Sevgi gözəl bəladır

Sevimli yazıçımız Mirzə İbrahimovun ömür-gün yoldaşına yazdığı məktubları dönə-dönə oxumuşam. Sara xanımın da cavab məktubları var bu məktubların arasında. Amma sevgi məktubları deyil ha. Sevgi məktubları vüsala qədər olar, məncə. Bu məktubları yazanda Mirzə müəllim 40-45 yaşlarında olub: ailəli idi, ata idi… bu yaşda, bu vəziyyətdə adama “sevirlər” və ya “sevir” demək olmur, o saat bu sözün özülündə, cövhərində olan abır-həya, məsumluq çilinglənib tökülər. Bu yaşda sevgini yaşamaq olar və onlar bu sevginin ən dəruni hallarını təcəssüm etdirilər, yaşayırlar…

Əslində, bu məktubları oxumaq, ictimailəşdirmək də olmazdı… Bunlar o qədər ehtiramlı şəxslər idi ki, belə adamlarla aramızda məsafə saxlamağı bacarmalıyıq və bu özü də arxasınca uzanılı qalan əllərimiz çatmaq istədiyi əsl sevgi, yaşadan məhəbbətə dəyər, məsuliyyət olardı. İş burasıdır ki, belə adamların həyatından əxz edilməli çox şey var, hər addımları örnəkdi onların. Bir baba olan mən bu məktubları oxuyub özümü alıb oturmuşam ki, mən niyə nəvəlrimin nənəsinə bir barmaq kağız yazanda belə deməmişəm, belə yazmamışam… Bu baxımdan hesab edirəm ki, bu məktublar xatirə olmaqdan başqa, bir ailə universitetidir. Bütün məktublar ” Mənim əziz mələyim Sara”, Sevimli Saram”, “Mənim Saram, pak və təmiz Saram”, “Həyatda ümid və pənahım! Mənim əziz Saram “, Mənim ceyran Saracığım”, ” Qəlbim, ruhum, gözəl Saram” deyə başlayır… Eyni ehtiramla da tamamlanır. Sara xanım da “Əzizim Mirzəm” deyə müraciət edir.

Bilirsiniz, hər məhəbbət əzəmətli olmur, mükəmməl olmur, nurlu olmur… Məhəbbət iki ürək, iki baxış arasında eyniliyin qovuşmsı demədir..Gərək hər şey bir-birini tamamlasın. Məhəbbət ağayana olmalıdır. Məhəbbətə, onu izhae etdiyin adama o qədər ehtiram bəsləməlisən ki, bəxş etdiyin sevgi hissi orada da ülviyyətə düşmüş olsun.

Hər məktub mənim üçün bir əsər qədər təsirli oldu. Diqqətlə oxuyun, tələsmədən oxuyun… Nə qədər yaşamağa imkan var, yaşada bilmədiyiniz eşqi yaşadın, həyatda izin, xatirəsin qoya biləsiniz deyə…

Ana və uşaq.az

Mirzə İbrahimovun həyat yoldaşı Sara xanımla məktublarından

” – Necə tanış olmuşdular?

– Səməd əmi (Səməd Vurğunu nəzərdə tutur), Rəsul Rza, Sabit Rəhman kimi yazıçılar atamın əzizləri olub. Atamla anamın ailə həyatı qurmasına da onlar vəsilə olublar. Üzeyir bəylə də ata-oğul kimi idilər. Anam konservatoriyanı bitirən ilk Azərbaycan qadınlarından idi. Çox ciddi qadın idi. Heç vaxt heç kimi yaxınına buraxmazdı. Yayda azərbaycanlıların bir çoxu Kislovodskda dincəlməyə gedirdi. Səməd əmi də istəyirdi ki, atam da ailə qursun. Orda olan zaman deyib ki, sən niyə evlənmirsən? Atam da deyir ki, mən ancaq bu qızı istəyirəm, o da yaxın buraxmır. Sonra Səməd əmi bir gün anamla rastlaşanda deyib ki, ay Sara bacı, sən niyə Mirzəni bu qədər incidirsən? Anam heç nə deməyib, gülümsəyib. Sonra da münasibətləri yaranıb və ailə həyatı qurublar. Anamın barmağına nişan üzüyünü Nigar Rəfibəyli taxıb. Qismət elə gətirdi ki, elə mənim də barmağıma nişan üzüyünü Nigar xanım taxdı…”

Qızı Sara xanımın dediklərindən….

