Müzakirə

“Təsir dairəsi” ictimai-sosial proqramının aparıcısı Lalə Azərtaşın canlı efirdə verilişlərinin birində dediyi “Ailələrin dağılmasının qəti əleyhinəyik. Qadınsan, ailən varsa, kişinin ayağını da yuyacaqsan, hələ nənə-babalarımız demiş, ayağının kirini, suyunu da içəçəksən” sözləri böyük rezonans doğurub.
Rezonans doğurubsa, deməli, cəmiyyətin nəzərə çarpacaq bir hissəsi bu fikri birmənalı qarşılamayıb. Söylənilən fikirləri, şərhləri diqqətlə izlədim bu neçə gündə. Lalə Azərtaş məqamın sözlərini söyləyib, bu fikirləri etirazla qarşılyan insanlara deməyib. Ailəsini, ocağını pozmağa dəmadəm hazır olanlara söyləyib.

Yəqin ki, kütləvi informasiya vasitələrində boşanma halları ilə bağlı verilən statistik məlumatlardan sizin də xəbəriniz var.Az qala boşananların sayı nikah bağlayanların sayına bərabər olsun. Ailə qurmaq istəməyən gənclərimizin sayı da daim artmaqdadır. Nikahı pozulmuş cütlüklərin yaş tərkibi də getdikcə cavanlaşmağa doğru gedir.
Bu mövzuda internetdə kiçik bir arşadırma apardım. Azərbaycanda təkcə 2019-cu ildə boşananlardan 5595 nəfərin nikahı 5 ilə qədər, 4946 nəfərin nikahı 5-9 il, 4518 nəfərin nikahı 10-19 il, 2089 nəfərin nikahı isə 20 il və daha çox davam edib. Fikir verirsinizmi, ailələrimizin keyfiyyəti getdikcə necə aşağı enir.
Azərbaycanda ailələrin say tərkibi də keçən əsrin 80-ci illərinə qədər olan vəziyyətdən aşağı enməkdədir.
Mənim kənddə yaşadığım 1955- 1980-ci illərdə kəndimizdə 5-6 uşağı olan ailələr azuşaqlı ailə sayılırdı, bu gün isə 2-3 uşaqlı ailələr çoxuşaqlı ailə hesab edilirlər.
Bəlkə də yeni doğulanların statistikasını ortaya atacaqlar ki, qorxulu bir şey yoxdur, dünyaya yeni körpələr gəlir. Amma bu artım keçən əsrdə doğulmuş uşaqların və bu gün artıq ata olmuş gənclərin evliliklərindən dünyaya gəlmiş uşaqların hesabınadır. İndi hər ailədə əksərən dünyaya 2-3 uşaq gəlirsə, qarşıdakı illərdə demoqrafik problemlər gözləniləndir.

Uşaqların sayının bu şəkildə azalması evliliklərin tamam başqa səmtə meyilliliyi ilə bağlı şübhə və gümanlar da yaratmaqdadır.Problemli ailələrin sayı da nəzərdən qaçmamalıdır. Çünki belə ailələrin valideynləri həmin ailələrdə doğulmuş uşaqların tərbiyəsi ilə bağlı öz funksiyalarını yerinə yetirə bilmirlər. Onlar məktəbdə müəllimlərin, həyət -bacalarda isə ahılların probleminə çevrilirlər, cəmiyyətin probleminə çevrilirlər.
Bir vaxt Azərbaycan ailələri üçün vacib olan keyfiyyət bu idi ki, yaxşı, ağıllı övladlar böyütsünlər, onları oxutsunlar, peşə sahibi etsinlər, əllərini çörəyə çatdırsınlar, oğul övladıdıdırsa, dədə-baba qaydası ilə toy edib gəlin gətirsinlər , qız övladıdırsa, adı, şərafəti üstündə bir şöhrətli ailəyə gəlin köçürsünlər, ailələrinə, özlərinə daha bir güc, etibarlı dayaq qazansınlar. Boşanmaq, acıq edib evdən getmək, bir-birlərinə etimadsızlıq kimi hallar ola bilməzdi. Olsaydı da, ağsaqqallar dərhal problem məcrasına qaytaradılar. Təəssüf ki, bu gün həmin nizam, həmin məsuliyyət yoxdur.
