Sevgi gözəl bəladır

İnsan çox sirli məxluqdur: quruluşu ilə, inkişaf dövrləri, həyat tərzi ilə.. hər cəhəti ilə.

Çocuqkən ana südünü yeməsəydik, ölərdik, başa yeyəcəyimiz yox idi ki, lap yesə idik də gətirə biləcəyi fəsadları gözlər görməsin..

İməklədik, bir qədər keçdi : əllərimizi, dizimzi sürünməkdən götürdük və gəzmək öyrəndik. Daha sönra diş çıxardıq, qaşıq tutmğı öyrəndik… yazmaq öyrəndik, oxumaq öyrəndik..Öyrənə-öyrənə gəlib çıxdıq sevgiyə. Sevgini də öyrəndik. Ətrafımızda, qohum-qonşuda bu ittifaqın nə olduğunu anladan həm vizual , həm də içdə/başda düşünə bildiyimiz mənanı öyrəndik. Lap sonralar da “bir qız bir oğlanındır” devizini şüar edib asdıq sevgi dünyamızın ən görünən yerindən, tez-tez görüb, toxunub xatircəm olaq deyə.

Lap balaca yaşda da sevmişik və ya valideynlərimiz, ya da ətrafımızda məzhəkə qurmaq isəyən böyüklər belə deyiblər, oğlu olan ata qızı olana zarafat edib: qızı olan ata və ya ana da da zarafatla acıq qoyub ki, qızı vermərəm ha..

Belə deyə-deyə, edə-edə, nəhayət, sevgini bizə o qədər yaxınlaşdırıblar ki, heç deməyən kimi.. Amma biz ustadımıza kəm baxıb onlardan tez və daha moderncəsinə sevməyə başlamışıq.

Ədəbiyyat, sənət bu sevgini bizə elə aşılayıb ki, artıq həyatımızın bir dönəində qəti qərara gəlmişik ki, daha bundan sonra gözləyən deyilik. Ən çox da şairlər, musiqiçilər sevgi odumuzun üstünə daha da alışqan maddə püskürürlər. Evliliyə, evlilikdən sonra da sevgi həyatımıza sevgi rununu, dadını onlardan götürmüşük…

Ay Sonası, çay gətir mənimçün,

Qələndərəm, pay gətir mənimçün.

Bağ yeridir, qəndi çox işlətmərəm,

İstəyirsən say gətir mənimçün.

Və sair..və ilaxır… Düşünürdük ki, guya bütün sevgilər belə romantik olur, eynən belə olur və s. Həyətlərimizdə nar ağacının, tut ağacının altında yerimizi müəyyən etdik çox -çox əvvəlcədən.

Orta məktəbdə də “Leyli və Məcnun” sevgi abidəsi….

Tofiq Bayramın “Qadın ürəyi”, “Ay gecikən məhəbbətim” şeirləri o qədər isti hislər idi ki, hamını ovsunlamışdı. Tələsirdik ki, yəni şeirlər bizi o qədər kövrəltdi ki, tələm-tələsik sevdik ki, birinə sevgi bəxş edib yaşadaq…

Tofiq Bayram Allah rəhmət etsin…Tələbə olanda görmüşəm, institumuzda, küçədə və s. Qısa da olsa danışmaq imkanı da düşüb. Sevgi elə hiss ki, ulular demiş, əllri-ayaqları tikanından qana boyanmayalar, gülün ətrini dada bilməzlər. Sevgi yaçamayan, sevgi yaşatmayan kimsə lap Dünya Ali Şairlik Akademiyası bitirsə, sözlə qrafik təsvir yarada bilər, amma ki, eşqin özünü yarada bilməzlər. Ən azından, əgər sən bir ürəyə sevgi qoymursansa və yaxud bir qafadakı eşq havasını uçurub qovalayırsansa, bu eşq özünə lazım gəlsə bəs haradan olacaq?

Bu mənada Tofiq müəllimin hər iki şeiri sevənlər üçün, sevilənlər üçün, sevmək-sevilmək istəyənlər üçün çox həlim idi : hamını tovlaya bilirdi, yumşalda bilirdi, gözəlləçdirə bilirdi və s…

Amma nə olsun ki, ən çox odda yananlar da elə ən çox sevənlər olur.. Arzularınca yaşaya bilmirlər ki sevgilərini…

Sona kimi oxuya bilmirlər ki, məhəbbət nəğmələrini…

“Ana və Uşaq”

Tofiq Bayram – Ay gecikən məhəbbətim

Ay gecikən məhəbbətim.

İllər boyu səni gəzdim,

Ay gecikən məhəbbətim!

