Nostalji

“Yalan deyil, əsla, eşq al,qırmızı”… Ağ olsa nə olacaq ki. Mavi çalarlı, sarı olsa, eşq olmayacaq ki?..
Rəng bir şeyin işıq tonu deməkdir. Bunun sevgiyə nə aidiyyəti var ki? Əgər eşq al, qırmızıdırsa, bu o birilırindən guya fərqli sevənlər, fərqli sevgili olanlar niyə ağ libasda gəlin köçürlər? Elə hamısı al və ya qırmızı libasda gəlin köçsünlər də. Guya qırmızı geyinəndə o evdə həmişə eşq, sevgi aurası hökm sürəcək?
Rənglərin insan həyatı və psixologiyasına özünəməxsus təsiri olduğunu,təbii ki, danmaq olmaz. Amma, məncə, burada rəng deyil, rəngin doğurduğu assosiasiya önəm kəsb edir. Ona görədir ki, 180-a yaxın rəng tonu olduğu halda, 10000-dən artıq rəng çalarlarını fərqləndirmək mümkündür.
Ağ libas bir qızımızın əynində bir başqa duyğu yaradır, həkimlərin əynində başqa.
Bəzi rənglər sinir sistemində güclü oyanma yaratdığı halda, bəziləri, əksinə, sinir sistemini sakitləşdirir.
Məsələn, eşqin rəngini al, qırmızı görmək istəyənlər bilirlərmi ki, müəyyən müddət ərzində təmiz qırmızı rəngə baxan insanın qan təzyiqi yüksəlir, tənəffüs və ürək döyüntülərinin tezliyi artır. Belə vəziyyətdə nə eşq, nə məhəbbət?
Əvvəl eşq olmalıdır, əvvəl duyğu olmalıdır, bundan sonra eşq özünü tamamlayan rəngİ və ya musiqini tapmalıdır.
Məşhur fransız romançısı Stendal 1830-cu ildə özünün məşhur “Qırmızı və Qara” romanını nəşr etdirmişdi. Bu rənglər , əlbəttə, rəmzi mahiyyət kəsb edir: qırmızı ordunun paltarını, qara isə ruhanilərin libasını . Amma ayaqqabıların böyük qismi qara rəngdə olur. Qara kostyum onu geyinənə bir başqa məzmun gətirir.
Lirik şairimiz Nəriman Həsənzadə məhəbbətin ağlı-qaralı, acılı-şirinli tərəfini çox doğru mənalandırmışdır:
Məhəbbət! Nə deyim bu ülvi ada?
Bir gözlə baxmayır hamıya o da,
Birinə ömür-gün yoldaşı verir,
Birinə əbədi göz yaşı verir…
Kimə ömür-gün yoldaşı verir, onlar deyirlər ki, eş al, qırmızı… Nəsibi göz yaşları olanlar isə qara geyinir, saçları isə dümağ olur…
Bəs eşqin rəngin nə olsun… Mənə görə , sadəcə, eşqin özü olsun, həqiqi olsun, saf olsun: yuva saldıqları ürəkləri şad, bəxtiyar etsin.
Eşqin rəngi olmasın: dadı olsun, gətirdiyi yeni bağlılıqlar, ülviyyət, ülfət olsun…














Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.