Mövqe

Həqiqətdə də belə idi. Oğlan uşaqlarının ağzını kiritmək heç də asan deyildi.
Qız böyütməyə nə vardı ki. Özləri öz yediklərini qazanırdılar, ailəyə fayda gətirirdilər. Gəlin köçənə kimi də cehizliklərini hazırlayırdılar. Oğlan uşaqları isə həddi-büluğa çatanda kənddən çıxır, illər keçəndən sonra bir çamadanla qayıdırlar ki, toy edin.
Qızlar ərə gedəndən sonra da ailəsinə, valideynlərinə hər zaman həssaslıqla yanaşırlar. Ailələrin qız övladı istəməmək iddialarından söhbət gedə bilməzdi. “Qızbəs”, “Qızyetər”, “Qızqayıt” kimi adlara gəlincə isə, bu adları övladlarına 5-6 qızı olub heç oğlu olmayan ailələr verirdi. 2-3 oğlu olan ailə heç vaxt bu qardaşların bacısına belə adlar seçməzdi. “Qızbəs”, “Qızyetər”, “Qızqayıt” doğan analar növbəti doğuşda da dünyaya qız uşağı gətirsəydilər, yenə bu övladdan imtina etmirdilər. Sadəcə, belə ad seçmək bir inanc forması idi. Yəni, qızım çoxdur, daha bəsdir, daha dursun və bu iddialarını yeni doğulan qız körpələrinə “Bəsti”,”Dursun” adları verməklə ifadə edirdilər.
O vaxtlar uşağın cinsini bir də doğulandan sonra bilirdilər. Deməli, qızdan imtinadan söhbət gedə bilməzdi, abortdan da söhbət gedə bilməzdi. Belə meyillər keçən əsrin sonlarından xarakterik olmağa, kütləviləşməyə başladı.
Özü də qız uşaqlarından imtina ailələrin say tərkibinin çiddi şəkildə minimuma endirmək planlaşması ilə paralel başladı. Bir vaxt çoxuşaqlı ailələr kimi tanınan Azərbaycan haqqında bu gün eyni sözləri demək olmaz.

Hazırda Azərbaycan əhalisinin sayı 9,8 milyon nəfərə bərabərdir. BMT Azərbaycan əhalisinin sayı ilə bağlı hazırladığı hesabatda bildirilir ki, bu say 2030-cu ilədək 10,68 milyon nəfərə, 2050-ci ilə qədər 11,03 milyon nəfərə qədər artacaq. Amma bu artım keyfiyyəti ailələrin çoxuşaqlılığı ilə deyil, evliliklərin özünün artan sayı ilə mümkün olmuşdur. Yəni bir yaşayış məskənində, məsələn, kənddə 200 təsərrüfat vardısa, ortalama bu ailələrdə 800-1000 nəfər uşaq olardısa, indi bu say 200 ailənin hesabına deyil, 400-500 gənc ailənin hesabına mümkün olur. İndi ailələr 2-3 uşaqdan çox uşaq istəmirlər, həm də oğlan uşağı arzulayır və arzularını texnologiyanın imkanları ilə nizamlayırlar. Nə qədər qadağalar qoyulsa da, abort etdirən də, edən də çəmini tapır. Bizim ailə çoxuşaqlı ailə olub: 10 uşaq. 10 uşaq böyüdən ana özündən, xəyallarından, azadlıqlarından mütləq əl çəkməlidir. Gecə-gündüz çalışmalıdır: əkməli-becərməlidir, toyuq-cücəyə, mal-qaraya baxmalıdır ki, çocuqlarının ağzını yığa bilsin. Gündə olmasa da, iki gündən bir pal-paltarın yumalı, cıqıq-söküyünü yamamalı, iki gündən bir böyük təhnə tutan təndir çörəyi bişirməlidir. Səhər gün doğandan ta uşaqlar yatıncaya qədər mənim anam da, eləcə də bütün çoxuşaqlı ailələrin anaları da beləcə çapalayırdılar. Belə analar bir də görürdün ayaqüstə mürgü vururlar.
İndinin qadınları bu cəfakeşliyi etməyə hazır deyillər, həm də öz rahatlıqlarını çoxuşağa qurban vermək istəmirlər. Hansını dindirsən, “2-3 uşaq bəsdir” deyirlər.
