Mövqe

Mən kimlər daha çox xəyanət etdiyinə cavab axtarmaq niyyətində deyiləm. Nə fərqi var ki, xəyanəti qadın edib və yaxud kişi? Hansı etməsindən asılı olmayaraq, onlara aid ailənin səadətinə xal düşdü artıq.
Hər xəyanətdə 2 fərqli tifaq dağılır: bir kişi digər bir kişiyə xəyanət edir, hər qadın da digər bir qadına. Ona görə də sevgi də, ailə ülviliyi də getdikcə daha aşınmalarla müşayiət olunur. İldən-ilə pozulan tifaqların sayı artıq, xəyanətlər çoxalır. Pozulan ailələrin yeni evlənənlər arasında üstünlü təşkil etməsi xüsusilə məyusedicidir.
2017-ci ildən 2020-ci ilə kimi olan nəticələri isə internetdən ayrı-ayrılıqda topladım. 2020 -ci ilin müqayisəsini 2017-ci ildəki nəticələrlə müqayisə edəndə, Azərbaycan ailələrində gedən etibarsızlığı aydınca fərq etmək olur. 2017-ci ildə az qala 63 min evlilik üzrə 14 500 boşanma varsa, 2020-ci ildə 2017-ci ilə nisbətən 27 min az nikah bağlanıb, amma bu az nikah sayı ilə də ümumi göstərici müvafiq dövrün boşanma sayından 84 vahid çoxdur.
Dövlət Statistika Komitəsinin mətbuat üçün verdiyi açıqlamalara istinadən,
2023-cü ilin yanvar-noyabr ayları üçün 49549 nikah və 19761 boşanma halı qeydə alınıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə düşən nikahların sayı azalaraq 6,2-dən 5,3-ə düşüb, boşanmaların sayı isə 1,6-dan 2,1-ə qədər artıb.

Pozulan ailələrin kəndə nisbətən şəhərlərdə çox olması özü bir ciddi araşdırmaya ehtiyac duyur. Mən hər iki halın özülündə xəyanətdən başlanan bağları görməkdəyəm. Cürbəcürə adlarla həyatımıza getdikcə bayağı həyat tərzini doldururlar. Gənclərin gözü qarşısında baş verən bu ekzotik həyat tərzi nümunələri mənəviyyatlarda çox ciddi aşınmalar əmələ gətirdi.
Son onillərə qədər bu xalqın, bu cəmiyyətin ortaq dəyərləri vardı: toy adət-ənənələri, tarixi, dini bayram və mərasimlər. Bunlara qarşı hamının məsulyyəti və cavabdehliyi vardı. Adam balası kimi toy et, kəndin ağsaqqalı, ağbirçəyi gəlib iştirak etsin toyunda, xeyir-dua versin. Sən də başını sal aşağı, öz iş-güçünlə məşğul ol, ailəni saxla. Kəndlərimzdə kimin nə ixtiyarı vardı ayağını bir az çəp qoyaydı. Amma indi gedin təğyiri-libas olub kəndlərimizin vəziyyəti ilə tanış olun. Sizin, bizim gördüyümüz kənd, kənd həyatı yoxdur daha…
Bu gün gənclər şərəfli keçmişi və gələcək məsuliyyəti ilə deyil, gündəlik həyatlarını yaşamağa meyillidirlər. Elə neqativ hallar baş verir ki, bunları elə örtülü saxlayırlar, itirib batırırlar ki, yaxşı ki, səsini çıxartmamısan, yoxsa baş verənlər aydan arı, sudan duru elan ediləcək, sənin isə öz başın ağrıyacaqdı. Hələ bununla iş bitsə yaxşıdır, başağrısı dərmanı atıb yola vermək olar.
Onda başıpozuqluğun, sərgərdan, tüfeyli həyat keçirməyin, macərə hayatının, donjuanlığın qarşısını almaq olmayacaq. Yeni pozuntular, yeni xəyanətlər eidənlərin matı- mutunu qurudacaq əcaib formatlarda davam edəcəkdir.
Bizim formalaşmış ilkin sivil cəmiyyətimiz Dədə Qorqud cəmiyyətidir. Bir dərindən nəzər salın, incələyin. Necə dəyərli əxlaq kodeksi varmış bu cəmiyyətdə. Bu cəmiyyətin özündə ailə qürurunun əzəməti də, kövrəkliyi də ataların, ərlərin, onların qadınlarının, qızlarının cəmiyyətdəki mövqeyi ilə müəyyən olunurdu.
“Baybörənin oğlu Boz ayğırlı Bamsı Beyrək” boyunda Beyrək əsr edilib Bayburd qalasında dustaq saxlanılır. Üstündən bir də 16 il keçəndən sonra Beyrək öz yurduna dönə bilir.
Sevgilisi Baybican bəyin qızı Banu Çiçək 16 ildir ki, Beyrəyin nişan üzüyünü barmağında saxlayır. Demək, adını və eşqini də ürəyində saxlayır.