Axtarış sistemi vasitəsi ilə bir baxın:
1. Bir neçə il əvvəl rayonlarımızın birində 23 yaşlı iki uşaq anası başqa şəxsə qoşularaq evdən qaçıb.
2. Ağcabədidə 18 yaşlı iki uşaq anası 44 yaşlı evli kişiyə qoşulub qaçıb. Göyçayda, Qusarda, Xaçmazda, Qubada, daha sonra Siyəzəndə 5 uşaq anası həyətdə işləyən ustaya qoşularaq qaçıb.
3. Azərbaycanın şimal rayonlarından birində maddi imkanları yetərli olan ailənin gəlini övladlarını, ərini tərk edərək internetdə tanış olduğu gəncə qoşularaq qaçıb. Sonradan etiraf edibmiş ki, onu qaçmağa seriallarda gördüyü, həsəd apardığı romantik sevgi münasibətlərinin reallıqda yaşamaq istəməsi olub. “Deyib ki, öz həyatımı yaşamaq istəyirəm. Lap Qodarın Nanası kimi…”

Öz halalca ərinin qayğısına qalmağı söz edən belə qadınlarımızın ağıllarının gizli qatlarında seriallardakı kişi qəhrəmanlarla münasibət modeli varsa, Lalə Azərtaş belə qadınlara ünvanlanıb. Yanıb deyib də.
Hər qapı açılanda, hər qapı döyüləndə ərinin ola biləcəyini zənn edib gündə 10-15 dəfə qapıya sarı səmtlənən qadınlarımıza ünvanlanmayıb. Fərizə kimi qızlarımıza, şəhid ərlərinin nəşini çiyinlərində son mənzilə yola salmış qadınlarımızın davamçıları ola biləcək qadınlarımıza ünvanlanmayıb.
Təəssüf ki, müəyyən istisnalarla heç kim bu mövzuda ciddi söz, fikir söyləmək istəmir. Əksər mətbu vasitələr şouya , xarici ölkələrin pis nümunələrinə , transparan geyimlərə daha çox yer ayırılar, ailə institutunun gündə bir kərpicinin qopduğunu isə kimsə görmək istəmir. Amma görmək istəyənlərdən biri də Lalə Azərtaşdır, özü də çikinə-bikinə bələdliklə.
Mən uşaqlıq illərində kənddə qohum-qardaşa, qonşulara qonaq gedəndə, lap öz evimizdə belə məqamları çox görmüşəm : 50-55 il bundan qabaq. Yay fəslində evin kişisi və yaxud baba çiynində bel, yaba , ya da dəryaz tarladan işdən gələrdi, çim tərin içində, yorğun-əzgin. Gəlib çatan kimi qadını onu qapının ağzında qarşılyar, üst paltarını soyunmağa kömək edər, corablarını çıxardar, sarı mis ləyənlər olurdu, dərhal ləyəni də, aftafanı da gətirib evin ruzisini qazananın, evin fəhləsinin, uşaqlarının atasının ayaqlarını yuyardı. Şonra ər aşağı əyilərdi ki, bədəninin qurşaqdan yuxarı hissəsini sərinlətsin, tərini, kirini töksün. Qadını su tökərdi, ər özü yuyardı. Amma görürdün ki, arada qadını da ərinin kürəyinə əl gəzdirərdi. Axı bunsuz da olmaz. Bəs bu qadın nəyə lazım imiş onda?.
Eşq olsun o dövrdə ərlərinə bu ehtiramı göstərmiş qadınlarımızın hər birinə, onları dünyaya gətirib tərbiyə vermiş valideynlərinə. Qızları çıxdığı evin, ailənin hörmət-izzətini belə qaldırır. Allah eləməsin ki, onların əri xəstələnsin vəonlar bu qayğını ərlərinə çarəsiz durumlarında göstərsinlər. Elə sağlığına qulluq etsinlər də. Burada pis nə var ki. Onsuz da qadın ərinin ayağını yuyanda bunu Allahdan və özlərindən başqa heç kim bilmir, görmür. Olsun ki, evdə qızları görüb, bilib. Bu, belə də olmalıdır. Qoy görüb, bilib bundan dərs alsınlar.
“Analı qızın özü böyüyər, anasız qızın sözü” kəlamı havadan, boşluqdan yaranmayıb ki.
O vaxt bizim sovetliyin 3 kəndində bir adam ola bilməzdi ki, onun indiki kimi hamamı olsun. Hamı gecəyə salıb uşaqlar yatandan sonra yuyunardı, ya da pıtraq lobya, xiyar tağlarının , ya da ki qarğıdalılığın içində çimərdi. Məişətimizdə qadının kişi ayağını, kürəyini yuması vacibi belə yaranıb. İnkişafa doğru getdikcə buna ehtiyac qalmayıb. Maşallah, bu gün bütün kəndlərimizdə hər kəsin şəhər rahatlığı kimi rahatlığı var. Yuyunmaq, duş almaq istəyənə köməyə ehtiyac lazım gəlmir: vedrədə su qızdırmağa, aftafa gətirməyə də ehtiyac qalmır.