Sən yubandın, mən tələsdim,

Getdi gənclik təravətim,

Ay gecikən məhəbbətim!

Mən bir yanda sənə möhtac,

Sən bir yanda gəzdin əlac.

İki qəlbdə bir ehtiyac,

Övladıyıq bir həsrətin,

Ay gecikən məhəbbətim!

Saç ağartdım bu yollarda,

Harda idin, söylə harda?!

Bir yarpağam son baharda,

Saralıram yetim-yetim,

Ay gecikən məhəbbətim!

Sən əzabsan, ğöz yaşısan,

Bəxtimin son naxışısan,

Bəlkə tale qarğışısan,

Bəlkə də ilk səadətim,

Ay gecikən məhəbbətim!

Gəl ki, sənsiz ürək bir daş.

Poz qanunu, sədləri aş.

Sevə-sevə öləydim kaş,

Sən olaydın vəsiyyətim,

Ay gecikən məhəbbətim!

Bir könül var, əmanətdir,

Acısı da şirin dərddir.

Bir qadına xəyanətdir,

Bir gözələ sədaqətim,

Ay gecikən məhəbbətim!

Cəzan varsa, verən gəlsin,

Könlü hicran görən gəlsin.

Məcnun gəsin, Kərəm gəlsin,

Desin, nədir qəbahətim,

Ay gecikən məhəbbətim!

Bir xəstəyəm, əlacım sən,

Bir koram, əl ağacım sən,

Sən ol mənim son qismətim,

Ay gecikən məhəbbətim!

Qadın ürəyi

Necə rəhmlidir, necə amansız,

Necə mehribandır qadın ürəyi!

Sən onu sındırsan, bil ki, a qansız,

Ağlayan kamandır qadın ürəyi.

…Güldürsən, ömürlük səadətindir,

Söndürsən, yanmağı bir də çətindir.

O, əsl qayğının, məhəbbətindir,

Sevgisiz zindandır qadın ürəyi.

Daşı da əridər, daş da olar o,

Əriyib gözlərdə yaş da olar o.

Bahar da olar o, qış da olar o,

Damladır, ümmandır qadın ürəyi.

Onunla dünyadır sənə qəfəs də,

Onsuz heç yaşama bu torpaq üstə.

Sevən bir ürəyə axır nəfəsdə

Ən gözəl dərmandır qadın ürəyi.

Onu alçaldan da, ucaldan da biz,

Dərd verib, vədəsiz qocaldan da biz.

Qədrini biləndə bu cahanda biz,

Həmişə cavandır qadın ürəyi.

Bəzən gül tək solar acı bir sözdən,

Ağlayar xəlvəti, gülsə də üzdən.

Bəzən uşaq kimi bir ürəksizdən

Məhəbbət umandır qadın ürəyi.

Bir namərd əlindən zəhər içəndə,

Keçirər ömrünü o, yas içində.

Bəzən ən qiymətli libas içində,

Nalədir, fəğandır qadın ürəyi.

Sənsiz əl çəkərəm arzudan, kamdan,

Nə çıxar sevgisiz-sənsiz ilhamdan?

İncitsən, dözərəm, Tofiq Bayramdan

İncimə, amandır, qadın ürəyi!

Tofiq Bayramın həyat yoldaşı: “Kostyumunu birinə bağışlayardı, şarfını bir başqasına”

– Tofiqlə bir məktəbdə oxumuşuq. 1943-cü ildə Suraxanı rayonundakı Əmircan qəsəbəsində 97 nömrəli yeddillik məktəbə 1-ci sinfə getmişik. O, Şamil Salmanovla otururdu, mən Rəna adlı qızla. Ədəbiyyatşünas, professor Şamil Salmanov onun ən yaxın dostlarındandı, haqqında çoxsaylı məqalələr yazıb. Mən əvvəldən dəqiq elmləri, Tofiq humanitar elmləri sevirdi.

Əmircanda onillik məktəb yox idi deyə, 50-ci ildə gəldik Bülbülədəki 108 nömrəli məktəbə. 10 il sərasər bir məktəbə gedib- gəldik.

Tofiq orta məktəb illərindən şeir yazırdı, ən aktiv şagirdlərdəndi. Məktəbdə hamı ona şair kimi baxırdı. 8-ci sinifdə 15 hecalı “Ana” şeiri yazmışdı, bu şeirlə xeyli məşhurlaşmışdı. Çap olunan ilk şeiri isə “Çiçək” idi, 1953-cü ildə “Ədəbiyyat və incəsənət” qəzetində dərc olunmuşdu.

