Sevgi gözəl bəladır

Firuzə xanım: ” Allah mənə elə bir ömür versin ki, İsaya ölənəcən özüm baxım”.

Azərbaycan ədəbiyyatının  klassikləri unudulmazdır. Onlar həm də hər zamanın yazıçılarıdır, hər zaman müasirdirlər.   “Saçlı”, “Mehnan”, “Böyük dayaq”, “Bir gəncin manifesti”, “Tütək səsi”, “Dəli Kür” kimi əsərlər ədəbiyyatımızın müəzzəm sütunlarıdır. Bu əsrlərin müəllifləri bu gün həyatda deyillər, amma əsərləri ilə  həmişə bizim qəlbimizdə yaşayacaqlar, 50-100 il sonra da belə  olacaq. Onlar əxlaqımızla, mənəviyyatımızla , ictimai-mədəni fikir tariximizlə hər aman yanaşı addımlayacaqlar.

İnsanlar bu əsərlərlə təkcə ədəbi- bədii ehtiyaclarını ödəməyəcəklər, bu əsərlər həm də əsrlər, nəsillər arasında  bir körpü rolunu oynayacaq, dünyaya gələn hər yeni nəsli əsl-nəcabətimizə, kökümüzə bağlayacaq.

Biz bu yazıçıların böyük əksəriyyətini gördük, səsini eşitdik, əsərlərini oxuduq. Mənim üçün İsfəndiyar kişi (Məmmdrza Şeyxzamanov) nə qədər müdrikdirsə, ağsaqqaldırsa, İsa Muğanna da o qədər ehtirama layiqdir: sağlığında da, indi də. O, təkcə ədəbi içtimaiyyətin deyil, ümumilikdə xalqın qarşısında söz demək, nəsihət vermək haqqına sahib bir yazıçımız, qələm sahibimiz idi.

Hümam Təbrizi yazmış: “Əbədi olmaq istəyən ömrünü xalqına sərf edər.” İsa müəllim də belə əbədilərimizdən biridir.

Bu cür insanların şəxsi həyatları da hə zaman örnək olmalıdır hamımıza.

 İndi sizə  Səma Fuadqızının “senet.az” ədəbiyyat dərgisində İsa müəllim haqqında dərc etdirdiyi   kövrək bir yazını kiçik ixtisarla təqdim edirik. Yazı  həm çox şirin yazılmış, həm də böyük yazıçının həyatından oxuculara  yeni məlumatlar olduğu üçün çox maraqlıdır. Yazı  bir də ona görə maraqlıdır ki, ədəbiyyatımız, eləcə də onun  görkəmli simaları haqqında  xatirələrlə də zəngindir.

Firuzə xanımla aralarında olan sevgi münasibətləri, sədaqət, vəfa əhdi gənclərə nümunə olmalıdır.

Siz hələ bir diqqətlə, araşdıra-araşdıra oxuyun, görəcəksiniz ki, ovaxtkı sevgi –ailə münsibətləri hansı təməllər üzərində qurulub, qayəsində nələr dayanır, borcu, vəzifələri nələrdir və s..

İndi belə sədaqət nümunələri nə nadir hallarda təsadüf etmək olar. Mən uşaq olanda kənddən bir epizodu xatırlayım. Sadə, bədəncə zəif, kasıb bir kişi vardı. Qohumumuzun qonşusu idi. Orda görmüşüdüm. Evləriini pilləkəni yox idi. Yerdən eyvana 1, 5- 2 m hündürlükdə ağacdan nərdivan kimi düzəldib pilləkən əvəzi istifadə edirdilər. Necə olmuşdusa, bu kişi eyvandan düşəndə yıxılmışdı, başı ağaca dəymişdi. Biz də uşaq idik də, qaçıb baxırdıq ki, nə olub. Axı biz görməmişdik analar da ağlayırmış.. Elə ağlayırdı, elə dil tökürdü ki, indi yadıma salıb həmin səhnəni, ikisinə də rəhmət oxuyuram. O ana ağlayırdı ki, sənin bu gününə də qurban olum, heç nə istəmirəm, təki sənə heç nə olmasın…

  Səma xanımın yazısında belə kövrək bir  epizod qələmə alıb: Firuzə ana  Allahdan möhlət istəyir ki, İsasına son nəfəsinə kimi qayğı göstərə bilsin. Eşq olsun belə Analarımıza/Qadınlarımıza.

