Sevgi gözəl bəladır

Rəsul Rza və Nigar xanım az-çox savadı olan hər insan üçün böyük şəxsiyyətlərdir. Hər halda biz gözümüzü açıb belə görmüşük, ağlımız kəsib belə eşidib qəbul etmişik.
Rəsul Rza ədəbi-mədəni, ictimai həyata atılandan son nəfəsinə kimi xalqına, torpğına xidmət edib:
Azərbaycan dilinin dövlət dili səviyyəsində qəbul edilməsinin və saflığının qorunmasında Rəsul Rzanın xidmətləri danılmazdır.
10 cildlik Azərbaycan Sovet Ensiklopediyasının nəşr edilərək xalqa təqdim edilməsi də onun adı ilə bağlıdır.
Mədniyyətimizin daş kitabəsi olan Qobustan tarixi mədəni qoruğunun dövlət statusu alması görkəmli şairin rdıcıl çalışması sayəsində həyata keçmişdir.
Rəsul Rza Azərbaycan Yazıçıları İttifaqının sədri (1939), Azərbaycan Kinematoqrafiya naziri (1945-48), Asiya və Afrika Ölkələri ilə Respublika Həmrəylik Komitəsinin sədri (1960-81), Xəbərlər Mətbuat Agentliyi Respublika İdarə Heyətinin sədri (1966-75), SSRİ Yazıçılar İttifaqı İdarə Heyətinin üzvü (1964 ildən) kimi çox faydalı və məhsuldar və zəhgin həyat yolu keçmişdir.
O dövrdə yaşamış yeni ədəbi nəslin yetişməsində Rəsul Rzanın göstərdiyi qayğıları müasirləri indi də ehtiramla xatırlayırlar.
Nigar xanım Rəfibəyli də incə ruhlu, insanda zərif hislər doğuran şairəmizdir. Çöx öyünüləsi bir şəcərənin nümayəndəsi olub.

Çiçəklərə sonsuz sevgisi şeirlərinə də hopub: sanki şairə şeirlərində bu çiçəklərlə dilləşir, pıçıldaşır. Ona görə də nəinki sevgi şeirləri, çişələr haqqınd şeiri insanlara böyük sevgi arzuları pıçıldayır.
Yaşlı nəsil, o dövrün insanları elə bilirsiniz sevməyib, görüşməyib baş-başa qalmayıb? Bunlar hamısı olub, fəqət, ağayana olub.Rəsul Rza dəniz vurğunu idi, Nigarına sevgisi də bir dənizdi.
Nigar xanım çiçəkləri çox sevirdi. O çiçəkləri isə daha çox sevirdi ki, Onları Rəsulu şehli-şehli dərib onunçün gətirəcəkdi. Beləcə, iki sevgilinin, ədəbi-əbədi səadətin bir -birini əvəz edən günləri baş alıb gedəcəkdi sabahlara….
“Zemfira Səfərova,gəlini, musiqişünas, professor
“O, istedadlı şairə idi. Tanınırdı, sevilirdi. Amma bunların hamısından öncə bir ailənin xanımı, anasıydı. Ailəsinin qayğısına qalmaqla da işi bitmirdi, evləri qonaq-qaralıydı. Sabit Rəhman, Abbas Zamanov, Cəfər Cəfərov, Bəxtiyar Vahabzadə, Mirzə İbraimov, Tofiq Quliyev, Qara Qarayev, Niyazi və daha kimlər gəlmirdi onlara. Nigar xanımı daim ev, mətbəx işləri ilə məşğul görərdik. Onun mətbəx şeirləri var. Həmin şeirlərdə bir qadın, bir ana obrazı var və o, bütün qəlbiylə, ruhuyla həm də şairdir”.
“Bir-birlərini çox sevirdilər. Həmişə yarızarafat, yarıciddi danışırdılar”. “Günəşdən gənclik istədim” adlı şeirində xoşbəxtliyindən söz açırdı Nigar Rəfibəyli. Həyat yoldaşı Rəsul Rza ilə birlikdə üç övlad böyüdüb, yerbəyer etmişdi. Artıq Anarın da, Təranənin də, Fidanın da öz ailələri var idi.”
“…Nigar xanım Bakıya 1927-ci ildə gəlmişdi. Kinostudiyada tərcüməçi işlədi. 1930-cu ildə Rəsul Rza ilə Maarif Evində görüb, tanıdı. Sonra müxtəlif ədəbiyyat məclislərində qarşılaşmağa başladılar. 1932-ci ildə Nigar Rəfibəyli Moskvaya Ədəbiyyat İnstitutuna təhsil almağa getdi. Tale elə gətirdi ki, Rəsul Rza da təhsilini bitirmək üçün həmin şəhərə yollandı. 1937-ci ildə Bakıya döndülər. Ailə qurdular. “

“1981-ci ilin əvvəllərində Rəsul Rzanın vəziyyəti ağırlaşdı. Onu yüksək qan təzyiqi diaqnozu ilə xəstəxanaya yerləşdirdilər. Həmişə sağlam olan Nigar xanım da illərin yorğunluğundan, dərd-sərindən neçə-neçə xəstəlik yığmışdı canına. Ona da “Leçkomissiya”da ağır diaqnoz qoydular: xərçəng. Xəstəlik artıq irəliləmişdi. Həkimlər müalicə üçün Moskvaya aparmağı məsləhət gördülər. Aprelin 1-də oğlu Anar və qızı Fidanın həyat yoldaşı Rauf bu xəbəri Rəsul Rzaya demək üçün Mərdəkana getdilər. Xəbəri eşidən Rəsul Rza Nigar xanımı Moskvaya yola salmaq üşün yığışmağa başladı və… Onun yüksələn təzyiqini endirməyə bu dəfə həkimlərin gücü çatmadı…”
“Rəsul Rzanın vəfat etdiyini Nigar xanıma söyləmədilər. Əvvəl belə fikrimiz yox idi. Amma sonra vəziyyəti elə pisləşdi ki, ona bu ağır xəbəri deməmək qərarına gəldik. Qorxurduq ki, birdən kimsə deyər. Ona görə də gecə-gündüz xəstəxanada növbələşirdik”.
“Neyləyim” mahnısını da həmin günlərdə bəstələdi Emin Sabitoğlu. Nigar xanımın mahnı çox xoşuna gəldi. Dinləməkdən yorulmurdu. Rəsul Rzanın yoxluğundan xəbərsiz, onların əbədi ayrılığına həsr olunmuş mahnıya qulaq asırdı. Təəccüblənirdi ki, Rəsul kimi hövsələsiz adam zəng vurmur ona. Deyirdilər, təzyiqi olduğuna görə həkimlər telefonu palatasından çıxarıblar ki, danışmasın. İyunun 29-da Nigar xanımın ad günü idi. Anar ona böyük bir yasəmən dəstəsi alıb, apardı: “Rəsul Mərdəkandan sənə göndərib”, – dedi…”
Beləcə, iki vəfalı sevgili bir-birindən xəbərsiz dünyadan köçdülər. Amma onların yaradıcılığı öz yerində , sevgiləri də onları tanıyanların hər birində rəvayətləşdi.
Böyük adamların sevgiləri də böyük olur.

Qeyd : Zemfira xanımın dilindən təqdim etdiyimiz xatirələr Zöhrə Fərəcovanın “Xiffətə çevrilən məhəbbət” yazısından götürülmüşdür, mənbə kimi bax: http://regionplus.az/az/articles/view/1581).

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.