Poeziya buketi/Nəmə çələngi

Şamxal Rüstəm 1952-ci ildə Şəmkir rayonunda anadan olub. Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib. Bir müddət Azərbaycan radiosunda fəaliyyət göstərib. İlk şeirləri 70-ci illərdə çap olunub və maraqla qarşılanıb. Şamxal Rüstəm 2019-cu ildə vəfat edib.

Görüş

Yaman damıb ürəyimə, ay gözəl,
Vallah, eyən xatalıdı bu görüş.
Arzuları, gümanları yanıldan,
Yüz xatirə çözələdi bu görüş.

Hisslər yenə hara çəkir xəyalı?
Ötən günlər bu xəyaldan həyalı.
Yollar laldı, dünya laldı, biz lalıq,
Suallıdı, nidalıdı bu görü.

Biz ki yarımadıq bu eşq sarıdan,
Eşqimizin yarı zülmət, yarı dan.
Qurban olum, bəlkə dönək yarıdan,
Bir az qanlı, qadalıdı bu görüş.

İncimə

Daha mənim hicran yaşım ələnib,
Bu dünyaya axmaz oldu, incimə.
Gözlərindən ayrılmayan gözlərim,
Daha sənə bxmaz oldu, incimə.

Duman olub dumanlara qarışdım,
Qismətimlə, taleyimlə barışdım.
Səndən qaçıb xəyalınla qarışdım,
Odun məni yaxmaz oldu, incimə.

O sən idin, dəm vurardın vəfadan,
Gecə-gündüz yorulmuşam cəfadan,
Nəm çəkmişəm yaratdığın havadan,
Şimşəklərim çaxmaz oldu, incimə.

Sən bir soyuq günəşimsən, o, danım,
Odu yoxdur bu tikdiyin odanın,
Qoy qurusun quraqsayan fidanın,
Yağışlarım yaömaz olu, incimə.

Sınıq könül kimə bağlar əhdini,
Sən apardın şirəsdini, şəhdini.
Çox görmüşəm gözəllərin cəhdini,
Aramızda çox naz oldu, incimə.

Bircə biləydim

Adını anmadığım babamın, nənəminmi,
Oduna yanmadığım qonşu qız Sənəminmi…
Eh, qəlbini qırdığım nə bilim, yüzmü, minmi,
Bircə biləydim məni kimin qarğışı tutdu.

Yetməmişəm çətində çox doğmamın dadına,
Çoxunu unutmuşam, çoxu gəlmir yadıma.
Bir quzu kəsilibmiş doğulanda adıma,
Bircə biləydim məni kimin qarğışı tutdu.

Hər çiçəyi, hər gülü leysan yağışı tutmaz,
Xata hər ömrü tutmaz, bəla hər başı tutmaz.
Süd əmmişəm döşündən, ana qarğışı tutmaz,
Bircə biləydim məni kimin qarğışı tutdu.

Siz məni heç nəyə tələsdirməyin

Vaxtında gəlibdi ürəyə ağrı,
Saçımın dəni də vaxtına düşüb.
Dünyada heç nədən gileylənmərəm,
Dünyaya gəlişim ağ günə düşüb-
Siz məni heç nəyə tələsdirməyin.

Vaxtında boşalar hər dolan bulud,
Şimşəklər nə bilər çaxmaqdan özgə.
İnsan sevincinə gecikmək olar,
İnsan harayına çatmaqdan özgə-
Siz məni heç nəyə tələsdirməyin.

Hələ nə yazmışam, hələ nəyim var.
Dağ yüklü bir ömrün enişindəyəm,
Hələ zirvələrlə döyüşməyim var-
Siz məni heç nəyə tələsdirməyin.

Vaxtında gəlibdi ürəyə ağrı,
Saçımın dəni də vaxtına düşüb.
Taledən hərəyə bir pay düşəndə,
Mənim də gecikmək baxtıma düşüb-
Siz məni heç nəyə tələsdirməyin.

Quşlar çöp daşıyır yuva qurmağa

Xoş gəlib, bu ilin yazı xoş gəlib,
Yığılıb yollardan boran, qar daha.
Ana təbətə yır-yığış gəlib,
Quşlar çöp daşıyır yuva qurmağa.

Çiçəklərə layla çalır küləklər,
Dəyişir səma da, yer də təzədən.
Təzə məhəbbətlə, təzə ürəklə,
Köhnə yurd yerində bir də təzədən-
Quşlar çöp daşıyır yuva qurmağa.

Sən də sapandını saxla, ay uşaq,
Hər quşun könlündə bir murazı var.
Ovcuna sıxdığın o qara daşa,
Yarımçıq bir evin ehtiyacı var-
Quşlar çöp daşıyır yuva qurmağa.

