Əxlaq və mənəviyyat

Ürək insanın yaşam fəaliyyətini təmin edən ən vacib orqanların birincisidir. Ürək dayanarsa, həyat da dayanar. Ürəyin 2-ci böyük missiyası onun sevgi məbədi olmasıdır. O, olmazsa, sevgilər harada intişar tapardı, harada özünə yuva qura bilərdi? İnsan bədəninin digət üzvləri bir azca da olsa, dincini ala bilir. Yekanə ürəkdir ki, geçə-gündüz eyni ahənglə işləməkdə davam edir.

Hər gün ürəklə bağlı yeni bir məlumat öyrənirik, hər dəfə də ürəyin bir-birindən maraqlı yeni keyfiyyətləri üzə çıxır. Üzə çıxır ki, ürək heç bir rentgen aparatının çəkə bilmədiyi, ölçə bilmədiyi ən kiçik hisləri belə mikron həssaslığı ilə hiss edir, hesablayır. Əgər kişilərin ürəyi 284 qramdırsa və orta hesabla dəqiqədə 70 dəfə vurursa, qadınların ürəyi ondan az olduğu halda (227 qram), kişi ürəyindən daha sürətlə (dəqiqədə 78 dəfə) vurur. Çox güman ki, bu da kişilərin bir qədər rasional, qadınların emosional olması ilə bağlıdır.
İki yumruq boyda (hər insanın ürəyi iki yumruğu boydaır) olan ürəyin ağırlığını çəkiylə hesablasaq, cəmi 300 qrama qədər ancaq olan ət parçasının hökmünə bax.
Fəqət, insanın başına gələn hadisələrin yükünü ən çox çəkən də ürək olur. Görən, ürək sahibinin bunlardan xəbəri varmı? Xəbəri varmı ki, ürək hər gün bir avtomobilin 23 kilometr məsafəyə sərf etdiyi qədər enerji istehsal edir. Onun həyatı boyu istehsal etdiyi enerjini toplasaq, bu enerji həmin maşını Aya aparıb- gətirə bilər.” Yəni bir ürəyin həyatı boyu yaratdığı enerji, məsafəyə çevirsək, bir avtomobilin Aya gedib-gəlməsinə bəs edər.
Bir vaxt bir-birlərinə “sən həyatımsan” deyənlər ürəklərini tərəzinin bir gözünə qoysalar (kişi ürəyi 284 qram, qadın ürəyi isə 227 qram= 511 qram ), yarım kq –dan 11 qram artıq olur.
Əgər bu sevənlər ilk günlər bir-birlərinə “həyatım”, “bitanem”, “ürəgggim” deyiblərsə, deməli, bir bədəndə iki ürəkləri var, guya da. Birləşib hər kəs öz ürəyinə əlavə güc qoşub.))) Elədirsə, bəs dediyimiz kimi, 1 ürəyin həyatı boyu sərf etdiyi enerji Aya gedib-gəlməyə bəs edən enerji qədərdirdirsə, onda bunlar gərək hələ bir o qədər də o tərəfə getsinlər və yaxud Aya 2 dəfə gedib-gəlsinlər. Bunlar bəs niyə ömrün sonuna qədər, heç olmazsa, durnaları kimi birlikdə uça bilmədilər: elə yarı yolda qatardan ayrıldılar.

