Mövqe

General olmağı arzulamayan əsgər əsgər deyil. Qoy hər kəs bu qarşısına belə hədəf qoysun. Amma bu, məntiqli olmalıdır. Baxın, ali pedaoji təhsili olan şəxs qarşısına məqsəd qoyur, öz üzərində çalışır. İstəyir ki, təhsilin idarəolunmasında iştirak etsin : məktəb direktoru olsun, rayonun təhsil şöbəsinin müdiri olsun, inspektor olsun və sair. Bunun üçün zaman-zaman yol gəlir.Bir də görürsən tamam başqa sahənin bir adamını bu vəzifələrə seçilməyə halal haqqı olan adamların başı üzərindən bu vəzifələrə gətirdilər.
Bu məktəbin 70-100 müəllimindən direktor seçmək olmadı ki, tamam başqa məktəbdən, tamam başqa rayondan birini gətirib əyləşdirdilər kürsüdə.
Bu rayonun, şəhərin bu böyüklükdə müəllim ordusundan bir müəllim yox idimi həmin vəzifəyə qeyri-pesaqoji ixtisaslı şəxsi rəhbər təyin edirlər. Buna qədər isə həmin şəxs Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Keyfiyyətə nəzarət sektorunun müdiri vəzifəsində çalışıb.
Kənd təsrrüfatı mütəxəssisi paytaxt məktəblərində təhsilin keyfiyyətinə nəzarət edir.
Təkcə pedaqoji ictimaiyyəti deyil, bütün insanları narazı salan o qədər belə addımlar atılır ki, istər Bakı Şəhəri üzrə Təhsil İdarəsində, istərsə də Təhsil Nazirliyində.
Bir dəfə də qəzetlərin birində təhsillə bağlı informasiya paylaşılmışdı. Məsələ ilə bağlı əvvəl deputatların, sonra qəzet redaktorlarının, lap sonda isə Təhsil Şurasının sədri Əjdər Ağayev fikri yer almışdı. Halbuki, bu mövzuda ən keçərli, etibarlı söz Təhsil Şurasının sədri Əjdər Ağayevin olmalı idi.
Bu gün məktəb həyatından elə hey yazırlar, əsasən də, tənqidi yazılar. Bəs onda məktəbə sitayiş edəcəklərmi? Valideynlər hücum çəkib məktəbə gedirsə, kənar şəxslər məktəblərin həyətinə daxil olub
Məktəb üçün uyğun olmayan hərəkətlər edirsə, kütləvi informasiya vasitələri tez-tez məktəblərdə baş vermiş hadisələrin polis idarələrində araşdırılması haqqında məlumatlar verilirsə, şagirdlər o məktəbi, müəllimi sayacaqlarmı?
Kim oldu təhsil eksperti olmaq istəyir. Eləcə də digər sahələr üzrə. Jurnalistika üzrə təhsili yoxdur, heç filoloji təhsili də yoxdur, amma jurnalistlik etmək istəyir, internet televiziyasl açır və sair.
Ekspert konkret fəaliyyət sahələri üzrə peşəkar rəy verməyə qadir mütəxəssis deməkdir. Bundan əlavə onlar mütləq Təhsil Nazirliyinin qəbul etdiyi və sertifikat verdiyi mütəxəssislər olmalıdır. Onların ən azı 10 il müəllimlik təcrübəsi olmalıdır.
Bu müddətlə o, təhsil müəssisəsinə, təhsil dünyasına, burada illərlə dəmirçilik etmiş ağsaçlı müəllimlərə həm həmkar kimi, həm də mənən yaxınlaşa bilir. Pedaqoji ictimaiyyət də, valideynlər də həmin müəllimi mətbuatdan, televiziyadan tanıyar və bilərdilər ki, bu şəxs, həqiqətən özünü təhsilə həsr etmiş şəxsdir: onu belə qəbul edərdilər.
Təhsil ekspertləri yalnız təhsil sahəsində mövcud olan çatışmazlıqları aşkar etməklə kifayətlənməməli, bu çatışmazlıq aşkar edildikdən sonra onların aradan qaldırılması üçün həll yolları ortaya qoymalı, bu mövzuda seminar və kurslar təşkil etməlidir.
Hörmətli professorumuz Şahlar Əsgərov, hörmətli Nadir İsrafilov, Nabatəli Qulamoğlu, Məlahət Mürşüdlü, Almaz Həsrət bir ziyalı, valideyn olaraq qəbul etdiyim ekspertlərdir. Etibar Əliyev və Kamran Əsədov də kütləvi informasiya vasitələrində adı hər zaman çəkilən ekspertlərdir. Amma mən onların ekspertliyini ancaq tənqid etməkdə görmüşəm. Misir Mərdanov Təhsil Naziri olanda Elçin müəllim ancaq tənqid yazırdı, nöqsan aşkarlayırdı. Əlövsət Osmanlı da belə idi. İndi o, dünyasını dəyişib, Allah rəhmət etsin.
