Mövqe

Bəli, məktəb tək bilik vermir, o həm də öz ədəbiyyatını, tarixini mükəmməl bilən kamil şəxsiyyətlər yetişdirir. Əgər dünyaya göz açan uşağın körpələr evinə, bağçaya, məktəbə qəbulu hədiyyə, rüşvətlə başlayırsa, bu hədiyyə bu uşaqlar üçün müəyyən imtiyazlar yaradırsa, onda eybəcər hal həmin uşaqların, uşaqların mənsub olduğu ailənin əlac yolunu həmişə hədiyyə, rüşvət verməyə meyilli edəcək. Hədiyyə və ya rüşvət hesabına maddi durumunu yaxşılaşdıran məmur isə ümumi ideallara deyil, öz şəxsi maraqlarına xidmət edəcək.

Məktəb bilavasitə cəmiyyyətin gələcək vətəndaşlarının sosiallaşdığı yer olduğu üçün
o nəinki uşaqlar, eləcə də müəllimlər və cəmiyyət üçün də etalon olmalıdır.
Məktəblərdə bayramlarda, müəllimlərin ad günlərində hədiyyə adı ilə , həmçinin təmir adı ilə pul toplanması kimi hallar əsasən, sovet sistemi dağlandan sonra meydana çıxmışdır. Mən orta məktəbi kənd məktəbində oxumuşam və sonralar bir müddət oxuduğum məktəbdə işləmişəm də. Birmənalı olaraq, belə halı heç vaxt görmədim və yaxud eşitmədim.İrad tutula biləcək bircə o idi ki, uşaqlar imtahanlarda müəllimlərə çay süfrəsi üçün evdən samovar və yaxud termos, bir qab mürəbbə, bir qab da konfet gətirirdilər. Onda indiki kimi məktəblərdə bufet yox idi. Bu, yolçuya bir parç su vermək kimi bir xeyirxahlıq idi.
Rüşvət də, hədiyyə də məqsədsiz verilmir. O vaxt nə şagirdin təmənnalı məqsədi vardı, nə də müəllimin. Dərsdən yayınmaq halları da ola bilməzdi. Amma bu gün obyektiv araşdırma aparsalar, eləcə də böyük şəhər məktəblərində, təkcə bir məktəb üzrə buraxılmış dərslərin cəmi o vaxt bir rayonun bütün məktəblərində buraxılmış dərslərin cəmindən çox olar. Təbii ki, buraxılmış həmin dərs saatlarının qayıbları jurnalda qeyd olunmur. Bunlara isə həmin hədiyyələrin, rüşvətlərin hesabına göz yumulur.
Şagird, müəllim, rəhbərlik qarşılıqlı əlaqələrində bunu yola verirlər.
İndi epdemiya halına gəlmiş bu hədiyyə sovet dövründəki hədiyyə mahiyyətindən çıxıb. Direktora, müavinə, sinif rəhbərinə məktəbdəki şagirdlərin sayı qədər gül hədiyyəsi alınmayacaq ki. Sadəcə,gül hədiyyəsi adı ilə böyük həcmdə rüşvət toplanılır.
Bu barədə mətbuatda saysız-hesabsız yazılar var, hər 8 Martda deyilir, 9 mart olan kimi də üstündən ötüb keçirlər.
Nazirin son müsahibələrinin birində oxuduq:
“…Məktəblərdə pul yığımı ilə bağlı valideyn tərəfindən şikayət olmalıdır ki, bunun qarşısını ala bilək.
Bu da Nazir mövqeyi. Əgər valideynlər şikayət etməsə, rüşvət məktəbdə ənənəyə çevrilməlidirmi? Bəs sizin daxili yoxlamalarınız, bəs sizin yaratdığınız sağlam pedaqoji-psixoloji mühit.
Belə problemlrdən biri haqqında yazmışdılar. Sonra da məlumat verirlər ki, guya məktəbin bundan xəbəri olmur, valideynlər öz təşəbbüsləri ilə edirlər, məktəb bilən kimi etiraz edir. Məktəb o vaxt etiraz edir ki, məsələ ictimailəşir. Məktəb direktorları bu problemlərin başında durur. Direktor və onun müavinləri prinsipial mövqedə olarsa, nəinki, 50 manatdan pul yığmaqdan, heç gül hədiyyəsindən belə, söhbət gedə bilməz .
Təhsilin 1-ci problemi pedaqoji kadrların seçilib yerləşdirlməsi ilə bağlıdır. Mədəniyyət Nazirliyinin son açıqlamasına görə, A.Kərimovun “zəif damarı”nı tutan bəzi ixtisasımədəniyyətə, incəsənətə aid olmayan bəzi işbazlar Mədəniyyət Nazirliyinin regional strukturlarındakı yüksək vəzifələrə təyinatlar ala biliblər. Onların arasında baytar, aqronom, mühasib, feldşer, hətta ginekoloq ixtisasına sahib olan şəxslərin də olduğu bildirilir.
Bu gün eləcə də Təhsil Nazirliyi sitemində də pedaqoji rəhbər vəzifələrdə çoxlu sayda qeyri-pedaqoji ixtisaslılar lövbər salıblar: kənd təsərrüfatı mütəxəssisləri, hüquqşünaslar, ixtisasartıma kursları yolu ilə zorən müəllim edilmiş digər qeyri-pedaqoji ixtisaslılar. Bu barədə mətbuatda çoxlu iradlar var. Daha necə şikayət olunmalıdır ki.Nazırlik konkret faktlar üzrə niyə açıqlama vermir, yalandırsa, niyə təkzib tələb etmir? Məgır insanlar yaşadıqları ərazilərin məktəblərində kütləvi şəkildə dərsdənyayınma hallarını müşahidə etmirlərmi?: Uşağının müəlliminə hörmət edən müəllim cəsarəti çatıb boynuna almas da, əlahəzrət VİCDAN hər şeyi görür, bilir:
Artıq repetitorluq Azərbaycanda biznes sahəsinə çevrilib. Eləcə də təsris vəsaitləri özü ayrıca biznes səbəkəsi kimi förmalaşıb.Burada təkcə məktəbi, müəllimi də qınamaq doğru olmazdı. Proseslə əlaqəsi olan hər kəsin cavabdehliyi var.