İndi işdən , ya da hardansa tədbirdən qayıdan proletar elə birbaşa hamama keçib 5 dəqiqəyə yuyunub, rahatlanıb keçir süfrə başına. Xanımı, sadəcə, dəsmal , müəyyən aksesuarlar verib, öz işinə davam edər. Ər hamamdan çıxan kimi də pürrəngi çayı dəmadəm qarşısında olar…
Bu gün ərin ayağını yumaq kimi ailə-məişət davranışı birmənalı olaraq yoxdur. Olması da lazım deyil.
Həmin davranış ailə üzvlərinə, qohumuna, qonşusuna, lap daha böyük auditoriyaya söz demək haqqı olan ixtiyarın, ağbirçəyin, qələm adamının leksikasında , sadəcə, ibarə olaraq qalıb.
Yəni, hansısa ailələrdə yaranmış ekstremal vəziyyəti ümumiləşdirmək və sabitləşdirmək üçün həmin ibarəni onun bir az da etik olmayan “Qadın kişinin ayağını yumalıdır, lap suyunu da içməlidir” kimi kiçik mətn formasında el sözü kimi dilə gətirirlər. Həm də o qadına qarşı dilə gətirirlər ki, onun müəyyən də günahları var. Axı, el gözü tərəzidir. Hamı görür, bilir və dəyərləndirir.
Lalə Azərtaş da emosiyalı halında ailəsinin dağılmasına zərrə qədər də narahat olmayana “ailəni, adını qorumaq üçün, ərinin ayağını yumaq lazımdırsa, bunu etməlisən də” deyirsə, onu öz yuvasına dönməsini istəyən Laləyə niyə çəpəki baxmalıyıq ki? Məgər bu deyim ailəsini dağıtmaq istəyən, artıq dağıtmış həmcinslərinin etdiklərindən yamandırmı?
Təbii ki, “ Qadın kişinin ayaqlarını yumalııdr ” fikri nə qrafik olaraq, nə də semantik olaraq xoşa gəlməyən buyuruqdur. Bu antipatiyanı bir qədər də artıran ibarənin sintaktik və sözlərin işlənmə formalarına uyğun olaraq qurulmaması ilə bağlıdır. Ona görə də bizim hörmətli qadınlarımız Lalə Azərtaşın fikirlərini həzm edə bilmirlər.

Amma hörmətli qadınlarımız, oxucularımız fikrin müəyyən üslubi məqamlarda yarandığını, müəyyən üslubi məqamlar üçün işlədildiyini unutmamalıdırlar. Lalə Azərtaşın məlum verilişi haqqında çox fikirlər səsləndi. Bu da təbiidir. Hər hansı ictimai məzmunlu bir yazı,eləcə də veriliş cəmiyyət üçündür, insanlar üçündür. Cəmiyyətə, insanlara ünvanlanıbsa, əks tərəfdən reaksiya da olmalıdır. Bu reaksiyaların hamısının eyni ruhda olması, əlbəttə, mümkün deyil, heç lazım da deyil. Fikir müxtəlifliyi, əksliklər, əksinə, doğrunu tapmağa bələdçi olacaq. Söylənilən fikirlərin mənfi olması, yanlış olması da problem deyil. Təki iradlar da, tənqid ədalətli olsun.
Məlum verilişlə bağlı tanınmış yazıçı Xeyrəddin Qocanın bir çox saytlarda yayımlanmış yazısı diqqətimi daha çox çəkdi.
Xeyrəddin müəllimin manşetə çıxarılmış bu başlığına çox təəssüf etdim. Başlıqdakı fikir bir qədər “süzülüb, düzülüb” söylənməyib, bir qədər də mətbuat özü konteksdən çıxardıb yaman günə salıb. Yeni bir laflaşma yeri formalaşdırıb.
Axı Şah İsmayıl Xətai belə deməmiş, demiş ki:
Söz vardır kəsdirir başı,
Söz vardır kəsər savaşı,
Söz vardır ağulu aşı,
Bal ilən edər yağ, bir söz.
Mən Xeyrəddin müəllimin indi haqqında fikir bildirməkdə olduğum yazısında belə söz görmədim.