Həzinlik bürüyüb aranı, dağı,
Bir baxın, necə də kövrəlmişik biz.
Ev-eşik tikməyi, yuva qurmağı,
Bəlkə də quşlardan öyrənmişik biz-
Quşlar çöp daşıyır yuva qurmağa.

Xoş gəlib, bu ilin yazı xoş gəlib,
Yığılıb yollardan boran, qar daha.
Ana təbətə yır-yığış gəlib,
Quşlar çöp daşıyır yuva qurmağa.

Bu dünyanın ölümü var min cürə

Durnaların qatarında gözüm var,
Ürəyimdə neçə qatar söüm var.
Bu dünyada mənim bircə üzüm var,
Ha varaqla, ha soraqla, ha sına.

Dünya bənzər bir qalacıq bürcünə,
Sığınmışam bir balaca küncünə.
Bu dünyanın ölümü var min cürə,
Mən görəsən tuş olacam hansına.

Niyə qopdun tufan

Niyə qopdu tufan, niyə yağdı qar,
O, gələsiydi.
Niyə gözlərini sıxdı buludlar,
O, gələsiydi.

Gecikdi, yollara qar yağıbdı, qar,
Tənhayam, soyuğam, buzam, ay gecəm.
Gözləri yol çəkən de, necə yatar,
Bir şirin nağıl tək uzan, ay gecəm.

Sevəni qorxutmaz nə qar, nə yağış,
Sevirsə, deməli, boranda gələr.
Gözlərəm, dözərəm, səhərə yaxın,
Hicran ürəyimi sıxanda gələr.

Yollarda, izlərdə tufan var, hələ
Demək gəlişinə güman var, hələ.
Güman var hələ!

Ulduzdan od yanıb yanır asiman,
Göydə ay doğub.
Qapımı döydülər, odur ya tufan,
Deyəsən odur.

Ömrün qızıl fəsli

Bir vida qovrulur gözümdə dən-dən,
Bu vida nə qədər xatirə səsli…
Demək, bir fəsil də getdi ömürdən,
Ömrün qızıl fəsli – tələbə fəsli…

Şirinçay ən şirin nemətimizdi,
İçdiksə dostluqda şirinləşərdik.
Ehtiyac yandırıb yaxanda bizi,
Təsəlli mehriylə sərinləşərdik.

Düşbərə bişərdi qonşu həyətdə,
Ətri ağzımızı sulandırardı.
Çox zaman tapılmaz olardı qənd də,
Bizi ümidimiz dolandırardı.

Uçardıq Tellinin xəyallarıyla,
Vaqifin “Göy-göl”ü çətirlənərdi.
Göydə, durnaların ağ qatarıyla,
Ağappaq duyğumuz sətirlənərdi…

Haçan ki, düşərdik dara, çətinə,
Haçan ki, şaxtası gələrdi ilin;
Xəyalən dolardıq “kabinetinə”
“Redaktor” Mayılın, “Müdir” Xəlilin…

Bir vida qovrulur gözümdə dən-dən,
Bu vida nə qədər xatirə səsli…
Demək, bir fəsil də getdi ömürdən,
Ömrün qızıl fəsli – tələbə fəsli…

O tay da uzaqdı, bu tay da uzaq

Nə adla minmişdik bu qayığa biz,
Niyə düşünmədik bir azca qabaq.
Yenə dəli olub bu dəli dəniz-
O tay da uzaqdı, bu tay da uzaq!

Gedirik – gözlərdə yaş gilə – gilə,
Dönürük – arxada hər dalğa bir dağ.
Bəs, indi üz tutaq hansı sahliə?
O tay da uzaqdı, bu tay da uzaq!

Onsuz da yetişməz nə səda, nə ün,
Dostlara bir haray məktubu yazaq:
Amandır, biz gələn yerə gəlməyin,
O tay da uzaqdı, bu tay da uzaq!

Belə qəmli dayanma

Görüşünə gəlmişəm,
Sən ey gözü bənövşə.
Gözü nəmli dayanma,
Belə qəmli dayanma.

Səninlə dindi dünya,
Sevin, sənindir dünya.
Sevənlərindir dünya,
Belə qəmli dayanma.

Var soyuğu, var odu,
Bu yol sevgi yoludur,
Ürək sözlə doludur,
Belə qəmli dayanma.

Könlüm, bulud deyilsən,
Sınıq ümid deyilsən.
Sən ki, sükut deyilsən,
Belə qəmli dayanma.

Çiçək açsın üzündə,
Günəş gülsün üzündə,
Bir sevinc tap özündə,
Belə qəmli dayanma.

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.

Previous Post
Next Post

Son yazılar

Sitatlardan seçmələr:

   

Həcər, ad günün mübarək!