Təhsil və məktəbəqədər tərbiyə müəssisələri

Ölkəmizdə gedən quruculuq-abadlıq işləri vüsətli şəkildə davam edir. Bu vüsətin içində məktəb və bağça tikintiləri də böyük hissə təşkil edir. Hər il yeni-yeni məktəb və bağçalar, idman məktəbləri və uşar yadıcılıq mərkəzləri tikilib istifadəyə verilir, köhnəlmiş, yararsız hala düşmüş binalar isə əsaslı şəkildə təmir edilib, yenidən yaraşıqlı halına qaytarılaraq uşaqların istifadəsinə verilir.
Fərqindəsinizsə, bu məktəblərin tikintisində və açılışında mütləq ölkə başçımız və ya Birinci xanım iştirak edir. Bu, dövlətin prioriteti olmaqla yanaşı, həm də həm də Cənab İlham Əliyenin, Mehriban xanımın özlərinin təhsilə verdikləri önəmlə birbaşa bağlıdır. Millətin tərəqqisi və gələcəyi təhsillə bağlıdır. “İnsan kapitalı” ilə bağlıdır. Bunu dövlət başçımız deyib.
Bəs tikilmiş və yaxud bərpa edilərək yeni görkə verilmiş bu təhsil müəssisələri necə qorunur, burada təhsil alacaq uşaqların özlərinin ağıla -kamala dolması üçün çalışan bu məktəb və bağçalara münasibəti necədir?
Narahatçılıq daha çoxdur.
Bakıda bəzi mühafizə olunan məktəb və bağçalar istisna edilməklə, gözoxşayan,qəlboxşayan məktəb və ya bağçaya çətin rast gəlmək olar. Mən oxuduğum kənd məktəbini, məktəbin həyət-bacasını, bağını xatırlayanda bayılıram. Həmin məktəb yeni, müasir quruluşda yenə mövcuddur. Bina yenisi ilə əvəz edilsə də, həyət-baca elə də qalıb. Amma həmin illərin “cənnətə bənzədilən” məktəblərinin assosiativliyini yaratmır.
50-55 il əvvl Azərbaycanda məktəblər də az olub, müəllim və digər savadlılar da. Hər kənddə məhəllədə bir oxumuş tapılsaydı, o kənd, o məhəllə həmin ziyalıya görə ətraf aləmdə məşhur olardı. Bir də, kəndi yoluna, məktəbinə görə tanıyardılar. Kəndə bir qonaq gələcəkdisə, əvvəlcədən deyərdilər ki, elə ki kənddə düşdün, məktəbi soruş, məktəbin yanında sağa balaca çığır yolu var, o yolla 300-400 metr irəli gəl, qarşına çıxan ilk qapı bizimdir və sair… Sözün həqiqi mənasında da belə idi, rəmzi mənasında da…Məktəb gündüz də, gecə də yolgöstərən, aşkarlayan, aydın edən, nur saçan bir məbəd idi.
İndi elə məktəblər, bağçalar, kitabxanalar var ki, onların özünü yanındakı marketlərə, kafelərə görə axtrarıb tapırlar.
Yaşadığız ətrafda 4 məktəb binası, 5 bağça var. Demək olmaz ki, bunlar ölkənin baş şəhərindədir.
Bəyənmədiyimiz sovet dövründə məktəblər indiki məktəblərdən yaraşıqlı idi desəm, məni qınamayın. Bəri başdan deyim ki, söhbət məktəb binasından getmir, məktəb, eləcə də digər uşaq tərbiyə müəssisələriniun ərazisindən, bağ-bağçasından gedir. Yazımıın əvvəlində məktəb tikintilərinin vüsətindən söz açmadıqmı?
Bu yazını oxuyacaq hər kəsin övladı, nəvələri hansısa bir bağçaya və ya məktəbə gedir.Deməli, hər birimizin yolu bağça və məktəb illəri arxada qalsa da, hər gün bir daha bağça və məktəbdən düşür. Getdiyiniz bağça və məktəblərin əhatə gözəlliyi gözünüzü oxşayırmı, qəlbiniz oxşayırmı?
Məktəb, məktəb, nə dilguşasən,
Cənnət, cənnət desəm, tazəsən.
İstər böyük Sabirimizin dövründə, istərsə də sovet dövründə təhsil müəssisələrinin həyət-bacası insanların bu təhsil müəssisələrinə münasibəti qovuşuğunda məktəbin və cəmiyyətin ideallarını özündə çox dolğun əks etdirirdi.