Xeyrəddin Qoca deyir ki, “kişilər orada-burada yekəbaş kimi danışırlar”. Yazıçı hansı auditoriyaya ünvanlayır bu sözləri. Konkret hədəfiniz var, buyurun, dəqiq ifadə edin. Amma “kişilər ” deyib onları “yekəbaş” adlandırmaq hədəfin doğru seçilmədiyinii göstərir və digər kişilərə qarşı da qeyri-etikdir. Ayrı-ayrı kişilər bu və ya digər formada pozula bilər, amma bütün kişilər yox.
Xeyrəddin müəllim kişilərdən sonra keçir qadınların nümayəndəsinə: “O aparıcı son dərəcədə savadsız, kobud adamdır”.
Hardan bilirsiniz? Məgər siz Beynəlxalq Çəki və Ölçülər Komitəsində (CIPM – Fransanın Sen-Klu şəhərində yerləşir) işləyirsiniz ? Heç kim topluma bu və yaxud hər hansı bir şəxsə belə müraciət edə bilməz, haqqında belə deyə bilməz.
Mən bu xanımı tanımıram, heç bir verilişini izləməmişəm. Amma bu qalmaqalla bağlı vikipediyadan onun haqqında məlumatlarla maraqlandım və müzakirələrə səbəb olmuş verilişi də izlədim.
Lalə 2002-ci ildə Azərbaycan Dillər Universitetinin Tərcüməçilik fakültəsinin bakalavr, 2004-cü ildə isə magistr pilləsini qırmızı diplomla bitirib. 2002–2020-ci illərdə Azad Azərbaycan TV-də, hal-hazırda isə Xəzər TV-də çalışır. Prezident tərəfindən fəxri diplomla təltif edilib. Bir çox beynəlxalq mükafatlarla təltif olunub. Azəriqaz İB-də İctimai Şuranın katibidir. Hal-hazırda BDU-nun Hüquqşünaslıq fakültəsində təhsil alır.
Belədirsə, Xeyrəddin Qoca onu hansı əsasla kobud və savadsız adlandırır? O özü Lalə Azərtaşın “süzüb, düzüb söyləmədyi söz”lərdən ondan da ehtiyatsız şəkildə istifadə etmişdir.
Kaş Şəms Təbrizinin dediyi kimi, “süzüb, düzüb söylə”yə idi:
Sözü süz də söylə,
Könlü bulandırmasın.
Sözü düz də söylə,
Qulağa inci deyə taxılsın.
Sözü üzə söylə,
Qiybət olub utandırmasın.
Ola bilsin ki, müəyyən qisim izləyici Lalə xanımın həmin fikirdən məqamın sözü kimi istifadə etdiyinin fərqində ola bilməsin. Bəs fərqində olanlar?
Xeyrəddin Qoca dan sitat: “…Qadın heç vaxt kişinin ayağını yumamalıdır. Kişi ölüm ayağında xəstə olar, o başqa məsələ. Ümumiyyətlə, kişi də qadın xəstə olanda onun ayağın yuya bilər. Yəni çıxılmaz vəziyyətdə olan zaman etmək olar…
…Qadın qul deyil. Qadının öz hüquqları var. Qadın anadır…”.

Axı Lalə demir ki, qadın quldur. Demir ki, qadınlar ərlərinin ayağını yumalıdır. Qadınlar, Allah adına doğrusunu deyin: heç bir dəfə həyat yoldaşınız belə bir istək dilinə gətiribmi? Kişilər, siz də deyin, ağlınıza heç belə fikir düşübmü, xanımınızdan bunu gözləmisinizmi?
Gəlin, bir az da açıq danışaq. Bu gün Azərbaycan cəmiyyətində ailə institunun vəziyyəti ciddi narahatçılıq doğurur. Ailə dəyərləri çox bayağılaşdırılır. Xəyanət, etimadsızlıq, azyaşlılar arasında intim həyata meyillilik, nikahsız doğulan uşaqlar təkcə ailələrimizdə deyil, ümumilikdə mənəviyyatda gedən tənəzzüldən xəbər verir. Ər qadınını öldürür və yaxud qadın ərini öldürür. Mən heç də dağılan ailələrin cavabdehliyini qadınların üzərinə yıxmaq fikrində deyiləm. Heç vaxt da belə yazı yazmamışam. Əksinə, yazmışam ki, bütün xəyanətlərin hər birinin arxasında bir qadınla yanaşı, həm də bir kişi dayanır. Musa Yaqub demiş, “bir günah onundur, bir günah bunun”. Əgər biz günahkar axtarışına baş vursaq, doğrunu heç vaxt tapa bilməyəcəyik.
