Müzakirə

İntihar hadisələri haqqında son vaxtlar tez-tez eşidirik. Bu hadisələrdən hamı özünü narahat hiss edir. Yaxınları bir ayrı dərd çəkir , eşidib-bilənlər də bir ayrı cürə sarsılırlar.Təəssüflənirlər ki, kaş kimsə rast gəlib son addımda bu intiharın qarşısını alaydı.
İntihar hadisələrinin mahiyyəti birdir, amma formaları müxtəlifdir. Kimisi özünü körpüdən, kimisi hündür binalardan yerə atır, kimisi metro qatarının relslərinə atılır, kimisi dənizə atılır, kimisi silahla özünə qəsd edir, kimisi özünü yandırır, kimisi kimyəvi turşu və ya öldürücü dozası olan həblər qəbul edir, kimisi damarını kəsir və sair.
Kütləvi informasiya vasitələrində bu mövzuda zaman hər zaman yer alır. Alimlər, mədəniyyət və incəsənət adamları, Millət vəkilləri bu ağrılı hala qarşı fikir və münasibətlərini bildirirlər. Millət vəkili Fazil Mustafa Milli Məclisin müvafiq komitələrində və plenar iclaslarda bu mövzuda açıq müzakirəyə ehtiyacın olduğunu söyləmiş, intihar səbəblərini və motivlərini cəmiyyətdə soyuqqanlı şəkildə müzakirəsini təklif etmişdir.
Qənirə Paşayeva isə intihar hadisələrinin yaranma səbəbləri haqqında münasibətini ifadə etmişdir: “Məncə, sadəcə sosial problemlər deyil, getdikcə artan laqeydlik, biganəlik, paylaşmaq duyğusunun zəifləməsi, gənclərin həyata psixoloji olaraq güclü hazırlanmaması, ailədaxili problemlər və.s kimi faktorlar da intiharların artmasına ciddi təsir göstərir”.

Xanım deputat dövlət səviyyəsində bu tendensiyanın qarşısının alınması üçün ciddi işlər görülməli olduğunu vurğulamaqla yanaşı, bu məsələ ətrafında geniş müzakirələr aparılmasına vacibliyi diqqətə çatdırmış, bir vətəndaş olaraq hər kəsi intiharla mübarizədə fəal mövqe bildirməyə səsləmişdir.
Bəli, bu gün intihar cəmiyyətimiz üçün ciddi problemə çevrilib, insanlar bu problemin qənirə xanımın dediyi kimi, tendensiyaya çevrilməsindən xoflanırlar.
“Nədən oldu?”, “niyə etdi”, “necə oldu?” və sair bu kimi suallara cavab tapmaq üçün o saat kütləvi informasiya vasitələrinə üz tuturlar.
İnformasiya vasitələrində verilən məlumatlar isə, sadəcə, xəbər ampulasında olan statistik məlumatlardır. Həmin məlumatlarda , adətən, intihar edən şagirddirsə, müəllimlər, məktəb rəhbərləri; böyükdürsə bələdiyyə sədri və yaxud hansısa bir vəzifə adamı məsələyə münasibət bildirir.
Bəzən bu məlumatlarda bir-biri ilə üst-üstə düşməyən açıqlamalar olur. İnsanlarla işləməli olan qurumlar, məmurlar çox can atırlar ki, cəmiyyət bu hadisədən xəbər tutmasın, kimsə onları rəhbərlik etdikləri sahədə və ya ərazidə insanların həyatına laqeydlikdə suçlamasın. Hər kəs ehtiyatlanır ki, ən azından o da “mənəvi məsuliyyət daşıyırsan” deyə cəzalandırılmasın və yaxud vəzifəsini itirməsin.
Bir neçə il öncə informasiya vasitələrində İsmayıllı rayonunda baş verən bir uşaq intiharından yazmışdılar: 12 yaşlı məktəbli İsmət Qismət oğlu Əsədov həyətlərindəki anbarın çardağında özünü asmışdı. Səbəb kimi də ailəni tanıyan şəxslərdən birinin fikirlərini göstərmişdilər ki, dərs ilinin başlanmasına bir gün qalsa da, ailəsi İsmətə çanta və köynək ala bilməyibmiş. Bir məktəbli çantası, məktəbli formasına görə bir ailəni ömürlük göz yaşlarına sürükləyən bu intiharın baş verməsində hamımız günahkarıq. Ən çox da İsmətin oxuduğu İsmayıllı rayon 5 saylı tam orta məktəb, ərazi üzrə bələdiyyə, məhəllə adamları.