(Yazı müəyyən ixtisarla verilir)

Mənim əziz mələyim Sara!

Siz platformada görünməz olduqda məni qəribə bir yalnızlıq hissi və hüzn bürüdü. Hərgah vəzifə qarşısındakı borc olmasaydı, tozlu vaqondan yerə atılaraq səninlə birlikdə sakit evimizə qayıdardım.

Uzun müddət pəncərə qarşısında duraraq uzaqlarda qırpınan lampoçkalara baxıb, xəyala dalmışam.

Bir daha bu şeylər üzərinə qayıtmayacağam. Qoy mənim ləkələrim, mənim vicdanımı ağrıtsın, hərgah səni xoşbəxt edə bilməsəm, bu əzabları daha yüngül keçirərəm….

Sevimli Saram!

Bu məktubu sənə raykomdan yola çıxmaq ərəfəsində yazıram….

…Axşam sakitlikləri zamanı çox darıxır və səni elə görmək istəyirəm ki… Yox, yalnız axşam sakitlikləri deyil, hər an, hər dəqiqə səni görmək arzusu ilə çırpınıram. Sən həmişə mənim qəlbimin içində yaşayırsan, əzizim….

…Burada gəlib mane olurlar, Saracan. Saracan, bu sətirlər böyük səhranın balaca bir nişanəsini sənə çatdıra biləcəklərmi? Gəldilər ki, gedəkmi? Məktubu burada kəsdim. Qalan məsələləri də özün bilirsən. Əsgərə, mamaya və hamısına salam.

Öpürəm səni, mənim Saram.

Mənim Saram, pak və təmiz Saram!”Ürək bir xəzinədir, o elə bir xəzinədir ki, nə satılar, nə də satın alınar. O ancaq havayı verilir, bağışlanır”.

Flober

Mənim məktublarım sənə ruhumun ehtiyacı olaraq yazılacaqdır. Ona görə də ara-sıra sənə verdiyim sözü pozmuş olursam incimə, vəfasızlıq zənn etmə…

…Saracan, sizə neft məsələsini burada danışmışam. Güman edirəm ki, orada sizi rahatlıqla təmin etmək üçün yaxın günlərdə kağız göndərərəm. Məni bağışla, Saracan, sabah sənin adresinə min manat pul teleqrafla göndərirəm. Heç bir şeyə ehtiyac hiss etməyin….

…Öpürəm səni mənim ümidim.

Sənin Mirzən

Həyatda ümid və pənahım!

Mənim əziz Saram!

“Niçin əzilib dağılırsansən, ey insanın bədəni?!..”

Hamlet

Bu sətirləri yazarkən bilaixtiyar gözlərimdən yaş axır, Saracan. Ağlayıram… Qəlbin dərin riqqətilə ağlayıram. Mən ömrümdə üç dəfə ağlamışam. Anam öldükdə, atamın ölümündən sonra küçələrdə başsız qaldığım zaman və dayım məni evindən qovduğu gün. Budur, indi də ağlayıram.

Qəlbimdə elə bir kədər, elə bir kədər var ki, bu kədər nədəndir, nə üçündür, bilmirəm.

Saracan, bu gün işdən sonrakı iki saat ərzində qəzetlərə baxmışam. “İnternatsionalnaya literatura” jurnalında Volterin məktublarını və bəzi şeirlər oxumuşam. İlahi, biz nə qədər cahilik. Dünyadan, böyük bəşər kulturası xəzinəsindən xəbərsizik. Saracan, qoy mənim halım sənə sirayət etməsin. Deyilən dərd yüngülləşir. Haman jurnalda gözəl bir şer oxumuşam. İngiliscədən tərcümə. Gör nə gözəldir:

Yesli v bratskoy moqile,

Zaroyut menya qde-nebud

Lyubvi moyey ne zabud…

Öpürəm səni, Saracan.

Anaya, qızlara salam. Bütün varlığımla sənin Mirzən

Mənim sevimli Saram!