Düzünü desək, orta məktəbdə aramızda sevgi söhbəti olmamışdı. Meylimi oxumağa salmışdım. 10-cu sinfi qurtaranda attestat almaq ərəfəsində dedim, bir gün gedim şəhərə, Dövlət Universitetini gözlərimlə görüm. Elektrik qatarı məktəbin qabağından keçirdi, mindim ona, vağzalda düşdüm. Heç haranı tanımıram. Bir qadından soruşdum, məlum oldu ki, universitetin yaxınında yaşayır.

Vağzalın qarşısında 11 nömrəli tramvaya minib gəldim gül pavilyonun yanına – onda DİN- də orda yox idi, oralar boşluq idi. Passajda düşüb qadınla getdik. Qadın göstərdi, mən də gördüm yazılıb: “Sergey Mironoviç Kirov adına Azərbaycan Dövlət Universiteti”. Dövlət Universiteti onda indiki İqtisad Universitetinin binasında yerləşirdi.

Tofiq sinfin oğlanlarıyla – Şamillə, Xanəli ilə, sonra bir Tofiq də vardı, onunla həmişə biz qızların həndəvərində olardı. Mən hara gəlirdim o da ora yaxınlaşardı. Universiteti gözlərimlə görüb qayıdandan sonra səhər uşaqlara danışdım ki, bəs universiteti gedib tapmışam. Tofiq, mən, daha bir neçə sinif yoldaşı gəldik universitetə.

Mən fizika-riyaziyyat fakültəsinə, Tofiq universitetin kitabxanaçılığına sənəd verdi.

Kimya imtahanını verib çıxanda gördüm Tofiq məni gözləyir. “Aaa, bu, niyə gözləyir?” düşünürəm. Ürəyim əsir. Universitetdən çıxıb dayanacağa sarı gedirəm, onun ayaq tappıltıları eşidilir – o səslər hələ də qulağımdadı… Uzun müddət o, beləcə gəlib-getdi.

Söhbət eləyə-eləyə mindik tramvaya, düşdük vağzalda. Dedi, gedək dəniz qırağında gəzişək. Söhbətləşə-söhbətləşə gəldik Yazıçılar İttifaqının qarşısındakı bağa. Daha doğrusu, bilmirdim bura haradı, ancaq o, səkkizinci sinifdən bura gəlib-gedirdi. Yadımdadı bağda bir su budkası vardı, yanında da çinar ağacı. Orda bir az oturduq.

Hə, düzdü vağzaldan uzaqlaşmışdıq, amma dəniz kənarına getmədik. Mənə bir şeir oxudu, təxminən belə bitirdi: “Dərsimi bilməyəndə, ya dərsə gecikəndə, Hamıdan çox o qızdan utanıram”. Dedi, bilirsən o qız kimdi? O qız sənsən…

Avqustun 10-u, 1953-cü il idi. İş elə gətirdi Tofiq Pedaqoji İnstitutun tarixinə qəbul oldu, mən universitetin fizika-riyaziyyatına. O, ikinci növbədə oxuyurdu, mən birinci. Hər gün universitetin qabağında məni gözləyirdi. Hər dəfə bir şeir gətirirdi. Başa düşdüm nə demək istəyir. Dedim, yox, Tofiq, mən hələ ailə qurmaq istəmirəm, oxumaq istəyirəm.

Xəttim yaxşı olduğuna görə məni universitet qəzetinin redaktoru təyin etmişdilər, 3-cü kursun 1-ci semestrində gəldi girdi qəzetin redaksiyasına, dedi, Zərifə, nə eləsən də xeyri yoxdu, səndən əl çəkməyəcəm.

3-cü kursda oxuyanda evlənmək təklif elədi, evə elçilər göndərdi…

1956-cı ildə toy elədik. Ona görə universiteti qurtarmağı gözləmədik ki, elçilər gəldi, atasıgil eşitmişdi ki, məni istəyən çoxdu. Tofiq də ailənin birinci uşağı idi.

Sevdim-sevmədim? Nə bilim, məni şeirləriylə tilsimləmişdi.

Mühazirələri qucağımda uşaq oxuyub öyrənməyə başladım. Qiymətlər aşağı düşdü, bircə riyaziyyatdan “5” ala bilirdim. Müəllimlərimdən biri bir dəfə dedi, ay qızım, sən ki, əla oxuyurdun, nə oldu? Uşaqlardan biri dedi, o, indi ailəlidi, körpə saxlayır.