Məktəbdə adına nə deyirsinizsə-deyin: hədiyyə və yaxud rüşvət, əgər belə bir hal varsa, o məktəbdə təlim-tərbiyə yox kimidir. Və məktəblərdəki hədiyyələr təkcə bayramlarda deyil, doğum günlərində də toplanılır. Hədiyyəni/rüşvəti tək şagird yox, müəllimlər özləri də verir.
Müəllimlərin bir qismi repetitorluq etdiyi üçün dərs saatlarını, məsələn, həftədə 3 saat dərs varsa, bu saatları ardıcıl günlərə saldırır, əvəzində də hörmət edir, hədiyyə verir, hansı ki, dərs cədvəlinə verilən pedaqoji-psixoloji prinsiplərə görə, bu, yol verilməzdir. Bəzən repetitorluq edən müəllim repetitorluğu məktəbdə edir, müəllim də bunun əvəzində imkan yaratdığı üçün, otaq ayırdığı üçün direktora “haqq” verir. Qalır repetitorluq etməyən müəllimlər, onlar da baş verən bu özbaşınalıqlardan faydalana bilirlər. Məktəb rəhbərliyi onlara tələbkarlıq edə bilmir, yoxsa həmin müəllimləraçarlar sandığı, tökərlər pambığı…
Bu Qadınlar bayramında söz-söhbətlər bir neçə gün öncə başlamışdı və indi də heç tam səngiməyib. Maraqlı da budur ki, cəmiyyətdə məsələyə yanaşmalar fərqlidir. Azərbaycanda hədiyyə alınmayan, hədiyyə verilməyən təşkilat çətin ki, olsun. Amma niyə bu mövzu hər il ancaq məktəbə aid edilir? Mən yazımın əvvəlində öz mövqeyimi ifadə etmişəm. Bir daha deyim ki, tək hədiyyə məsələsində deyil, digər bütün etiket və normalar üzrə də müəllim digər peşə sahiblərindən nümunəvi olmalıdır. Müəllimin əmək haqqı o səviyyədə olmalıdır ki, ö, özü hədiyyəni, əsla, qəbul etməsin.
Sitatlar:
Müəllim adı ən yüksək addır. Mən yer üzündə müəllimdən yüksək ad tanımıram.
Heydər Əliyev
Müəllim insanları aydınlığa çıxaran işığa bənzəyir.
Viktor Hüqo
Müəllim sönməyən günəşdir.
Müəllim ən böyük bağbandır.
Ata-ana bədəni, müəllim ürəyi yaradır
Atalar sözləri
Yer üzündə müəllimlikdən başqa şərəfli bir peşə tanımıram.
D. Roman
Yaşamağı atama borcluyam. Yaxşı yaşamağı isə müəllimimə.
Makedoniyalı İskəndər
Valideynlərim məni göydən yerə endirdi, müəllimim isə yerdən göyə qaldırdı.
Makedoniyalı İskəndər
Şəxsiyyəti valideyn, ruhu isə müəllim tərbiyə edir.
Nikolay Qoqol