O vazxt İsmətin oxuduğu 5 saylı tam orta məktəbin direktoru Elçin Məmmədov kütləvi informasiya vasitələrinə şagird haqqında verdiyi məlumatda bildirmişdi ki, İsmət bütün sinif yoldaşları ilə normal münasibətdə olan şagird olub. Heç bir məktəbli yoldaşı və müəllimlə problemi olmayıb. Dərslərindəki davamiyyəti və nailiyyətləri ilə də sinif yoldaşlarından seçilib.
Bu ailə haqqında yazılanlardan məlum olur ki, ailə 3 banka 9 min manata qədər borclu imiş, ailə maddi sıxıntı keçirirmiş. Amma ata övladının intihara əl atmasını çanta və məktəbli forması ala bilməməsinə görə yox, nevroji durumda olması ilə əlaqələndirib. Məktəb direktoru pedaqoqdur, şagird psixologiyasını yaxşı bilir. Onun şagir haqqında dediklərində bununla bağlı işarə yoxdur. Allah bu zavallı çocuğa rəhmət etsin , valideynlərinə səbir versin, mən öz fikrimi deyirəm, çanta və məktəbli forması ala bilməməsinə görə versiyası həqiqətə daha yaxındır. Çünki həmin məktəbdə psixoloq da olmamış olmaz, direktor da şagirddə hər hansı psixoloji problem olmasını dilə gətirməyib, əksinə, təqdir edib. Məqsədim heç də atanın guya belə deməsinə vadar edilməsi, intiharın nevroloji səbəbdənmi, yoxsa iqtisadı sıxıntıdanmı baş verdiyini önərləmək deyil. Məqsədim cəmiyyətin(ətrafın, bələdiyyənin, məktəbin)laqeydliyidir. Bu ailənin maddi durumunu yaxın ətrafı, məhəllə bilməmiş deyildi, məktəb bilməmiş deyildi. Belə çıxır ki, bələdiyyə ancaq kabinet inzibatçılığı ilə məşğul imiş, adamların gün-güzəranı ilə maraqlanmaq borcunu, imkansız və kasıb ailələrinə yeni dərs ili ərəfəsində, milli bayramlarda social dəstək göstərmək qayğısını tamam unudubmuş.Halbuki, bələdiyyə bu istiqamətdə nəinki əlamətdar günlərdə, hər zaman diqqət göstərməyə borcludur.
Kənddə, qəsəbədə, hər hansı ərazidə fəaliyyət göstərən dövlət qurumları idarə etdikləri ərazini, adamları tanımırsa, vəziyyəti bilmirlərsə, sosial problemlər vaxtında müəyyən edilib bununla bağlı addımlar atılmırsa, belə xoşagəlməz hadisələrin baş verməsi gözləniləndir. Əgər məktəb, bələdiyyə bilirdisə ki, bu ailə iqtisadi çətinliklə baş-başadır, nə böyük problemmiş o ailənin uşaqları üçün məktəb ləvazimatları almaq? Bunu müəyyən qədər imkanlı qonşular da edə bilərdilər. Adamlarda yaranan ümidsizliyi aradan qaldırmaq üçün onların mərhəmət paylaşımına ehtiyacı var, diqqətə ehtiyacı var. Və depressiv vəziyyətdə olan bir ailəni yenidən məcrasına qaytarmaq həmin intiharın qarşısını almaqla bərabər, Qismət kişinin də, elə hamının da cəmiyyətə, dövlət idarələrinə etimadına yeni bir pəncərə açmaq demək olardı. Bizim cəmiyyətdə intiharın baş verməsi üçün zəmin yoxdur. Əgər varsa, ond gərək böyük əsəriyyət intihara üz tutaydı ki. axı, biz eyni həyatı yaçayırıq. Sadəcə, insanların social ünsiyyəti yetərincə deyil, ətrafdakı insanların qarşılaşdığı problemlərə biganəyik, bəzi məmurlarımız isə insanlarla işləmək idarəçiliyinə malik deyillər.

