Əxlaq və mənəviyyat

Ruhən, qəlbən bu xalqa bağlı olan hər bir kəsin yaşadıqlarına, görüb-götürdüklərinə rəğmən çıxardığı nəticə budur ki, ayrı-ayrı insanların həyatdakı davranışları, mövqeləri cəmiyyətin hədəfləri ilə nizamlansa da, əslində, daha çox onların əsl-nəcabətləri ilə, özlərinin səviyyələri ilə bağlıdır.
İnsan intellektual və mədəni olmalıdır, oturuşu-duruşu gözəl olmalıdır, ədəb-ərkanı gözəl olmalıdır. Uğurlu və xoşbəxt ailənin gözəllik düsturu budur. Əbəs yerə deməyiblər ki, gözəl üzdən 40 gün doyarsan, gözəl xasiyyətli can sirdaşından isə 40 il belə doymazsan…
Mən demirəm ki, qızlarımzı , “Daş və Çiçək” hind filmində xatırlayırsınızsa, burnu əyri, gözü çəp Şantiyə və yaxud “Bir qalanın sirri” filmindəki Göygöz kosa kimi birisinə versinlər. Və yaxud baxanda qızların ürəyinə xal süşən bir gəncimizə heç ona yaraşmayan birini alsınlar. Əslində, bu yanaşma da ədalətli deyil. Onda anadan kor doğulmuş qız və ya oğlan sevə bilməzmi: sevər, hətta bizim hərbirimizə bir sevgi nümunəsi də göstərərlər.
Kiməsə xoşbəxtlik, səadət arzulamasan, özün xoş günə çata bilməzsən. Biz böyüklər, ziyalılar, ailə, həyat təcrübəsi olanlar bu kimi məsələlərə münasibət bildirməliyik.
Hər dövrdə, formasiyada qadın, ailə məsələsi insanları düşündürən ilk məsələlərdən biri olub. Amma yanaşmalar da müxtəlif olub. Son 70–80 ilə qədər Azərbaycan qadının social-mədəni inkişafı, qadınlıq haqqı bugünkü kimi olmayıb.

M.Ə.Sabirin məşhur “Qoyma, gəldi!” satirasını orta məktəbdən hamımız bilirik:
….Оl gün ki, adaxladız, utandım,
Оğlandı, dеdiz, ərin, inandım,
Ər bоylə оlurmuş?! Indi qandım;
Xandоstu, amandı, qоyma, gəldi!
Kirdarı yamandı, qоyma, gəldi!
Dudkеş kimi bir papaq başında,
Ağ tükləri bəllidir qaşında,
Gərçi qоcadır – babam yaşında,
Amma sоrağandı , qоyma, gəldi!
Kirdarı yamandı, qоyma, gəldi!
İyrənmişəm ağzının suyundan,
Qətran qоxusu gəlir buyundan,
Lap dоğrusu qоrxmuşam xuyundan,
Bir əfi ilandı, qоyma, gəldi!
Kirdarı yamandı, qоyma, gəldi!
Və yaxud:
“Zeynəb indi bu saat qalmışdı iki divarın arasında: biri o tərəfdən sıxırdı, biri də bu tərəfdən. Nə qədər çalışırdı bu iki divarın arasından bir tövr ilə, bir fənn ilə çıxıb qaçsın, əsla mümkün olmurdu. Bu divarların biri Xudayar bəyə getməkdi, biri də getməməkdi.
Xudayar bəyə getmək fikri Zeynəbi o cəhətə divar kimi sıxırdı ki, Zeynəb Xudayar bəydən elə irgənirdi, necə ki, insan qurbağadan irgənər. Pəs necə ki, insana qurbağanı elə alıb qoynuna qatmaq nagüvara gələr, elə də, bəlkə bundan artıq, Zeynəbə Xudayar bəyin iri burnuna və kifir sifətinə baxıb, ona ər demək nagüvara və naxoş görünürdü…”
Tanış gəlirsə, bu səhnələr də böyük ədibimiz Cəlil Məmmədquluzadənin “Danabaş kəndinin əhvalatları” əsərindəndir.
Bizim qadınların 70-80 il öncə qadınlıq nəsibi belə idi. Zeynəb tək biçarələrdən biri deyildi. Azərbaycanda Danabaş kəndi kimi kəndlər çox idi, Zeynəbkimi biçarələr də çox idİ. Onların taleyi göz yaşları içində keçirdi. Əri Kərbəlayı Heydərin sağlığında – 12 il bundan qabaq Zeynəbin adı o mahalda gözəllikdə tək idi. İndi əri öləndən sonra ağlamaqdan, qara geyinməkdən belə hala düşmüşdü. Buna baxmayaraq, amma yenə Xudayar bəy kimi ağzının suyunu yığa bilməyən, əyin-başından qətran qorxusu gələn , qurbağadqan iyrənilən kimi iyrənilən yekəsaqqal kişilər qollarının, pullarının zoruna qadınlara, qızları, nəvələri yaşda qızlara tamah salırdılar.
Xudayar bəy Zeynəbə əvvəllərdə elçi göndərmişdi. Amma Zeynəb Xudayar bəyin elçisinə cavab vermişdi ki, qoy Xudayar bəy anqırsın tayını tapsın; Zeynəb onun tayı deyil, onu qapısında heç nökər də saxlamaz. Siz fikir verin, belə bir nadürüst zor gücünə Zeynəbi gətirib arvad etmək istəyirdi.
Hər iki nümunəni ona görə çəkdim ki, fikrimi izah edə bilim.
Artıq o dövr deyil: intibaha gedən insan cəmiyyəti qadına, qadınlığa millətin, xalqın gələcəyi kimi baxır. Eybəcər təzahürlər şüurlarda müəyyən qədər qalsa da (bu da nadanlıqdan, hüququnu anlamamaqdan, bəzən də insanın öz taleyinə laqeyd yanaşmasından irəli gəlir), bu gün istər qızlarımızın, istər oğlanlarımızın xoşbəxt ola bilməməsi üçün elə bir ciddi maneə yoxdur. Sadəcə, qızlarımızın da, oğlanlarımızın da seçimi mükəmməl olmalıdır.
Təxminən keçən əsrin 60-70-ci illərinə qədər Azərbaycan həyatı üçün evlilik-ailə məsələləri bugünki kimi olmayıb. Ailənin övladı həddi-büluğa çatanda, nəsli davam etdirmək üçün, həyət bacada gəlin olması üçün ata-analar övladlarını evləndirərdilər. O illərdə mən 1 ailə xatırlamıram ki, toy edib gəlini ayrı, təzə həyətə gətirib. Müəyyən vaxt keçəndən sonra, əlbəttə ki, ailə toplaşıb yeni evlənən gənc ailəni ayrıca təsərrüfat edirdilər. Bu cür evliliklər üçün vacib şərtlər oğlanı və ya qızın sağlam olması, həddi-büluğa çatması, bir peşə sahibi olması, çörək qazana bilməsi idi: arvadbaz olmasın, içki düşkünü, qumarbaz olmasın, ailəcanlı olsun və s. Və bu keyfiyyətlər də daha çox ağayana ailələrdə, əvvəldə qeyd etdiyum kimi, ədəb-ərkanlı, soy-köklü ailələrdə olurdu. Əsl-nəcabətli ailələrdə olurdu.
Daha bu gün restoranlara, mağazalara işçi axtaranda elanlarında yazdıqları kimi, “boyu belə osun, çəkisi bu olsun” və s düşünməzdilər. Bunların ailə səadəti üçün bir qəpiklik önəmi yox idi. Artıq 60-70-ci illərdən başlayaraq həyat dəyişir, düşüncələr dəyişir, bu da məişət adət-ənələrdində öz əksini tapırdı: təhsilli olsun, ayrıca evi olsun, maşını olsun, imkanlı ailənin qızı/oğlu olsun, gözəl olsun və s… Əlbəttə ki, bunlar insan həyatı üçün zəruri keyfiyyətlərdir. Bu xalqın çox mükəmməl sevgi ənənənələri var, ailə əxlaqı var. Onda sevgi, eşq dərəcəsi heç vaxt ölçü, məqsəd olmurdu. Məgır eşq qol-boy küçələri-parkları gəzməkmi, istirahət məkanlarında sayrışan işıqların eybəcər musiqilərin gurultusu altında siluetlərini əcaib hala salmaqmı, nikah kəsilmədən bir yerdə qalmaqmı( nə olsun bir-birlərini sevirlər, nişanlıdırlar)? Onda yox idi belə düşünmək. Ailə üçün , əsl sevgi üçün bunlar heç gərək də deyildi. Qız ailəsini də, oğlan ailəsini də düşündürən bu idi ki, oğlan ağıllı olsun, pis vərdişləri olmasın, əlinin sənəti olsun, evi olsun və s. Məgər pisdirmi?