İsa müəllimə Allah rəhmət etsin, belə məhəbbətlərə eşq olsun…Taleyinə bu qədər qayğıkeş, sədaqətli ömür-gün yoldşı  düşən yazıçı nə bəxtəvərmiş.

 İndiki gənclər bu qədər cəfakeş deyillər, ola bilməzlər də. Bir balaca çətinliyə düşən  kimi, başlarına  ayrılıq  havası  gəlir.

Gənclərimiz sevgini, xoşbəxtliyi seriallardan yox, bax, belə canlı nümunələrdən əxz etsinər…

“Ana və Uşaq”

” Senet.az”ın təsisçisi və müəllimim Şəmil Sadiqlə birlikdə bu ocağın qonağı idik. M əqsədimiz, Firuzə xanımın İsa Muğanna haqqındakı xatirələrini yığıb bütöv bir

kitab kimi çap etdirməkdir. Evin qəribə, insanı rahatladan abu-havası vardı. Çox narahat, tez həyəcanlanan bir adam olsam da qəribədir, bu evdə o hisslər mənə yad oldu. Bizi İsa müəllimin qızı- Sevinc xanım qarşıladı. Simasında sevinclə kədərin qarışığından bir ifadə sezilirdi. İsa Muğnannanın xanımı Firuzə xanım otaqda bizi gözləyirdi. Adımı öyrəndiyində dedi ki, nəvəsinin də adı Səmadır. Bunu eşitcək ürəyimdən uşaq şıltaqlığı ilə sevinmək keçdi. Onun dediyinə görə Səma da yaşının az olmasına baxmayaraq, yazılar yazır…Demək, yeni bir yazıçı yetişir. Buna sevindim. Söhbətə başladıq. Söhbətimizdəki hadisələr rabitəsiz olsa da, olduğu kimi təqdim etməyə çalışacam, çünki bu, sadəcə, Firuzə xanımın İsa Muğanna ilə bağlı xatirələrdir.

Hələki rabitəsiz olsa da, dəyərlidir…

İsa Mustafa oğlu Hüseynov (Muğanna) 1928-ci ildə Ağstafa rayonunun Muğanlı kəndində müəllim ailəsində dünyaya gəlib. Atası Mustafa məktəb direktoru, anası Xədicə isə tibb bacısı idi. Mən isə Qazaxda yaşamışam. İsa tətillərdə bizə gələrdi. Çox dəcəl uşaq idi. Çəkinirdi məndən. Mən çox sakit qız idim. O qədər sakit idim ki, məndən bir söz qoparmaq üçün kəlbətin lazım idi. Ancaq məktəbdə əla oxuyurdum. Elə məktəbi də əla qiymətlərlə bitirdim. İsa orta məktəbi məndən bir il əvvəl bitirmişdi. O, Tibb Universitetinə imtahan verib qəbul olmuşdu. Mən də həmin universitetə daxil oldum. İsa II kursda oxuyanda dedi ki, oxumaq istəmirəm, həvəsim yoxdur. Anası ona nə qədər dil tökdü, İsanı qərarından uzaqlaşdıra bilmədi. İsa dedi ki, heç kəs mənə yalvarmasın, mən oxumuram, mən yazacam. O, Tibb Universitetindən çıxanda dedim ki, yaxşı oldu ki, getdi, bir yerdə oxumadıq…

