Fotoqalereya

Bəhruz Zabit oğlu Abuşov 1983-cü il iyunun 18-də Qəbələnin Nohurqışlaq kəndində anadan olub. 1989-2000-ci illərdə Nohurqışlaq kənd tam orta məktəbində təhsil alıb. 2000-2004-cü illərdə isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) peşəkar hərbi biliklərə yiyələnib.
Xüsusi Təyinatlı Qüvvələrin mayoru olan Abuşov 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi zamanı Cəbrayıl, Hadrut və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. O, noyabrın 8-də Şuşa istiqamətində şəhid olub. Qəbələdə torpağa tapşırılıb.
Özündən sonra yeddiyaşlı oğlu və üçyaşlı qızını Vətənə əmanət qoyub.
Xidməti fəaliyyəti “Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)” yubileyi , “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)” yubileyi, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)” yubileyi , “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001)” yubiley medalı, “Qüsursuz xidmətə görə” 2 və 3-cü dərəcəli medalları, həmçinin “Vətən uğrunda” , “Cəbrayılın azad olunmasına görə” , “Şuşanın azad olunmasına görə” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib.
Bəhruz 2020-ci il sentyabrın 27-də Vətən Müharibəsi başlayandan ön sıralarda döyüşməyə başlayıb. İlk döyüş yerləri Murovdağ silsiləsi olub. Sonra Cəbrayıl, Hadrut qəsəbəsi, Tuğ, Azıx mağarası, Böyüktağlar kəndləri, Çanaqçı, Zərdanaşen, Mədətlər, Sığınaq kəndləri, Daşaltı və Şuşada döyüşüblər. 2020-ci ilin oktyabrında müharibə zamanı polkovnik-leytenant rütbəsi alıb.
Bəhruz Vətən müharibəsində ciddi yaralansa da, hospitalda cəmi 2-3 gün qalıb, yenidən döyüş bölgəsinə qayıdıb. Hərbçi yoldaşları təkidlə ona “sağalmadan döyüş meydanına qayıtma” desələr də o, “mən əsgərlərimi və zabit yoldaşlarımı orada tək qoya bilmərəm” , – deyə cavab verib.
Döyüş yoldaşları Şuşadakı xüsusi şücaətinə görə Bəhruza “Şuşa qartalı” adı veriblər”.
Eltun Abuşovun sözlərinə görə Azərbaycan Ordusunun şəhid zabiti səcdə formasında şəhadətə ucalıb: “Şuşa tamamilə azad olunduqdan sonra ermənilər yenidən ordu yığaraq, Şuşanı geri qaytarmaq üçün Laçın istiqamətindən ağır artilleriya ilə hücuma keçmək istəyiblər. Amma Bəhruz və onun silahdaşları həmin dəstəni darmadağın ediblər. Hücum sırasında Bəhruzgil yüksəklikdə olub. Döyüş tamamilə bitdikdən sonra ya komandir ya da yoldaşlarından kimsə uşaqlara tapşırıb ki, “gedin Bəhruza deyin, hər şey bitib, düşmən tamamilə məhv edilib, qayıdıb gəlsin”. Amma əsgərlər ona yaxınlaşanda görüblər ki, Bəhruz sanki səcdə edirmiş kimi yerdə qalıb, şəhid olub.
















Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.