Mövqe
Daha üstünü ola bilməz. Musiqi vasitəsilə Tanrıya yaxınlaşma və oradan insanlığa səslənmək .
Bethoven

Bir cəmiyyətin musiqisi pozuldumu, o cəmiyyətdə bir çox şey pozulmuş deməkdir. Qədim dövr Çin filosofu və mütəfəkkiri Konfutsinin fikridir bu sözlər.
Doğrudan da, belədir. Əgər bir xalqın tarixi, dili, mədəniyyəti məhv olarsa, onda həmin xalq özü də tədricən tarixin səhnəsindən silinmiş olar. Elə məni bu yazını yazmağa vadar edən də gənclərimizin həyat zövqü ilə bağlı müşahidə etdiyim vulqar meyillərə qarşı narahatçılıqlarımla bağlıdır, ən çoxu da musiqi ilə.
Bu gün incəsənətimiz aşınmalara çox məruz qalıb. Adını cürbəcürə janrlar qoyub insanların mənəviyyatını zədələyirlər. XVII – XVIII əsrlərdə yaşamış ingilis yazıçısı U.Konqriv yazırdı ki, musiqinin vəhşi heyvanları yumşaldacaq, qayaları mum edəcək, yüzillik çinarları əyəcək bir qüdrəti vardır. İnanın , bu fikrin etik-estetik mahiyyətini heç də hamı anlaya billmir, ya da belə düşünürlər ki, yəni yaxşı şeydir, insanı sakitləşdirir, şənləndirir, qüvvətləndirir. Təbii ki, bunlar da var. Amma musiqinin, eləcə də hər hansı ictimai məzmunlu sənət əsərinin bu xüsusiyyətləri şüurun üst qatı ilə qəbul etdikləridir, amma ən dərin mahiyyət onun alt qatındadır. Bir balaca da sadələşdirib desək, musiqi fiziki mənada nə heyvanları yumşalda bilər, nə qayaları mum edə bilər, nə də ki, yüzillik çinarları əyə bilər. Heyvanlar , ağclar canlı olduğuna görə, musiqini hiss edə bilər, bəs qaya?

Fərhad Şirinin sevgisinə qovuşa bilmək üçün Bisütun dağını çapıb süd arxı çəkməli idi. Çəkirdi də, “yorulmaq” siqnalını belə “de-aktivləşdirmişdi”, nə qalmışdı ki….
Кi: Fərhad Şirini görüncə, haman
Qolunun qüvvəsi birə yüz artdı.
Hər vuranda dağdan bir dağ qopartdı.
Şirini görəndən qəlbi şad olub,
Daşların sərtliyi qoluna dolub.
Zərbələr vuranda görmüşüк onu,
Sütunsuz edəcəк o, Bisütunu.
Eşqdən artmışdır qüvvəti qat-qat,
Aləmi qoymuşdur кülüngünə mat.
Xosrov bundan əndişələnməyə başlayır və çox keçmir ki, qasidi ilə yalandan Fərhada guya Şirinin öllməsi barədə xəbər göndərir. Bu acı xəbərə dözməyən Fərhad özünü dağdan atır və ölür.
“Bisütunu sütunsuz edən” güc böyük məhəbbət idi, amma Xosrovun şəhvani hərislikləri ilə hüdudlanmış məhəbbət yox, külüncü ilə dağlara-daşlara səs salan əsl Fərhad məhəbbəti.
Ədəbiyyat, incəsənət, bax, budur: insanı mənən kamilləşdirir, saflaşdırır, cəsarətli edir. Bu cür sənət nümunələrində həyatın gözəllikləri insana elə təqdim olunur ki, onu görən, duyan heç bir ürək sahibi nankorluq edə bilməz, qəddarlıq edə bilməz.
Əgər bir ölkənin inkişf səviyyəsini,mədəni-əxlaqi səviyyəsini müəyyən etmək istəyirsinizsə, həmin ölkənin musiqisini dinləyin .
Konfutsi
O insan ki, içində musiqi duyğusu yoxdur, ürəyi səslərlə riqqətə gəlməz, hissləri gecə kimi qaranlıqdır .
Şekspir
Musiqinin olduğu yerdə pislik yaxınlaşa bilməz.