Bu vaxt Firuzə xanımın yadına uşaqlığından maraqlı bir hadisə düşdü…

“…Uşaq vaxtı İsa bir dəfə bazardan iki balıq alıb gətirmişdi. Anama dedi ki, balıqları saxlamaq üçün bir qab versin. İsa həmin qabda balıqları saxladı. Ancaq balıqların ömrü çox da uzun olmadı. Anam balıqların qoxusundan şikayətlənirdi. Bacım Gülarə dedi ki, “Darıxma, onun balıqlarına mən divan tutum, o da baxsın”. Balıqların başlarını kəsdi, amma onları qızartmağa cəhd etmədi. İsa gəlib gördü ki, qab qana bulaşıb. Bildi ki, balıqları Gülarə kəsib. Gülarə isə evdən qaçıb gizləndi. İsa dedi ki, balıqları bişir, amma canı çıxsa da, bundan bir tikə də ona yeməyə verməyəcəm. (gülür-red)

Müharibə illəri çox çətin illər idi. İsanın atası Berlində idi. Ordan çoxlu pal-paltar göndərmişdi. Xalam ( İsanın anası) ən yaxşılarını mənim üçün seçib dedi ki, al bunları, sən institutda oxuyursan. Mənim heç yadımdan çıxmaz ki, ayaqqabı almağa pulum yox idi. Qışı yay ayaqqabısı ilə keçirtməli oldum. O vaxt Bakıda bərk qar yağmışdı. Corabı corab üstündən geyinirdim. Hər şey indiki kimi deyildi. Çox çətin vaxtlar idi…

Arabir sukut yaranırdı… Firuzə xanım danışdıqca sanki yaddaşındakı kitabın səhifəsini biz də onunla bərabər vərəqləyirdik. Hər fasilədə otağın sol küncündəki İsa Muğannanın portreti gözümə dəyirdi. Sanki indi o da bizimlə bax bu otaqda ötüb-keçənləri xatırlayır, sakitcə dinləyirdi…

Səhər saat 5-də durub “kartoçka” ilə 400 qr çörək alırdıq. Həmin qarlı qış günündə yataqxanadakı oğlanlarımız dedi ki, qızlar getməsin, “kartoçka”ları verin bizə biz gedək alaq. Semaşkonun (İndiki 1 saylı Şəhər Klinik xəstəxana) yanındakı mağazadan alıb gətirdilər. Müharibə illərində kartof, düyü tapılmazdı. Anam yaydan əriştə kəsərdi…

İsa universitetə daxil oldu (Bakı Dövlət Universiteti-red) Filologiya fakültəsinə. Universiteti əla qiymətlərlə bitirdi. Mehdi Hüseyn ( o zaman Yazıçılar İttifaqının katibi idi) İsaya dedi ki, “Sən çox qabiliyyətli oğlansan. Gəl səni Moskvaya oxumağa göndərək. Mehdi Hüseynə “Mehdi qağa ” deyirdik. İsa dedi ki, Mehdi qağa, mən rus dilini bilmirəm.

Mehdi dedi : “Öyrənəcəksən. Balaca kitablardan al, oxu”. Həqiqətən də rus dilini öyrənə bildi. Amma atası, onu həmin il Moskvaya getməyə qoymadı. Dedi: “Ailə qur, sonra get Moskvaya. “Həmin il ailə qurduq. İsa sonra Moskvaya getdi (Maksim Qorki adına Ədəbiyyat İnstitutuna daxil oldu-red). Burdan təyyarə ilə Moskvaya getmək üçün Həştərxana, ordan Stalinqrada getmək lazım idi. Stalinqraddan da Moskvaya…

Sonra İsaya teleqram göndərdim ki, Moskvaya gəlmək istəyirəm, Ağstafada qala bilmirəm. İsa razılığını verdi. Qaynatam məni yola saldı. Moskva hava limanına çatdım. İsa məni hava limanında gözləyirdi. Yanında da bir kök oğlan var idi. İsa dedi ki, tanış ol, bu Nəbi Xəzridir, mənim dostumdur. Ev də kirayələmişəm. Qladkovun evidi”.