Dünyaya 10 və yaxud 5-6 övlad gətirən qadının yuxarıda qeyd etdiyimiz işləri görməsələr də, təkcə bu qədər uşaq doğmağa görə də şuxluqlarını itirir, tez qocalır, boyları balacalaşırdı. Amma onlar belə şeyləri ağıllarına gətirmirdilər. İndiki analar ( heç də hamı nəzərdə tutulmur) 2-3 uşağı da böyük xərclər bahasına birtəhər dünyaya gətirirlər, körpələrinə süd vermək istəmirlər ki, vücudlarını təsirə məruz qoymasınlar. İndiki analar istəyir ki, tez-bazar 2-3 uşağı özünü idarə edə bilən səviyyəyə çatdırıb, özləri azadlığa çıxsınlar. Rahat durub–otursunlar və s. Belə analar romantik həyat yaşamaq istəyir, cəfalı, nigarançılıq və səksəkə ilə dolu həyat yox.
Mən mətbuatda bir yazı oxumuşdum. Yazılmışdı ki, uşaq əmələ gətirən toxumları xüsusi vasitələrlə laboratoriya şəraitində saxlamaq mümkün olacaq. Bu isə imkan verəcək ki, ailə qurmuş qadın gənc vaxtlarında deyil, romantika ilə yaşayıb nə vaxt uşaq sahibi olmaq istəsə, o zaman həmin toxumları yumurtalığa yerləşdirəcəklər. Daha bu, nə evlilik oldu, belə evlilkdə hansı ana mehrindən, qadın ülviyyətindən danışmaq olar?
Halbuki, nəsilartımı hər bir dövlətin strateji prioritetidir. Həyatın, bəşəriyyətin mövcudluğu nəsilartımı olmadan mövcud ola bilməz. İnsanın özünə gəlincə isə, insan onu həyata gətirən ata-ananın qarşısında bu xətti davam etdirməyə borcludur. Bu isə nə təkcə oğlan, nə də təkcə qız uşağının mövcudluğu ilə mümkün olan gerçəklik deyil. Və yaxud olana xüsusi status verib, qızı iknci dərəcəli etmək, qızın həyatımızdakı yerini kiçiltmək ailənin, böyük eşqin özünün mahiyyətini kiçiltməkdir.
Ailə, onun keyfiyyəti yalnız tərəflərin hər ikisinin eyni amal uğrunda məqsəd eyniliyi ilə mümkün ola bilər. Nəsil xəttinin davam etdirilməsində tərəflərin hər ikisinin rolu eynidir. Axı oğlan qız/qadın olmasa, ailə qurmasa, nəsil xəttini necə davam etdirəcək? Həyat belə məsələləri elə nizamlayıb ki, bir oğlan evinin qızı digər bir ailədə həmin evin oğlu ilə bu yükün altına çiyin verir, digər bir evin qızı isə bu olan evinin oğlu ilə birlikdə bu məqsəd üçün ömür sərf edirlər.
Bu birlik hansı keyfiyyətdədirsə, onların qurduqları ailə də, yaşadıqları həyat da, dünyaya gətirdikləri uşaqlar da o keyfiyyətdə olacaqdır.

Bir çox ailələrin qız uşaqları arzu etməmələrinin səbəbi olsun ki, həmin valideynlərin yanlış düşüncəsi ilə bağlıdır ki, pariarxal cəmiyyətlərin hamısında nəslin davamçısı oğlan hesab edilir. Qız övladı isə köçəri quşdur, özgə üçündür. Ona çəkilən zəhmət boşdur, hədərdir. Amma digər ciddi səbəblər də mövcuddur. Məsələn, kapitalist ölkələrində qadın reklam vasitəsinə çevrilib sahibkarın marağına yönlədilir. Avtomobil təkərini reklam edirlər, guya, yanında bir qız olmasa, təkər yaxşı getmir. Cürbəcürə açıq-saçıq geyimlər(transparan, dekolteli, razrezli və s) əndamlı, yaraşıqlı qızlara geyindirib podiumlara çıxarır, istehsal etdikləri məhsulları reklam etdirirlər və s.