Etibar müəllim isə Milllət vəkilidir. Milli Məclisin Elm və Təhsil, İdman və gənclər Komitəsinin üzvüdür. Bu status ekspet statusundan qat-qat üstün olsun yəqin ki. Elə isə Etibar Əliyevin İctimai Şurada təmsil olunması necə başa düşülməlidir?
Kamran Əsədov ortasəviyyəli ekspert hesab etmək olar. Ancaq onun ekspertlik fəaliyyəti səmimi deyil. İmzası pedaqoji ictimaiyyətə bəlli olandan da adı qalmaqallarda hallanır.
Digər qalmaqalları qoyaq bir tərəfə. Amma üçü haqqında balaca da olsa, bəhs edəcəyəm.
Bunlardan biri “Təhsil ekspertindən direktorlara sərt İTTİHAM: “Sevgililərini katibə, laborant götürürlər! “( Bax:https://m.modern.az/az/news/211542)” sərlövhəli yazıdır. Təhsil ekspertinin missiyası səmimi deyil, təhsilə belə xidmət etmirlər.
İkinci yazı “Təhsil eksperti məktəbdə çəkilən biyabırçı video yaydı: Hələ, əlimizdə olanları paylaşsaq… ( Bax: https://aztehsil.com/news/18496-tehsil-eksperti-mektebde-cekilen-biyabirci-video-yaydi-hele-elimizde-olanlari-paylassaq-vdeo.html)” sərlövhəli yazıdır. Fikir verin, Kamran Ədədov özünü nə ekspert , nə də təhsil sevdlaısı kimi göstərə bilmir: Sanki Xlestakov kimi müfəttişliyindən zövq almaq üçün ekspert olub.
3-cü yazı isə yenidir , bir neçə gün öncə tirajlanıb:
“Təhsil Nazirliyi özünün İctimai Şurasına Toliki də üzv təyin etməli idi – Təhsil ekspertindən ŞOK AÇIQLAMA (https://konkret.az/tehsil-nazirliyi-ozunun-ictimai-surasina-toliki-de-uzv-teyin-etmeli-idi-tehsil-ekspertinden-sok-aciqlama/)”
Doğrudanmı, Kamran Əsədov bu yazıları ilə təhsil eksperti statusunda çıxış edib? Sərt olmaq olar, lap ifraata var, amma ədaləti də gərək unutmayasan. Səhv etmirəmsə, mətbuatda nə vaxtsa mən belə yazı oxumuşdum ki, Kamran Əsədov özəl məktəb açmaq istəyib, Nazirlik buna icazə verməyib, gərək ki, indi hazırlıq kursu olsun. Sanki, Nazirliyin bu imtina cavabından sonra Kamran müəllim əlahəzrət qələmi əlinə götürüb keçib hücuma .Sadəcə, təhsildəki qaranlıq sahələri çəkir ortaya.
Tolikin veilişinə dəvət alıbmış, birlikdə ttəhsilimizin qaranlıq tərəflərinə işıq tutacaqlarmış. Bu xəbəri oxuyanda sinirlərim tərpənmişdi ki, gör təhsilimiz nə günə qalıb. Daha sonra məlum oldu ki, veriliş baş tutub, amma o verilşdə müəllim iştirak etməyib. Sevinmişdim ki, Kamran müəllim də bz fikirləşən kimi fikirləşib, şou proqramına qoşulmayıb. Rahatlığım uzun çəkmədi, çox keçməmiş bu veriliş haqqında statuslar yazıldı, Kamran müəllim özü də danışdı. Dedi ki, mənim verilişdə iştirak etməməyim tamam başqa dəbəbdən olub. Biz Tolikin televiziyadakı reytinqinə hörmət edirik.
Ekspert Tolikin Təhsil Nazirliyindəki İctimai Şurasının tərkibində yer almamasına təəssüfünü bildirməklə yanaşı, Toliklə öz auditoriyası arasındakı fərqləri də dilə gətirmişdir: “Əminliklə deyim ki, təhsil ilə bağlı hər gün onlarla televiziyada etdiyimiz müzakirələri insanların çox az hissəsi izləyir”.
İnsanların onun Tolikin proqramında iştirakına əndişələnməsinə gəlincə isə ekspert deyib:
“…Amma bəzən bu şərh yazmaq xətrinə olur. Şərh yazanlardan soruşsan ki, nə vaxt “Azərbaycan müəllimi”, “Azərbaycan Məktəbi” qəzetini oxumusan bir müsbət cavab almaq mümkün olmayacaq…”
Kamran müəllim bilmir ki, “Azərbaycan Məktəbi” qəzet yox, jurnaldır. Sonra da ki “Azərbaycan müəllimi”qəzeti nə Şahin Səfərovun, nə də Məhəmməd Baharlının vaxtındakı kimi məzmunlu və maraqlı deyil.
