
Söz vardır ağulu aşı, Bal ilən edər yağ bir söz. Şah İsmayıl Xətai
Doqqazlar başında bizim qocalar,
Düşüncə heykəli, fikir heykəli!
Bəxtiyar Vahabzadə
Giriş
Zamanın sürətlə ötüb keçdiyi, dəyərlərin virtual aləmdə rəqəmsal bəyənmələrlə ölçüldüyü bir dövrdə “müdriklik” anlayışı da sanki öz ilkin mənasını itirməkdədir. Bu gün hər hansı bir sənətçinin sosial şəbəkə gileyi mətbuat tərəfindən “müdrik kəlam” kimi təqdim olunur, lakin bu “kəlamların” mənəvi çəkisi və cəmiyyətin genetik yaddaşına uyğunluğuilə uyğungəlmir və ciddi suallar doğurur. Əslində, müdriklik bir status deyil, insanın illər boyu mənəvi sınaqlardan, vicdan süzgəcindən keçərək qazandığı bir ucalıqdır. Bu, sadəcə 50-60 yaşı tamamlamaq deyil; bu, Dədə Qorqud ululuğuna təslimiyyətdir, bu, İsfəndiyar kişi (İsa Muğanna – “Tütək səsi”)təmkininə, Dədə Bəhmən (Əfqan – “Gülyanaq”)sanbalına sahib olmaq, sözü “daş” kimi ağır yox, ruhu isidən “bal” kimi şirin demək sənətidir.
Bu mövzuya bir çox yazılarımızda yeri gəldikcə toxunmuşuq. Amma bu dəfə ayrıca yazı hazırlamağa qərar verdim. Qərarıma səbəb isə bir çox saytlarda Əməkdar artist Bəram Bağırzadənin sosial şəbəkələrdə tirajlanmış “Görünür, səssiz müdrikliyin vaxtı gəlib (Mənbə: https://axsam.az/news/195443-gorunur-sessiz-mudrikliyin-vaxti-gelib)” sərlövhəli paylaşımı oldu. “

İstər sərlövhənin ehtiva etdiyi məqsəd, istərsə də əməkdar artistin ilk cümlədəki “Bir vaxtlar böyüyün sözü daş kimi ağır idi” qənaəti heç məni tutmadı. Bəhram Bağırzadə ictimai-mədəni həytımızda kifayət qədər tanlnmış şəxsdir, Əməkdar artistdir. Müdriklik haqqında fikir bildirib, amma bir az müdrik biıdirməyib.
Əslində, bizim mənəvi yaddaşımızda böyüyün sözü heç vaxt “daş” olmayıb: “bal” olub, “yağ” olub, yəni, qəlbə yatan, ruhu oxşayan və şəfa verən bir qüvvə. Daş soyuqdur, cansızdır və əzicidir. Sözün ağırlığı onun yükündə deyil, onu deyən şəxsiyyətin sanbalında idi. Əgər söz eşidilmir və ya “daş” kimi qəbul olunursa, deməli, o sözün deyildiyi məqamda və ya deyən şəxsin nüfuzunda bir problem var.
Müdriklik Statusdur, Tanınmışlıq Deyil İnsan ömrünün yaş dövrlərinə görə 30-60 yetkinlik dövrüdür, bu yaş dövrləri müdriklik üçün kifayət deyil. Müdriklik statusu tamamilə başqa bir mərtəbədir.
Müdriklik statusdur, tanınmış şəxs olmaq demək deyil.
Məşhur idmançı, sənətçi olmaq və yaxud dərvətli olmaq bu şəxslərə insanlar tərəfindən sevilmək, ehtiram edilmək hüququ verir, amma cəmiyyətə “dərs keçmək” və ya “yol göstərmək” statusu qazandırmır
İsfəndiyar kişi və ya Dədə Bəhmən obrazları təkcə fizioloji anlamda “qoca” deyil, həm də bir nəsil sınağından, mənəvi tərəzisindən keçmiş ağsaqqallardır, nurani şəxsiyyətlərdir.
