Mövqe

Kənd doğrudan da, qəribə idi. Bu qəribəlik bəzən heyvanlara kömək də edirdi. Gecələrin birində kəndə buyurub mehmanada gecələyən canavar ot-əncər yeməkdən doymayıb, quruldayan qarnını ətlə doyurmaq fikrinə düşdü. Qaçmaq asan olsun deyə, kənddən çıxan yolun üstündə yaşayan öküzgilə baş çəkməyi qərara aldı. Ayağını ilk pilləkənə qoyub bir göz qırpımında son pilləkənədək qalxdı. İçəri girməyi ilə iki mərtəbə hündürlükdən öküzün evinin damına düşməyi bir oldu .
Beli-başı elə əzildi ki, dünya başına fırlandı.

Yerindən qalxa bilməyən canavar damdan ağzının suyu axa-axa ana inəyin qolları arasına yatmış buzovu seyr eylədi. Öküzün yanındakı erkək dana da iştahaçan idi. Hələ nazlı-duzlu, xanım-xatın düyəni demirəm. Canavar səhərədək gah səmada ulduzları saydı, gah da hasarın rəngbərəng taxtalarını. Yazıq canavar , axı o, haradan biləydi ki, öküz tikdiyi evin pilləkəni damından çox yuxarıdaymış.
Bir dəfə gecələrin birində körpə oğlaq ovuna çıxmış çaqqal da, təxminən oxşar hadisə ilə qarşılaşdı. Başıaşağı tikilmiş aynabəndin tərs qoyulmuş pəncərəsindən keçib düz təkəgilin evinin ortasına düşdü. Otaq dairəvi idi. Çaqqalı görən erkək təkə buynuzlarını ona tuşladı. Qucağında əmdiyi süddən ağzı köpüklənən oğlağı tutmuş xanımı keçi qorxudan divarboyu qaçmağa başladı. Çaqqal da onun dalınca. Divarboyu qaçanlar arasında qonşu təkənin üç-dörd aylıq çəpişi və bir xeyli ondan böyük dıbırı da var idi .
İlk sıradan çıxan çaqqal oldu. Çünki dairə boyu qaçmağa adət edləmədiyindən başı gicəlləndi, ürəyi bulandı. Tappıltı ilə yerə yıxıldı və bir də yerindən qalxmadı.
Bu qəribə kənddə belə hadisələr çox olurdu. Hələ ova çıxanda tərsinə qoyulmuş qapıdan yuvalanmış ayını, tərs navalçanın guppultusundan qulaqları batan tülkünü, üzü küləyə qoyulmuş bacanın tüstüsündən boğulan porsuğu demirəm. Çətin idi. Qəribə kəndin sakinlərinə illərlə birgə yaşadıqları insanlardan ayrı düşmək çox çətin idi. Bu çətinliyi nəinki böyüklər, hətta kiçiklər də hiss etmişdilər.
Qoyunun səkkizaylıq qıvrımsaç oğlu toğlu durmadan üyüdüb tökərdi:
– Anacan, niyə yunun bir belə uzanıb? Sənə isti deyil? Anası gözlərində gilələnən yaş damcılarını silib deyərdi:
– Kim qırxsın? İnsan hər şeyə fikir verırdi. İldə iki dəfə yunumuzu qırxıb, bu ağır yükdən bizi azad eləyərdi. Sonra toğlu ağlına gələn nöbəti sualı verərdi:
– Otağımız da üçküncdür, tüstümüz də evin içinə dolur…
Bax bu yerdə qoç hislənərdi:
– Dur, dur, tez elə, dərsini oxu. Sən qoyun oğlu qoyunun bilmədiyi o qədər sual var ki, hansına cavab verək?!
Sonra üzünü qoyuna tutub deyərdi:
– Gözünün yaşını axıtma. Quzunu yedirtmək vaxtıdır. Elə qonşu eşşəkgildə də vəziyyət təxminən belə idi. Eşşəyin böyük oğlu sıpa balaca oğlu qoduğu başa salmağa çalışırdı:
-Əslində, biz insanla yaşamalıyıyıq. Çünki bizi çoxdan əhliləşdiriblər. Amma biz tək yaşamağa üstünlük vermişik. Ona görə də navalçamız tərsinədir. Və yağış yağanda damcılar ona dəyib ətrafa səpələnir. Ona görə də evimiz rütubətlidir. Çünki yağış navalça ilə axıb arxa tökülmür.
