Sevgi gözəl bəladır

Atalar məsəlidir: “Ərlə arvadın torpağı bir yerdən götürülüb.” Təbii ki, atalar bunu dava-şalaşlı, problemli ailə üçün deməyib. Belə ailələr üçün başqa cürə hikmət söyləyiblər. Amma bu hikmətləri  söyləyən ərənlərimizin vaxtında sevgi, ailə, həyat yoldaşı olmaq dövrümüzdəkindən qat-qat üstün olub.

Hansı ailədə oğul evləndirəcəkdilər, qız köçürəcəkdilər, nəinki o oğlan və yaxud o qız, hətta onların ailələri də qəbul edirdilər ki, oğlu kişi kimi necə olmalıdır, yaxud da  qızları  ər evinə köçən gündən özünü qadınlıq həyatına  həsr etməlidir: sədaqətli həyat yoldaşı, mehriban ana, dilindən   şəkər tökülən gəlin, ev-eçiyi gülə döndərən evdar qadın olmalıdırlar.   Ailənin  böyükləri  və həyat yoldaşı ilə qarşılıqlı etimad və hörmət şəraitində əl-ələ, baş-başa verib,  çəcərələrini yaşatmalıdırlar.  Belə  ailələrdə də olsun ki, küsmək də, incimək də olurdu. Fəqət,  ata evinə qayıtmaq, boşanmaq, 2-ci, 3-cü kişiyə getmək və s. kimi ailəni, nəsli üzüqara edən naqisliklər ola bilməzdi. Qız ata evindən çıxanda arxasınca qara daş atırdılar. Bəziləri  bu adəti   topa tuturlar ki, atalarımız köhnəfikirli olub. Amma, əslində, bu qız köçürən ata-ananın ciddi tapşırması idi: bu evə bir də meyitin qayıda bilər. Amma indi bunun da çarəsi var: ata evinə qayıtmaz, gedib hansı bir şəhərdəsə “sərbəst”  öz həyatını yaşayar. 
Qonşumuzda bir kasıb kişi yaşayardı. Ata-babadan qalma evdə yaşayardı. Min bir əziyyətlə özü, arvadı palçıqdan kərpic kəsib ev tikmişdilər, onu da tam qurtarmamışdılar. Kişi evə çıxanda pilləkəndən yıxılmışdı, qonşu arvadlar da eşidib arvadına təsəlli verməyə gediblərmiş. Anam deyirdi ki, (üstündən 40 ildən çox vaxt keçib, amma mən dünən olmuş kimi xatırlayıram) arvadı dil deyib ağlayırdı: ay Cəlil, mən sənin bu gününə də qailəm, ölmə. Bax, belə ər-arvadın torpağı bir yerdən götürülüb.  Ata-babalarımızın dövründə ailə həyatına necə başlayıblar, sonadək sədaqətli olardılar, bir-birlərinin qarşısına şərt qoymazdılar. Sonra zaman dəyişdi, insanlar dəyişdi. İndi vay o gündən ki, arvad kişidən çox pul qazansın, vay o gündən ki, kişi işləməsin, ailəni güc-bəla dolandırsın. Məni qınamayın, elələri də var ki, bu vəziyyəti rahatlıqla bəhanə edir, kişini bir əl-bir təpə qoyub, yarıda yolunu ayırır. Bunlara, əlbəttə ki, deməzlər ki, torpaqları bir yerdən götürülüb.
Əvvəllər , adətən, hər kəs öz kəndindən, çox nadir halda qonşu kənddən evlənə bilərdi. İndi vəziyyət tamam başqadır, hətta acıqlandırarsan, qız fələstinliyə gedər, oğul da  “importnı” gəlin alar. Bunların da torpaqları heç vaxt bir yerdən ola bilməz. Çünki fərqli-fərqli mühitlərdir, özləri də fərqli-fərqli baxışa sahibdirlər.
Qarışıq nikahla ailə quran gənclərimiz təki belə problemlərlə qarşılaşmasınlar, xoşbəxt olsunlar. Fəqət, əcnəbilərlə qurulan ailələrin boşanma statistikası narahatlıq doğurmaya bilməz. Bu mənada, bu da mənim arzumdur: çalışın, gülü öz bağçanızdan dərin…
Sevgini ailə qurandan sonra başlayın. Ailə sədətinizə sahib çıxın. Qarşınıza çıxan çətinliyə təslim olmayın, onu birlikdə aradan qaldırın. 
Əgər “kişi belə etdi”, “qadın belə etdi” deyəcəyiksə, hər zaman qarşınıza problem çıxacaqdır. M.Yaqub demişkən:


