Mövqe

Elm və Təhsil Nazirliyinin məlumatına görə, müəllimlərin növbəti sertifikatlaşdırma imtahanı  iyunun 20-24-də  keçiriləcək. Ümumilikdə 31 mərkəzdə təşkil olunacaq imtahanda 8 min müəllim iştirak edəcək.

 İmtahanı təşkil edənlərin  hədəfi müəllimlərin peşəkarlığının yoxlamaqdır. Olsun, bu yoxlama  “attestasiya”  adı ilə hər vaxt olub və  həm də  təkcə müəllimlərin deyil, bütün sahələr üzrə çalışanların hər 5 ildən bir  attestasiyası  keçirilib. Bu, işçilərin peşəkarlıq səviyyəsinin yoxlanılması, ixtisasına, sənətinə müvafiq olaraq  tutduğu vəzifəyə (peşəyə) uyğunluğunu aşkara çıxarmaq məqsədi ilə keçirilib.   Həmin attestasiyalar iştər müəllimlərin peşəkarlığını, tuduğu vəzifəyə yararlılığını tam müəyyən edə bilirdi.   Komissiyanın   tövsiyəsi ilə    müəlimlər ixtisasartırma kurslarına cəlb edilir, eləcə də   rəğbətləndirilmə olurdu. İşə yeni başlayanlar attestasiyaya cəlb olunmurdu.Həmçinin  işlədiyi müddətdə  3 dəfə attestasiyadan keçmiş  müəllim   növbəti attestasiyaya cəlb edilə bilməzdi. Habelə,   attestasiyaya cəlb olunmamalı kateqoriya vardı. Bunlar Vətənin azadlığı uğrunda çarpışmalarda yaralanmış , bu və ya digər dərəcədə xəsarət almış şəxslər, hamilə qadınlar,  himayəsində  südəmər köpəolduğundan 3 illik məzuniyyətə çıxmış işçilər  attestasiya olunmurdular.  Pedaqoji fəaliyyətə başladığım illərdə bunlar mənim gözlərim qarşısında baş verib.  Heç bir inciklik,  narazılıq olmurdu. Və  müəllimlərin  attestasiyasının nəticələri   ancaq  məktəbə və yuxarı təhsil orqanlarına  məlum olardı.  Daha indiki kimi  müəllimi, məktəbi dildən-dilə salmazdılar.  Nə üçün  digər sahələrdə belə hay-küylü, anonslu sertifikasiyalar keçirilmir? Məgər sertifikasiya  attestasiyadan  fərqlənir? Nə vaxt baxırsan mətbuatda   müəllimlərin sertifikasiya, işə qəbul imtahanları haqqında  vahiməsaçan  məlumatlar, qısnamalar…

 Bir neçə gün öncə  bu mövzuda  Millət vəkili Vüqar Bayramovun  bu barədə  münasibəti  açıqlanmışdı.  Millət vəkilinin  məsələyə münasibəti  ümidlidir:

 “60 və daha yuxarı yaşda olan şəxslərin sertifikatlaşdırmada iştirakının könüllü olması ilə bağlı qanun layihəsi hər 3 oxunuşda Milli Məclisdə qəbul olunub. Layihə cənab Prezident tərəfindən imzalandıqdan sonra qüvvəyə minəcək.

60 yaşı tamam olan müəllimlərin növbəti sertifikatlaşdırmada iştirakına gəldikdə, sənəd dövlət başçısı tərəfindən imzalandıqdan sonra hüquqi qüvvəyə malik olur. Onadək isə əvvəlki qaydalar qüvvədədir. Bu baxımdan cənab Prezident tərəfindən dəyişikliklər təsdiq olunduqdan sonra 60 yaşı tamam olan müəllimlər üçün sertifikatlaşdırmada iştirak könüllü olacaq”.

 Amma  yadınızdadırsa,     bir il bundan qabaq  Təhsil nazirimiz  bu barədə  tamam  başqa məzmunda  fikir  bildirmişdi: “Yaşlı nəsildən olan müəllimlər məktəbdə dərs deyir və yaxud demək istəyirsə, sertifikasiyadan keçməlidir. Bunlar dərs prinsipinin gündəminə uyğun olmalıdır. Mən inanıram ki, müəllimlər, xüsusən əməkdar müəllimlər üçün bunun heç bir problemi yoxdur. Sertifikasiyadan kəsilən müəllim növbəti 1 il ərzində yenidən imtahan verə bilər. Sertifikasiya yenilik olsa da, bu, bütün dünyada var”.