İndi sənə çıxacaq günəş haqqında.

Diqqət yetirirəm. Günəş! Günəş! Onun nə olduğunu bilirsənmi? O olmasaydı, nə qandakı bu atəş, nə məhəbbətdəki bu ehtiras, nə fikirdəki bu parlaqlıq, bu kəskinlik olardı. O olmasaydı, biz hamımız böyük bir buzluq aləmində donub gedərdik. Hələ mən təbiətləri etibarilə “soyuq” yaradılanlardan danışmayıram, vay onların halına…

Sənin Mirzən

Qəlbim, ruhum, gözəl Saram!

Bu gün işdən gələrək yatmışdım. Sənin təkliflərini gətirdilər. Mənim səhhətimi soruşursan. Qeydimə qalmağın məni çox şad etdi. Lakin yenə də mən özümü söy- məyə başladım. Mən kiçik bir başağrısını boylə sənə yazmaqla gör səni nə qədər narahat etmişəm. Görürsən ki, mən nə qədər düşünülməmiş hərəkət edirəm. Teleqram vuracağam və bu məktubu yola salacağam….

Mənim əzizim Saram!

…..Boş vaxtlarımda Didronu oxuyuram. Onun fikirləri məndə drama haqqında yeni anlayış oyadır. Mümkün olsa, təəssüratımı xatirə dəftərimə yazacağam.

Hələ gəlməyə icazə verəcəklər-verməyəcəklər bilmirəm. Hər halda gələrəm.

Gəz, mənim Saram. Həyata şirin və sevimli nəzərlərlə bax. Qoy Didro bizə yoldaş olsun. Bu dünya çox gözəldir, olduğca gözəldir. Mənim anlaşılmaz kədərlərimi isə gənc Verterin dəlilikləri deyə qəbul et və bağışla.

Anaya, Əsgərə və qızlara salam.

Öpürəm səni.

Sənin Mirzən

Əziz Saracığım!

Bu gün səkkiz gündür ki, sən evimizdə yoxsan. Mən hər gün tək-tənha evə gəldiyim zaman sanki suyu qurumuş dəyirmana, çiçəkləri solmuş, bülbülü susmuş bağa girirəm. Elə bir yalnızlıq, elə bir tənhalıq hissi məni boğur ki… İlk günləri daha demirəm. İndi isə bəzən məndə elə qəribə, elə anlaşılmaz duyğular oyanır ki, özümü unuduram. Səhərlər işdə oluram. İşin ağırlığını özün bilirsən. Daha əsəblərin yaramaz bir hala gəldiyini təkrar edirəm. Əsəbiləşdirici haldan çıxarıcı, heyrətamiz yaramazlıqlar, kütlüklər, alçaqlıqlar hər gün qarşıma çıxır (bilmirəm bunu nə ilə ifadə edim?). Bütün bunlardan sonra evə gəlirəm. Qapılar, pəncərələr bağlı. Bəzən ağlamaq istəyirəm. Sakit oturub, elə beləcə sakitanə anlamaq … yenə? Bilmirəm. Sən isə görünür ki, bir teleqram və ya məktubu da artıq bilirsən. Olsun. Köhnələr demişkən, səni öz “Allahına” tapşırıram. Hər gün poçta qutularını açmaqdan yoruldum. Bir şey çıxmadı. Əsgər gələr, kağız gətirər deyə ümid etdim. O da olmadı (hətta üç gün olaraq gəlməsinə baxmayaraq, bir telefon danışığından başqa indiyə kimi Əsgərin üzünü də görməmişəm.) Mən əksini gözləyirdim. Mən gedəndə elə ayrıldığımız üçün yazacağını gözləyirdim. Mən elə bilirdim ki, dostların incikliyi tez keçir və unudulur. Bu da mənim düşündüyüm kimi çıxmadı.

Nə isə, Saracığım, bütün bunları mən pis bir xəyal kimi unutmağa çalışıram. Sənin isə çox əntiqə xasiyyətin var, çox əntiqə!

…Sağ ol, mənim Saram, öpürəm səni.

Sənin Mirzən

Mənim Saram!

