Fotoqalereya

Nüsrət Kəsəmənlidən iki şeir
Mənə bir az ondan danış
Mənə biraz ondan danış
Az da olsa yaşat məni
Çox dolmuşam için-için
Bir az ağlat,boşalt məni.
Yaman sıxır həyat məni.
*****
Mənə biraz ondan danış
Duruşundan,yerişindən
Şirin-şirin gülüşündən,
Gəlişindən,gedişindən
Bacardıqca hər işindən
Nə bilirsən axır,çalış,
Mənə biraz ondan danış.
*****
Başını necə qatmağından.
İstəyinə çatmağından
Hər gün bir az öldüyümdə
Gecə rahat yatmağından,
Məni necə atmağından.
*****
Mənə biraz ondan danış
Söylə neynir can yoldaşım?
Qisqanclıqdan coşum,daşım.
Qoy lap quru söznənsə də
Özümü itirim çaşım
Ona yenə yaxınlaşım.
*****
Mənə biraz ondan danış.
Danış,təbim dilə gəlsin
Hər bir sözün bağrım dəlsin.
Qoy içkisiz, qoy içmədən
Ruhum biraz məzələnsin
*****
Xatirələr təzələnsin…
Mənə biraz ondan danış
Qaytar mənə xatir məni
Qaytar mənə gətir məni
Al onsuz bir gələcəkdən
Keçmişimdə itir məni
Danışdıqca bitir məni.
*****
Mənə biraz ondan danış
Hicran pozub düzənimi
Sarıb şeir qəzəlimi
De ki, təsəllim öpməkdir
Ondan Yazan öz elimi.
Görərsənsə gözəlimi…
Onabiraz məndən danış…
Nə biləydik
Nə biləydik bu sevginin sonu yox,
Nə biləydik dünya belə dönəcək.
Nə biləydik sevgi adlı bu qonaq
İkimizin aramızda öləcək…
*****
Ulu sevgi göydən yerə endimi,
Nə dayandı yolumuzun üstündə?
Bu məhəbbət soyuduqca sən demə
Can verərmiş qolumuzun üstündə.
*****
Hər görüşə sürünürdü ayaqlar…
O çəmənlər – bir baharlıq səməni.
Dodaqları yandıranda dodaqlar
Ürəyimiz üşüyürmüş deməli.
*****
Əyləncələr qoymadı ki göz açaq;
Hər istəyi biz beləcə bitirdik.
Payız gəldi toy-bayramla, biz ancaq
Yarpaq-yarpaq günümüzü itirdik.
*****
Şirin oldu yalanların zəhəri,
Həqiqəti gizləmişik həmişə.
Sevgililər oyaq açdı səhəri.
Biz axşamı gözləmişik həmişə…
*****
Yuxu gördük… gah qorxulu, gah da şən,
Boğdu bizi tərəddüdülər axarı.
Yuxularda əllər gördük birləşən,
Nə yozduqsa hicran oldu axırı…
*****
Nə biləydik bu sevginin sonu yox,
Nə biləydik dünya belə dönəcək.
Nə biləydik sevgi adlı bu qonaq
Üzümüzə baxa-baxa öləcək…














Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.