Bir gözün mən əydim, bir gözünü sən,
Niyə narazıyıq bu tərəzidən?
Sən çeşmə qurudan, mən ağac kəsən,
Bir günah sənindir, bir günah mənim…


Onda birləşin, buraxdığınız səhvi də birlikdə düzəldin. unutmayın ki, ailənin davamlılığı hər iki tərəfdən asılıdır. Yaşananlar göstərir ki, indiki inamsızlığın başlıca səbəblərdən biri kənar təsirlər və kişilərin maddi çəhətdən imkansız olması ilə bağlıdır. Ər ailəni dolandırmağa çətinlik çəkir… Belədə, təbii ki, ailə mədəni-sosial həyatdan tamamilə uzaq düşür. Onlar gecə- güdüz çalışırlar ki, bir tikə çörək qazansınlar. Sevgi duyğuları getdikcə öləziməyə başlayır. Amma kimlərsə bu biçarələr qədər zəhmət çəkmədiyi halda, şən və qayğısız yaşayırlar. Ehtiyac mənhus caynaqlarını bu ailənin səadətinə uzada bilir. Bax, sevginin əzəməti belə məqamlarda üzə çıxır. Elə bilirəm ki, sevgisi sağlam arzulardan qaynaqlanan, təmiz hislərdən maya tutan eşqlər bu cür vəziyyətlərdə heç bir çətinliyə təslim olmur, əyilmir, sınmır.
“Əsl sevgi varsa, bu problemləri həll etmək olar “ deyənləri başa düşürəm. Amma  bunuda  unutmayaq ki, qarşılıqlı etimad və  sevgi, birgə əməklə hər kəs öz səadətini qura bilər. Həyatımızda nə qədər çətinliklər olsa da, hər kəs öz səadətini hər şeyə rəğmən xoş günlərə aparmağa qadir olmalıdır. Bu, yenə deyirəm, qadın və kişinin sevgilərinə sahib çıxa bilməsindən asılıdır.
Heç vaxt bərabərlik haqqında düşünməyin. Bərabərlik olan kimi həmən inkar da başlayır. Fərqi yoxdur: çalışın ki, ya sən onu , yaxud da o , səni bir az çox istəsin. Belədə sevgi daha şirin ola bilər. Elə bilməyin ki, dünyanın zərif məxluqlarına qarşı çevrilmişəm. Yox, mən bunu əksər yazılarımda demişəm, yenə də deyirəm: hüzurunda boynu bükük qaldığım Anam var. Bacılarımın hər biri bir gözümdür. Nəvələrim üçün heç kimə qıymayacağım canımı qurban demişəm.. Dünya, həyat qadınlarımızın əlindədir. Bütün bunlarla yanaşı, mən həyat formulunu tamam başqa cür fikirləşirəm.  Qadınlar, unutmayın: siz kişinin, ərin üstün rolunu qəbul edərək, həyatda daha çox sevgi qazana bilərsiniz. Əgər belə deyilsə, onda  tərəflərin qadın, kişi adı dəyişilsin…Onda qoy ümumi bir ad fikirləşsinlər, ikisinə də elə bu eyni adla müraciət etsinlər. Niyə qəbul etmirsiniz ki, ideal sevgi yoxdur.. Olmamalıdır da. Olsa, sonra necə yaşamaq olar axı…5 gündən, 5 ay sonra nə umacaqsınız…nə gözləyəcəksiniz… Arzu etmək daha yaxşı, əli uzanılı qalmaq daha yaxşı, doymamaq daha yaxşı..

Göydən 3 alma düşməsin.. Qoy gözləyə-gözləyə qalaq…

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.

I’m Emily

Welcome to Nook, my cozy corner of the internet dedicated to all things homemade and delightful. Here, I invite you to join me on a journey of creativity, craftsmanship, and all things handmade with a touch of love. Let’s get crafty!

Bağlantı