Təhsil və məktəbəqədər tərbiyə müəssisələri
Azərbaycanda test üsulu ləğv olunsun, yoxsa, olduğu kimi davam etsin ? Cəmiyyətimiz üçün çox aktual seçimdir. Hər zaman da mətbuatda bu mövzu diqqəti cəlb etməkdədir.
Testin tətbiqində böyük xidmətləri olmuş keçmiş Təhsil Naziri olmuş Firidin Cəlilovun təqdim edəcəyimiz yazıdakı fikirləri (https://azerforum.com/az/azerbaycanda-test-usulu-legv-olunur-elave-imtahanlar-kecirilmelidir ) bu baxımdan maraq doğurur.

Mən həmişə istər müəllim , istərsə də sadə vətəndaş kimi test üsulu barəsində öz fikrimi bildirmişəm. Doğrudur, test üsulu o vaxt olsaydı, elə 1-ci ili qəbul olunardım, daha 4-5 il gərginlik yaşamazdım. Bununla belə həqiqi bilik üçün ənəvi üsulu hər zaman dəstəkləmişəm. Və nə vaxtsa test üsulunun ləğv ediləcəyini düşünmüşəm. Doğrudur, test üsulu ilə çox savadlı kasıb uşaqları nüfuzlu ali məktəblərə qəbul olundular. Amma onlardan da çox savadsız, ya da çox zəif savadı olan məzunlar 15 ixtisasdan birinə qəbul oluna bildilər.
Sovet vaxtı biz sənədlərimizi verəndən sonra tez-tez Bakıdakı parklara, bağlara yığışırdıq. Vallah, Azərbaycanın ən savadlı uşaqları, özünə güvənənlər gəlirdilər bu parklara və bağlara: sual-cavab yarışına. Savadı olmayan heç gəlib özünü soxardımı “kəllə uşaqlar” olan yerə.
Mən əvvəllər sənədlərimi hüquqa verirdim. Müsabiqədən keçmədim deyə , sonra istiqamətimi dəyişdim.
Ən çox Zabitlər parkına yığışırdıq. Neftçaladan bir qara oğlan vardı. 8-ci sinifdən peşə məktəbinə getmişdi. ADU-ya da peşə məktəbinin qırmızı diplomunu vermişdi, özü də hüquqa. Bütün kitabları o balaca canı ilə əzbər bilirdi. Səhv etmirəmsə, qəbul olunmuşdu da.
Mümkün ola sovet dövrünün qəbul imtahanlaı ilə test dövrünün qəbul imtahanlarının keyfiyyətini müqayisə edələr. O vaxt zəif oxuyanlar sənəd verməzdilər. Bir neçə, lap yüz –iki yüz uşaq dayı tapa bilərdi, belə hallar istisna deyildi. Amma təsadüfən tələbə kontingentinə düşmək olmazdı.
İndi test üsuludur. 3-lə oxuyanlar az-maz bal toplasalar, yəni, 15 ixtisasdan birinə düşməyəcəklər? İdmandan bir az hazırlığı varsa, 150 balla İdman Akademiyasına qəbul olunacaqlar. İdmançı kimi perspektivi olanlar elə bu sahədə inkişaf edə bilər və sözsüz ki, bu yolu da davam etdirəcəklər. Amma ali təhsil diploma lazım olanlara İdman akademiyası çox asanidi, indi də asandır. Bu akademiyanın diplomu ilə icra başçısı da olmaq olar, nazir də. Hüquq-mühafizə orqanlarına qəbul olunmalarına da ədəbiyyat, tarix fakültəsini bitirənlərdən daha çox əminlikləri var.

