Əxlaq və mənəviyyat

Müasir dünyamızdakı  ən əhəmiyyətli sosial-ictimai problemlərdən biri  ailə ittifaqının yaradılması və onun davamlılığı məsələsidir. 

Ailə cəmiyyət deməkdir, ailə  insan nəslinin  evlilik ənənələri əsasında  bir nəsildən o biri nəslə, bir əsrdən o biri əsrə ötürülməsi deməkdir. Ailə nə qədər sağlam təməllər əsasında qurularsa,  evliliyin sosial-psixoloji  dini  və  bioloji tərəfləri  nə qədər gözlənilərsə,  qurulan ailələr də o qədər sədaqətli və uzunömürlü olar. Təəssüflə qeyd etmək lazımdır ki, get-gedə  ailəliyin  cövhərinə yad,  bir az da kobud desək, eybəcər xüsusiyyətlər əlavə edilməkdədir.

Məsələn, azyaşlı qızların ərə verilməsi,   həddi-büluğa çatmayan oğlan uşaqlarının  erkən evləndirilməsi, yaşlı kişilərin  öz  uşaqlarından, hətta nəvələrindən kiçik qızla evlənmələri  bu cür problemlərdəndir.

Dövlət tərəfindən ailə evliliyinin müddəti qanunla  qızlar üçün 17, oğlanlar üçün 18 yaş müəyyən edilib. Amma hələ də Azərbaycanın qərb rayonlarında azyaşlı qızların ərə verilməsi halları  haqqında xəbərlər mövcuddur. Bu rayonların  bir çox məktəblərində 14-15 yaşlarında qızlar məktəbə getmirlər: ya ərə verilib, ya da nişanlandıqları üçün   valideynləri tərəfindən təhsillərini davam etdirməyə icazə verilmir.

Doğrudur, bizim ölkəmizdə belə problemlər  kütləvi deyil,  hər gün eşitdiyimiz rast gəldiyimiz məsələlər deyil, fəqət, az da olsa rast gəlinir və buna qarşı  hər birimiz  narahat olmalı,  gücümüz çatan maarifləndirmə işlərində  fəaliyyətimizi davam etdirməliyik. Bizim qonşu ölkərin həyatından eşitdiyimiz, oxuduğumuz  məlumatlar əsasında yazdığımız bu məqalənin   məqsədi də   bu cür atmağa meyilli olan valideynlərə təsir edə bilməkdir. Qızlaımızı gələcək  karyeralarını uğurla qura bilmək üçün oxumağa həvəsləndirməkdir. 

Türk saytlarının birində yazılmışdı ki, xüsusilə Şərq və Cənub-Şərqi Anadolu bölgəsində azyaşlı qızlar min və ya iki min dollar qarşılığında, 40, 50 və 60 yaşlarındakı kişilərə ərə verilir. Türkiyə qanunları  erkən evlilikləri qadağan etsə də,  belə acınacaqlı hallara  hələ də rast gəlinir.

2000-ci ildə dünya üzrə aparılan   arşdırma  zamanı məlum olmuşdur ki, 15-19 yaşlı qızlar  asında evlənmə nisbəti Kanadada 0.6 %, İngiltərədə  1.7 %, Almaniyada 1.2 %, ABŞ-da 3.9 %  olmuşdur. Uşaq gəlinlərə ən yüksək nisbətdə rast gəlinən Qərb-Şərq-Orta Afrika ölkələrində və Cənubi Asiyada nisbətlər çox yüksək səviyyəyə çatmışdır: Nigeriyada 61.9%, Konqo Demokratik Respublikasında 74.2%, Əfqanıstanda 53.7%, Bangladeşdə 51.3 %, Türkiyədə   isə 15.5%.

Zəif  inkişaf etmiş ölkələrdəki yoxsul ailələr  yoxsulluqlarını azaltmaq üçün hələ  oynayacaqları ilə uşaqlıq həyatlarını yaşayan  qız uşaqlarını, atası hətta babası yaşdakı adamlara ərə verirlər. Bəla bir də  ondadır ki, əksər hallarda  bu uşaqlar  yaşlı adamların ikinci və ya üçüncü həyat yoldaşı olurlar.  Bu yaşda qızcığazın  vaxtından əvvəl izdivaca girməyə məcbur edilməsi, özü uşaqkən dünyaya uşaq gətirməsi  bir yana, onlar ərlərinin 1-ci, 2-ci arvadları tərəfindən ev işləri görməyə, onlara qulluq etməyə məcbur edilir, fiziki təzyiqlərə məruz qalırlar. Bu  cür çocuq  analar bəzən  cana doyaraq həyatlarına qəsd edirlər. 