Məktəb, bağça, doğrudan, cənnəti xatırladırdı. Gül-çiçəklərlə, meyvə ağacları ilə əhatə olunmuş məktəb ərazisi şagirdi də, müəllimi də sinfə daxil olana qədər duyğulandırırdı, vəcdə gətirirdi. Bu, həm müəllimin, həm də şagirdin dərs prosesindəki fəallığını artırır, tədrisin keyfiyyətini stimullaşdırırdı.
Məktəbdə hər sinfin özünün yaşıllıq sahəsi olurdu və bu xüsusi fərqləndirici nişanlarla ayrılırdı. İstər sinifdənkənar tədbirlər vasitəsi ilə, istərsə də əmək təlimi dərslərində hər şagird, hər sinif öz ərazisinin qeydinə qalırdı. Şagird həm özü gözəlliyi yaradır, həm də onun qayğısına qalırdı. Uşaqlar, beləliklə, həm özlərinin, həm də başqasının əməyini dəyərləndirməyi öyrənir, həm də cəmiyyət üçün ümumi olan dəyərlərə özündə məsuliyyət hiss edirdi. Bir sözlə, əmək dərsləri məktəb ərazisinin səliqə-səhmanına kifayət edirdi. Bu gün isə bu sahədə bir qədər soyuqluq var. Dövlət tərəfindən isti münasibət, diqqət və qayğı hər zaman hiss olunur. Amma məktəbin özünün, şagirdlərin, o ərazidə yaşayan insanların təhsil müəssisələrinə laqeyd münasibəti göz önündədir.
Hələ də məktəb əraziləri var ki, bir əlçim yaşıllığı yoxdur, gül-çiçək ləkləri yoxdur. Ağaclar quruyur, bəlkə də onlar ancaq yağış sularının ümidinə sığınıb yaşayırlar. Bəzi bağça və məktəblər var ki, ərazisi kol-kosluqdur, illərlədir müxtəlif əşya və avadanlıqlar necə bura atılıbsa, elə də qalmaqda davam etməkdədir. Bir cəhət də nəzərdən qaçmamalıdır ki, bir çox bağça və məktəblərin ərazisi, böyür-başı ticarət və iaşə obyektləri ilə əhatə olunub. Ayrı-ayrı fiziki və ya hüquqi şəxslər apardıqları tikintilərin daş-kəsəyini bağça və ya məktəbin qarşısına tökür, MİS-lər məişət tullantıları üçün ayrılmış zibil qablarını düz bağça-məktəb yollarının ağzında quraşdırır, 1-2 hal da olsa, axarı olmayan tualetin bağçanın 10-15 metrliyində mövcud olmasına göz yumur və s.
Bir mənfi hal da budur ki, belə bağça və məktəblərin rəhbərləri mövcud hala göz yumur, aidiyyəti qurumlar qarşısında məsələ qaldırmırlar. Hər gün dərsə və ya bağçaya gələn uşaqlar bu mənzərələrin arasından keçib və yaxud seyr edib dərsə-təlimə buradan aldığı emosiyalarla başlayırlar.
Əksər məktəblərimiz Milli Qəhrəmanlarımızın adını daşıyır. Bu ərazilərdə həm milli qəhrəmanların, həm Qarabağ şəhidlərinin xatirəsinə kiçik də olsa xatirə guşələri var. Mən indiyə kimi heç yerdə elə bir sinfə və ya bağça qrupuna rast gəlmədim ki, onlar bu cür abidələrə və ya bu guşələrə ehtiram göstərsin: alaq otların təmizləsin, lazımsız kol-kosu götürsünlər və s.
Mən elə fikirləşirəm ki, məktəblər fəaliyyət göstərdikləri ərazidə yaşayan insanlarla lazımi ünsiyyət qura bilmir. Mən elə bilirəm ki, hər hansı yaşayı sahəsi üzrə fəaliyyət göstərən bələdiyyə, mənzil istismar sahələri, tibb ocaqları, polis sahə müvəkkilləri arasında faydalı əməkdaşlıq, koordinasiya yoxdur. Bu cür münasibətdə hər birimizin məsuliyyəti və borcu var. Dövlət bu gözəllikdə: geniş, müasir, hər cürə rahatlıqla təmin olunmuş məktəb, bağça tikib istifadəyə verirsə, bu qayğıya cavab olaraq balalarımıazın böyüdüyü, oxuduğu bağça və məktəbləri sevməliyik, daha gözəlləşdirməliyik. Edirikmi?










Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.