Qardaşının verdiyi sözə görə onu başqası ilə nişanlayırlar. Toydur. Beyrəyin qayıdışı da toy gününə təsadüf edir. Yolda o, bir ozanla qarşılaşır və onlar yolu birgə gəlirlər. Ozan bildirir ki, o, Baybican bəyin qızı Banu Çiçəyin toyunda oxuyacaq. Beyrək də ona qoşulub məclisə gəlir.
İndi Beyrək ozan olaraq qopuz çalacaq, Banu Çiçək də oynayacaqdı. Amma Banu Çiçəyin əvəzinə Qısırca yengə oynadanda, Beyrək oynayanın ərə gedən qız olmadığını söyləyir. Sonra Boğazca Fatma qaftanını geyinib ortaya şıxanda, Beyrək deyir:
“Mənim sənlə nə oyunum,
Get bu qaftanı soyun.
Ərə gedən qız dursun,
Mən qopuz çalım ona,
Qol sallayıb oynasın!”
Beyrək öncə onu suallara tutur, vəfasını, sədaqətini sınağa çəkir:
-Qarğu kibi qara saçın yoldınmı, qız?!
Qara gözdən acı yaş dökdinmi, qız?!
Güz alması kibi al yanağın yırtdınmı, qız?!
“Kitabi- Dədə Qorqud” dastanı VI-XIII əsrlərdə yaranıb, VII-IX əsrlərdə tam formalaşıb. Amma dastandakı adət-ənənələr, mifoloji təsəvvürlər bu cəmiyyətin izlərini daha qədimlərə – III-IV əsrlərə aparıb çıxarır. Üstündən, görün, neçə əsrlər ötüb, oradakı əqlaqi-tərbiyəvi məsələlər bu gün də öz təsirini saxlamaqdadır, yaşamaqdadır.
“Qara saçını yolmaq”, “hörüyünün birini ağ, birini qara hörmək”, “gözlərindən leysan kimi yaş tökmək”, “həyadan payızın sona aylarına qədər budaqda qalmış alma kimi qıpqırmızı qızarmaq” bu gün də sevgililərin sədaqətə, vəfaya münasibətini ifadə etmək üçün işlədilən emosional suallardır, bənzətmələrdir.
Banu Çiçəyin bir adına baxın, heç adamın ağlına gələrmi ki, o, dönük ola bilsin. Görün, Beyrəyin sorğusuna o, necə cavab verir:

