Poeziya buketi, nəğmə çələngi

Zəlimxan Yaqub – Mən ürəyi ürək kimi saxlamadım

Mən bilmədim sına bilər, yana bilər,
Mən ürəyi ürək kimi saxlamadım.
Nə biləydim buz baxışdan dona bilər,
Mən ürəyi ürək kimi saxlamadım.

Qohum gəldi,qonşu yığdı,yad apardı,
Qəmli gələn qismətini şad apardı,
Odu sönən ürəyimdən od apardı,
Mən ürəyi ürək kimi saxlamadım.

“Xeyrə-şərə,toya-yasa yüyür” dedim,
Taleyimə “yaralanmış cüyür” dedim,
“Özün qızdır,harda kim üşüyür” dedim,
Mən ürəyi ürək kimi saxlamadım.

Dərd dağının külüng çalan Fərhadıyam,
Tüstüsüyəm, dumanıyam, fəryadıyam,
Öz qəlbimin qaniçəni, cəlladıyam,
Mən ürəyi ürək kimi saxlamadım.

“Yeri göyə,göyü yerə bağla” dedim,
“Alış” dedim, “tutuş” dedim, “çağla” dedim,
“Yas görəndə hönkür-hönkür ağla” dedim,
Mən ürəyi ürək kimi saxlamadım.

Dövlət yükü,millət yükü, şöhrət yükü,
Bu millətin içindəki zillət yükü,
Bu yüklərin altındakı zəhmət yükü,
Mən ürəyi ürək kimi saxlamadım.

Mən ürəyi çiçək kimi saxlamadım.
Yağ içində böyrək kimi saxlamadım,
Hey əritdim, hey çürütdüm, hey qanatdım,
Saxlamadım, saxlamadım, saxlamadım.

Hönkürən dağ döşündən qaya qopdu,
Ağlayanda boş-boşuna ağlamadım
Mən ürəyi ürək kimi saxlamadım,
Saxlamadım, saxlamadım, saxlamadım…

Kələntər Kələntərli – Mənim ürəyimin anası ölsün

Ağlım kəsən gündən qəmim ürəyim,
Sevinc deyilənə qənim ürəyim.
Çıxıb ürəklikdən mənim ürəyim
Mənim ürəyimin anası ölsün…

Qalmamış dünyada diləyim çoxdan,
Kimsəyə çatmayır gileyim çoxdan.
Qana qəltan olub ürəyim çoxdan,
Mənim ürəyimin anası ölsün…

Bir gün buz bağlayıb dona da bilər,
Bir gün öz oduna yana da bilər,
Bir gün kövrəklikdən sına da bilər,
Mənim ürəyimin anası ölsün.

Dərdlərin dalınca dəli tək qaçır,
Özü öz başına oyunlar açır,
Çaxmaq daşı kimi qığılcım saçır,
Mənim ürəyimin anası ölsün.

Gəlib yetişincə almış yaşına,
Başı min yol dəyib əhləd daşına,
Hələ də gəlməyib ağlı başına,
Mənim ürəyimin anası ölsün…

Kələntər Kələntərli – Başım ürəyimlə dil tapa bilmir

Ürəyim özünə yağıdır mənim,
Ürəyim göz yaşı axıdır mənim,
Ürəyim sinəmi dağıdır mənim,
Başım ürəyimlə dil tapa bilmir.

İlanı mələdən düzdən keçmişəm,
Bir kəklik səkməmiş koldan keçmişəm,
Sap keçə bilməyən gözdən keçmişəm,
Başım ürəyimlə dil tapa bilmir.

Sərçilər dəysə də şəstimə hər gün,
Qəmlər yerisə də üstümə hər gün,
Ölümlər dursa da qəsdimə hər gün,
Başım ürəyimlə dil tapa bilmir.

Səssiz güllələrə tuş olmuşam mən,
Qurdların cəngindən qurtulmuşam mən,
Anlamaq dərdinə tutulmuşam mən,
Başım ürəyimlə dil tapa bilmir.

Yaralı aslanla dil tapa bildim,
Can alan cananla dil tapa bildim,
Sancanla, çalanla dil tapa bildim,
Başım ürəyimlə dil tapa bilmir.


İndi kimdən kimə nə deyim, Allah,
Niyə ələnməyir ələyim, Allah?
Özüm də bilməyir neyləyim, Allah,
Başım ürəyimlə dil tapa bilmir.

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.

Son yazılar

Sitatlardan seçmələr:

   

Həcər, ad günün mübarək!