 Əgər  müəllim Dövlət İmtahan Komissiyasının qərarı ilə müəllim  işləmək statusu alıbsa,  nə deməkdir “kəsilən müəllim”? Zəif nəticələri olan müəllimlər ola bilər,onlara da adına, məktəbə və təhsilimizə çəkdikləri zəhmətə görə  hörmətlə yanaşılmalı, müvafiq kurslara tövsiyə etmək,  faəllaşdırmaq mümkündür.  Yoxsa,     bir məktəbin  xidmət etdiyi ərazidə  uşaqdan tutmuş  valideynlərə qədər   yayılır ki, filənkəs müəllim  cüzi bal toplayıb, cavab verə bilməyib.  Hesab edirəm ki, bu praktikaya son qoyulmalıdır. 

Rafiq Hunaltayın “Allaha inanmayan yaponlar” adlı maraqlı bir yazısı var. Həmin yazıda yapon idarəçiliyində  “5 niyə” Prinsipindən  bəhs edilir, yəni bir xəta baş verdikdə səbəbin kökünə çıxmaq üçün 5 ədəd niyə sualının  cavabı  tapılmalıdır. Deyək ki, şirkətin facebook səhifəsinə narazı bir müştəri satıcının ona pis xidmət göstərməsindən şikayətlənib. Bu halda yaponlar onu məhz 5 dəfə “Niyə?” sualı verməklə araşdırırlar:

-Satıcı müştəriyə pis xidmət göstərib, niyə?

– Ona görə ki, yorğun olub.

-Satıcı niyə yorğun olub?

-Ona görə ki, bu gün 12 saat ayaq üstə dayanıb.

-Niyə məhz 12 saat ayaq üstə dayanıb?

– Ona görə ki, mağazada iş sistemi belə qoyulub.

-Mağazada iş sistemi niyə elə qurulub?

-Ona görə ki, şirkət ümumən bu cür sistemlə işləyir.

-Şirkət niyə belə bir sistemlə işləyir  və s.

Əgər bu niyələrə doğru-dürüst cavab tapılmazsa, hər hansı problemin köklü həlli də mümkün olmayacaq. İndi kimsə maraqlandımı ki,  filənkəs müəllim niyə az bal toplayıb, niyə o özünün yenilənməsi ilə məşğul ola bilmir, niyə ixtisasını artırmaq haqqında heç düşünmür və sair.   Bu gün məktəblərimizə  o qədər qeyri-pedaqoji təhsillilər yol tapa bilib ki,  qazanc əldə etmək məqsədi ilə yaradılan özəl unilər, filiallar o qədər  keyfiyyətsiz  kadrlar hazırlayıb  məktəblərə doldurub ki, indi onları    təhsil fəaliyyətindən uzaqlaşdırmaqda olmur.

 Özlərinin  düzüb qoşduqları  kurslarda o qədər  qeyri-pedaqoji təhsillilərə  yenidən hazırlanma adı ilə  müəllim statusu verib məktəblərə istiqamətləndiriblər ki,  indi hər məktəbdə belə kadrlar var. Musiqi müəllimi, dərnək rəhbəri, istehsalat təlimi ustası  kimi işə əmr verilir, sonra sinif rəhbəri olur, beləcə  qeyri-pedaqoji ixtisaslılartəhsilimizin dərinliyinə işləyiblər.  Rəhbər pedaqoji vəzifələrdə də çoxlu belə qeyri-pedaqoji təhsillilər var.

  Hesab edin ki, ömrünün 30-35 ilini , bəzən də daha çox  hissəsini məktəbə həsr etmiş müəllimi  indi   sertifikasiya adı  ilə  küsdürüb  amalından, iş yerindən uzaqlaşdırmaq ədalətsizlikdir.Özü də necə?  Son bir neçə günda  mətbu səhifələrin manşetində hədə hikkəli  yazılar dərc olunmaqla:

Yaşı 60-ı keçən müəllimlər imtahana buraxılmayacaq – RƏSMİ

Buraxılmamaq, icazə verilməmək məhdudiyyət, qadağa deməkdir. Bu məhdudiyyət hansısa qaydaya əməl edilməyəndə, suç işlətdikdə tətbiq olunur. Məsələn :

  1. “Təhsil Nazirliyi vacib açıqlama yaydı – Vahid məktəbli forması geyinməyən şagirdlər dərsə buraxılmayacaq.”

2. Dövlət İmtahan Mərkəzi abituriyentlərin nəzərinə çatdırır ki, imtahanlara buraxılış rejimi başa çatdıqdan sonra (9 :45) geçikmiş şəxslər imtahana buraxılmayacaq.

3. Ölkəmizdə yaşamaq hüququ olmayan əcnəbilər sərhəddən buraxılmayacaq.

