Şəhid atasına ad günündə tələbə yoldaşlarından həmrəylik

Təbriklər

Tələbə yoldaşımız Kamil Abdullayevin bu gün 73 yaşı tamam olur. Amma digər təbriklərdə yazdığım kimi ona da pafosla yaza bilmirəm…
…Bir az öncə zəngləşdik. Elə telefonla da təbrikimiz qəhər və təəssüfdolu sadə bir təbrik oldu.


Kamil şəhid atasıdır. Azərbaycan Ordusunun kiçik giziri olmuş Şəhriyar Abdullayev 2020-ci il oktyabrın 13-də Hadrut döyüşləri zamanı şəhid olub.
Daşkəsəndə yaşadıqları üçün Daşkəsən şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub. Kamil qardaşımız Tərtər rayonunun Cəmilli kəndində doğulub. Elə Şəhriyar balamız da Cəmillidə doğulmuşdu.
Doğrudan da məğrur və vətənpərvər oğul idi Şəhriyar. Bunu Vətənindar günündə ucaldığı şəhidlik zirvəsi ilə sübut etdi. Onun Vətən qarşısındakı xidmətləri çoxlu sayda medallarla dəyərləndirilmişdir.
Allah ermənilərin kökünü kəssin: onların səbəbindən Şəhriyar kimi nə qədər növcavan balalarımız həyatdan vaxtsız-vədəsiz köçdü…

Kamil qardaşımız, acı da olsa, oğlun şərəfli bir ad qazandı. İndiyə kimi tək sənin oğlun idi, amma indi bütün xalqın oğludur, Azərbaycan adlı Vətənimizin igid balasıdır. Azərbaycan həyatında nəsil ata xətti ilə hesablanır. Bütün məsələlər ataların böyüklüyü və başçılığı ilə sona gətirilir. Bütün ailələr, bütün övladlar ataları ilə tanınır. Amma indi Abdullayevlər ailəsi həm də oğlunuzla da tanınır.

Şəhriyar balamıza, bütün şəhidlərimizə Allahdan rəhmət diləyirik.


121-ci qrup tələbə yoldaşların adından ad gününü təbrik edirik. Sonda isə hamımızın fikirlərini Şirin Bünyadova adı bir şairə xanımımızın şeiri ilə tamamlayırıq:

Başını uca tut şəhid anası,
Vətənə mərd oğul bəxş eləmisən.
Sızlayır köksündə bala yarası,
Qəbrinə adını nəqş eləmisən.

Başını uca tut şəhid atası,
Elə şəstlə yeri, elə qürurlan.
Vətən övladıdır, Vətən balası
Torpağa verdiyin mərd, igid, cavan.

Vətən kimliyimiz, Vətən adımız,
Vətən qeyrətimiz, Vətən andımız.
Vətən torpağımız, ağız dadımız,
Vətənə qurbandır şirin canımız.

Başını uca tut şəhid xanımı,
Sən çəkən acını bütün xalq çəkir.
İndi bütün günlər onun anımı,
İndi bütün yollar tək ondan keçir.

Başını uca tut şəhid balası,
Qoy səni yaşatsın dəyanət, qürur.
Sən ata yurdunda qeyrət qalası,
Arxanda bir millət, bir dövlət durur.

Başını uca tut şəhid bacısı,
Qəlbinin dərdindən su içər gözün.
Səni rahat qoymaz qardaş acısı,
Adını yaşadar hər zaman sözün.

Şəhidlər gözlərdən axan yaşımız,
Şəhidlər ölməzlik rəmzidir bizə.
Şəhidlər tarixdə qan yaddaşımız,
Qanıyla yol cızıb hər birimizə.
… İlahi ədalət zəfər çalacaq,
Qarabağ bizimdir, bizim qalacaq.

Şəhriyar Kamil oğlu Abdullayev bu amal uğrunda Şəhid olduğu üçün torpaqlaşdı, Vətənləşdi, Əbədi diri oldu…

Hörmətlə : 121-ci qrupun tələbələri