Bu qədər şöhrətli missiyanın sahibləri adlarını aldıqları hədiyyə ilə: hansısa model telefonla və yaxud ətirlə hörmətsiz etməməlidir.
Təəssüf ki, müşahidələr tamam başqa qənaət yaradır. Məsələ ilə bağlı cəmiyyətdəki fikirlər birmənalı deyil. Bəziləri deyir ki, müəllimə qiyməti böyük olmayan hədiyyə təqdim etmək olar. Nazir deyir ki, mənəvi tutumu böyük olan açıqca vermək olar, hörmətli millət vəkillərimizdən biri də deyib ki, şagirdin öz müəlliminə gül verməsinn əleyhinə deyil.. Axı indi sovet dövründəki əxlaqdan əsər-əlamət qalmayıb. Məsələn, biz ibtidai sinifdə oxuyanda müəllimimiz hərədən 20-30 qəpik yığıb çernil qabları almışdı, mürəkkəb və pero ilə yazan “ruçka” almışdı. Hamının mürəkkəb qabı, ruçkası eyni idi. Amma indi olsaydı, birinin papası Dubaydan bir ayrı ruçka gətirərdi, digər birinin valideyni isə oğlunu məktəbə elə ruçka ilə göndərərdi ki, məktəbdə digər 2-ci şagirddə ondan olmayacaqdı. Amma sovet məktəbində müəllim elə nizamlayardı ki, bir şagird hər gün istifadə etdiyi mürəkkəb qabının, ruçkanın bir gün əvvəlki olub-olmadığını heç ağlına gətirməzdi. Çünki bütün mürəkkəb qabları da, ruçkalar da eyni idi. Müəllim bunun üçün xüsusu qutu hazırlatmışdı.Hər gün dərsdən əvvəl paylayardı, dərs bitəndə də aparıb müəllimlər otağında saxlayardı. Eləcə də hamı məktəbə eyni cürə gedib gəlirdi. Heç bir fərqlilik yox idi.
İndi səhərlər diqqət edin: Şagirdlərin ciddi bir hissəsi valideynlərinin şəxsi minik avtomobilləri ilə gəlir, dərsdən gedən də gəlib aparırlar. Elə uşaqlar var ki, həm də belələri daha çoxdur, bu mənzərələri onlar köks ötürərək seyr edirlər. Şagirdlər belə seçimlərə, fərqliliklərə məruz qoyulmamalıdır. Bütün şagirdlər məktəb üçün, cəmiyyət üçün eyni dərəcədə qiymətlidir, əzizdir. Məktəb rəhbərliyi, pedaqoji kollektiv , valideyn şuraları bunu unutmamalıdır.
Davamı var…

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.