Dünən telefonla danışdıqdan sonra bir qədər sakit olmuşam. Yoxsa o qədər darıxırdım ki… Hər gün üç-dörd dəfə yuxudan ayılıram. Mənə elə gəlir ki. yanımdasan. Ayılıb yeri axtarıram. Sonra uzun müddət yuxuya gedə bilmirəm.

Ayın 2-də, mən, Əsgər, Bülbül bağa getmişdik. Bir az sahildə gəzib Rəsulgilə (Rəsul Rza – red.) getdik. Günorta çörəyini orada yedik. Nigar dönə-dönə soruşurdu. Gətir ver, otağın bir hissəsində o qalar, bir hissəsində sən. Mən isə ayrıca bağ tutmaq istəyirəm. Sən ki, mənim xasiyyətimi az-çox (təmamilə hələ yox!) bilirsən:

O gün bağdan daha ağır bir həsrət hissi ilə qayıtdım. Mənim Pirşağıda bağ axtarmağım sənə təəccüblü gəlir. Əntiqə Saracıqsan. Pirşağıda bağ tapmaq daha asandır. Oranın havası və sakitliyi mənə daha xoş gəlir. Ümumiyyətlə, bunun əhəmiyyəti yoxdur. Harada istəsən, orada tutarıq. İndi papaya (Qurban Pirimov – red.) zəng edib deyəcəyəm. Bakıda havalar tez-tez dəyişir. Ayın 24-dən axşam tərəfi yağış yağır. Hələ tamam bir iş olmadı.

Mamaya salam de. Öpürəm.

Sənin Mirzən

Dünən axşam gəlib Moskvaya çatdım. Məni “Novıy Moskva” adlanan otelə göndərdilər. Orada bizimkilərdən heç kəsi görməyib çıxdım və taksiyə oturub “Moskva”ya gəldim. Nömrə yoxdur. Gecəni Üzeyirgildə (Üzeyir Hacıbəyov – red.) qalmışam. Məlekə xanım və Üzeyir mənə çoxlu hörmət edib utandırdılar. Bu gün nömrə axtarmaqla məşğul olmuşam. 9-cu mərtəbənin müdiri söz verib.

Bakıdan çıxar-çıxmaz yol uzunu çoxlu fikirləşib, min cür hallar keçirdim. Nəhayət, Leninqrada getməyi qərara aldım. Bu gün səhər sənə teleqram vuranda məhkəməyə də məktub yazdım. Bəlkə, mənim oraya getməyim zəruri olmadı. O zaman getməyəcəyəm. Mən bu məsələ ilə sənin fikrini yormaq istəməzdim. Hər dəfə bunu sənə yazanda daxili bir iztirab keçirirəm. Ancaq bu son dəfə olsun. Mən bu böyük günahın qarşısında ancaq bircə şeylə təskinlik tapıram. Bütün həyatım boyu sənə layiq yoldaş olmağa çalışacağam. Sən bilirsən ki, mənim ailəyə baxışım xüsusidir və başqalarından seçilir. Saf, təmiz, həqiqətən müqəddəs ailə, iki ürəyin ən dərin və qarşılıqlı sevgi əsasında birləşməsidir. Hər gün daha da şiddətlənən, daha da atəşin olan məhəbbətim, qəlbim sənə qarşı dərindən bağlandığını bildirir.

Saracan, qoy xırda, keçəri, yaramaz çirkablar, gözümüzdə pozulmaz ləkələr şəklini almasın. Biri-birimizi bağışlamağı və beləliklə, sevməyi bacaraq.

Sevdanın halı məni çox maraqlandırır. Daha doğrusu, narahat edir. Hər gün bir cür yuxu görürəm. Sən nə təhərsən ? O biri dəlimiz sənə çox əziyyət vermir ki? Sən mənə Bakıya məktub yaz. Mən qayıdana qədər gəlib sənin məktubunu görüm. Mütləq yazmağı unutma. Yoxsa, Bakıya gələndə səndən bir şey almasam, pis olaram.

Sevda ilə olan şəklini yanımda götürmüşəm, darıxanda baxır və balası ilə danışıram.

Gəlməyimdən qabaq Əsgərlə Tamara haqqında danışmaq istədim. Lakin imkan olmadı. Nə təhərdirlər?