“Okuş”u (sevdiyini belə adlandırmışdı da) hər gün siqnal verə-verə cəlib onu blokun ağzından götürəndə, axşm da qaytaranda pəncərədən, balkonda baxan “yadlar” yanmışlıqla da olsa, bunlara “cüt bəxtəvər” deyərdilər, bəlkə onların gözü dəydi?!
Yox, qonşuların paxıllıqları olsa da, bütün günahlar özlərindədir: sevməyi bacardılar, amma sevgini yaşatmağı, əbədilik etməyi yox.
Sevmək yalnız xoş günlərdə deyib-gülməkdən, qoşa addımlamaqdan, baş-başa qalmaqdan ibarət deyil. Sevən kəslər üçün sevmək həyatda nə varsa, hamısını eyni rəngdə eyni biçimdə görmək deməkdir. Onları qarşıda gözləyən bütün həyati məsələlərə eyni nöqteyi-nəzərdən baxmaq, səadəti birlikdə, birgə mübarizə ilə qurub, bütövləşdirib sonra da onu göz bəbəyi kimi qorumaq deməkdir. Belədirsə, onda ürəklərin, bu ürəkdə yuva salan niyyətlərin birliyindən danışmaq olar. Yoxsa, şair demiş:
Neyləyirəm o ürəyi-
Yox arzusu bir diləyi!?
Bacarmırsa o sevməyi
Demək o heç ürək deyil.
O heç mənə gərək deyil!
Görən, istər sevgiyə qədər, istər sevgidən sonra ürəklər belə ola bilirmi: çox az. Bəs niyə belədir? Mən, sadəcə, oxuduqlarımdan, gördüklərimdən çıxış edərək öz fikirlərimi söyləyəcəyəm. Mənə elə gəlir ki, bu gün əksər gənclər ailə qurarkən heç də bizim ədəbiyyatlarda bildiyimiz (həyatda son onilliklərdə barmaqla sayılacaq qədər azdır) məhəbbətə, böyük eşqə can atmırlar. Gənclər daha çox qovuşmaq istədikləri tərəfə çatmaq üçün onlara statusu verən nikah kağızına can atırlar, xüsusən də, oğlanlar. Mütailəli oxucularımıza məlumdur ki, “Xosrov və Şirin ” poemasında belə məqam var:
Şirinlə evlənmək qərarına gələn Xosrov Qəsri- Şirinə gəlir, özü də sərxoş. Şirin onu saraya buraxmır. O, hətta namusu üçün ən son anda lazım gələrsə, canını qurban verməyə belə, hazırdır. Şirin bunu açıq-aşkar açıqdan-açığa Xosrova söyləyir:
Firuzə günbədə and içirəm mən,
Nurlu, parlaq günə and içirəm mən…
And olsun ölümsüz əbədiyyətə,
And olsun yatmayan oyaq xilqətə…
Ki, şah olsan bilə, kəbinsiz yenə,
Yetişə bilməzsən istədiyinə…
Şirin bunu hələ bibisi Məhinbanu ona öyüd-nəsihət verəndə də ifadə etmişdi:
Gözümdən qanlı yaş töksə də həyat,
Olsam, olacağam bir halal arvad.
Və bu vədinə sadiq qalmışdı da.
Təbii ki, biz fikirlərimizi hamıya aid etmirik. Bu gün müəyyən qədər çəkinən, ehtiyatlanan kəslər də var ki, formal olaraq nikah da bağlayır, toy da edir, amma 1 ildən sonra ürəyi ağrımadan, əzab çəkmədən guya sivil yolla, yəni məhkəmə vasitəsi ilə ayrılır: necə deyərlər: ” ağanın pulu gedər, muzdurun canı” Deməyin ki, bunun ürəyə nə dəxli var?! Onda mən də deyirəm ki, bəs nəyə dəxli var? Əgər bir adam köksündə insan adına məxsus ürək daşıyarsa, bu ürəkdə insanlar, xüsusən qadınlara, onların hislərinə qarşılıq olaraq dəyər vermək, ehtiram göstərmək hissi yoxdursa, o, lap öz şəhavani xəyalları üçün bu “oyunu” hələ çox oynaya bilər. Belələrinn qəlbində sevgi hissi yox, ancaq əza hissi olur. Onlar heç nəyi gözəl görə bilməzlər. Həzrət Əli çox gözəl buyurub ki, qəlb kor olduqdan sonra gözün görməsinə ehtiyc yoxdur.
Burada , emosionallıq, insanlara inanmaq , nə qədər romantik duyğular yuva salmış qadın ürəkləri də müəyyən mənada qınağa məruz qalmalıdır.
Gözəl ürək sahibi olmaq çox hünərli iş imiş, eşq olsun. Fəqət, hər zaman ağıldan, zəkadan güc almaq lazımdır. Emosiyalar heç vaxt ağıla üstün gəlməməlidir. Bunu bacaran, gözləyə blən, səbr edə bilən istər oğlan, istərsə də qız arzuladığı, həm də daha etibarlı və daha saf sevgiyə, daha gözəl həyata qovuşacaqdır.
İnsana ürək tək sevgi üçün gərək deyil, o, ümumilikdə insanı, onun bütün orqanizmini hərəkətə gətirən canlı “mühərrikdir”. Ürək fiziki baxımdan nə qədər sağlamdırsa, insanın qurub-yaratmaq həvəsi yavaşımır, o heç vaxt yorulmur. Bir gümrah adam haqqında deyirlər ki, maşallah, ürəyi “motor” kimidir.

Sevgi üçün gərək olan ürək isə bir ayrı biçimdədir: zərif, məsum, sadədil, mərhəmətli, həzin….Nə qədər kövrək yaşam duyğuları var hamısı ürəyin bu boyuna biçilib. Adam çox güclü ola bilər, gəzəndə ayaqlarını torpağa basmasından yer-göy lərzəyə gələ bilər. Amma ürəyinin bu hissəsində zəriflikdən, kövrəklikdən heç nə olmaz. Bax, söylədiyimiz narahatçılıqları yaşadan, yayanlar da, adətən, belələri olurlar.
Amma zərif ürək sahibləri heç vaxt sərtlik edə bilmirlər. Bəzən yeri gələndə cəngavərlik də lazımdır, zəriflik də. Amma insan ürəyində heç kimə qarşı sərtlik, nifrət, kin-küdurət olmamalıdır. Hansısa qaydasız döyüş qəhrəmanının bənövşə üçün kol dibinə əyiləcəyinə inanmıram. Amma sevgü üçün yanmağı yaşamaq hesab edən kimsə daha çox əyilməyi daha çox sevgi səcdəsi kimi qəbul edəcəkdir.
İnsan övladı qoynunda/köksündə yaxşı ürək gəzdirməlidir, istisinə, işığına insanlar sığınsın. Əgər bunlardan birini seç götür desə idilər, mən də sevimli şairimiz Nəbi Xəzrinin ideal ürəyini seçərdim və seçmişəm də:
Mənim ürəyim
Hər payız dərdimi pıçıldayaraq,
Tökülür ağacdan sapsarı yarpaq.
Dinlə, o həsrətlə səslənən qovaq,
Mənim ürəyimdir, mənim ürəyim.
*****
Məhəbbət sonsuzdur, ömürsə qısa,
Nə olar, sədaqət əbədi qalsa!
Kimin ürəyində bir tel qırılsa,
Mənim ürəyimdir, mənim ürəyim.
*****
Üzlərdə, gözlərdə sevgi oxunur,
Məhəbbət ürəkdən-ürəyə qonur.
Gözəllər gözündə o atəş, o nur
Mənim ürəyimdir, mənim ürəyim.
*****
Bulağam, suyumdan doyunca için!
Çəmənəm, mehriban-mehriban keçin!
Min çiçək içindən bir lalə seçin-
Mənim ürəyimdir, mənim ürəyim.
******
Şairin qəlbində min bir dilək var,
Çələng toxumağa gül var, çiçək var.
Nə qədər dünyada sevən ürək var,
Mənim ürəyimdir, mənim ürəyim.