Beyrək gedəli Bam-bam dəpə başına çıqdığım çoq,
Qarğu kibi qara saçum yolduğum çoq.
Güz alması kibi al yanağım yırtdığım çoq.
Gələnlə gedəndən sorduğum çoq.
“Vardı, gəlməz bəg yigidim,
Xan yigidim Beyrək” − deyü ağladığım çoq…
Bu sədaqət tək bu boy üçün deyil, digər boylar üçün də namus düsturdur, ümumiyyətlə, bütün Oğuz cəmiyyəti üçün həyativacib şərtdir.
“Uşun qoca oğlu Səyrək” boyunda Səgrək yenicə toy etmişdi. Gərdəyə girəndə sevgilisi ilə arasına qılınc qoyub yatır. Əhd edir ki, qardaşını əsirlikdən xilas edib gətirməyincə, gərdəyə girməyəcək. Bu məqsədlə sevgilisinə deyir :
-Bir yildə gəlməzsəm, iki yil baqğıl!
İki yildə gəlməzsəm, üç yil baqğıl!
Gəlməzsəm, ol vəqt mənim öldügimi biləsən.
Ayğır atım boğazlayub, aşum vergil!
Gözün kimi tutarsa, könlün kimi sevərsə, ana varğıl!”
Oğuz igidi Səyrək daha sonra deyir:
-İki yildə gəlməzsəm, üç yil baqğıl!
Gəlməzsəm, ol vəqt mənim öldügimi biləsən.
Baxın, Səyrəyin xanımı necəcavab verir:
-Yigidim mən sana bir yil baqam.
Bir yil də gəlməzsən, iki yil baqam.
İki yildə gəlməzsən, üç-dört yil baqam.
Dört yildə gəlməzsən, beş yil, altı yil baqam.
Altı yol ayırdına çadır dikəm.
Gələndən-gedəndən xəbər soram.
Xeyir xəbər gətürənə at, ton verəm,
Qaftanlar geydürəm.
Şər xəbər gətürənin başın kəsəm.
Ərkəg sinəgi üzərimə qondırmıyam.
Murad ver, murad al, andan get, yigidim!”.
Və yaxud “Duxa qoca oğlu Dəli Domrul boyu”nda Dəli Domrul Əzrayıl onun canını almamışdan öncə qadınından halallıq alır. Eyni zamanda var-dövlətini iki oğlu ilə qadınına vəsiyyət edir. Eyni zamanda övladlarının nəzarətsiz, sahib qalmaması üçün lazım gələrsə, ailə qurmağı da vəsiyyət edir:
…Gözün kimi tutarsa.
Könlün kimi sevərsə,
Sən ona varğıl!
İki öğlancığımı öksüz qoymağıl!
Sevgili qadını ala gözlərindən bahar suları kimi qan-yaş tökür və söyləyir:
Səndən sonra bir igidi,
Sevib varsam, belə yatsam,
Ala ilan olub məni soqsun.

Dəli Domrulun xanımı ölənə kimi ərinə sadiq qalacağına and içir.
Belə misallar nə qədər desəniz, bizim etnoqrafik abidələrimizdə, dastanlarımızda öz ülviliyini qoruyub saxlamaqdadır. Bəs necə olmalıdır ki?! Bizim soy -kökümüz belə olub. Uca Allah bu xalqı ləyaqəti, namusu da qəhrəmanlıqla bir yerdə qismət edib. Bizim dədə-babaların qəhrəmanlığını ləyaqət, ləyaqətini də qərəmanlıq tamamlayır. Kişilər qadınları üçün, uşaqları üçün nə qədər məsuliyyətlidirlərsə, qadınlar da ərləri və ailələri üçün oqədər pərvanədirlər. Şam kimi yanacaqlar, sonda da özlərini oda yaxacaqlar.
Kim saldı bizm başımıza bu daşı? İnsanlar 20 əsr yaşayandan sonra yenə mağara dövründə yaşadıqları həyata qayıtmalıdırlarmı, təbiətdəki “azadəlik” kimi: axşam örüşdən qayıdan qoyun-quzu hansı qoyun-quziya qarışıb gedib özgə həyətində gecələyər, səhər örüşə oradan yollanardı.
Axı sevgi başqa, sevginin hicrində yanmaq başqa anlayışdır, belə azdəlik başqa.
Tarixdə, ədəbiyyatlarda qədim peşə növü haqqında nə qədər desəniz, məlumat var. O vaxtdan indiyə kimi, bu yolun yolçularını hansısa bir Azərbaycan oğlu belə peşə sahiblərindən hansısa birinə:
Bəri gəlgil, başım baxtı, evim taxtı,
Evdən çıxıb yürüyəndə səlvi boylum!
Topuğunda sarmaşanda qara saçlım,- deyib,
evinə gəlin gətiribmi, özünə sonsuzadək qəlb sirdaşı edibmi, əlbəttə ki, yox və etməyəcək də. Nə də onlar bunu motivasiya etməzlər. Etsəydilər, bu gün onların xələfləri başıaşağı oturub bir vaxt bədənlərindən ayrılmış paralarının nə vaxtsa gəlib onları tapmasını gözləyərdilər.
Bizm feminist qızlarımızdan biri demişdi ki, haqqında qadağalar, iradlar,hasısa olmazlar bildirilən qadın/qız bəlkə heç uşaq doğmaq istəmir, ana olmaq istəmir.
Mən inanmıram belə qızımız olsun ki, o, ana olmağa can atmır, qucağına süd qoxulu körpə alıb bir az da ülviləşmək istəmir.
Varsa belə qızımız, nahaq yerə dünyaya göz açıb, uzun illər anasının başını, 9 ay da bətnini məşğul edib.
Hər gün məhəllədə, küçədə, televiziyada saysız-hesabsız uşaqların arasında oluruq. Hər birinin öz məxsusi ülviyyəti var. Hər birimiz bunlarla nəfəs alırıq. İnsan cəmiyyəti bunların hesabına davam edir. Qədim peşəni leqallaşdırsalar, nə olacaq. Bunu düşünmək belə dəhşətdir. Ana olmaq istəməyən feminist qadınların ucbatından, eləcə də analıq haqqı ilə tarana gedib 1-2 uşaqla kifayətlənən qadınların ucbatından ciddi demoqrafiya problemləri qaçılmaz olacaq. Qədim peşə sahibləri dünyaya uşaq gətirməyəcək, nikahdankənar doğulan uşaqların artımı məlum olacaq, küçəyə, zibilliklərə atılan körpələr çoxalacaq, Uşaq evlərinin tikintisi hərəkatı başlayacaq. Dövlət ha bu uşaqların qayğısına qalsa da, müəyyən istisnalarla onlar hər zaman cəmiyyət üçün problem olaraq qalacaq.