Amma qadınlardan gözləntilər çox böyükdür. Mən öz subyektiv fikirlərimi bildirirəm. Qadınlar emosional olduqlarından çox vaxt da emosional da addım atırlar. Özünüz seçmisiniz, sevmisiniz, ailə qurmusunuz, 1-2 uşağınız da olub. Ay balam, nə boşanmaqdır bu? Siz daha gənc ola bilməzsiniz, siz sosial şəbəkələrdə, seriallarda rast gəldiyiniz macəra həyatına inanmayın. Onlar sizin kimi hörməli ada layiq ola bilmədiklərindən, layiq ola bilməyəcəklərindən bu həyata yuvarlanıblar. İşgəncə, təhqir kimi ciddi hallar yoxdusa, ailəni mütləq qorumalısınız, hətta bəzən göz yaşları ilə müşayiət olunsa da. Qadınını boşamış ər də heç vaxt ikinci qadınla ilk evliliyini xoşbəxtliyini qaytara bilməz. Taleyinizə sahib çıxın da. Əgər həyatınızda hansısa problemlə, acı ilə qarşılaşmayaqsınızsa, nə biləcəksiniz sevginizin dadı nə, adı nə?
Hər “çırtı-pırtı” məsələdən ötrü uşaqları da götürüb ata evinə qayıtmayın. Əsl qadın ərinin üstün rolunu qəbul etməklə, öz arzularını gerçəklışdirə bilən qadındır. Nəinki özü bir neçə ziddiyyət yaranmasını gözləsin ki, bunları əlində dəstəvuz edib, “daha yaşamaq mümkün deyil”, “ayrılmaqdan başqa çarə yoxdur” deyib, ayrılmağa qərar versin. Belə düşünənlər yuxudadır, bəlkə kimsə lap hansısa rahat şərait vəd edib, bəlkə gizlində yaradıb da.
Həmin qadının əvvəlki həyatı bu rahatlıqda yaşayacağı halından daha şərəflidir. Çünki təmiz adı üstündə bir ailənin nikahlı həyat yoldaşıdır, “Dədə Qorqud”da deyildiyi kimi, kiminsə Halalıdır. Amma atmaq istədiyi addımı qətiləşdirsə, olacaq kiminsə cariyəsi, “любовница” sı. O da müəyyən müddət üçün. Sonra başqa ələ düşəcək, daha sonra başqa…….
Ən pisi isə haqqında belə düşünülməkdir. Əgər ər ayağını yumaq lazım gələcəksə, yu, lap suyunu da iç, təki ocağın dağılmasın, amma nəzərlərə ərdən qayıtmış kimi gəlmə.
Bu, qadını aşağılamaq deyil, onun halına, düşdüyü vəziyyətə acımaqdır. Lap ana da bu vəziyyətə gəlib çıxmış qızına belə deyə bilər. Bəs belə qıza ciyəri yanan ana daha necə deməlidir. Onlar elə bilir ki, ailəsini dağıdıb sərbəst olacaqlar, öz əlləri öz başları olacaq. Amma anaları nə olacağını qızından yaxşı bilir.
Lalənin apardığı “Təsir dairəsi” verilişi adından da göründüyü kimi, auditoriyasını əyləndirən, güldürən layihə deyil, ciddi, emosional, psixoloji vəziyyətlərlərlə dolu ciddi sosial layihədir. Layuhənin birbaşa yayım olduğunu nəzərə alsaq, müəllifin, aparıcının psixoloji anını dəyərləndirməmiz lazım. Qalmaqal doğurmuş ibarədə söhbət ayaq yumaqdan deyil, əri ailənin başçısı kimi qəbul etməyə, qadınlıq səadətini onunla birlikdə qazanmağa çağırışdan getməlidir.
Bu baxımdan mən Leylanın fikirlərində heç bir aşağılayıcı çalar görmürəm. Əksinə, 40 yaşı olsa da, kütləviləşməyə doğru səmt götürmuş boşanan ailələrin qarşısında yaşı müdrikliyini qabaqlamış və həyat təcürbəsi kifayət qədər olan bir qadınımızın nigarançılığını görürəm.
İşlətdiyi ibarə də bizim leksik mühitdə özünə yer eləmiş fikirdir. Sadəcə, birbaşa ünsiyyət olduğu üçün ibarə bir qədər konteksdən çıxıb. Yazılı nitq olsa idi, jurnalist xanım onu daha doğru ifadə edərdi.


Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.