Müzakirə
“

Dünyada hər şeyə dəyər vermək mümkündür, lakin müəllimin əməyinə əsla dəyər verilə bilməz.
Sokrat

Bu diaqnostikanı, sertifikasiyanı kaş gətirməyəydilər bizim mühitə. Nə qədər sertifikasiya, diaqnostika olar. İşə qəbul edilən müəllimdən niyə imtahan götürülməlidir ki? Bu müəllimlərin hamısı təhsil aldığı ali təhsil müəssisələrində Dövlət imtahanı verərək müvafiq ixtisaslar üzrə yararlı olduqlarını sübut etmiş və müəllimlik statusu almışlar. İndi gözəyarı vəzifələrə təyin edilmiş münsiflər onları qoppac edirlər. İnternetə daxil olub axtarış sisteminə “Müəllimlərin sertifikasiya imtahanları keçirildi” yazın, görün nə qədər məlumatlar çıxacaq, hamısı da müəllimlər üçün olan sertifikasiya imtahanları. Əgər bu diaqnostika və yaxud sertifikasiyanın məqsədi ümumi təhsil müəssisələrində çalışan müəllimlərin elmi və metodiki səviyyələrini yoxlayaraq peşə yararlılıqlarının müəyyən etmək məqsədi ilə aparılırsa, burda heç bir kəşf yoxdur. Sovet dövründə də “attestasiya” adı ilə bu proses aparılırdı və indiki nəzarət-təftiş kampaniyalarından da ədalətli və humanist idi. Müəllimi nə kütləvi informasiya vasitələrində, nə də məişətdə dilə-dişə salırdılar. Yeni fəaliyyətə başlayan gənc mütəxəssislər 5 ildən sonra attestasiya olunurdu. 3 dəfə attestasiya olunmuş müəllimlər attestasiyadan azad olunurdu. Sadəcə, yeni fəaliyyətə başlayan müəllimə hami müəllim ayırırdılar. Bu müəllimlər uzun müddət pedaqoji fəaliyyətlə məşğul olan müəllimlərdən seçilərdi. Onlar gənc müəllimlərə pedaqoji və metodiki səviyyəlrini artırmaq üçün tövsiyə və məsləhətlərini verərdilər. Hər bir müəllimin Şəxsi təhsil planı vardı. Hər bir müəllim ixtisası üzrə fənn metodbirləşməsinin üzvü idi. Burada ona ixtisası və tədris etdiyi fənnin metodikası ilə bağlı mövzu verilirdi. Müəllim onun üzərində işləyir, vaxtaşırı məruzələrlə çıxış edirdi. Attestasiyanın nəticələrinə uyğun da addımlar atılırdı: qabaqçıl və daim yenilənməyə meyilli olan müəllimlər təqdir olunur, nəticələri aşağı olaan müəllimlər isə rayonda və yaxud Bakıda kurslara cəlb olunurdu. Bunu ancaq məktəb rəhbərliyi və bir də həmin müəllimlərin özləri bilərdi. Daha indiki kimi, nəinki müəllimlərin çalışdığı məktəblərin yerləşdiyu ərazidə, hətta bütün Bakıda, bütün Azərbaycanda hamıya faş etməzdilər.
“Attestasiya” Avropa mənşəli sözdür. XIV əsrdə meydana gəlib. Fransızca “sertifikat” sözündən götürülüb, “attestasiya” deməkdir. Latınca “certificare”, “təsdiq etmək” sözündən əmələ gəlib. Yazılı şəkildə təsdiqləmə hərəkətidir; sənədin, yazının və sair fəaliyyətlərin etibarlılığını müəyyən edən akt deməkdir. Əgər məktəb rəhbərləri, eləcə də fənn metodbirləşmələri tərəfindən aparılan dərsdinləmələrində, həmçinin açıq dərslərdə müəllimin tədris etdiyi fənn üzrə kifayət qədər biliyə və təcrübəyə malik olduğu , dərslərində ən müasir təlim metodlarından istifadə etdiyi əyanı şəkildə müəyyən edilib təsdiqlənirdisə, elə bu, “attestasiya” deməkdir. Onu “sertifikasiya” adlandırmağa ehtiyac yox idi.