Qoduq sıpanın dediyindən heç nə anlamırdı. O, heç “navalça”nın nə demək olduğunu belə bilmirdi. Qara gözlərini döyürdü. Qardaşı sözünə davam edirdi:
– Ona görə də atamız əsəbidir.
Düz söz nə deyəsən?! İnsanla yaşayanda ata eşşəyin yalnız bir dərdi olurdu: “Görəsən, yük ağır olacaq, yoxsa yüngül?!”İndi min dərdi var. Yağış damcıları niyə navalçaya dəyib kənara sıçrayır, niyə otaq rütubətlidir?! Qışda odun, odub, ot, saman ehtiyatı varmı? Arpa olmasa, balalarını qışdan çıxarda biləcəkmi?
Sıpa isə elə hey danışırdı:
– Məktəbin yanındakı yekə ev bvar ey…
Qoduq deyirdi:
– Var…
Sıpa sözünə davam edirdi:
– O evdə yaşayan köşək var ha…
– Var.
– Bilmədiyin şeyi danışma. Sən məktəbə getmirsən.Yekə evi görməmisən.Orada yaşayan köşəyi tanımırsan. Köşək dəvə ilə nərin qızıdır. Dünən köşək deyirdi ki, atamın yadından çıxıb evimizə qapı qoymayıb. Evə zirzəmidəki oyuqdan girib-çıxırıq. Oyuğa sürtülməkdən anam mayanın hürgücü yastılanıb. Hürgücsüz də dəvə olar?
Qoduq sual verdi:
– Bəs, qapısız ev olar?
Sıpa cavab verdi:
– Olmaz. Amma ev tikiləndə nər bunu bilməyib. Köşək deyir ki, valideynləri bədbəxtdir.
Bax burasını qoduq anlamırdı. Qoduq “xoşbəxt” və “bədbəxt” olmağın nə olduğunu başa düşmürdü. Amma qapısız ev olmadığını artıq anlamışdı.
Belə söhbətlər, demək olar ki, bütün ailələrdə gedirdi…. Və günlərin bir günü sinəsi ağ dayça dadlı yonca yeyeə-yeyə uzağa gedib azmış, anası madyanı itirmişdi. Dayça ətrafına baxdı. Atası ayğır da yox idi. Körpə bacısı qulun da. Dayçanın sonuncu dəfə ağızdolusu qırpdığı yoncanı belə qırpmağa həvəsi olmadı:
-Mən itmişəm.Yox ey, anamla, atam itib. Bacım da yoxdur.
Dayçanın gözləri doldu. Günəş batırdı. Dayça ağlamağa başladı:
-Mən itmişəm. Gecə düşür. Qorxuram. Haradansa bapbalaca bir qız çıxdı. Ağlayan dayçanı gördü. Qorxdu. Çünki o, insan görməmişdi. Geri dönüb qaçmaq istədi. Qız yaxına gəldi:
– Qaçma. Mən sənə heç nə eləmərəm. Bizim də sən boyda dayçamız var. O, məni çox sevir.
Dayça qızın dediklərini anladı. Qız çox yaxına gəldi. Balaca əlini irəli uzatdı. Ovcunu açdı. İçində par-par parıldayan zınqrov vardı.
– Al, bunu sənə bağışlayım. Tax boynuna. Onda itməzsən. Harda olsan, onun səsinə anan gəlib səni tapar.
Dayça düşündü: “İnsan xeyirxah imiş. Bəs, onda, niyə bu kəndun heyvanları ondan qaçıb?”
Uzaqdan kişnərti gəldi. Sonra külək qalxdı. Külək kənddəki bünövrəsiz evləri üfürüb uçurtmağa başladı. Külək getdikcə gücləndi. Onun qolları arasında evlər asanlıqla yerlərindən qopub göyə qalxdılar. Evsiz qalmış, çarəsiz heyvanlar üuçan evlərinin dalınca qaçırdılar. Bütün bunları qız da görürdü. Havada uçan dəyirmi, üçbucaqlı, tərseyvanlı, qapısız, pəncərəsiz evlər çox qəribə idi.
Qız soruşdu:
– Bura haradır?
Dayça təşvişlı dedi:
– Heyvanların kəndidir.
