Nostalji

Мənsur Həsənzadə – Necə sevgiliyəm???
Saçına sıgal çəkib, telini duymuramsa,
Barmagına toxunub, əlini duymuramsa,
Dodagını, dişini, dilini duymuramsa,
Necə sevgiliyəm mən?

Hərdən dəyib xətrinə , küsdürə bilmirəmsə,
Dodagını turşudub, büzdürə bilmirəmsə,
Görüş üçün canını üzdürə bilmirəmsə,
Necə sevgiliyəm mən?

Bu canım gündə yüz yol ölüb dirilməyirsə,
Sən aglasan aglayıb, güləndə gülməyirsə,
Vüsal vaxtı ürəyim partlaya bilməyirsə,
Necə sevgiliyəm mən?

Canıma od salanım səbrimi kəsməyirsə,
Canım canana dogru hər an tələsməyirsə,
Gözlərinə baxanda ürəyi əsməyirsə,
Necə sevgiliyəm mən?

Üşüməyib qışında, yayında yanmadımsa,
Sənin xəyallarında, başda dayanmadımsa,
Sən məni düşünəndə, mən səni anmadımsa-
Necə sevgiliyəm mən?

Mən sənin dodagında cücərib bitmədimsə,
Bal dilində dolaşıb, qəlbinə getmədimsə,
Bu qocaman yaşımda uşaqlıq etmədimsə)-
Necə sevgiliyəm mən?

Ruhunda mən yoxamsa, canında deyiləmsə,
Sənin hər dəqiqəndə, anında deyiləmsə,
Mənsur deyər, bu anda yanında deyiləmsə-
Necə sevgiliyəm mən?











Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.