Servantes

Nisbətən yaşları qədər onlardan böyük olduğumuz gənclər bunun fərqində ola bilməyəcək. 35 -40 il bundan öncəki sevgilər indiki sevgilərdən qat-qat mənalı və möhkəm idi. Onda bu qədər xəyanətlər, onda bu qədər pozulan nikahlar, nikahdankənar doğulan uşaqlar yox idi. Əgər desəniz ki, o vaxt zaman başqa idi, indi başqa. Olsun, zaman şairin sözü olmasın, biz yixuda olanda da daim irəli gedir. Bunu kimsə saxlaya bilməz. Fəqət, o dövrün ideologiyası, hədəfləri güclü idi. Söhbət sevgidən və mahnıdan gedirsə, o vaxt bir balaca fərqlii geyinən qız olsa idi ( bu cür geyimlərdə də eyb yox idi, sadəcə, dövrün baxış bucağı belə geyimləri də qınaqla qarşılayırdı), onda belə qızların ailəsi, həyəti oğlan evindən gələcək elçiləri daha gözləməli olurdu. Gələn elçilər isə çox vaxt ya digər kənddən, ya da digər rayondan və s. olacaqdı.
Bizim fakültəyə o vaxt hər il 250 tələbə qəbul olunardı: yarıdan çoxu da qız. Doğru deməsəm, o illərin tələbələri müasirlərimizdir, onlar şahiddirlər. Dekan müavinləri vardı : Mürsəl Həkimov və Q.Bağırov. Onların tələbkarlığı o qədər ciddi idi ki, hansı tələbə qız indiki kimi şalvarla, yarıçılpaq geyinib dərsə gələ bilərdi və yaxud dizləri cırıq-sökük şalvarla. O vaxt şalvar geyinən də yox idi.
Amma bu yaxınlarda universitetlərin birinə getmişdim. Axtardığım şəxslə universitetin giriş qapısında görüşəcəkdik . Dərs çoxdan başlasa da, içəri daxil olan-çıxan o qədər tələbə vardı ki. Geyimləri, hərəkətləri marağımda idi. Düşünürdüm ki, bu qızlar 1-2 ildən sonra müəllim olacaq, “bir evdən bir evə səadət aparacaq”, bəs bu natura ilə necə?
Səbəblərini arayası olsaq , indiki gənclərin baxışlarını bir ayrı mədəniyyət, bir ayrı musiqi formalaşdırır.
Bizim illərin mahnılarından bir nümunə gətirim: “Eşqimin növrağı”. Mahnı “O, körpəmin anasıdır” kimi də məşhurdur. Mahnının sözləri gözəl şairimiz Qasım Qasımzadəyə, musiqisi isə alim və həkim Hacıbaba Həsənova məxsusdur:
Könlüm düşdü diyar-diyar
Bir kəkliyin sorağına,
Ha yalvardım, o qonmadı
Məhəbbətin budağına.
***
Meyl etmədim bir gözələ,
Sədaqətim düşdü dilə.
Mən and içdim ildən-ilə
İlk eşqimin növrağına.
***
Bir gün yenə onu gördüm,
Dilə gəldi həmin dərdim.
Bir dəstə gül-çiçək verdim,
O, almadı qucağına.
***
Əllərimdə gülüm soldu,
Riqqətimdən gözüm doldu.
Sinəm başı hədəf oldu
O dilbərin bu dağına.
***
Sanma könül sınasıdır,
Kərəm olub yanasıdır.
O, körpəmin anasıdır,
Vurulmuşam bu çağına.

Bu mahnının az qala, mənim yaşım qədər tarixi var. Amma təsiri-ləzzəti canımızdan, qanımızdan heç çıxmadı, çıxmasın da. Bir vaxt ailə yuvası qurmağa tətitdi bizi…indisə qorumağa, qədrini bilməyə: O, KÖRPƏMİN ANASIDIR .
Bu, bir vəfa, əhd harayıdır…
İndi təqdim edəcəyim mahnıya cəmi 3-4 gündür rast gəlmişəm.