Qərb ölkələrinin seriallarındakı, elə həyatındakı sərhədsiz azadlıqlarını müxtəlif yollarla bizim həyata yoluxdurdular. Bir vaxt sinəsi-yaxası bağlı, topuğa qədər də finka şalvar geyinən gənc qızlarımız indi müxtəlif dəbli cins şalvarlara, mini geylmlərə, həmçinin transparan, dekolteli geyimlərə meyil edirlər.
Valideynlər, yaşlı nəsil belə geyimləri qəbul etməsələr də, gənclər bunda heç bir qəbahət görmür və irad bildirən kimi, gender hüquqlarını, demokratik azadlıqlarını bayraq kimi başları üzərinə qaldırırlar.
Bakının, eləcə də şəhər və rayonlarımızın əyləncə mərkəzlərində qızların iştirakçısı olduğu nə qədər hadisələr baş verib və insanlar bunla haqqında mətbuat və televiziya vasitəsi ilə xəbərdardılar.
Və yaxud sosial şəbəkələrdə məşhur idmançıların, modellərin, aktrisaların macəra həyatından daha nələr qalmadı yazmasınlar, məşhur modellərin hansı pozada şəkli qalmadı, manşetləri bəzəməsin.
Guya estrada “ulduz”udur, “ünlü sənətçi”ldir, o, Bakıya gəlməzdisə, biz mədəniyyətsiz qalacaqdıq. Azis Bakıya gələndə qızlar ona elə rəğbət göstərirlər ki, öz sənətkarlarımız heç vaxt bu ampulada diqqətə ayrılmayıblar.
İraq telekanallarndan biri Bakıda gizli çəkiliş aparmış və bunu öz ölkəsində yayımlamışdı. Obyektivdə təsvir olunanlar Bakıda baş verib və həmin şəxslər də Azərbaycan qızlarıdır.(https://www.youtube.com/watch?v=xLTefoZRgpk).
Eləcə də istirahət məkanlarında, park və bağlarda, bulvarda ətrafdakılara məhəl qoymadan bir-birinə sarmaşan, öpüşən gənclər görəndə bunlar valideynləri qız övladı arzulamamaq, qız övladından imtina kimi hallara istiqamətləndirə bilər.
Təbii ki, valideynləri də başa düşmək lazımdır. Azərbaycan ailəsi həmişə namus, şərəf məsələsində mühafizəkar olub. Bildiyim qədər heç bir ailə belə geyimdə, belə davranışları ilə önə çıxan qızı gəlin kimi evinə gətirməz və yaxud belə qız sahibi olub kiminsə onun qapısına elçi gələcəyini gözləməz.Vaxt var idi ki, çoxlu qız övladları olan ailələrin nəinki ata-anaları, qardaşları belə bu ailənin qızlarına görə bir hörmət yiyəsi idi. Kimsə öz evində, hansı qohumununsa evində bu ailə ilə qohum olmaq istəyi ortaya çıxa bilər deyə, bu qızların ata-anasına, qardaşına onların sezə biləcəyi səviyyədə rəğbət sərgiləyirdilər. Belə qız atalarının qapısına elçiliyə gedəcəklər deyə əvvəlcədən mühit, münasibət formalaşdırırdılar. İndi də belə ailələrimiz az deyil. Amma fərqli mənzərələr də var. Oğlan-qız özləri tapışıb sevişir, görüşür, bəzən evlənənə qədər izdivaca girənlər də olur. Belə davranış və normaların qarşısını almaq da olmur. “Gənclər azaddır, müstəqil olaraq öz talelərini özləri müəyyən etməlidir”, ” İrad tutmaq, nəsə demək Avropa dəyərlərinə, insan haqqlarına ziddir”, “gender prinsipləri” və sair bu kimi səbəblər ailələrin, valideynlərin əl-qolunu bağlayır. İctimai qınaq formalaşa bilmir. Hansı ki, içtimai qınaq, el gözü, el sözü hər zaman mizan-tərəzi olub.