Bütün qız ailələri məhz övladlarını belə ailələrin oğluna vermək istəyirlər. Razılığa gəlməyən, ipə-spa yatmayan etiraz edən qızlar o qızlar olurdu ki, onlar ailə ittifaqının məğzini, mahiyyətini yox, onun daha çox macəralı tərəflərini xəyallarında bayraq edirdilər, belə oğlanlar da vardı, əlbəttə. Onda ana qızna öyüd-nəsihət verir, lap
“Leyli və Məcnun”dakı kimi:
…Key şux! Nədir bu göftgulər,
Qılmaq sənə tənə eybculər?
Nəyçün özünə ziyan edirsən?
Yaxşı adını yaman edirsən? ….
Və ana sonda da gəlirdi əsas məqsədin üstünə ki, uşaq olma, ağlını yığ başına. Ağıllı uşaqdır, evin tək oğludur, yaxşı həyət-bacaları var, əlinin sənəti var. Kişi bir az meymundan fərqli oldu bəsdir. Yəni, səni xoşbəxt edəcək şərt gedəcəyin adamın yaraşığı, boy-buxunu, sərvəti deyil, onun xasiyyətidir, ağıllı olmasıdır. Zahirın yaraşıqlı və qurum-qaydalı olanların problemləri də çox olur.
Yəni, fikrin məna siqlətini bu vacibatda incələmək lazımdır. Ulular ailə üçün, evlilik üçün ağıl-kamalı, sənəti, ürək genişliyini, könül xoşluğunu ölçü qoyublar. Sifətdən də gözəlini də olar , lap yaxçı, boylu-buxunlu da almaq olar, lap yaxşı. Amma sonuncular olub, ağıl-kamal, peşə omayanda 90 faiz hallarda valideynər, daha çox atalar bu qohumluğu inkar ediblər. 10 faizində qızlar analarla birləşib, proletar ataya üstün gəliblər.
İnsan ömrü çox qısadır. Onun sevgi payını qətrəsinə qədər dadaraq yaşamaq lazımdır, qarşılıqlı, könül xoşluğu ilə yaşamaq lazımdır.
Bu da hamımızın arzusu, mənim arzum:
İnsafdırmı yaxşı ata yaxşını,
Yaxşı gərək yaxşı tuta yaxşını.
Bir arzum var, yaşı tapa yaxşını,
İki könül bir-birinə tay ola…

Son

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.