4. Pandemiya dövrü 3-cü dozanı vurdurmayanlar bəzi məkanlara buraxılmayacaq.

Bu tətbiqlər başadüşüləndir, əsaslıdır : hansısa fəsadların qarşısını almağa və yaxud insanların vahid qaydalara əməl etməsini hədəfləyir.

Bəs ömrünün coşğun illərini sevdiyi peşəyə sərf edən,cüzi maaşaqaneolub maarifçiliyini davam etdirən ağsaçlı müəllim məgər imtahana gecikmiş şagirddir ki, onu imtahana buraxmasınlar? Mən düşünürəm ki, Millət vəkilinin açıqlaması, dövlətimizin ali başçısının imzaladığı layihə müəllimlərə qarşı humanist münasibətdir. Onlar imtahandan azad edilirlər, bu, qadağa deyil. Amma mətbuat bunu o şəkildə təqdim edir ki, büsbütün inzibati mahiyyətlidir.

Əgər müəllimin yaşı 60-ı keçibsə, deməli o, bu müddətdə ən azı 3 dəfə attestasiyadan keçib. Qanunvericilik belə şəxsləri attestasiyadan azad edir. Digər tərəfdən həmin imtahanlarda az bal toplayanlar qeyri-pedaqoji ixtisaslılardır, fəaliyyətə yeni başlamış müəllimlərin bir qismidir.Bunlar o şəxslərdir ki, onlar müəllim olmağı başlanğıcdan seçməyiblər. İstədikləri ixtisasa düşə bilmədiklərində müəllimlik ixtisaslarını seçiblər. Müəyyən hissəsi isə özəl “uni”lərin, filiaqlların məzunlarıdır : müəyyən istisnalar ola bilər.

Quba məktəblərundən tanıdığım Zakir müəllim, Bakı məktəblərindən tanıdığım Lətif müəllim bu gün təqaüddədirlər. Amma onların yararlılıq kateqoriyasında olan gənc müəllim , bəlkə də yoxdur. 30-35 il işləmiş müəllimi imtahan etmək nəyə lazımdır? Onsuz da müəllim zamanla ayaqlaşa bilməyəndə özü könüllü işini tərk edəcək.

Ona görə də mətbuat bu mövzuda yazarkən qalmaqal, şou yaradaraq izləyici cəlb etməyə yox, onların özlərinə də yazmaq, oxumaq öyrədən ağsaçlı, nurani müəllimlərə qədirşünaslıq duyğuları ilə yanaşmalıdırlar.

Onlar gəncləri tərifləsinlər, ancaq onlara ömürlərinn yarıdan çoxunu təhsilə həsr etmiş müəllimlərdən öyrənməyi də tövsiyə etsinlər. Yaşlarının bu vədəsində onları sındırmaq yox, güvənc yeri kimi təqdim etmək lazımdır. Necə gözəl yazıb Musa Yaqub:

Musa Yaqub -MÜƏLLİM ÖMRÜ

Saatlar…Otaqlar…

Hə,bu da bir gün…

Siniflər…Uşaqlar…

Hə,bu da bir gün…

Yenə zəng çalındı,çölə,içəri…

Ərit saatları,dəqiqələri.

Bir sinif dünyadır öz aləmi də,

O,oxşar ayları,illəri sayıb.

Bəzən on beş ilin müəllimi də

Sanır ki,işinə dünən başlayıb.

Demə ki,keçdiyi cığırlar kəsə,

Otaqdan başlayıb, otaqda bitir,

Otuz il sinifdə vargəl edibsə,

Bəlkə də yol gedib Magellan qədər.

Atadır,anadır,

Böyük bir nəsil,

Nurunu müəllim gözündən içər.

Onu biganəlik soyudanda bil,

Bu soyuq bir nəslin canından keçir.

Adam var bulanıb,elə daşıb ki,

Görməz bu zəhməti onun dar gözü.

Nadan adamların dodaqlarında

Elə ucuzlaşıb,ucuzlaşıb ki,

Tökülüb yollara “müəllim” sözü.

Bir nankor tələbə dönüklüyündə,

Gah itə, yadlanar müəllim ömrü.

Birinin şanında,böyüklüyündə,

Uçar,qanadlanar müəllim ömrü.

İnsanla həmyaşdır,

Ölməz,yorulmaz,

Bizimlə yol gedir müəllim ömrü.

Hamıya pay verib ömründən bir az,

Məndədir,

Səndədir

Müəllim ömrü.

 

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.

I’m Emily

Welcome to Nook, my cozy corner of the internet dedicated to all things homemade and delightful. Here, I invite you to join me on a journey of creativity, craftsmanship, and all things handmade with a touch of love. Let’s get crafty!

Bağlantı