Əxlaq və mənəviyyat

Şükriyyə taleyim, şükür xudaya
Gördüyüm doğrumu, yoxsa bir röya?
Dolub ürəyimə bu dadlı xülya
Yaşaya bilmərəm bir kərə sənsiz…
Əhməd Cavad
1937-ci ildə Əhməd Cavad həbs olunandan sonra, Mircəfər Bağırov Şükriyyə xanıma Əhməd Cavad boşanmağı təklif edir. Yoxsa həbs edəcəyini bildirir. Şükriyyə xanımın isə Mircəfər Bağırova cavabı belə olur:
“Bəlkə də Cavadı güllələyəcəklər. Amma mənim boşanma ərizəm ona güllədən də ağır olacaq. Mən Əhməd Cavada görə, atam Süleyman bəyi ayaqlayıb, ona qoşulub qaçmışam. Amma Cavadı heç vaxt ayaqlamaram”.
Şükriyyə xanımı da həbs edirlər. 1937-ci ilin sonunda bir qatar Qazaxıstan çöllərinə doğru yol almışdı. Vaqonda 47 nəfər vardı, üç gün idi ki, ac-susuz yol gedirdilər, üstəlik ayaq üstə. Həmin vaqonda Şükriyyədən başqa, Azərbaycanda qadın hərəkatının veteranı olmuş Ceyran Bayramova da vardı. O Ceyran ki, Bakıda Şükriyyə xanımı görməyə gözü yox idi, tamam başqa-başqa dünyaların adamıydılar, bir-birini heç cür həzm edə bilmirdilər. Həzm etmək nədir, rastlaşanda bir-birindən üz çevirir, qaşqabaq sallayırdılar. Biri bolşevik, o biri bəy qızı, başqa nə olmalıydı ki? Qatar stansiyada uzun-uzadı fit verdi, 47 nəfər qadın vaqondan atılıb sıraya düzüldü, nəzarətçi qadın beş nəfərin adını oxudu, onları qabaqlarına “qatıb” stansiya hərbçilərinə konserva və çörək əvəzinə SATMAĞA apardı. Bu “alver”dən “can yiyəsi”nə bircə tikə qara çörək çatırdı. Bir stansiya sonra rus hərbçiçinin gözünə Ceyran Bayramova sataşır. Şükriyyə Ceyranın söykəndiyi yeşiyin arxasından ayağını çəkir, yeşik yerə düşüb parça-parça olur. Ceyran qatar relsinin üstünə yıxılır, ağız-burnu qanasa da, rus zabitlərinin o məşum otağından xilas olur. Yerbəyer olan kimi Şükriyyənin ayağına yıxıldı. Növbəti günlərdə Ceyran Bayramova bircə suala cavab almaqdan ötrü dəridən-qabıqdan çıxırdı:
– Özünü zabitlərin o məşum otağından necə qoruyursan, niyə sənə toxunmurlar? Səndən cüzam vurmuş kimi qaçırlar. Neyləyirsən ki?! Mənə də de!
Şükriyyə başı ilə tualeti işarə edir, acı-acı gülümsəyir və deyir:
“Gecə tualet növbəsində qapını arxadan bağlayıb paltarlarımı çıxarıram. Tualetin yerini silib əynimə geyirəm. Hamı məndən iyrənir, yaxın durmur.
Ceyranı elə bil ayağından yerə mismarladılar, udqundu, heykəl təki quruyub qaldı. Dedi:
– Mən acam, başa düşürsən, acam! Bəs sən ac deyilsən?
Şükriyyə:
– Mən heç kimə heç vaxt imkan vermərəm ki, Cavadın ləyaqətinə toxunsun.
Ceyran:
– Necə dözürsən? Altı gündür… Mən acam. Yemək istəyirəm, su istəyirəm. Boğuluram, boğuluram, axı dözə bilmirəm! Mənə də yol göstər, ləyaqətimi qoruyum.
Şükriyyə yolçuluğun birinci gününü, iki kilometr piyada gəldikləri o yolu, o günün axşamı özünü tualetə verib, paltarlarını çıxarıb tualetin döşəməsini sildiyini, saçını, üz-gözünü murdarlamasını xatırladı. Xatırladı və hıçqıra-hıçqıra danışdı… Sonra yaxasında gizlətdiyi kiçik sancağı çıxardı: Mən gündə bir dəfə bu sancaqla barmağımı deşib, hamı yatandan sonra soruram. Bax aa, əvvəl adamın ürəyi bulanır. Ceyran barmaqlarını birləşdirib onları paslı sancaqla deşdi və əlini ağzına təpib körpə anasını əmirmiş kimi sormağa başladı. Ceyran körpə, yetim uşaq kimi barmaqlarını sora-sora yatırdı.
Şükriyyə xanım Qazaxıstanın o dəhşətli düşərgəsində ömrün səkkiz əzab ilini yaşadı … Odun doğradı, yük daşıdı, dərzilik, aşpazlıq elədi. Ta 1955-ci ilin 30 iyuluna – bəraət aldığı günə qədər…Vətənə dönəndən sonra şəhərbəşəhər düşüb balalarını başına yığdı, Şəmkirin Seyfəlisində – Əhməd Cavadın ata yurdunda şərəflə yaşadı, dünyayla da burada vidalaşdı…


Mənbə: İnternet