Bəlkə də valideynlər bütün bu hallarla qarşılaşmasınlar deyə, qız övladları arzulamırlar və yaxud çarəsiz qalanda selektiv abortla qızlarını dünyaya göz açmadan hamiləliyə son verirlər. Bu qızın günahı yox, dünyanın pis-yaxşı işığı hələ üstünə düşmədən, onun məsumluğunu necə şübhə altına almaq olar? Mənə belə gəlir ki, abort etdirən ailə qərarı bu tifilə görə yox, ətrafda gördüklərindən hasil etdiyi qənaətə görə qəbul edir. Bizim kütləvi informasiya vasitələrini, özəl telekanallarda saysız-hesabsız belə nümunələr, hadisələr var ki, qızlara qarşı etimadsızlığa sürükləyir.
Bu etimadsızlığı aradan qaldırmaq, Azərbaycan qızlarının ənənəvi şöhrətini qaytarmaq üçün maarifləndirmə işlərini indikindən üstün hala gətirmək lazımdır. Kütləvi informasiya vasitələrində belə məsələlərə aid dərc olunan məlumatları, yazıları, şəkilləri, süjetləri hökmən saf-çürük etmək lazımdır. Şou verilişlərinin birində iştirak edən bir xanım deyir ki, “…filənkəs kimi arxa hissəmi siğorta etdirmək istəmirəm.
… Sinə, dodaqlar, burun hamısı özümündür, əməliyyat etdirməmişəm”.
Düşünürəm ki, mətbuata, ekrana Qadın obrazını gətirərkən cəmiyyətin mənafeyini hökmən gözləmək lazımdır.
Cəmiyyəti, böyüməkdə olan nəsli yaxşı nümunələr üstündə kökləmək lazımdır. Bütün dövrlərdə, bütün cəmiyyətlərdə çoxluğun istəmədiyi, arzu etmədiyi əxlaqi naqisliklər, utanc nümunələr olub və heç olmayacağını gözləmək də sadəlövhlük olardı. Amma belə nümunələrə laqeyd qalmaq olmaz.Belə nümunələri cürbəcürə adlarla manşetə, ekrana çıxarmaq olmaz. Kimə lazımdır belə plastika, harmoniya? Başından, əqidəsindən, hər kəsdə məmnunluq yarada bilən əməllərindən söz aça bilməyən qız/qadın ictimai tribunada sinəsindən, dodaqlarından, görkəmindən necə danışa bilər?
Qız övladlarından imtina cəmiyyəti hara aparıb çıxara bilər? Sən oğul övladı arzulayırsan, qızın olacaqsa, üz-gözünü turşıdacaqsan. Təkcə oğul övladı olmaq bəxtəvərlik deyil ki. Bu övladı böyüdüb boya-başa çatdırınca, ömrünü həsr edəcəksən: məktəbə gedəndə canına bir rahatlıq gələcək, məktəbi bitirəndə, ali məktəbə girəndə, hər addımında sevinəcəksən.Evinə gəlin gətirməyə tələsəcəksən, nəvən olanda dünyanı sənə verəcəklər. Amandı olsun, bütün həmvətənlərimizə beləcə dünya bəxş olunsun.Əcəba, bəs bu dünyanı evimizə, həyatımıza gətirən gəlini bətndə olarkən selektiv abortla bizə doğru gəlməyə qoymasaydılar, nə edərdik? Oğlumuz var, öyünək, qurban olaq. Bəs onu bizə kim bəxş edib: tərəddüdlərlə güc-bəla abortdan xilas olmuş o vaxtki bir Qız.
Qız övladı böyütmək hind atalar sözündə deyildiyi kimi “qonşunun bağındakı çiçəyi sulamaq kimi deyil”: çiçək yetişdirib, dünyaya, evlərə çiçək paylamaqdır. Verib, çiçək almaqdır…
İnsanlar ilk dəfə odu əldə edəndə sönməsin deyə gecə-gündüz ocağın başında keşik çəkirlərmiş, odu qoruyurlarmış. Hər yeni doğulan qız uşağı da Allahın həyatı, insanlığı qorumaq, davam etdirmək üçün insanlara əta etdiyi əbədi nicatdır. İnsanlar bu nicatı insanlıq davam etsin deyə qorumalıdırlar.

Son
İstifadə edilmiş ədəbiyyat: 1. “Azərbaycanda doğulan uşaqların cins nisbətinin pozulmasına zəmin yaradan mexanizmlər: keyfiyyət və kəmiyyət əsaslı tədqiqat”- Bakı, 2014;
2. İstifadəyə açıq internet mənbələri

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.