Yolda Didronun IV tomunu oxumuşam. Xüsusilə, “Jak fatalist və onun ağası” (Bu əsəri 1973-cü ildə qələmə alıb – red.) adlı romanı xoşuma gəldi. “Ramonun qardaşı oğlu”nu (Yazıçı bu əsəri 17 ilə (1762-1779) yazmışdır – red.) tərcümə eləmək fikrindəyəm. Payızda birlikdə tərcüməni başlayarıq. Bu il sən mənə kömək edər və yavaş-yavaş sərbəstcəsinə belə işlərə başlaya bilərsən. Bu əsərin tərcüməsi ədəbiyyatımız üçün çox qiymətli bir zəhmət olar.

Məktubu çox tələsik və əlverişsiz bir şəraitdə yazıram. Ona görə də cümlələr və fikirlər qarışıq, anlaşılmaz çıxır. Sənə yazdığım üçün hamısının anlaşılacağını bilir və təsəlli tapıram.

Öpürəm səni, mənim Saram. Sevdanı mənim ağzımla öp…

Mamaya və uşaqlara salam.

Sənin Mirzən

Mənim əziz Saram!

Moskvaya gələndən bir sətirlik də şey almamışam. Xüsusilə, Sevdanın və sizin son vəziyyətiniz məni narahat edir. Dünən teleqram vurmuşam, (ikinci dəfə) yenə cavab yoxdur. O biri gecə səni və Sevdanı yuxuda görmüşəm. Sevda tanınmayacaq dərəcədə zəifləmişdi. Son dərəcə narahatam. Sən isə heç bir şey yazmamağı qərara almısan. Və doğrusu, mən bunu yüz cür izah edirəm. Nəhayət, özüm üçün təsəlli verib bir nəticəyə gəlirəm ki, yəqin başısoyuqluqdan yazmayırsan.

Nə etməli? İnsanın taleyi belədir. Böyükdən tutmuş kiçiyə qədər yer üzündə illüziyasız, özünü aldatmadan yaşayan bir adam yoxdur. Ancaq dərəcəsi var. Bəziləri təmamilə yalana qurşanıb yaşayır və onu özlərinə təbiət edirlər. Bəziləri özlərini aldadır və bunu ancaq müəyyən təsəlli və ya zövq alıncaya qədər davam etdirirlər. Ümumiyyətlə, bunsuz insanın istirahətini, ruhi sakitlikliyini təsəvvür etmək çətindir. Fikrət yaxşı deyib ki,

Azmı bir şəfadır aldanmaq da…

Saracan, Moskvada havalar olduqca sərindir. Belə ki, pencəklə az qalır ki, üşüyək. Dünən Kənd Təsərrüfat sərgisinə getmişik (Üzeyirgil ilə). Hər tərəfi gəzirəm, sən yadıma düşürsən. Yanımda olmağını istəyirəm. Moskvanın elə gözəl vaxtıdır. Nömrəyə gəlirəm. Sənin oturub məni gözlədiyin zamanlar yadıma düşür. Eybi yoxdur, sağlıq olsa yenə bir yerdə gələrik. İnsan keçirdiyi dəqiqələrin şirinliyini həsrət zamanlarında başa düşür, mənim Saram….

…Öpürəm səni çoxlu-çoxlu.

Sənin Mirzən.

Mənim ceyran Saracığım!

İki gündür ki, Bakıda partiya aktivinin iclası olur. Bu gün iclasdan çıxıb yavaş-yavaş Kommunist küçəsi ilə başıaşağı enərkən qeyri-ixtiyari olaraq keçən günlər göz önümdə canlandı. O günlər ki, haman bu küçələrdə duraraq siz gözdən itib gedənə qədər həsrətli baxışlarla ardınızca baxardım. Budur, ilk tanış olduğumuz günlərdən birisində sizi tramvay yolundan keçərkən ötürmək istərkən Validənin qardaşilə tanış olduğumuz və bizim geri qayıtdığımız yer buradır. Budur “Torqovı” küçəsi sakit bir gecədə sizdən xəbərsiz halda gedərək dalınızca baxdığım dəqiqələr. Bütün bunlar, Saracan, romantik bir xəyal kimi gözlərimdə canlanır, nə isə qəribə bir arzu ürəyimdə baş qaldırır. Küçəni doldurmuş adamlar xəyalımda qeyb olurkən “zümzümə” eləyə-eləyə evimizə doğru gəlirəm. Azərbaycanımızın xanım bülbülü Natəvanın sözləri yadıma düşür:

Sənə nə qədər dedim rəhm qıl mənə getmə

Gəl indi gör ki, fəraqın salıb nə halə məni !