Müəllimlik bütün peşələrin ən şərəflisidir, ən çətinidir. Müəllim bütün digər peşələrin ürəklərə, qəlblərə yol tapmasını, daha sonra gerçəyə çevrilməsini himayə edən şəxsdir. Onun əməyinə hörmət və hörmətlə yanaşmaq lazımdır. Müəllimin fəaliyyət göstəricilərinin ümumi də olsa, cəmiyyətə faş etmək doğru deyildir. Uğurlarını təqdir etmək, çatışmazlıqları isə məktəb divarları arxasında saxlayıb, sadəcə, məktəb daxilində aradan qaldırmaq məktəbin və müəəlimin nüfuzunu qorumaq demək olardı.
Əgər attestasiya edilən şəxslərin statusu təhsilverəndirsə, indi onlar qədər elmi və metodiki səriştəsi olmayan tərəfindən imtahan edilmək sorğu-suala çəkilmək anlaşılan deyil, həm də bir etimadsızlıq nümunəsidir. Bu, onları həmişə üzəcək.
Guya müəllimləri sertifikasiya edənlər sertifikasiya olunanların bilik və bacarıqlarını ölçmək, hesaba almaq, dəyərləndirmək səviyyəsi validdir (etibarlı, həqiqidir)? Həqiqətənmi, onlar təhsilverənlərin cavablandıra bilmədikləri sualları özləri ən yüksək şəkildə cavablandıra bilərlər? Onların elələri var ki, bircə il sinifdə dərs deməyib, gecə lampa işığında tapşırıq dəftəri yoxlamayıb, əyani vəsait hazırlamayıb. İndi onlar 25-30, bəzən də daha çox pedaqoji stajı olan müəllimin bilik və bacarığını müəyyən etməlidirlər. Bunlar çox həssas məsələlərdir.
“Oxu.az” saytı xəbər verir ki, 2024-cü ildə Təhsilverənlərin sertifikatlaşdırılması prosesində ümumilikdə 31 852 ibtidai sinif müəllimi iştirak edib. Onların 86 faizi, yəni 21 141 nəfəri isə qənaətbəxş nəticə göstərib, yəni, tələb olunan minimum 30 balı toplayıb. Həmin müəllimlərin əməkhaqqına 10 faiz məbləğində əlavə tətbiq edilir. Hər iki cəhddə keçid balını toplaya bilməyənlər cəmi 4 030 nəfərdir ki, bu da ibtidai sinif müəllimlərinin 13 faizini təşkil edir. 443 müəllim isə hələ prosesdə iştirak etməyib.”
(Mənbə:https://oxu.az/cemiyyet/nazir-4030-ibtidai-sinif-muellimi-her-iki-cehdde-kecid-balini-toplaya-bilmeyib).
Bunları elm və təhsil naziri Emin Əmrullayev “Sertifikatlaşdırma 2024: peşəkar müəllim – keyfiyyətli təhsil” adlı tədbirdə çıxışı zamanı deyib.
Eləcə də mətbu vasitələrdə“Uşaqlarımızı savadsız müəllimlərə etibar edə bilmərik (Mənbə:https://www.qafqazinfo.az/news/detail/usaqlarimizi-savadsiz-muellimlere-etibar-ede-bilmerik-410559)”,
“Məktəblərdə savadsız müəllimlərin sayı 70 faizdən çoxdur (Mənbə: https://teref.az/arasdirma/181493-mekteblerde-savadsiz-muellimlerin-sayi-70-faizden-coxdur-ekspertden-ttham.html)”,

“Azərbaycanda 30%-ə qədər müəllim SAVADSIZDIR – Gələcəyimizi necə xilas edək? (Mənbə: https://bizim.media/az/cemiyyet/109809/azerbaycanda-30-e-qeder-muellim-savadsizdir-geleceyimizi-nece-xilas-edek/ ) və sair bu cür sərlövhəli yazılar təkcə müəllimləri deyil, məktəblərimizi, ümumilikdə təhsil sistemimizi hörmətsiz edir.