Belə evliliklər heç bir əndazəyə sığmır. Belə evliliklər tibbi-psixoloji baxımdan da  anormal haldır və  əxlaqsızlığın, fahişəliyin yaranmasına  da səbəb ola bilir.  60-70 yaşında  bir “kişi” 10-15 yaşlarında bir qız  alırsa, 3-5 ildən sonra nə olacaq?

Beynəlxalq qanunlar, Uşaq Hüquqları Konvensiyası  belə evlilikləri “uşaq evliliyi”, ərə gedən  qız uşaqlarını da “uşaq gəlin”  kimi  diqqətə çəkir və bu cür evliliklərin əleyhinədir.  Amma nə edəsən ki, bunu  dövlət qanunları ilə deyil, dini nikahla  reallaşdırırlar.

  Amma  bu evliliyi edənlər də,  ona  razı olanlar da  unutmamalıdırlar ki, onlar öz  qızlarının həm sağlamlıq, həm də  təhsil olmaq üzrə bir çox hüquqları əllərindən almaqla  qanunların ziddinə getmiş, övladlarının  səadətini isə əbədilik  məhv etmişlər. Çünki onlar öz qızlarını  fiziki, bioloji və psixoloji inkişaflarını tamamlamadan erkən evliliyə məcbur etmiş, nəticədə müasir tibbi üsullardan uzaq bir şəraitdə çoxlu  uşaq doğmağa məhkum edilmişlər.Buna  köləlikdən başqa daha hansı ad vermək olar?  Bəzən belə uşaq analar  elə  doğum   zamanı da həyatlarını itirirlər.

Təhsilləri yarıda kəsilmiş, nəticədə özü də cahil qalmış bu  çocuq analar  cəmiyyət üçün  şüurlu, yaxşı təhsil görmüş övladlar yetişdirə bilərmi? Onlar ömürləri boyu sarsıntı keçirir və həyatlarının sonuna kimi ictimai həyata inteqrasiya oluna bilmirlər.

 Bu cür evlilikləri bir tərəfdən iqtisadi çətinlik doğurursa, bir sıra digər səbəblər də vardır.Məsələn, el arasında “beşikkəsmə” adlandırılan  ənənəyə uyğun olaraq qızlarını yaşı çatar-çatmaz ərə verirlər. Bəzən ailə mülkünün dağılmaması və ya  yad əlinə keçməməsi üçün də çox yaxın qohumlar arasında erkən evlənmələr müşahidə olunur.

Bir sıra hallarda  erkən evliliklər tərəflərin öz razılığı ilə olur. Məsələn,  düzgün tərbiyə   hüdudları olmayan ailələrdə qız uşaqlarının təcavüzə uğraması, qaçma və ya qaçırılma kimi vəziyyətlərdə də erkən yaşda evliliklər  qaçılmaz olur: zorla  evlənməyə məcbur edirlər.

 Bəzən də ata evində   dolanışıq sıxıntısı keçirən   qız uşağı olur ki, daha rahat bir həyat və zəngin yoldaş xəyalı ilə könüllü evliliyə razı olur: yeni yuvada uyğunlaşmanın ona rahatlıq gətirəcəyinə ümid edirlər. Çünki öz evlərində oğlanlara ondan  daha üstün baxıldığını, ailənin imkanlarının yalnız  evin oğlan uşağına sərf edildiyini görüb öz doğma ocaqlarından küsür, necə olursa-olsun, buradan uzaqlaşmağa qərar verirlər.

Hansı səbəblərdən olmasından asılı olmayaraq, istər azyaşlı qızların erkən ərə verilmiş, istərsə də  həddi-büluğa çatmyan oğlan uşaqlarının evləndirilməsi nə tərəflərin özünə, nə də  cəmiyyətə  fayda gətirmir, əksinə, yeni sosial bəlalara yol açılmış olur.