Eləcə də “Azərbaycan Məktəbi ” jurnalı nə Zəhra xanım Əliyevanın vaxtındakı “Azərbaycan Məktəbi ” deyil.
Təbii ki, audotoriyanın özü ilə də bağlı problemlər var.
Sosial şəbəkələrdə hər gün bunun şahidi oluruq. Klassiklərimizdən birinin hansısa hekayəsini paylaşsaq, eyni vaxtda şafran geyimi ilə gecənin damğasını vuran bir geyinmiş çılpağın şəklini paylaşsaq, baxış sayı ikincinin xeyrinə qat-qat çox olacaq.
Kamran bəy də, digər ekspertlər, sosioloq və kulturoloqlar , bax, bunun narahatçılığını çəksinlər.
XVIII əsrdə sistemli bir fikri cərəyan kimi meydana çıxmış Maarifçilik hərəkatının tərəfdarları bütün bəlaların aradan qaldırılmasını, nicatı maarifçilikdə görmüşlər. İndi də buna hava və su kimi ehtiyac var. Ekspert Tolikin auditoriyasına özünü təslim edir, Tolikin auditoriyasına küsənir: “…Amma onun kifayət qədər izləyici auditoriyası olan verlişində təhsil ilə bağlı mövzu qoyması narahatlıq doğurmamalıdır…
..Bəlkə Tolik verliş zamanı elə bir fikir bildirəcək ki, həqiqətən faydalı olacaq?…
…Biz məcburuq ki, məşhur ki, reytinqi olan platformalardan istifadə edərək insanlara, daha çox kütləyə nəyisə çatdıraq.”
Bu, bilirsiniz, nəyə bənzədi: 3 il bundan öncə, Fövqəladə Hallar Nazirliyinin hərbi hissələrində paylanılmış “Mühərrik yağları konkret maşınlarda tətbiqi. Daxiliyanma mühərrikinin quruluşu. Yanma prosesi” adlı kitab paylaşılandan çox keçməmiş ciddi hay-küyə səbəb olmuşdu. Xəbərə görə, kitabı oxuyanlar şoka düşübmüş. Səbəb də bu idi ki, maşın və mühərrik haqda olan kitabda kişi-qadın münasibətləri, cinsi həyat, seksual-dini məslələr yer alıbmış.
Kitabın müəllifi bir açıqlamasında bildirmişdi ki, əsgərlər kitab oxumurlar, belə mozaika yaratdım ki, kitabı oxusunlar Qəribədir, deyilmi? İndi bizim təhsil eksperti də buyurur ki, təhsilmizin cəmiyyəti narahat edən problemlərini daşıyaq Tolikin şou auditoriyasına.
Əksinə, siz indiyə kimi az-çox qazandığınız izləyiciləri Tolikin şou layihələrində itirə-itirə gedəcəksiniz.
Siz deyirsiniz ki: “Guya, bu insanlar (yəni, Toliki bəyənməyənlər) küçədə Toliki görəndə şəkil çəkdirmək üçün növbəyə dayanmırlar?
Xeyir dayanmırlar. Kimin nəyinə lazımdır Toliklə şəkil çəkdirmək? Tolik məgər Leonid Yakuboviçdir? Tolik heç Vikipediyada adının qarşısındaBgöstərilən (prodüsser, təşkilatçı, televiziya aparıcısı) sahələr üzrə 1-2 saat təkbaşına veriliş aparmağa savadı olmayan şəxsdir. Bu adamın ali təhsili yoxdursa, sənətdən necə söhbət edə bilər, qalmışdı təhsil adamlarının qarşısına çıxa. görünən budur ki, bir çox şou telekanallarına və mətbuatına insanları maarifləndirmək, intellektlərini zənginləşdirmək deyil, şou psixologiyası yaymaq missiyası tapşırılıb. Tolik şou sənətçilərinin kondertini yüksək səviyyədə təşkil edə bilər. Bu, fəaliyyətin görünməyən tərəfidir. Amma birbaşa efirdə ona auditoriya etibar edilməməlidir.
Mətbuat da, televiziya da cəmiyyətin və dövlətin maraqlarını qorumağa məsuldur. Onlar bu maraqların ətrafında Çin səddi kimi qala qurmalıdır: sağlam fikir və düşüncə tərzi qalası; təmiz niyyətlər və mənəviyyat qalası. Bunun adı ideologiyadır.
İdeologiya bizim ruhən, mənən sağlam böyüməyimiz üçün çox lazımdır. Cəmiyyət qarşısına, auditoriya qarşısına çıxan hər bir fikir adamı qələmin də, sözün də müdriklik haqqına sədaqətli olacağı təqdirdə dövlətin və cəmiyyətin maraqlarına doğru-düzgün xidmət etmiş olacaq, eləcə də hər bir kəsin.




Son

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.