” Bilsməzdim…Bilirəm…”
Sözləri: Azər Şirin
Bəstəsi: Tərlan Məmmədhüseynov
Sevsəm belə məni sevməyəcək
Ölsəm yenə geri dönməyəcək
Bunu bilirəm
Kimlər onu sənə bənzətəcək
Sevgin ürəyimə zülm edəcək
Bunu bilirəm
(Nəqarət)
Bilməzdim ki, bilirəm bil bu qədər
Saxta,yalan xoş sözlərini
Bilməzdim
Bilməzdim ki,sevirəm bil bu qədər
Aldanıram çək gözlərini
Bilməzdim ki,bilirəm bil bu qədər
Mənə toxunan əl izlərini
Bilməzdim
Bilməzdim ki,sevirəm bil bu qədər
Aldadıram özümü
göylər töksə leysanını
yağsa yağış yer üzünə
hicranından yansa ürək
çıxmasa heç gün üzünə
Bu mətndə varmı yuxarıda bəhs etdiyimiz sevgi . Ağlamaq, giley, yalvarış süzülür misralardan. Müğənninin bu janr üçün ifa tərzi, səhnə hərəkətləri pis deyil, klipin kompozisiyası maraqlıdır, amma mətn tələm-tələsik sevənlərin, təsadüfi tanış olanların hissləridir.
Yaradıcı təşkilatlar laqeyd qalmamalı, az-çox qabiliyyəti olan, ümid verən gənclərə dəstək olmalıdırlar. Məncə, mətn yaxşı olsa, bəstə və ifa da dövrəni tamamlayacaq.
Musiqi dilini öyrənilməsi digər dillərin mənimsədilməsinə bənzər, buna yalnız uşaqlıqdan başlayaraq öyrənənlər ona sahib ola bilərlər.
Rubinşteyn
Əsl musiqi ruha həqiqi bir qüdrət verir və millətin tərbiyəsində vacib amil olur .
F. Qizo
Mənim lüğət fondumda “hadisə” sözü olub, amma “Hadisə” adı olmayıb, olmayacaq da. Son bir-iki ildir hərdən adını eşitsəm də, heç vaxt diqqət ayırmamışam. 5-10 gün dür söhbət gəzir ki, Hadisə Azərbaycana gəlir, özü də 1 milyona. İndi isə bir jurnalist həmkarımızın bu mğvzuda bir statusunu oxuyub, Youtubeyə üz tutdum: bir neçə klipini izlədim.
Olsun ki, Avropa üçün belə musiqilər, səhnə kompozisiyaları məqbuldur: boyaboy əxlaqlarına, təfəkkürlərinə biçilib.

“Qayınana” filmini göz önünə gətirin xəyalən, Nəsibə xanım estrada mahnısına “tvist” gedən Afətə qoşulub rişxənd mənasında onu yamsılamaq istəyir. Baxışları qəflətən divardakı şəkildə Məşədi Kazımın çəpəki baxışları ilə qarşılaşır və bir anlıq çaşdığının, şeytanın onu yoldan çıxartdığının fərqində olur. Axı onun dövründə qadınlar belə əl-qol açıb oynaya bilməzdi, özü də bədən əzalarını bu cürə əsdirə-əsdirə? Əli (Tələt Rəhmanov) yağlı dilini işə salıb “bibi” dediyi Cənnət xaladan pul alarkən sevindiyindən “gəl səni bir dəfə öpüm” deyəndə Cənnət xala əlini xalçanın üstündə Məşədi Kazımın şəklinə uzadıb deyir ki, bu rəhmətliklə 30 il bir yastığa baş qoyduq, bir dəfə məni maç etmədi.
Çünki arada hörmət-izzət vardı , arzuolunmnayan intim meyillilik və akselrasiyanın doğura biləcəyi fəsadlara tuş olmamaq üçün əza həzzi ilə ağılın arasında bir sərhəd vardı, hər kəs də bu sərhədi gözləyirdi.
Yumoristik olsa da, hər iki epizodda dərin hikmət var . Dünyadan köçmüşlərə bu cürə vəfa nümunəsinin cövhərində sevginin özündə, halalca ər-arvad münasibətində gözlənilən bu sərhəd həddi durur.
Bizim musiqilərimizdə heç vaxt akselrasiyaya meyillik olmayıb. Əgər varsa, yeni əsrin notlarıdır.