Mən , demək olar ki, bu cür məlumatların hər birini izləyirəm. Maraqlanıram ki, görək məktəb, müəllimlər, kənd bələdiyyəsi, icra nümayəndəsi nə deyir. Hamısının cavablarında bir özünümüdafiə taktikası var: şagird yaxşı şagird idi, nümunəvi davranışı vardı, hadisə məktəbdə olmayıb, yəni hadisənin məktəblə əlaqəsi yoxdur. Kənd rəhbərləri də deyəcək ki, hadisəni depressiv vəziyyətdə edib, sevdiyinə görə edib və s. Məsuliyyətdən yaxa qurtarmaq naminə həqiqətdən uzaqlaşmaq lazım deyil. Bundan cəmiyyətə də ziyan toxunacaq, insanlara da. Amma nöqsanı doğru görüb, doğru təhlil etsək, əlacını da vaxtında və doğru taparıq. Belə hadisələrin qarşısının alınması, aradan qaldırılması ənənəsini formalaşdırarıq.
Azyaşlı uşağın intihar etməsi ciddi narahatçılıq doğurmalıdır. Allah bu acılarla qarşılaşmış həmvətənlərimizə səbir versin. İsmayıllıdakı kimi 12 yaşlı bir uşaq da Şabranda intihar etmişdi. Axı 12 yaşlı uşaq bu dəhşətli aktı necə həyata keçirə bilər. Mən nəvəmlə liftə yaxınlaşanda nəvəm pilləkənlərlə qalxır. Liftə minməyə qorxur. Bəs 12 yaşlı uşaq öz əliylə bu prosesi necə hazırlayıb həyata keçirə bilər?
Mən şəxsən, iqtisadi çətinliyi səbəb kimi görmürəm. Uşaqlıq həyatımda o qədər kasıb ailələr görmüşəm, indi də var. İntihar hadisələri də görmüşəm. Bir-bir yadıma salıb analiz etmişəm. Bu hadisələrdə bir neçə nəfər özünü yandırmışdı, bir neçə nəfər ağacdan asmışdı və s. Həmin hadisələr şiddətlə bağlı idi, sevdiyinə vermədiklərinə görə, şəxsi məsələ və sairlə bağlı idi. Heç biri kasıbçılıqdan bu hadisəni törətməmişdi.
İntiharın üzürlüsü ola bilməz. Ağlı–başı üstündə olan insan bu addımı atmamalıdır. Kişinin başına iş gələr. Kişi çətinlik də çəkər. Kişi öz taleyinə sahib çıxar, yolundakı çətinliyi dəf edər. Yaşamaq budur da. İndi biz yaşda adamları dəyirmanın gözündən diri salın, donluğundan da diri çıxacağıq. Biz həyatda belə yaşadıq. Cabir Novruz demiş, “meydan-meydan otaqlarda boy atmadıq”, “incə-zərif qucaqlarda məst olmadıq”, “biz doğulduq payız yerə qış yazanda”. Biz çətinliklərlə mübarizə yox, müharibə apardıq.Yoxsa indi böhrana, devalyasiyaya, laqeydliklərə, bir çox haqsızlıqlara dözə bilməzdik. Bir balaca qar yağan kimi yorğanın altından çıxmazdıq. Mənim intiharla bağlı tamam başqa münasibətim var.
Təbii ki, intihar kritik, depressiv bir vəziyyətdə ani gəlinən qərardır. Bəzən ola da bilər ki, insan intiharın baş verməyəcəyini, son anda bu addımı kiminsə onu xilas edəcəyini düşünüb ata bilər. Bəzən də ola bilər ki, kimsə onu intihar vəziyyətinə çatdıran tərəfi və ya umacağı nəyəsə nail olmaq üçün kimisə qorxutmaq, təsir etmək vasitəsi kimi düşünərək belə qərar qəbul edə bilər. Amma hansı bir sosial-iqtisadı çətinlik kimisə intihara gətirib çıxarırsa, bunun etiologiyasında mütləq iradə zəifliyi var. Bu saat bizim hər birimizin öz səviyyəmizə görə problemimiz var. Amma bu və ya daha ciddi vəziyyətlər haqqında beynimizdə profilaktika sistemi, belə demək mümkünsə, antiintihar proqramı da var. Bu proqram hisslərimizdə, düşüncələrimizdə profilaktika işləri aparır. İnsanlar Allaha tapınmalıdır. Allahın bir həyat düsturu da səbir etməyi bacarmaqdır. Səbirli olmaq, kəndirin acığına yaşamaq lazımdır. Qoy kəndir bizə hansısa əşyaları bağlamaq üçün lazım olsun…
Burada bir vacib məqama da toxunmaq istəyirəm. Bəzən intihar edən adam haqqında, onun əməli haqqında deyirlər ki, heç bir problemi yox idi və yaxud əksinə, deyirlər ki, son vaxtlar çox əsəbi idi, gərginlik keçirirdi və sair. Amma nə səbəbdən, heç kim bilmir. Axı belə olmamalıdır. Axı kiminsə 10 dostu olmasa da, hökmən bir dostu- ruh əkizi olmalıdır. Heç olmasa ürəyini ona açmalısan. Bəlkə çətin məqamda o ruh əkizin səni düşdüyün çətinliklərdən xilas edəcəkdi. Mənim çoxlu dostlarım var: sosial şəbəkələr vasitəsilə qazandıqlarım da var. Onların hər biri mənə bu və ya digər dərəcədə təsir edə bilər.Onları qəbul etməyəcəyəmsə, bəs niyə dost kimi qəbul etmişəm. Bəli, dost ikinci məndir, hər birimiz üçün. Bir dostum da var. İşdir, birdən çıxılmaz vəziyyətə düşsəm , O, bir etimad, güvənc qaynağımdır: həyat yoldaşım. Daha sonra övladlarım, nəvələrim…Bu qədər mötəbər dostların mənə ehtirmlarını saya almadan, düşünülməmiş addım atmaram. Hər biriniz də beləsiniz…
Və sonda bir məsələni də qeyd edim. Bütün çətinliklərə baxmayaraq , həyat gözəldir, yaşamaq gözəldir. Nəvələr gözəldir. İməkləyib sənə çatıb bir əlini uzadır, birini yerdən üzə bilmir. Anlamasa da, istinad nöqtəsiz bunun mümkün olmadığnı qəbul edir. İnsan tək özünə qalsa, nə var ki, yaşamaq da olar, intihar etmək də. Bəs valideynlər, bəs ailə…? Onlar bizim, biz də onların istinad nöqtəsiyik. Ananı, atanı qoca halında çətinliklərə, övlad dağına urcah edib getmək nə oğulluq, nə qızlıq oldu?

Həyatı sizinlə birlikdə yaşamaq diləkləri ilə…

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.