Nə vaxtadək qəm-hicrində ahu-zar çəkim ?

Tərəhhüm ilə gətir sən də bir xəyalə məni,

(son misraya yaxşı bax, Saracan!)

…..Nə isə, Saracan, hərdən bir məni yadına sal. Yaz görüm,  doğrudan da yadına düşürəmmi? Bu sənin üçün bir şey olmasa da, mənim üçün böyük məsələdir. Yaz.

Məktubumu oxuyanda hər halda ürəyində zəif də olsa, xoş bir hiss oyanarsa, Sevdanı öp və məni yadına sal.

Öpürəm səni.

Sənin Mirzən

Əziz Saracan!

…….. Aydın və Sevdadan muğayat ol. Özünə yaxşı bax. Mamanı darıxmağa qoyma.

Hərgah bu məktub papagil oradan çıxınca sənə çatsa, mənim göz dərmanlarımı göndərməyi unutma. Reseptlər yadımdan çıxıb, evdə qalıbdır. Birini “Kommunist” küçəsindəki “məşhur” aptekdə, o birini bizim leçkomissiyanın aptekinə vermişəm. Bir də ki, Əsgərin tarını göndərməyi yadından çıxarma.

Öpürəm səni əzizim. “Evimin taxtı, könlümün baxtı” əziz arvadım və sevimli dostum.

Hamıya salam. İ.Mirzə

Hələlik, həmişə sənin İ.M

Saracan!

Məktubunu aldım. Uşaqların şəklini göndərməkdə lap yaxşı iş görmüsən. Sevıçka köpəkqızı niyə elə qaş-qabağını sallayıb. Aydın balası da lap ağıllı olub. İkisi olan şəkli yazı stolumun qabağına, Aydının şəklini kravatımın üstə asmışam. Hər görən “qiyamət qızdır” deyir. Məndə deyirəm ki, hələ ondan qiyaməti də var…(amma öz aramızdır Sevıçkaya heç çatmaz…) Solıçka böyüyürmü, kökəlirmi? Yenə özündən gedir ya yox?

Mənim əziz Saram!

Sağ-salamat gəlib çıxdığımı teleqramla xəbər vermişəm. İndi necə yaşadığımı və vəziyyətimi müfəssəl olaraq bildirirəm.

1947-ci ildə yaşadığım sanatoriyada oluram. O zaman bu sanatoriya balaca həyət-baxçadan, iki balaca evdən ibarət idi. İndi sanatoriya çox böyümüşdür. Pəncərələrindən uzun və çox zəngin kurjuva pərdələr asılmış, həm adi reproduktor, həm də radio cihazı var. Yorulanda gözəl konsertlərə qulaq asıram. Azca əvvəl Varşavadan Şopenin əsərlərini verirdilər. Bütün bunlar səni yadıma salır. Deyirəm çatmayan bircə mənim Saramdır. İnşallah, gələn dəfə daha məzuniyyətimi elə götürəcəyəm ki, (yayda) sizinlə bir yerdə istirahət edə bilim.

Müalicə və işim haqqında: dünən həkim baxdı. Bu gün səhər mədə şirəsini və qan götürdülər. Analiz edəcəklər. Sabahdan palçıq vannalarına başlayıram. 4 və 17 nömrəli Yessentuki içirəm. Narzan vannalarını saxlayıram Kislovodskiyə. Gələn gündən “Mayak” stolumun üstündədir. Yazdığım hissələri bir də oxuyur və düşünürəm. Yavaş-yavaş fikrim, xəyalım, hissiyatım sujetin içinə daxil olur. Qəhrəmanlarım mənə yaxınlaşırlar. Mən onların üz-gözünü görməyə, nəfəslərini duymağa başlayıram.