Bu yeni musiqilər adamı lap hürküdür,
Mətnlər söz yığını, mahnısı diringidir.
Caz muğama, rep saza guya ki, sintez olub,
Bilmək olmur bu səs-küy rusun, ya mənimkidir.
O gün qulaq asanda yüyürmüşəm qapıya,
Elə bilmişəm çalınana lap qapının zəngidir.
Buna görə məzəmət eyləyəndə onları,
Deyirlər səslənən musiqi çələngidir.
Odur ki, tıxayıram çox zaman qulağımı,
Çünki bu du diringilər ürəyimi təngidir.
Bilmirəm kim yazıb bu yumorlu misraları, bugünkü şou musiqisinin, Azizsin, Hadisənin, Kardaşyanın, kimin, kimin mahnılarının yaratdığı ovqata çox uyğundur.
Çox arzu edirəm ki, gənclərimiz belə musiqilərə diqqətlə, məntiqlə yanaşsınlar. Onlar dünya mədəniyyətindən təcrid olunmasınlar, amma meyilli də olmasınlar. Qızlarımız isə bir qədər də ehtiyatla. Üstlərində Məşədikazımların çəpəki baxışlarını hər zaman hiss etsinlər. Bu, onların əbədilik səadətlərini hifz edər.
Saytlardan oxudum ki, guya bu konsertə Tarkan da gələsi imiş və guya Kiprdə ona 1 milyon 300000 TL verdikləri üçün oranı seçib. Hadisə 1 ilyon TL ilə razılaşsa da, mədəniyyətimizi, mənəviyyatımızı əcaib təsirlərə məruz qoyan belə müğənnilərə bu pulu niyə verməliyik? Mən də bu milyonların məxsus olduğu xalqın bir nümayəndəsiyəm, amma pul mənim deyil ki, “heyifdir, verməyin” deyə bilim.
Azisin, Hadisənin mahnılarında, səhnə geyimlərində, hərəkətlərində əxz edilməli nəsə varmı?! Mənə görə, yox..



Hörmətli musiqi tənqidçiləri, kulturoloqlar, mədəniyyət adamları danışın da. Bu qədər böyük konsertlər verilir, amma onlar haqqında heç bir yazı verilmir. Sadəcə, necə qarşıladılar, necə təzim etdilər, necə yola saldılar, məlumatlar bundan ibarət olur. Onlar gedəndən sonra bizim şouçular da orasına-burasına bir az əl gəzdirib, düşürlər gənclərimizin şüur qatlarının ən üstünə.
Rusiyanın “Mir24” kanalında Quba almasından reportaj təqdim etmişdilər və deyirdilər ki, bu almanı yerli əhali 25-30 sentə çıxarırlar. Təəssüflə bildirilirdi ki, hətta, bəzən onlar məhsullarını bazara çıxara bilmədikləri üçün tədricən bu meyvələr mal-qaraya yem olur.Amma “Alma almaya bənzər”dəki gözəllik, dad assosiasiyası yaradan Quba almasını bu gün maşınların yük yerində “navalnom” gətirib 2-3 kq-nı 1 manata satırlar, bir qədər də miskin görkəmlə ki, alıcıların mərhəmət duyğularını oyada bilsinlər. Meyvənin də gərək bəxti olsun: xaricdən hər birinə yuva düzəldilmiş xüsusi taralarda gətirilən və üstünə salfet kağızlardan libas bişilmiş bu əcnəbi almalar vitrində də elə canıyananlıqla təqdim edilir ki, satan , hətta, belə matah satdığı üçün qürurlanır da hələ.
Guya, xaricdən gətirilən almalar bir ayrı məkanda yetişdirilir, həcm, keyfiyyət və s. baxımından bir ayrı özəlliklərə məxsusdur, Quba alması, Qəbələnin “Qızıləhmədi” si isə bu özəlliklərə uyğun deyildir. Halbuki, xarici ölkələrdən ölkəmizə gətirilən belə süni “ənlikli-kirşan”lı almaların səthi müxtəlif karbohidrogenlər qarışı olan parafin və mumla dərmanlanır ki, parıltılı görünsün, bir az da çox qalsın. Bu almaları bəzən elə birbaşa alan kimi yeyirlər. Amma həkimlərin tövsiyəsinə görə, onları suyun altında yaxşı-yaxşı yumaq lazımdır ki, üstündəki daxili orqanlar üçün təhlükəli olan mum və parafindən təmizlənsin.