Üstəlik, Tofiqin şair dostları – Xəlil Rza, Məmməd Araz, Famil Mehdi, Rəfiq Zəka, İlyas Tapdıq tez-tez bizə qonaq gəlirdilər. Qayınatam həm qonaqpərvər, həm səxavətli, həm də qazanclıydı. Qəssab idi, amma görüb-götürmüş adamıydı. Öz ailəsini də dolandırırdı, oğlunun ailəsini də, qonağı da əskik olmurdu. Hamı universitetə geydiyim libasın tamaşasına dururdu.

Biləndə ki, bu gün Tofiqin şair dostları gələcək, səhər bir qoyunu kəsib asırdı. Şairlərin-yazıçıların arasında ən imkanlısı Tofiq idi. Rəhmətlik Məmməd Araz bizə gələndə deyirdi, iki gün supdan-borşdan canımız qurtardı, kabab yeyəcəyik.

Tofiq xaraktercə sözü üzə deyən adamıydı, cəsarətliydi. Həm də əliaçıq idi. Bir də görərdin əynindəki kostyumu çıxarıb kiməsə verdi, ya şərfini kiməsə bağışladı.

Tofiqin “Bakı” qəzetində “Ay anam Bakı” adlı bir şeiri çap olunmuşdu. Bakı Şəhər İcraiyyə Komitəsinin sədri Əliş Ləmbəranski Tofiqin həm atasıyla, həm də İslam əmisiylə çox yaxın idi. Bizə tez-tez gəlib gedirdi. Görürdü ki, həyətdə qoyun var, mal var. Həmin şeirin çapından sonra deyib, Tofiq, mən sənə həmin şeirə görə şəhərdə iki otaqlı ev verdirəcəm.

Doğrudan da, 2-3 ay sonra Montin qəsəbəsində Bağırov körpüsünün yanında iki otaqlı evin açarını bizə təqdim elədilər. 1961-ci il fevralın 7-də həmin evə köçdük.

Bir dəfə dedi, sabah Niyazigilə gedəsiyik, bizi ad gününə dəvət edib. 1962-ci il avqustun 20-si axşamı gəldik Niyazinin evinə. Büllur buynuz almışdım, suvenir. Üstünə də yazdırmışdım: “Maestro Niyaziyə ad günü münasibəti ilə”. Tofiqin də xoşuna gəldi. İçəri girdik ki, geniş salonda Fikrət Əmirov, Tofiq Quliyev, Şəmsi Bədəlbəyli, Şəfiqə Məmmədova, Əminə Dilbazi, Əminə xanımın yoldaşı Cövdət Hacıyev oturub… Məclis başladı, yemək-içmək. Əminə xanım oynadı, sonra Niyazi də, Həcər də, başqa qonaqlar da onlara qoşuldu. Tofiq oynamağı sevməzdi. Mənim də oynamağımı istəməzdi.

Evə gələndə, Tofiq dedi, Əffə, məclis xoşuna gəldi. Mənə uşaqların diliylə Əffə deyərdi. Dedim, məclis də yaxşıydı, adamlar da, sən də yaxşısan. Gülümsədi.

Hə, məclisdə Niyazi soruşdu ki, Tofiq, işləyirsən, dedi, yox. Niyazi qayıtdı ki, sabah gələrsən Opera və Balet Teatrına.

Gedər teatra, Niyazi deyər ki, mən səni bura ədəbi hissə müdiri təyin eləyirəm. Təsərrüfat müdirini çağırar ki, get mənim əmim Üzeyir Hacıbəyovun, Müslüm Maqomayevin otağını hazırla, bu cavan oğlan orda oturacaq. Tofiq danışırdı ki, əlimdən tutdu, gedək, yolda ayağım büdrədi. Niyazi də zarafat elədi ki, nə oldu, ay Tofiq?

Zeynəb Xanlarova da onda operaya gəlirdi – arıq, qarayanız qızıydı. Deyərdi, Tofiq, tamaşaya Zərifəni gətirmə. Niyə? Nə bilim…

Tofiq Zeynəb xanıma şeir də yazmışdı.

Opera Teatrından televiziyaya getdi, televiziyadan çıxdı gəldi “Ulduz” jurnalına. Ən uzun “Ədəbiyyat və incəsənət” qəzetində işlədi, düz 10 il.

Evdə dava-dalaş? Yox, olmazdı, məndən asılıydı. Onu qadınlar çox sevirdi. Tofiq gözəl danışan adamı çox sevərdi, həmçinin qadınları… Tofiq Bayramın “Ay gecikən məhəbbətim” adlı bir şeiri var. Bir dəfə bir qız yaxınlaşıb dedi ki, bu şeir mənə yazılıb… Cavabında qayıtdım ki, bu şeir konkret heç kəsə yazılmayıb, ümumi bir ovqatın məhsuludu. Belə sevgi şeirləri çoxdu. Onların hamısını qısqanmaq olardı?