Belə getsə, bir beş-altı gün sonra zor yazmağa girişərəm…

…Balası, uşaqlar barədə son sözlərimi yadına sal: onların uşaqlıqdan, təcrübəsizlikdən, bilməzlikdən doğan hər cürə səhv və yanlış addımları səni darıxdırmasın. Hər şey düzələr. Səbrli olmağımız birinci şərtdir. Sevda və Solmaz qızımı sənə tapşırıram, səni də Aydına. De ki, hamısı anasının gül balaları olsun, ona layiq olsunlar!

Öpürəm səni, mənim Saram. Öpürəm balaları, siz də mənə müvəffəqiyyət arzu edin. “Mayak” işıqlı olsun!

Sənin Mirzən

Əzizim Mirzəm!

Oktyabrın 8-də yazmış olduğun məktubu aldım. Sanatoriyada yaxşı şəraitlə işlə və dincəl. Özünü çox da yorma. Bilirsən ki, yorğunluğun nəticəsi necə olur. Sağlam bədənlə qocalanda da yazmaq olar.

(Çox dərman içmə. Vannalardan sonra özünü soyuqdan gözlə) Özüm də, uşaqlar da yaxşıdır. Bizdən arxayın ol. Balaların öz fəaliyyətindədirlər. Aparat almaq münasibətilə səni təbrik edirəm. Gələndə şəkillərimizi daha özün çəkərsən.

Hələlik sağ ol. Öpürəm səni, mənim Mirzəm.

Sənin Saran. 11.X.55

Əziz Mirzəm!

21-də yazdığın məktubu aldım. Hər dəfə məktubun gələndə elə o dəqiqə cavab yazıram. Daha bu da bir xəstəlik oldu ki?

Romanın bir fəslini qurtarmağın məni sevindirir. Qəhrəmanların səni mühasirəyə almağı yaxşıdır. Ancaq özünü yoracaqdır. İşləməyin məni narahat edir. Bilirsən ki, çox xəstəliklər yorğunluqdan əmələ gəlir. Ona görə də gündə iki yox, üç saat gəzməlisən.

Bizim üçün darıxma. İşlərimiz öz qaydası ilə gedir. Papanın yubleyi 30-da keçiriləcək. Teleqramını almışıq. Sağ ol. Yubiley gecəsi Solmazın çalmağını dedilər. Mən icazə vermədim (Bülbül papaya zəng vurub xəbər vermişdir. O gecə Polad oxuyacaq). Yubiley papanındır və bizim o gecədə çıxışımız bir az yüngül olar, elə deyilmi? Əsgər, əlbəttə, Nimtac xanımın rəhbərliyi ilə yubiley gecəsindən sonra papagilə yığışmağımızı dedi. Papa buna razı olmadı. Çünki böylə bir yığıncağın evdə keçirilməsi mümkün deyil. Papanın xasiyyətini bilmirsənmi? Hay-küy xoşuna gəlmir. ..

Papa, Əsgər, Tamara, Adilə də çoxlu salam deyir. Tanıyanlardan sənə salam var.

Öpürəm səni, mənim əzizim.

Keçən gecə otaqda tək bir saat çalmışam. Divanda sənin yerin boş görünürdü. Ancaq mən çaldıqca elə bil sən həmişəki kimi gəzirdin.(Balası, deyəcəksən, Saraya nə olub, dəli olmamısan ki?)

Sənin Saran.

Mənim əziz Saram!

Bu məktubum sənin üçün göznənilməz olduğu qədər də, məncə, sevindirici olacaqdır. Məsələ belədir ki, mən noyabrın 5-də uçub Bakıya qayıtmağı qərara almışam. Bunun da bir neçə səbəbi var: biriunci budur ki, doğrusu, sənsiz və uşaqlarsız mənə çox ağır keçir, getdikcə darıxmağım artır, onlara çatdır ki, özümü cismən pis hiss etməyə başlayıram, yuxusuzluq əmələ gəlir və sairə. Bilirəm ki, sənin üçün də orada çətin olur. İkinci səbəb odur ki, roman elə vəziyyətə çatır ki, mən gərək Bakıda olam: ara-sıra mədənlərə gedəm, həm qəhrəmanlarımın üzünü tez-tez görəm, həm də onların şəraiti gözümün qabağında olsun. Axı, mən naturadan yazan, həyatda ancaq hiss edib duyduğumdan danışan bir yazıçıyam. Üçüncü səbəb də odur ki, doğrusu, bu quru iş şəraiti məni yorur, səs-küy və sairə. Adamların niyə görünmürsən, niyə kinoya gəlmədin, niyə konsertdə yox idin və sairə suallarına cavab verməkdən yorulmuşam. Beləliklə ayın 5-də məni gözlə, əzizim. Evimizdə oturaraq, məzuniyyətin ikinci ayını da evdə işlərəm. Məncə, o daha səmərəli olar. Hər halda, noyabr, dekabr aylarında romanı əsasən qurtararam sağlıq olsa bir az da işləyib, aprel ayında jurnalda çap etdirərəm. Orada sənin məsləhətlərin də mənə kömək edər.