Bəh-bəhlə xaricdən dəvət edilən müğənnilər də, idmançılar da belədir.
Bolqar əsilli müğənnis Azis (Vasil Trayanov Boyanov)Bakıya gələndə zahirən əlçatmaz, ünyetməz təsiri bağışlayan qızlarımızın nə qədər həmcinsi oldu ki, Azisə bir ayrı simpatiya göstərdilər. Kor-koranə, dilindən, mahnlarının məzmunundan heç nə anlamadan. Heç o qızlardan bu bolqar müğənnisinin musiqisi ” sizdə nə etik-estetik təssürat oyatdı”,- deyə sorsanız, çiyinlərini atmaqdan qeyri cavabları olmayacaq.
Sözsüz ki, belə “meqastar”ların tamaşaçıya heç ehtiyacları da yox. Çünki tamaşaçıların gəlib-gəməyəcəyinin həmin müğənnilərin qanorarına heç təsiri olmur.
İndi də, yazının əvvəlində qeyd etdiyim kimi, müğənni Hadisə yeni ili Azərbaycanda qarşılayacaq. Həm Yeni il şənliyini qeyd edəcək, həm də bir müəllimin 80 il qəpiyinə əl vurmadan işləyib toplayacağı puldan da çox pulla.
Çox arzu edərdim yazını oxuyanlar tərəfindən doğru anlaşılım. Mən balaca auditoriyamız olsa da, heç vaxt reytinq arxasınca qaçmadıq, auditoriyamızı məxsusi olaraq hədəflədik: özümüzü hər zaman saf, əqidəli, intellektual oxucularımızın qarşısında hiss etdik. Saytımızın 5 illik fəaliyyəti göz qabağındadır. Yazdıqlarımızla yolumuzdan geri çəkilmədik, nəyi necə gördüksə, elə də ifadə etməyə çalışdıq. Mərəkə qaldırmağa yox, fikir mübadiləsi aparmağa boy verdik. Qarşıdurma ilə, itaətsizliklə yox. Rastlaşdığımız bütün problemlərin demokratik yolla, dövlətçiliyimizin maraqları ən üstün tutulmaqla həll ediləcəyinə tapındıq.
Sonuna gəlib çatdığımız bu yazı da oxucularını bəşəri mədəniyyəti inkara körükləməməlidir.

Əgər hər hansı xalqa məxsus musiqi nümunəsi bəşəridirsə, insanı mənən kamilləşdirəcəksə, rahat edəcəksə, niyə də ona laqeyd qalmalıyıq?! Dünyanı, insanlığı qorumağa, yaşatmağa xidmət edən hər incəsənət nümunəsi əxz edilməyə layiqdir.
Mən bu cür düşünə bilən insanların sırasındayam, sonadək də onların sırasında olacağam, heç olmazsa, ən sonuncu. Fəqət, bu gün kor-koranə Avropa musiqisinə meyil edən gənclərimizin estetik görüşlərini qəbul edə bilmirəm. Bu, həm cəmiyyətin, həm də hər birimizin qayğılarıdır.
Biz düşünürük ki, insan mənəviyyatının sağlam əsaslar üzrə formalaşması onun oxuduğu kitablarla, tamaşa etdiyi ekran əsərləri ilə, musiqi ilə bağlıdır.
Dünyanın, insanlığın nicatını elmin, mədəniyyətin təntənəsində görürük. Amma etidal(“Orta hədd”) gözlənilməklə. Etidal naqisliklə nəcib əxlaqi keyfiyyətlərin, qəddarlıqla mötədilliyin arasında sərhəddir, ara məsafədir: incanları da, cəmiyyəti də aşınma və hər cür mümkün fəlakətlərdən xilas edə bilər.
Nəğmədir ürəyin sevinci, ahı,
Gərək nəğmələrə insan can verə.
Xalqımın “Şüştəri”, “Zabul-segahı”,
Quşları göylərdən endirir yerə.
Ə.Quluzadə

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.