Bir uşaqlıq dostumun illər əvvəl qonağı olmuşdum. Dəvət etdi ki, oturaq, dərdləşək. Ailəsi ilə problemləri vardı: anlaşmırdılar, yola getmirdilər, ayrılmaq üzrə idilər. Dostum çox narahat idi, nə edəcəyini bilmir, of-uf edib, gah özünü, gah da xanımını günahlandırırdı. Dərd budur ki, problemin qaynağını da bilmir. Mənə, vaxtıyla xanımına yazdığı sevgi məktublarından danışır, nişanlı dövrlərini anladır, “o məni sevirdi” deyir, – “indi isə…” ardını gətirə bilmir, qəhərlənir… sonra qəfil dikəlib, xanımı duymasın deyə xısın-xısın pıçıldayır:
“Sənə qurban olum, qardaşım, dünyagörmüş adamsan, səncə, nə ola bilər bunun səbbi, axı biz bir-birimizi sevirdik, niyə belə olduq, niyə bu günə düşdük?”
Nə deyim ki? Mənki onların həyatına bələd deyildim.
Axşam birlikdə gəzintiyə çıxırıq. 3 yaşlı oğulları da bizimlədir, yan-böyrümüzdə ora-bura qaçır, atılır-düşür, yorulur. Xanım uşağı qucağına götürür. Davam edirik, gəzirik, dolaşırıq: uşaq hələ də xanımın qucağındadır. Hiss edirəm bərk yorulub, “ver mən götürüm, bacı” deyib, uşağı ondan almaq istəyirəm, amma etmirəm, axı əri var – böyrümüzdə əlini sallayıb dəvə ləngəriylə, vecsiz-vecsiz yeriyən əri.
Evə qayıdırıq. Qapının ağzına çatanda əyilib əsəblə dostumun qulağına pıçıldayıram: “deyəsən problemin kökünü tapdım”. “Hə, nədir ki?” –deyib, çaşqın baxışlarla gözlərimə zillənir. Gözlərimlə işarə edib qucağı uşaqlı xanımını göstərirəm:
“Sən yanında ola-ola, yolboyu yükünü özü daşıyan qadın onu niyə sevsin, niyə sevsin ki?

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.

Ana və Uşaq.com – sadəcə, bir sayt deyil, cəmiyyət üçün kiçik də olsa, fayda vermək istəyən bir təşəbbüsdür.

Bağlantı