İki gəncin bir-birinə könül verib ailə qurması, hələ buna qədər gələcək övladları haqqında beyinlərində, ruhlarında ideyalar yaratması, baba-nənələrin nəvə həsrəti,yüyrük hazırlaması xəyalları ilə dünyaya göz açmış yavruların — dünyaya gələn gündən xoş aura ilə dolu olan divarlar arasında əzizlənmə və dualarla ətə-qana dolan körpələrin şəxdiyyət kimi formalaşması hara, küçənin bir başında tanış olub o başında hansısa oteldə, harda, harda öz gözlərinin qurdlarının zinasından dünyaya gətirilən arzulanmamış, sonra da atılmışlara, sığnacaqlara yerləşdirilmiş zavallıların acı taleyi hara?
Uşaqlar ailədə özləri gəlmədən arzularda, and-amanlarda doğulmalıdır. Ana yavrusu doğulmamışdan qucağında hiss etməli, laylasını, oxşamasını səsləndirməlidir.
Adlarını çəkmək istəmirə. Mətbuatda dünyanın ən gözəl qadınları sərlövhəli paylaşmalar o qədərdir ki. Doğrudanmı gözəldir onlar? Hər bir ucqar kəndimizdə, şəhərimizdə qədər gəlinlərimiz olub ki, səhəri körpəsinin beşiyi başında dirigözlü açıb. Səhər balası bir balaca toxtayandan sonra gözlərinə yuxu gəlib, onu da yorğan altda yatmayıb bu analar, ayaqüstə bir çımir ala-ala yatıblar. Dünyanın ən gözəl anaları bunlardır. Onlar da o gözəlçələr kimi bəzənib düzənsələr, makiyaj etdirsələr, dünya gözü ilə sevənlərə xoş gələcək. Amma bizim qadınlarımız üçünlazım deyil belə bəyənilmələr. Bizim qadınlar Qadın yox, Ana təəssüratı oyatdıqda dünya üçün, övladının atası üçün də əsl Qadındır, əsl anadır.
Bir alman yazıçısının dediyi kimi: “Heç bir bəzək və makiyaj bir qadını, analıq sevgisi qədər gözəlləşdirə bilməz.”

Davamı var…

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.