Sevgi gözəl bəladır

Elizabet Teylorun məşhur sevgi məktubu 35 min funt sterlinqə satışa çıxarılıbmış. Mən elə bilirəm ki, bizim xanımlar dünyanın zorla “ulduz” etdiyi belə xanımlardan dəfələrlə gözəl, kübar və sədaqətlidirlər. Niyə biz ilk sevgi məktubumuzu saxlamamışıq? İndi 35 min funt sterlinqdən baha olardı….

 …Nəvələrimin nənəsi mənim məktublarımı niyəsə saxlayıb. Dilimə alıb səbəbini sormağa da cəsarət etmirəm. Ola bilsin ki,   gələcəkdə  sevgi vədlərimi unutsam, sandığı  açıb,  töksün pambıqları və  məni bir az da belə dilə-dişə salsın.  Ya da bəxtəvərəmmiş ki ,   mənimlə bağlı nə var hamısını  saxlayıb, birini atmağa, çırmağa, hafizəsindən  uzaqlaşdırmağa qıymayıb.

Baxmayaraq ki,  bunlar ilk məktub deyildu,  o da yeganə  bəxtəvər  deyildi: ona qədər də yazılmışdı belə məktublar.  

Hamımızda bir uşaq məsumluğu vardı:  kim üzümüzə bir balaca qımışsa idi, deyirdik sevir, məktub yazırdıq. Amma siz proletarları qınamayın.  Şairimiz demişkən, sevginin ilk odu, ilk işarəsi də  ürəyə əvvəlcə, gözlərdən düşür… Bir   şirin təbəssüm də  böyük sevgilərə çevrilərə bilir.

 Sevgi məktubları da  bir janrdır,  pritça dili kimi.  Sevgililər dillə  bir-birinə deyə bilmədiklərini bu məktublar ürkək-ürkək öz üzərinə götürüb sevgililərə yetirir.

Rəmzi yazılanlar da olur: mən 2 sevən tanıyırdım, çox maneələrdən sonra qovuşdular. Bunların görüşməsi çətin idi. O vaxt belə “azadəlik” yox idi. Bu gün sevib, sabah da evinə qonaq gedə bilən “bəxtəvərlər də var və ya əksinə.” Bir az cəmiyyətin özünün mövqeyi vardı, bir az mühafizəkarlıq güclü idi. Bir az sevənlər özləri abır-həya güdürdülər. Osman bəy demiş, əlqərəz, bunların gizli bir görüş yeri vardı, çox romantik bir yer idi – su hövzəsi. Maraqlı olan bir də bu idi ki, onlar   həmişə eyni vaxtda görüşmürdülər. Əvvəl qız gəlirdi, nağıllardakı kimi şərti işarələr qoyurdu, sonra oğlan gəlirdi və bu bağlama məktubu oxuya bilsəydi, oxuyub cavabın yazıb gedərdi…

Sevgi məktubları ilə bağlı hər kəsin o qədər maraqlı sevgi xatirələri var ki. Gənclikdə  belə sevgilər başadüşüləndir.

Olsun ki, evlənmişlər yazmayıblar, fəqət, sevənlər yazmamış olmazlar (lütfən, başqa çalar yapmayın münasibətimə).

Dədəmiz-babamız sevməyib, sadəcə, vaxt yetişəndə ağsaqqal-qarasaqqal bir kişinin qızına elçi gedib və sevgi həyatı da belə başlayıb.

Amma üzübəri gəldikcə sevgi məktubları, daha sonra indi şanlı və canlı SMS-lər romantik görüşlər, səyahətlər və s.

Olsun, onsuz da indi sevginin özü modernləşib, qalmışdı məktubları…. 1-2 əsr keçındən sonra bu modern məktublar nə dəyər kəsb edəcək?

Fəqət,  gecə yatmayıb həyacanla, təlaşla baş-başa oğrun-oğrun yazdığın məktubun siqləti böyük, çox böyük. Bunun bir amması var: üstündən uzun illər keçib sevgi yadından çıxanda, sən demə, zaman-zaman evində çörək yedirib, nazını çəkdiyin “mehriban düşmən” sənin ürək qanıyla yazdığın məktubları üzə çıxarıb uşağnın, nəvənin ixtiyarına buraxar, bir balaca qızararsannnn.

Bir tanışım da vardı. Bir qızı sevirdi, çox yaxın qonşu idilər. Aralarında keçmişdən nəsil umu-küsüsü də qalırdı və bu da əsas maneə idi. Oğlan məndən çox kiçik idi. Xahiş etdi ki, mənə bir sevgi məktubu yaz, bütün bu məsələləri də yaz, izah et. Bundan sonra da “hə” deməsə, çıxıb gedirəm Rusiyaya. Rusiyaya getməsin deyə yazdım. Məktubdan sonra aralarında ülfət körpüsü yarandı, ailə qurdular, inanın, indi bu ailədə 6-7 uşaq var…

Gözəl sevgilərin xoşməramlı səfiri, elçisidir sevgi məktubları, ismarıc  demirəm ha… İndi yazın demirəm ha… Vaxtında yaza idiniz, yazılana cavab verə idiniz. İndi günahınızı ancaq və ancaq sevgi nümayiş etdirməklə yuya bilərsiniz…

Ramiz Rövşənin ” Sevgi məktubu” kimi.:

Dağlar arasında dərə

Dərindi yuxu kimi.

Dağ-dağa duman göndərər

Sevgi məktubu kimi.

*****

Göydə yeddi sətir cızan

o göy qurşağına bax.

Kimdi onu yazan?Allah!..

Sevgi məktubu kimi…

*****

Bir bax bu kəpənəyə,

Sanki qoşa varaqdı.

Uçur çiçəkdən-çiçəyə

Sevgi məktubu kimi…

*****

Haçan aşar bu sümükdən,

Ətdən olan hasarı?!

Ruhum uçar göyə sarı,

Sevgi məktubu kimi…

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.

I’m Emily

Welcome to Nook, my cozy corner of the internet dedicated to all things homemade and delightful. Here, I invite you to join me on a journey of creativity, craftsmanship, and all things handmade with a touch of love. Let’s get crafty!

Bağlantı