Kənd Təsərrüfatı Akademiyası qapılarını onlara taybatay açıb. Hətta təqaüd dəvər edirlər ki, tələbələri ğz akademiyalarına cəlb edə bilsinlər. Sovet dövrü bu akademiya “ASXİ” adlanırdı və adı dillərdə söylənilirdi.
Test imtahanlarına və 15 ixtisas seçmək imkanına arxayın olub , güc-bəla attestat almışlar da indi qəbul imtahanlarında iştirak edə bilər. Cavbları gözəyarı işarələyər: tutar qatıq, tutmaz ayran. Müəyyən bal toplayar, onun üçün fərqi yoxdur, hara düşəcək, sadəcə, tələbə olsun. Bəxti gətirər düşər də.
Test üsulu məktəblərdə tədrisin keyfiyyətinə ağır zərbə vurdu. Şagirdlər məktəbdən yayınıb repetitor yanına gedir və yalnız imtahan verəcəyi qrup üzrə imtahana düşəcək fənlərə hazırlaşmağa. Qalan ixtisasları heç oxumayacaq. Özü də hazırlaşdıqlarını da sovet dövründəki kimi, şifahi nitqlə, inşa yazılarla, imlalarla deyil, test suallarının bəndlərinə vacab verməklə, bir növ, tapmaca cavabla.
Bəli, test üsulu şagirdin yazılı və şifahi nitqi qabiliyyətni öldürür, təfəkkürlərini boğur. Test üsulu ilə hazırlaşan şagirdlərin düşünə bildiklərini ifadə etmək bacarıqları çox zəif olur, bəzilərinin isə heç olmur.
Amma ənənəvi üsulda abituriyent müəllimlə üzəüz qoç döyüşünə çıxırdı sanki.
Test üsulu orta məktəbləri, müəllimləri də nüfuzdan saldı. Əziyyət çəkən orta məktəblər, orta məktəb müəllimləri, test topluları, vəsaitlər, sınaq və qəbul imtahanları ilə pul qazanan isə DİM. Bir dərs vəsaitlərini alıb nəzər yetirin də . Adı vəsaitdir, amma dərsliyin ekvivalentidir.
Test topluları hər dəfə cüzi dəyişikliklərlə yenidən çap edilir. Amma qiymətlər olduğu kimi qalır. Özü də test tapşırıqları DİM-nin nəşr etdirdiyi dərs vəsaitləri, test topluları bazasında tərtib olunduğu üçün abituriyent olacaq hər bir şagird bu vəsaitləri və testləri mütləq alır. DİM Azərbaycandakı bütün Nəşriyyatların hamısından çox test topluları, vəsait çap edir.
Hər ailədən 3-4 nəfər məktəbli varsa, görün bunlar nə qədər test toplusu, vəsait almalıdır. Hələ sınaq imtahanları və qəbul imtahanlarının xərclərini də bu cəmə əlavə etsək, sadə adamların bunları boğazlarından kəsib etdiklərinə əmin olun.
“Test qalsın” deyənlər bunu əsas gətirirlər ki, ənənəvi forma bərpa olunsa, rüşvətxorluq yenə şahə qalxacaq. Qalxmasın da. Qəbul imtahanlarında rüşvət olmasın deyə ümumtəhsil məktəblərini bu günə salmaq olardımı?
DİM Təhsil nazirliyi ilə paralellik təşkil edir. İmtahanları testlərlə hər ali məktəbin, texnikumun özündə götürsünlər, həm də testlərlə.Buyursunlar, DİM-nin hər imtahan zalına ictimai nəzarətçiləri cəlb olunsun, bir də ali və orta ixtisas təhsili məktəblərinin öz müəllimləri.
Məktəbin nüfuzu yenidən yüksələcək. Ölkədə bir Dərslik mərkəzi yaradılsın və onun razılığı olmadan heç bir yerdə test, çalışma dəftərləri satılmasın.
Kütləvi informasiya vasitələrində bu ilki qəbulla bağlı yazırlar ki, niyə 700 bal toplayan abituriyentlər olmadı.Mənim fikrimcə, Təhsil Nazirliyi də DİM-nin strukturunda olsaydı, olacaqdı. Bu iki qurum hər zaman bir-birinə qarşı olublar. Bir tərəf belə deyir, o biri tərəf başqa cürə. Halbuki, bunların birinin fəaliyyəti digərinin fəaliyyətinə stimul verməli, onu tamamlamalıdır.


Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.