Bu gün televiziya ekranlarından özlərini “ağbirçək” , “ağsaqqal” kimi təqdim etmək istəyən tanınmış simalar çoxdur. Bu, müdriklik anlayışını ucuzlaşdırır.
Hər kəs faydalı məsləhət verə bilər, amma hər kəs müdrik ola bilməz.
“Səssiz Müdriklik” Olarmı?
“Səssiz müdriklik” ifadəsinin özündə bir məntiq xətası var. Müdriklik elə bir nurdur ki, o, işığını ətrafına saçmalıdır. Əgər bir aqil susursa, bu, artıq müdriklik deyil, küskünlükdür. Əgər bir aqil “Mən susuram” deyirsə, bu, müdriklikdən çox, cəmiyyətdən küsmək və ya məsuliyyətdən qaçmaq kimi görünə bilər. Müdrik şəxs eşidilməyəcəyini bilsə də, doğru sözü deməli olan insandır, çünki onun sözü həm də gələcəyə bir mirasdır. Müdrik adam – cəmiyyətin kompasındakı iynə kimidir; o susarsa, cəmiyyət istiqamətini itirər. Lakin bu gün bir çox yol göstərənlərin “urvatsız” qalmasının səbəbi, dinləyənlərin qulağının kar olması deyil, danışanların o “Dədə Bəhmən” sanbalına sahib olmamasıdır.
Media və “titul” xəstəliyi
Mətbu orqanlar bəzi anlayışları ya məhvərindən uzaqlaşdırır, ya da təhrif edirlər. Məsələn, bir şou nümayəndəsinin transparan geyimdə səhnəyə çıxmasını və ya yüksək qazancını açıqlamasını “cəsarətli addım” kimi təqdim edirlər. Eyni yanaşmanı müdriklik anlayışına da tətbiq edərək, məşhur simaların hər paylaşımını filtrdən keçirmədən auditoriyaya ötürürlər.
Jurnalistika fakültəsinin bir əsrə yaxın tarixi olsa da, bu gün telekanallarımızda peşəkar jurnalistlərdən çox şou nümayəndələrini görürük. Maarifləndirici proqramların azlığı bir yana, milli-mənəvi dəyərlərə zidd olan bayağı layihələr illərdir davam edir. Verilişlərin adlarına baxın: “Bu bizik, Toliklə”, “Hər Şey Daxil”, “Tarixin bir günü”… Bu qədərmi özbaşınalıqdır ki, aparıcı öz adını (və ya ləqəbini) verilişin adına pərçim edir? Bir aparıcının bir günü niyə auditoriya üçün deviz olmalıdır?
“Elgizlə izlə”, “Zaurla Günaydın”, “Danışır Zaur” kimi verilişlər cəmiyyətin sifarişini deyil, yalnız dar bir auditoriyanın əyləncə maraqlarını əks etdirir. Belə verilişlərə öz sahəsinin mütəxəssisi olmayan şəxslərin dəvət edilməsi və onların ciddi sosial məsələlərdə “yol göstərməsi” peşəkarlara qarşı hörmətsizlikdir. Bu şəxslər sənət adamıdır, qoy sənətdən danışsınlar, amma cəmiyyətə “ağsaqqallıq” etməsinlər. Reytinq xatirinə edilən bu “dərslər” gənc nəsildə yanlış dəyərlər formalaşdırır.
Nəticə olaraq, bir şəxs verilişə dəvət olunarkən onun yaşı, təcrübəsi və reputasiyası diqqətlə ölçülməlidir. Onun fikirlərini təshih etmədən birbaşa efirə buraxmaq olmaz. Redaktor peşəkarlığı da məhz buradadır – cəmiyyətə ötürülən hər bir fikir müəlliflə müzakirə edilməli və daha kamil, daha urvatlı hala gətirilməlidir. Çünki çapa gedəndən, efirə buraxılandan sonra artıq gec olur.


Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.