Dünyadan narazılıq etmək

Əxlaq və mənəviyyat

Əgər həyatın sənin üzünə gülümsəməsini istəyirsənsə, qabaqca sən özün həyatın üzünə gülümsə.

                                                  Con E.Smit

Ölüm istəyirəm,dözmürəm artıq,

Baxa bilməyirəm bu puç varlığa.

Nuru pəncəsində boğur qaranlıq,

Rəzalət yetişir bəxtiyarlığa.

*****

Şərəf dustaq olub şərəfsizliyə,

Bəkarət hər yerdə olunur təhqir.

Kütlük əqlə gülür,yalan düzlüyə,

Gücün qollarında vurulub zəncir.

*****

Yumruqla tıxanır ilhamın ağzı,

Axmaqlıq sayılır düzlük,həqiqət.

Nadanlıq geyinib müdrik libası,

Hər yerdə saxtalıq,hər yerdə zillət.

Ölüm istəyirəm, çarə budur,  bax!

…Səni tək qoymağa qıymıram ancaq.

  Şeirdəki   narazılıq dövrümüzün  və yaxud son 40-50 ilin  gəlinən qənaətləri deyil.  Azərbaycan   həyatından da  götürülməyib. Uilyam Şekspirin 66-cı sonetidir bu  və  4 əsr bundan  əvvəl yazılıb.

 İnsan  qəribə məxluqdur.  İşi yaxşı gedəndə   heç nəyin   fərqində olmur,  heç  bir dəfə dünyanın, həyatın kef-əhvalını soruşmur da. Amma  bir balaca  işi dara düşdümü,  hələ  onu demirik ki, bu darlıq onun özünün yanlış addımlarının məntiqi nəticəsidir,  başlayır dünyanı  nizələməyə,  yuyub sərməyə. Şekspirin yaradıcılığından nümunəni    əbəs yerəgətirmədim. Onu demək istədim ki,  həyat hər yerdə eynidir, sən onu necə qursan, elə də yaşayacaqsan.

 Bir şəxs həmişə sevincək görünürmüş.Üzündən təbəssüm əskik olmazmış.  Kim onunla qarşılaşsaydı, hiss etdiyi   əlamət bu olardı ki,  həmin adam  şəndir.

Bir  gün  tanışlarındanbiri soruşur ki,  nə dərdin var, uğurların dalbadal gəlir. Gülməyəsən, şən olmayasan, neyləyəsən.  Həmin adam baxın, necə hikmətamiz cavab verir:

  • Mən uğurlarıma görə gülmürəm. Həmişə gülürəm ki, uğurlarım olsun. Təbəssüm  uğur, fərəh gətirər. Bilin: insan xoşbəxtlikdən gülməz,   güldüyü üçün xoşbəxt olar!

 Rəvayət də olsa,  həqiqət deyilmi? İnsan qarşılaşdığı çətinliklərin öhdəsindən gəlməli, onu dəf edə-edə öz səadətini qurmalıdır. 

Olsun  ki,  çətin, uğursuz anlarımda  mən də  hirsimi dünyanın üzünə tökmüşəm, zamanı, şəraiti  günahkar  saymışam.  Amma insanın dünyadan heç vaxt razı qalmaması fikrinə şərik ola bilmirəm. Dünya, təbiət, torpaq o qədər müqəddəs, mərhəmətli və ədalətli varlıqdır ki, mövcud olandan nemətini, varını heç bir fərq qoymadan hamıya  bərabər şəkildə paylaşmaqdadır. Günəş öz şəfəqlərini milyarderlərin üstünə də eyni səpir, gündəlik ruzisini qazanan müəllimin, kitabxana işçisinin də, muzey  mühafizinin də.

Qabilin bir gözəl şeiri var:

Tufan qamçısını çırpsa da üzə,

Toz-torpaq sovrulub dolsa da gözə,

Kol-kos, qaratikan çıxsa da dizə

Yenə də çiçəkdi, güldü bu dünya.

Keçsə də çox yerdən Çin sədditək sədd,

Tikanlı, məftilli, hasarlı sərhəd,

Gözdən asılsa da pərdətək min hədd

Yenə də cunadı, tüldü bu dünya.

Başından aşsa da dərdi bəşərin,

Seli gurlaşsa da təhlükələrin,

Ayıqlar götür-qoy etsə də dərin

Yenə öz kefındə… lüldü bu dünya.

Yəni, insan , əslində, bunu çox gözəl dərk edir. Dünyadan narazılıq etmək müəyyən məqamlarda insanların yeganə ümididir, yoxsa ürəkləri qumbara kimi partlayar. Dünyadan narazılıq etmək, əslində, insanın dünyaya daha böyük sevgisidir. Özünün onun tamından nəşət etdiyini sübut etməsidir.

