Həkimlər cinsi müəyyən etməyi də, hamiləliyi arzuedilməyən hamiləliyə çevirməyə də bir adla “əsas” tapırlar, buna görə pul alırlar. Dünyanın bir sevgi payını gizli şəkildə, qadağan olunmuş vasitəlırlə sonuclandırıb, filan qədər də göy əskinası qatlayıb qoyurlar bənövşəyi rəngli çantalarındakı pul qablarına.
Onlar belə rahatlıq tapdıqları anlarda nə qədər gənc ana da bədənləri məruz qaldıqları cərrahi müdaxilələrin əzabları ilə yanaşı, mənəvi sarsıntılarını da hələ uzun müddət bu vücudda daşımalı olurlar.
Belə müayinələrin orqanizm üçün nə qədər təhlükəli olduğunu bilirsinizmi? Müayinə doğulacaq uşağın oğlan olacağını təsdiqləsə də, yenə körpəniz və orqanizminiz üçün zərərlidir, hətta abortlar sonsuzluğa da gətirib çıxara bilər. Qız uşağı olmasından ehtiyat edən Azərbaycan atası, bir anlıq fikirləş ki, məsələn, sizin ailə 5 dəfə ata –analıq haqqı qazanmalı idi. Amma müayinədən sonra siz bunun ikisindən imtina etmisiniz. 3 oğlunuz var. Allah qorusun. Bu balalarla bağlı bitib-tükənməyən də arzularınız var və onlardan biri oğlanlarınıza toy edib gəlin gətirməkdir. Qismətiniz olsun. Bəs qız sevmədiyiniz halda, başqasının qızını sevib gəlin gətirməyiniz hansı məntiqlədir və nə dərəcədə insaflıdır? Siz özünüz də bir vaxt bu qızı dünyaya gətirən ananı öz yuvasından “qoparıb” gətirməmisinizmi? Deyəcəksiniz ki, o vaxt belə deyildi.
Onda yad təsirlərə təslim edəkmi özümüzü, dədə-babalarımızdan miras qalan milli-mənəvi dəyərlərimizdən birdəfəlik əl çəkəkmi?
Qız övladlarınız olanda daha çox sevinin…Sevinin ki, Allah sizə övlad payı olaraq “qızıl alma” göndərib…
Bir dahi deyib ki, əgər Günəşə ağıllı baxmasaq, kainat qaranlıqda qala bilər. Əgər biz də qızlara qiymət verməyi bacarmasaq, bəşəriyyət anasız qala bilər.


Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.