Balaları öp. Ayın birinə qədər nə sözünüz var yazın. Birindən sonra məktub göndərməyin. 4-də teleqram vuraram.

Öpürəm səni, mənim Saram

Sənin Mirzən

Əzizim Mirzə!

Salam!

26-dakı məktubunu aldım. Mənə elə gəlir ki, orada qalmağın hər cəhətdən yaxşıdır. Əlbəttə, mən istərdim ki, bir dəqiqəm də sənsiz olmasın. Ancaq yazmaq da lazım olduğundan bütün bunlara dözmək lazımdır. Həm də gələcəyi düşünən yoldaşlardan geri qalmamalısan. Bura gəlsən, səni hər dəqiqə narahat edəcəklər. İşləmək üçün aramsız telefon zəngləri. Hay-küy yarayarmı?

Bizdən arxayın ol. Uşaqlardan nə yazım, gələrsən, görərsən. Məktubu yazarkən Solmaz dərsini hazırlayır. Sevda nə isə çalır, yeni mahnı bəstələyir. Aydın yoldaş da sənin otağında yatmışdır. Həmişəki kimi heç bir dərs yoxdur. Doyunca yuxusunu alandan sonra caza qulaq asacaqdır.

Dünən papanın yubileyi keçdi. Gələndə ətraflı danışarıq. Olduqca gözəl düzəltmişdilər.

Jurnalın 9-10-cu nömrəsini göndərdim.

Öpürəm səni, mənim Mirzəm

Sənin Saran

P.S. Balası, bəlkə, Aydına tapşırasan ki, tək çox bir yerə getməsin. Ancaq bilməsin ki, mən sənə yazmışam. Guya idarədən sənə xəbər veriblər. Əvvəldən mənim səhvim olubdur. Tək gəzməyi yaxşı deyildir.

Sara

Əzizim Mirzəm!

Məktubunu və qəzeti aldım. Qəzetdəki məqalə çox xoşuma gəldi. Səhhətinin tədricən yaxşılaşması məni çox sevindirir. Komediyanı qurtardığın üçün səni təbrik edirəm. Əlbəttə, elə ləzzətlə işlədiyin əsər pis olmaz. Həm də sən elə yazırsan, hamısı gözəldir.

Burada havalar qəribə keçir. İki-üç gün bərk küləkdən sonra, iki gün qəşəng yaz havası olur. Hər halda, sən gedəndən bəri havalar xeyli istiləşib. Sevda hərdənbir gəlir. Solmaz xanım martın 26-da konsertdə çaldı. Müəllim Solmazı xeyli tərifləyibdir. Həftədə bir neçə gün heç çalmadığına baxmayaraq, belə gözəl fikir söyləyirlər. Solmaz xanım bir az hərəkətə gəlsə, daha yaxşı olmazmı?

Papa və Əsgər tez-tez gəlir. Bütün ailə üzvlərindən çoxlu-çoxlu salam.

Uşaqlar üçün isə heç darıxma, vaxta az qalıb. Gəlib görərsən.

Öpürəm səni, sənin Saran.

Mənbə: http://archive.teleqraf.com/news.php?id=13529#.V1gciNmLTIU

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.

I’m Emily

Welcome to Nook, my cozy corner of the internet dedicated to all things homemade and delightful. Here, I invite you to join me on a journey of creativity, craftsmanship, and all things handmade with a touch of love. Let’s get crafty!

Bağlantı