Bir nəfər tanıyırdım.Yaraşıqlı, ağıllı, təhsilli bir gənc idi. Ailəli idi, 1 oğlu vardı. Amansız xəstəlik onun həyatına son qoydu. Həyat yoldaşı, tamam başqa bögədən idi. Nəşi üstündə şivən qoparırdı. Allaha gileyini ifadə edirdi. Başqalarını bilmirəm.O səhnəni izləhyən biri kimi, mən onu alqışlayırdım. Evlənmək, belə tez də ölmək istəyərdim ki, görən, bizi də yaddaşlara belə həkk edə biləcəkmi sevdiyimiz. Bu gəlin Allaha asilik etmirdi. Onun ata-anasından da  ən sığındığı varlıq idi Allah. Dünyaya gətirdiyi 4-5 aylıq bir yavru qədər Allaha ərkələnirdi. Həyat yoldaşının ölməyə layiq olmadığına özü şəhadət verib, niyə onu qorumadığını sorurdu.

Əslində, insanların həyatdan narazılıq etməsi də bu anlamda qəbul edilməlidir.

Orta insan ömrü 70-80 ildir. Bunun yarısı yuxuda keçir, yarıdan yarısının çoxu çəkişmədə, həyat uğrunda mübarizələrdə, müharibələrdə. Qalan son hissəsi  də gümrahlığını itirmiş vücudunu ayaqlarının  güclə daşıdığı vaxta düşür.

Bu narazılıq edən insanlar narazı insanlar deyil, həssas insanlardır. Gücləri dünyanı qınamaqdan başqa heç nəyə çatmır. Bir vaxt məktəblərdə Dədə Qorqud dastanlarının motivləri əsasında yazılmış “Ana ürəyi, dağ çiçəyi” hekayəsi vardı.

    Buğac başının igidləri ilə dağlara ova çıxıbmış. Xəyanət nəticəsində oxlanmış və çölə atılmış halda, tərk edilmişdi. Onların gec qayıtdığını görən ana (Burla xatun) 40 incəbelli qızla atlanıb oğlunun qabağına çıxır. Dağları, daşları qarğaya-qarğaya oğlunu haraylayır. Və nəhayət, gəlib oğlunu oxlanmış və qana bələnmiş halda, yerə sərilmiş vəziyyətdə tapır. Oğlu anasına deyir ki, ana, dağları, daşları, çayları, heyvanları, qorxunc qüvvələri qarğıma. Mənə onlardan deyil, insanlardan zərər gəldi.

Yekunlaşdırsam, insanın dünyaya xitabən etdiyi narazılıq, əslində,  bir-birlərinin  biribirlərinə laqeydliyindən  başqa bir şey deyil.   İnsan xudpəsəndlikdən, fərdiyyətçilikdən , eqoizmdən  uzaq ola bilsə, nə vardı ki, yaşamağa. Həyat olduğundan  da  mənalı və şən olardı. Dünyanın  yaranışından   həyat öz qaydasıyla, öz sürəti ilə davam etməkdədir.

 Nələrə rast gəliriksə, nələr qarşımıza çıxırsa, insanın özünün  yaratdığı   problemlərdir.

   Bu problemərdən qurtulmaq üçün müdriklər bütün dövrlərdə   tövsiyər söyləyib, yol göstərib, amma insan oğlu  bir balaca həyatın  qaynar özülündən  uzaq düşdümü,  elə bil dünyada ondan savayı, heç kim yox imiş.   Qaynartəbli şairimiz Cabir Novruzun   1,2, 3  yox,  bütün şeirlərini  İnsanlıq Himni adlandırmaq olmaq.    Baxın, necə müqəddəs niyyət və arzulardır:

Tələsin, insanlar, şadlıq görməyə

Tələsin insanlar, şadlıq görməyə,

Qəm qüssə görməyə gecikin bir az.

Tələsin insanlar deyib gülməyə,

Göz yaşı tökməkdən bezikin bir az.

***

Siz hərdən çıxarın xatirinizdən

Həyatda pislik var,qəm var, kədər var,

Siz hərdən çıxarın xatirinizdən

Həyatda dəhşətli faciələr var.

***

Xəyallar qoynunda uyuyun təmiz,

Ömr edin, yaşayın fikrinizdə nur,

Siz elə zənn edin planetimiz

Xeyirxahlıq üstə fırlanır, durur.

***

Tələsin, tələsin tələsir zaman,

Düzəlməz işə də düzəldi deyin,

Hərdən qocaya da gəncsən cavansan,

Hərdən kifirə də gözəldir deyin.

***

Səs salın səmaya, suya, torpağa

Bu yola çağırın nəsilləri də,

Tələsin,adamlar əldən tutmağa,

Fəqət ev yixmaqda qalın geridə.

***

Nə olar, bu dünya uçmayacaq ki,

Dərdli ürəklərin sevinci olun,

Siz günah yumaqda birinci, ilkin,

Günah işləməkdə mininci olun.

***

Tələsin yaxşılıq daşımağa siz,

Onun yollarını tutub kəsməyin,

Tələsin ömr edib,yaşamağa siz,

Ölməyə, ölməyə çox tələsməyin…

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.

I’m Emily

Welcome to Nook, my cozy corner of the internet dedicated to all things homemade and delightful. Here, I invite you to join me on a journey of creativity, craftsmanship, and all things handmade with a touch of love. Let’s get crafty!

Bağlantı