Mövqe

Düz beş il öncə Aqşin Yeniseyin sosial şəbəkələrdə bir yazısı dərc olunmuşdu. Yazını, sadəcə, sərlövhəsinə görə oxumuşdum ( (http://qafqazinfo.az/news/detail/o-eve-qayidib-arvadini-pullarin-ustunde-yeridirdi-aqsin-yenisey-180284).). Çünki yazının sərlövhəsi çox ağbədiyə idi. Aqşin yazdıqlarını bir başqa ahəngdə ifadə etsə idi , nə vardı ki, fikirlərinin müəyyən hissələrinə həmrəy olmaq olardı.
Başlayaq yazınızın sərlövhəsindən : “O, evə qayıdıb arvadını pulların üstündə yeridirdi…”
Guya Səməd Vurğun Cəlilabadın Səfərəliyev kolxozunda görüşə dəvət olunurdu və o dövrün katibi Qurbanov yoldaşın vəzifə borcu idi ki, şairi geri qayıdanda əli və cibidolu yola salsın. Şair də evə qayıdıb pulları otağa səpirdi və xanımını o pulların üstündə yeridirmiş.
Aqşin Yenisey yazır ki, bunu mənə şairin oğlu, rəhmətlik Vaqif Səmədoğlu danışıb.
S.Vurğun belə edə bilməzdi, elə Vaqif Vəkilov da belə deyə bilməzdi. Əlinizdə lent yazısı varmı? Lap Vaqif müəllim belə demişsə də, siz həmin məqamı bu şəkildə təsvir etməməli idiniz. Siz 3 nəfər yazıçının adını çəkmisiniz, özü də necə: “Bu gün imzası tanınan hansı tüfeyli gənc yazar ictimai imtiyazlar mühitində yetişmiş rəhmətlik Qabildən, Cabir Novruzdan, Nəbi Xəzridən istedadsızdır?
Mən deyim. Sizi 1978-ci ildə doğulmusunuz, mən 1978-ci ildə filologiya fakültəsinin III kurs tələbəsi idim. Bu yazıçıları təkcə hansısa bir oxucu auditoriyası deyil, bütün xalq sevirdi: həm dövlət, həm xalq onları qəbul edirdi. Onların “imtiyazlı hesab edilməsinin səbəbini bu amildə axtarmaq lazımdır. Mən demirəm ki, indi istedadlı qələm sahiblərimiz yoxdur. Var, amma adlarını çəkdiyiniz şəxsiyyətlərlə gənc yazarları müqayisə etməyiniz tamam yanlış. Siz sorursunuz ki, hansı gənc yazar ictimai imtiyazlar mühitində yetişmiş rəhmətlik Qabildən, Cabir Novruzdan, Nəbi Xəzridən istedadsızdır, mən də cavab verirəm ki, hamısı.
Bəs niyə indi müasiriniz olan imtiyazlı yazıçı və sənət adamlarının adlarını çəkmirsiniz, deməli, ədalətli deyilsiniz. Dünyasını dəyişmiş və ədəbiyyatımıza xidmət etmiş şəxsiyyətlərdən gənc yazarlar, bəzi elm adamları, jurnalistlər, nə istəyirsiniz? Mən bir-iki dəfə elə bu şəbəkədən müasir ədəbiyyata, sənətə etirazımı, öz oxucu münasibətimi ifadə etmişəm. Mənə görə, sovet dövründə ədəbiyyat böyük təsir gücünə malik idi, yazıçının müdriklik səlahiyyəti dövrün, zamanın intellektual səviyyəsini nizamlaya bilirdi.
İndi dünya sürətlə silahlanır, hər yerdə ölüm-itim, dağıntılar var. İSİD dəhşətli qətllər həyata keçirir, insanların başına silahı dirəyib atəş açırlar, qoyun kimi kəsirlər. Ədəbiyyat, Sənət çox susqun. Müharibə əleyhinə, zorakılıq əleyhinə ədəbiyyatın, sənətin vahid platforması yoxdur və ya hiss olunmur.
Bəli, mənə görə, bizim keçən əsrin 80-ci illərinə qədər olmuş ədəbiyyat və sənətimiz indikindən çox qüdrətli idi. Ədəbiyyat, sənət zamanın nəbzi ilə döyünürdü.
O vaxtlar imtiyazlı yazıçı, sizin təbirinizcə, vardısa, oxucular da, sadə insanlar da indiki durumda deyildi: imtiyazlı təbəqənin həyat, rifah səviyyəsi ilə sadə adamların rifah səviyyəsi arasında elə də kəskin fərq hiss edilmirdi.
Bilməmiş deyilsiniz, o vaxt çap olunmaq necə çətin idi. Amma nəşr olumuş kitablara görə yaxşı qonarar verirdilər. Onların sözünə, fikirlərinə hamının ehtiyacı vardı. Hər bir müəssisə və təşkilatlarda, əyalətlərdə onlarla görüş keçirilirdi. Bədii Ədəbiyyatın Təbliği Bürosu vardı, Büro özü ədəbiyytı, ədəbiyyatın ideyalarını təbliğ edirdi.
Siz onda yanılırsınız ki, oxucunuzdan öncə rahat yaşamaq istəyirsiniz. Şair, yazıçı gərək kasıb yaşayıb xalqı üçün fədai olsun. İndiki gənc yazarlar bir balaca imtiyazları olsa, onları tapmaq olmayacaq.
Biz o dövrün əsərlərində ideallarımıza rast gəlirdik. S.Rəhimov yazırdı ki, “Mehman”ın nümayişindən sonra evimizə bir gənc gəlmişdi, dağ rayonlarının birində prokuror işləyirmiş. Gənc prokuror qocaman ədibə deyir ki, siz mənim həyatımı hardan öyrənib qələmə almısınız? Varmı indi belə yazıçı və belə əsər? İndiki yazarlar (bəzi sanballı qələm sahiblərini istina etsək) ya uzaq tarixdən yazacaq, ya da sentimental hisslərdən. Kimlərsə gənc yazardır deyə təmin olunsun, sadə insanlar , müəllimlər isə çətinliklərlə yaşamaqda davam etsin və s. Belə bölgü nağıllarda var. Ümumilikdə hamının rifah səviyyəsi yüksəlməlidir.
Bu gün də sizin dediyiniz imtiyazlı yazıçı, sənət adamları var. Guya siz görürsünüz, oxucular yox? Onları imtiyazlı edəcək vəziyyətin sözünü deyirlər, amma ən adi məşət problemlərini sadə adamların başına dəyirman daşı kimi fırladan bacarıqsız, bürokratik məmurların əməllərini heç görmək istəmirlər, əksinə, bu və ya digər şəkildə onların müdafiəsinə can atırlar.
Bəlkə də siz yaxşı yazıçısınız, heç bir yazınızı, əsərinizi oxumadığımdan haqqınızda fikir söyləyə bilməyəcəyəm. Amma S.Vurğunu, N.Xəzrini, Qabili, C.Novruzu sevmişəm, indi də böyük rəğbətim var. Həm də filoloq olaraq susmaq olmazdı, oxuyub üstündən keçmək olmazdı, bu, mənim sevdiyim yazıçılara sədaqət borcumdur.
Gənc yazarlar ustadlarına sayğısızlıq bəsləyib, heç vaxt xalq ehtiramı, oxucu rəğbəti qazana bilməz.

Qeyd: Yazı təkrar dərc olunur.

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.