Ev dağın başında idi, ayağından çay axırdı. Bu ev Qladkovun bağ evi idi….

…Maraqlı yer idi, həm də soyuq idi. Kişinin 2 otağı vardı. Birində biz qalırdıq. Burda yaşamağa başladıq. Sonralar qəribsədim. İsaya dedim ki, burda yaşamaq mənə çox çətindi. İsanın da atası müharibədən yeni gəlmişdi. Hər ay bizə pul göndərməyə imkanı yox idi. İsa da çox qürurlu idi. Atasına deyirdi “Ata, pul göndərmə, mən öz ailəmi özüm saxlayacam”.

Məqalələr işləyib çap edirdi. Yazılardan qazandığı pulla çox yaxşı dolanırdıq. Hələ pulumuz da artıq qalırdı. Stalin yazıçılar üçün ayrıca mağaza açdırmışdı. Toyuğun biri 15, kartofun kilosu 1 qəpik idi. Bazar günü olanda İsayla birgə oxuyan uşaqlar bizə gəlirdilər. Yalvarırdılar ki, ev xörəyi bişirim. Bişirərdim, bizdə yeyib gedərdilər. İsa çox gözəl insan idi. İsaya biri deyəndə ki, pulum yoxdu, acam, cibindəki pulun yarısını ona verərdi…

Moskva çox gözəl idi. İldə heç olmasa iki dəfə Moskvaya gəzməyə gedirdim. Moskva mehmanxanasında həmişə yerimiz var idi. İsa Bakıdan Yazıçılar İttifaqına teleqram göndərər, ordan da bizə cavab gələr, gedərdik. Bütün bunlar dövlət hesabına olurdu.Moskvada İsanın dostları çox idi, onlardan biri Aleksandr Fadeyev idi. Fadeyev İsa haqqında ədəbiyyat qəzetində məqalə yazmışdı ki, Azərbaycanın ən yaxşı yazıçısı İsa Hüseynovdur.

Moskvadan qayıdandan sonra qalmağa ev-eşik yox idi. İsa Azərnəşrdə işləyirdi. “Nizami” kinoteatrının yanında ev kirayələmişdik. Həmin evdə bizimlə birgə mənim 3 bacım, İsanın 4 bacısı, 2 qardaşı da qalırdı. Axşam olanda bütün otaq boyu yorğan-döşək salınardı. Yatmağa yer də yox idi. İsanın şüşəbəndi var idi, həmişə orda işləyərdi. Bir gün məni yuxudan tıqqıltı səsi oyatdı. Ayağa durub gördüm ki, İsa çörəyi kiçik-kiçik doğrayıb nəyi isə yemləyir. Diqqətlə baxanda gördüm ki, balaca- balaca siçanlardı. Mən də siçandan yaman qorxuram. İsa mənə, atama, anama and verdi ki, dəymə bunlara. Siçanlar İsaya o qədər öyrəşmişdilər ki, ayağının ətrafında fırlanırdılar. O hər gün siçanları yedizdirirdi. Hətta su da qoymuşdu ki, içsinlər. Bax, İsa bu cür ürəyi nazik insan idi. Çox gözəl insan idi.O qədər zəhmətkeş idi. Gecə-gündüz işləyərdi…

Mən İsayla sevib ailə qurmamışdım. Tibb İnstitutunda oxuyanda 1 il Qazaxa getməyib yataqxanada qaldım. Dedim mən onu sevə bilmərəm, xalam oğludu. İsmayıl Şıxlı bizə hər gün gəlirdi. O, orta məktəbdə mənim müəllimim olub. Məni çox istəyirdi, elə İsanı da… Mənə deyirdi ki, Firuzə, bax gör necə gözəl insandı. İsa İ.Şıxlının “Dəli Kür” əsərinin yazılmasında yaxından iştirak edib. Kimlərə kömək etməyib ki, Bayram Bayramova, Əkrəm Əylisliyə…