Elm və Təhsil Nzirliyi, Dövlət İmtahan Mərkəzi müəllim hazırlayan ali və orta ixtisas təhsili müəssisələrində kadr hazırlığı məsələlərini prioritet etsinlər. Təhsil sistemində nə qədər çatışmazlıqlar var, bunun etiologiyasını DİM-nin və elm və Təhsil Nazirlıiyinin özündə axtarmaq lazımdır. Əgər ali məktəb kontingenti ən bilikli abituriyentlərdən formalaşırsa, ancaq bilikli abituriyentlər seçilirsə, nə üçün ali və orta ixtisas təsili müəssisələrindən onların hamısı yüksəkixtisaslı mütəxəssislər kimi məzun olmurlar?
Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialı, Qazax filialı, Mingəçevir filialı, Cəlilabad filialı, Sumqayıt, Salyan, Şamaxı, Şəki, Zaqatala filialları,
Təfəkkür Universiteti, Azərbaycan İctimai-Siyasi Universiteti, Bakı Ali Pedaqoji Qızlar Seminariyası, Azərbaycan Beynəlxalq Universiteti neçə illər pedaqoji kadr hazırlığı həyata keçirdilər. Lazım idimi bunlar? Heç maddi-texniki bazası, professor-müəllim heyəti olmayan bir filialın, özəl universitetin çox kiçik istisnaları nəzərə almasaq, keyfiyyətli müəllim kadrları hazırladığına inanırsınızmı, mən inanmıram.
Mən müəyyən müddət keçmiş TQDK-da işlədim. Məsələn, 2004-cü ildə Dövlət Sərhəd Xidmətinin Akademiyasının “Sərhəd təhlükəsizliyi və idarəetmə” ixtisası üzrə plan yerlərinin tam komplektləşdirilməsi məqsədilə əlavə sənəd qəbulu elan edilmişdi. Həmin il üçün I, II, III və IV ixtisas qrupunun hər hansı biri üzrə keçirilən qəbul imtahanında 150 və daha çox bal toplayan Azərbaycan Respublikasının kişi cinsli vətəndaş ələvə yerləşdirmə müsabiqəsində iştirak edə bilərlərdi (Mənbə: https://dim.gov.az/az/metbuat/xeberler/dovlet-serhed-xidmetinin-akademiyasina-elave-sened-qebulu-elan-edilir-1). 150 balla vaxt olub ki, orta ixtisasməktələrinə qəbul olunmaq mümkün olmayıb. İndi 150 balla bu qədər strateji ixtisasa qəbul edilən abituriyentin gələcəkdə necə mütəxəssis olacağı ümidverici deyildir.
Sovet dövründə müəllim olmağı arzulayan bir gənc sənədlərini H.B.Zərdabi adına Gəncə Dövlət Pedaqoji İnstitunun Fizika fakültəsinə verirdi. Bütün imtahanları müvəffəqiyyətlə verərdisə, topladığı bal kifayət edərdisə, o elə Fizika ixtisasına da qəbul olunacaqdı. Başqa seçim yox idi. Amma indi , tutaq ki, Texniki Universitetin Avtomobil nəqliyyatının təşkili və istismarı ixtisasına sənəd vermiş abituriyent keçid balını toplaya bilməzsə, digər 14 ixtsasa üz tuta bilər. Məsələn, Fizika fakültəsini seçə bilər. Axı bu balamız müəllimlik üçün doğulmayıb. Ruhunda, qanında müəllimlik sevdası yoxdur. Niyə onu zorla müəllim edirik ? Aydındır ki, belələri ən yaxşı halda, indiki sertifikasiya spartakiadasında güc-bəla minimum balı toplayacaq müəllimlərdən olacaq.
1990-cı illərin sonlarına doğru təhsil sistemimizdə də bir durğunluq dövrü başladı. Pedaqoji təhsili olmayanları da ixtisasdəyişmə, ixtisasartırma kursları adı ilə müəllim etdilər. Ali təhsil müəssisələrində 4-5 il sistemli şəkildə dərslərə davam etmiş, uyğun bilik və bacarıqlara yiyələnmiş müəllimlərin bir hissəsi qarşıdakı illərdə işə yararsız hesab ediləcəksə, onda 1 ilə, 2 ilə hazırlanmış müəllimlər bu yoxlamalardan necə çıxacaqdılar ki?!