Məktub da alırdı, gətirib göstərirdi də… Gizli işi sevmirdi. Hərdən deyirdi, biz unutmuşuq ailə həyatını, biz məktəb yoldaşıyıq. Bir şeiri var – “İlk sevgi məktubları”.

Necə doğmadı necə,

Elə bil görüşdəyəSevgilimlə gizlicə…

Onu oxuyanda həmişə ağlayıram. 50 yaşında yazıb – 1984-cü ildə. Əlbəttə, keçmişi dəqiq xatırlayıram. İndikilər qalmır yadımda…

Bir dəfə Sabir günlərində Şamaxıya gedibmiş, şairin məzarı uçulub-tökülürmüş. Bütün çıxışçılar təriflər deyir, boğazdan yuxarı danışırmış. Tofiqə söz veriləndə bədahətən iki misra deyir:

Sabirə bax, səbrə bax,

Şairə bax, qəbrə bax.

Ürəyi həmişə ağrıyardı. Mən gəlin gələndən. 55-ci ildə Əmircanda davada sinəsindən zərbə almışdı. Bir dəfə ürək həkiminə aparmışdıq, Tofiqi çoxdan tanıyırdı. Dedi, Tofiq, sən hələ sağsan? Həmişə valokardin içirdi, bu adda şeiri də vardı.

Bir dəfə televiziyada çıxış eləyəndə tanış qadınlardan biri diqqət eləmişdi, mənə dedi, Zərifə, sən Tofiqi həkimə apar, çünki danışanda tez-tez diliylə dodağını isladır. Ola bilsin şəkərdi. Tofiqə dedim, gedək həkimə. Razılaşdı, getdik – heç vaxt həkimə tək getməzdi. Məlum oldu ki, şəkəri 200-dən yuxarıdı. Tofiq qayıtdı ki, məndə heç nə yoxdu.

“Leçkomissiya”nın (indiki Mərkəzi Kliniki Xəstəxana) baş həkimi vardı, ondan xahiş elədim ki, Tofiqi ciddi xəstə olduğuna inandır. Dedi, Tofiq mənim dostumdu, götür gəl. Gəldik, baş həkim dedi, Tofiq, xəstəxanada 5-10 gün qal, o da qayıtdı ki, onda gərək Zərifə də mənimlə qala.

Artıq hiss elədi ki, şəkər ona güc gəlir…

Ölümündən 3-4 gün qabaq dedi, bu dünyada səndən vəfalı qadın görmədim. Sonra dili tutuldu.

Üzeyir Hacıbəyovun 100 illiyiydi, onda Bülbül adına musiqi məktəbində partkom işləyirdim. Paytaxtda tədbirlər qurtarandan sonra Şuşaya getməli olduq. Orda da tədbir keçirildi, Tofiq də şeir oxudu. Üzeyirin kiçik heykəlini tut ağacının altında qoymuşdular, heç silib-təmizləməmişdilər də… Tofiq hirslə vilayət partiya komitəsinin sədri Gevorkova dedi, Üzeyirin evinin qarşısı bomboşdu, heykəli tut ağacının altında qoymusuz.

Gevorkov nəm-nüm elədi, mızıldandı.

Nə isə, tədbirdən sonra ziyafət oldu, mərhum Heydər Əliyev də gələsiydi. Gevorkov zəng vurdu, Heydər Əliyev dedi ki, gələ bilməyəcək, gəlsə də gecikəcək.

Gevorkov Tofiqə söz verəndə uzun bir tərif elədi, arada “hörmətli qonaq” ifadəsini işlətdi. Tofiq sözə başlayanda hirslə qayıtdı ki, mən nə vaxtdan burda qonaq oldum? Mən burda qonaq deyiləm, bura mənim vətənimdi.

Tofiq Qarabağı çox sevirdi, hər il bizi ailəlikcə Şuşaya aparırdı. Tələbə yoldaşı rəhmətlik Sabirin evində qalırdıq. Məni bilmək olmaz, amma bəlkə nəvələrimə Qarabağı görmək qismət oldu… 

Müəllif: Qurban Yaquboğlu

Mənbə: http://www.teref.info/old/?cat=91&paged=6

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.

I’m Emily

Welcome to Nook, my cozy corner of the internet dedicated to all things homemade and delightful. Here, I invite you to join me on a journey of creativity, craftsmanship, and all things handmade with a touch of love. Let’s get crafty!

Bağlantı