İnsan sivilizasiyası mövcud olandan  əks tərəflərin –  kişilərin qadına, qadınların kişilərə meyil etməsi, bir-birlərinə könül verməsi, bir-birlərinə ehtiyac duyması və bu  ehtiyac əsasında  ailə ittifaqı yaratması  həyat qanunu olmuşdur. Bu qanun öz-özünə, kor-koranə yaranmayıb. Cəmiyyətin,  oğul evləndirən, qız köçürən  ailələrin   evlilik həyatı üçün   hüquqi, mənəvi, əxlaqi qayda-qanunları olub. Deyək ki,  hansısa    təsadüfi hadisədən, qəzadan ailə həyatı pozulmuş insanlar olub. Heç kim, heç nə onların tənha yaşamasını istəmir və yaxud da kimsə fikirləşmir ki, onlar evlənməməlidir. Fəqət,  50-60 yaşlı kişinin pulu var deyə 10-15 yaşında qızla evlənməsi, eləcə də    həyat yoldaşı ola-ola üstünə qızı yaşında bir  qız da alması insanlıq üçün utancdır, qadına qarşı   qeyri-insani yanaşmadır. 

 8-10 yaşlarından başlamış nikah yaşına qədər olan qızlar hələ uşaqdır.

    Həkimlərin, ailə planlaşdırılması ilə məşğul olan mütəxəssislərin fikirlərinə görə bu yaşlardakı  qızlar cinsi inkişaflarını  hələ tamamlamamış olurlar. 

Odur ki,  bu yaşlarda evlənən qızlarda  hamilə qala bilməmə, yarımçıq hamiləlik, rəhm xərçəngi kimi xəstəliklər müşahidə olunur. Cinsi əlaqəyə girməyə bioloji olaraq hazır olmayan qızlar  hələ evlilik həyatına  hazır olmadığından onları   vaxtından əvvəl cinsi hərəkətlərə  sövq etmək bir sıra genital   xəstəliklərə yol açmaqla yanaşı,  bəzi  psixoloji xəstəliklərin meydana gəlməsinə də səbəb ola bilər.

    Zorla ərə verilən və yaxud tərəflərin razılığı ilə  baş tutan  evliliklərin  baş qərəmanları – məsum çocuqlara böyük rollar verilir, yaş isə kiçik. Onlar bu yaşda şüurca, psixoloji cəhətcə çox şey bilmirlər, hətta özlərinin nə etiyini bilmirlər. Həyat, insalıq üçün  ta sona kimi  göz yaşları, faciələrlə müşayiət olunan  belə “tamaşa”ların müəllifləri, rejissorları  unudurlar ki, fərqində deyillər ki,  onların  yaratdığı  “tamaşalar”ın taragikomik qəhrəmanları:

– sanki bir əmtəə,  mal kimi satılır,

 – ailə içində onların heç bir zaman söz haqqı olmur,

– ömürlərinin sonuna kimi onlara  verilən vəzifələri edir,

–  vaxtından qabaq  yaşlanır,  bir sıra xəstəliklərə tuş gəlir,

özünü bir qul kimi hiss edir, psixoloji və fiziki inkişafları qüsurlu olur, sağlamlıqları daim  pozulur,

– təhsil və mədəni səviyyələri yarımçıq qalır,

– erkən yaşda hamilə qalma səbəbindən dünyaya gətirəcəkləri uşağın ölüm riski 3 dəfə  artır  və sair, və sair. Elə isə  dünyaya  neçə-neçə arzularla övlad gətirən  ata-analar,     övladlarınızın taleyinə sahib şıxın, onu qorumağı bacarın.  Övladlarımız sevə bilsək, qoruya bilsək, bizim ömrü boyu dadacağımız şirinlikdir. Qoruya bilməsək, sahib çıxa bilməsək, əbədilik göz yaşlarımız. Yox, səhv etdim “əbədilik göz yaşları” sözlərinin   ifadə etdiyi mənaları anlaya bilən ata-ana  heç vaxt  bu cür addım atmaz.Unutmayın ki, qız uşaqları  həm də Allah tərəfindən bizə əmanət edilmiş varlıqdır. Onun   elə ocağa   qismət olmasına çalışın ki, hər gördüyünüzdə bəxtiyar olduğunu  elə üzündən, gözündən də hiss edəsiniz.

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.

I’m Emily

Welcome to Nook, my cozy corner of the internet dedicated to all things homemade and delightful. Here, I invite you to join me on a journey of creativity, craftsmanship, and all things handmade with a touch of love. Let’s get crafty!

Bağlantı