Ümumiyyətlə, müəllimlərin işə imtahanla qəbul edilməsi, diaqnostika və sertifikasiya bizə heç nə vermədi.
Statistik məlumatlara görə, ümumtəhsil məktəblərində 2021-ci ildə 152 min müəllim olduğu halda, 2023-cü ildə 150,9 minə enmişdir. İki ildə min nəfərdən çox müəllim işindən uzaqlaşdırılıb. Kütləvi informasiya vasitələrində ancaq pedaqoji işçilərin diaqnostikası, sertifikasiyası haqqında məlumatlara rast gəlmək olur. Yazırlar ki, bu qədər müəllim minimum balı toplaya bilməyib. Amma bunu heç sertifikasiya mövzusu etmirlər ki, doğrudanmı ali pedaqoji təhsili olan, həm də dövlət ali təhsil müəssisəsini bitirmiş bu qədər müəllim, doğrudanmı, minimum balı toplamağa qadir deyil? Unudulmamalıdır ki, bu cür imtahanlarda müəllimin test cavablarına çox amil əks təsir göstərə bilər. Bir də ki müəllim təhsilalan deyil ki, onu imtahan etsinlər. Bilik dəryası o qədər dərindir ki, hələ heç kim oradakı bütün sirlərə vaqif ola bilməyib.

Bir dəfə məşhur sərkrdə Napoleonu gecə yarısı yuxudan oyadıblarmış. Məşhur sərkərdə təlaşla nə baş verdiyini soruşur. Deyiblər ki, üstümüzə düşmən hücum çəkib. Napoleon “Mən də elə bildim, imtahana çağırırlar”, – deyə cavab verir. Bu fakt, doğrudan da, imtahan etmək ciddi bir sınaq prosesidir. Mən öz subyektiv fikirlərimi ifadə edirəm, əlbəttə ki. Müəllimlər üçün aparıalan diaqnostikanı və sertifikasiyanın bu şəkildə aparılmasının təərfdarı deyiləm. Qayıdaq sovet dövründəki attestasiya formasına. Bu forma çox ədalətli , səmimi və etimadlı olurdu. Müəllim təhsil verəndir, onu imtahan etmək nə demək? Sovet dövründə heç bir müəllim attestasiyanı imtahan kimi düşünməyib, attestasiya vaxtı yaxınlaşdıqca şaşırmayıb.
Bu gün, hətta “Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsi başlayır” başlığı ilə bir yazı oxudum. Tutaq ki, Qəbələ rayonundan olan bir riyazıyyat müəllimi təyinatla Daşkəsəndə 5 il müəllim işləyib.İndi onun doğulduğu kənddə, həm də məzunu olduğu məktəbdə riyaziyyat müəlliminə ehtiyac var. Bu kənddən olan digər namizəd isə yoxdur. Ola bilər ki, müsabiqə şərtlərinə əsasən, azacıq fərqlə irəli çıxmış başqa kimisə digər rayondan bura müəllim göndərəcəklər, amma bu kənddən olan qəbələli müəllimə növbəti müsabiqələrdə iştirak etməyi tövsiyə edəcəklər. Nə dərəcədə doğru nizamlamadır. Əgər müəllim təyinat müddətini bitiribsə və həmin müəllimin öz kəndindəki məktəbdə vakansiya varsa, onun üçün heç bir baryer qalmasın gərək. Əgər gələcəyin müqəddəratını müəllimlərə tapşırmışıqsa, etibar etmişiksə, bu qədər diaqnostikalar, sertifikasiyalar həm də etimadsızlıqdır axı. Müəllimlərə veilən az maaş onların şagirdləri üçün çəkdikləri zəhmətin çox cüzi bir əvəzidir. Onlar gələcəyin qəhrəmanlarını, elmli insanlarını, böyük sənətkarlarını yetişdirir. Bəşəriyyətə, insanlığa işıq, nur paylayan müəllimləri diaqnostika, sertifikasiya fobisi ilə yola salmayaq. Malik olduğumuz yüksək təhsilin, tərəqqi və mədəniyyətin əvəzi onu mövcud edən bizim ağsaçlı müəllimlərə bəslənilən hörmətdir… Müəllimlərə hörmət edək!
Davamı var..

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.