Sevinc 20 ildən sonra anadan oldu. İndiki ailələrdə uzağı 5 il övlad olmayanda tez ayrılırlar. Amma İsa buna görə heç narahat olmurdu. Valideynləri onu evləndirmək istəyirdi. Şərtə görə yeni arvad rayonda, mən isə Bakıda qalmalı idim. Mən dedim ki, İsanın icazəsini vermişəm. Halalı olsun, getsin evlənsin. O isə razılaşmırdı. Deyirdi ki, səndə də bacı-qardaş çoxdu, məndə də. Qocalanda biri qeyrətli olar bizi saxlayar. Salam Qədirzadə İsaya deyirdi ki, cavan oğlansan, boşa get başqasını al, Firuzə də başqa insanla ailə qurar. İsa Salamı bu sözünə görə pilləkəndən aşağı yıxılmışdı…

Sonra biz Türkiyəyə gəzməyə getdik.  İlk dəfə bizə icazə verdilər ki, Türkiyəyə gedək. Axı əvvəl Türkiyə ilə sərhədlərimiz bağlı idi.  Türkiyəyə gedənlər arasında  Məsud Əlioğlu xanımı Rəna ilə,  Süleyman Rüstəm xanımıyla, Rəsul Rza və həyat yoldaşı Nigar xanım və İsmayıl Şıxlı da var idi.  Həmin dövrdə Türkiyə çox kasıb idi. Əziz Nesin Bakıya – bizə gedib-gələrdi.  Bir dəfə bizə dedi ki, -” Mən sizin hamınızdan üzr istəyirəm. Mənim elə pulum yoxdur ki, sizə qonaqlıq verim. Ancaq xahiş edirəm, sözümü yerə salmayın. Gedək hərənizi bir bulku ilə çaya qonaq edim”.

Türkiyəyə gedəndə Orxan Gəncəbay bizi evinə qonaq çağırdı. Evləri çox böyük idi.  Otaq pərdə ilə iki yerə bölünmüşdü.  Otağın bir tərəfində Hitlerin vaxtında əsir düşmüş, Gəncədən, Qazaxdan olanlar var idi. Amma onların bizimlə görüşməyə ixtiyarları yox idi. İcazə vermirdilər. Otaqda çoxlu “çekist” var idi. Dedilər ki, kim qohum-əqrəbasını axtarırsa kağızda adını yazsın, biz göndərəcəyik, sizə cavab gələcək. Atamgil də 3-4 qardaş idi. Ordan cavab gəldi ki, əmim bizim olduğumuz otaqdadır.  Amma görüşməyə izin verilmədi. İsmayıl Şıxlı da dayısını tapdı. Dayısı Türkiyədə hərbi təyyarəçi idi. Belə anlar insana çox pis təsir edir. Öz yaxınını, doğmanı görmək istəyirsən, amma görə bilmirsən. Bircə Rəsul Rzanın xanımı Nigar xanıma,  qardaşı ilə görüşməyə icazə verdilər. O da Moskvadan icazə almışdı. Nigar xanımın orda 3 qardaşı var idi. İkisi rəhmətə getmiş, biri sağ qalmışdı. Hava limanında onlar görüşəndə ətrafdakı hər kəs kövrəldi.  Bacı-qardaş elə ağlayırdılar…

Türkiyədə 20 gün qaldıq. Qayıdanda Nigar xanımı qardaşı ötürəndə üzü-əli əsdi. Dedilər ki, iflic olacaq. Dərman verdilər, həkim çağırdılar. Ancaq heç bir şey baş vermədi. Həmin hadisədən sonra Nigar xanım Bakıya gələndə xəstəliyə tutuldu…

Səma Fuadqızı

Bax:http://senet.az/%C9%99ziz-nesin-az%C9%99rbaycan-yazicilarindan-uzr-ist%C9%99di

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.

I’m Emily

Welcome to Nook, my cozy corner of the internet dedicated to all things homemade and delightful. Here, I invite you to join me on a journey of creativity, craftsmanship, and all things handmade with a touch of love. Let’s get crafty!

Bağlantı