Qız dayçaya sarı qaçdı. Dayça onu çox tez anladı.
Heyvanlara kömək etmək istəyirdi:
-Dayça , gedək. İnsanları çağıraq. Bu qəribə kəndin sakinlərinə kömək etsinlər…
Aradan cəmi bir gün keçmişdi. Amma heyvanların həyatı tamam dəyişmişdi. İndi onlar əsl kənddə idilər. İtlə pişiyin atıb getmədiyi kənddə. Özlərini güvəndə hiss edirdilər. Çünki insanın yanında idilər.
Güclü və ağıllı insanın yanında.
Bu hekayə, fikrimcə, ilkin məktəb dövrü uşaqları üçün nəzərdə tutulub, yəni, 7, 8, 9 yaşılı uşaqlar üçün.

Adətən, bu yaşlarda oxucular qəhrəmanları uşaq olan nağıl və hekayələri, eləcə də təbiət və heyvanlarla bağlı olan kitabları sevərlər. Çünki onlarf təbiəti, öz ətraflarını daha dərindən tanımaq istəyirlər. Onlar hələ xəyal qurmaq , müşahidə etdiklərinə və oxuduqlarına mücərrəd fikirlərə reaksiya vermək hissinə malik deyillər. Ona görə də bu yaşda olan uşaqlara seçilən kitablara diqqətlə yanaşmaq lazımdır. Elə əsərlər seçilməlidir ki, illüstrasiyaları bol olsun, bu şəkillər uşağa öz fantaziyasında duyğu və düşüncələrində daha yeni obraz və səhnələr yaratmasına stimul versin.
Uşaqda gözəl, yaxşı, doğru, eləcə də pis, mənfi, yanlış anlayışı formalaşsın, uşaq bunları fərqləndirə, doğrunu seçə bilsin. Ona görə də uşaqlar üçün yazılmış kitablar, onların dili çox sadə olmalıdr. Daha çox təsvirə yox, sadə izahata üstünlük verilməlidir.
Uşaqlar üçün yazılmış əsərlərin dili bəlağətli, pafoslu deyil, hər gün eşitdiyi, istifadə etdiyi sözlərə uyğun olmalıdır. Uşaqların yaş səviyyələrinə uyğun olmayan fikirlərə, söz və ifadələrə yer verilməməlidir. Əcnəbi sözlədən istifadə edilməməlidir.
Cümlələr çox qısa və aydın olmalıdır.
Nəzər yetirdiyim bu kitabda Seviunc xanımın “qəribə kənd”də baş verən sərgüzəştlər fonunda oxucularına həyatı doğru olaraq dərk etmək, ətrafdakılarla yaxşı münasibətlər qura bilmək; insanlara hörmət, sevgi, eləcə də kömək və yardım etmək kimi duyğuları formalaşdırmaq niyyətlərini ortaya qoya bilib, öz “dəcəllər”inə həyatı tanıtmaq səyləri ilə gələcəkdə yaradıcı fəaliyyətlərdə olması üçün mini infrastruktur hazırlaya bilib. Ən nəhayət, hekayəsini tərbiyəvi sonluqla tamamlayıb: lovğalığı, yersiz təkəbbürü, özündən müştəbehliyi təvazökarlığa, səmimiyyətə, gerçək olana təslim etməklə uşaqlara insan qüdrətinə, təfəkkürünə inam yarada bilib, insanı dünyada mövcud olan bütün varlıqlaradan üst səviyyəyə qalmağa nail olub.
Ümumiyyətlə, əsər haqqında bir çox iradlarımız var. Bu iradları qruplaşdıraraq oxucuların diqqətinə də təqdim edirəm:
Uşaqlar üçün yazılmış əsərlərin həcmi yığcam və cümləlıərin də qısa olması mətnin tez və daha aydın başa düşülməsini təmin edir. Digər bir nağıl kitabında diqqət yetirdim: ” İki ayı balası”-143 söz; “Tülkü və kəklik”-183 söz; məşhur “Qoğalın nağılı”-323 söz və sair. Bu hekayə isə 1200 sözdən ibarətdir.
Diqqət yetirdiyim nağıllardakı cümlələrin böyük əksəriyəti ən çoxu 10-13 sözdən ibarətdir. “Qəribə kəndin nağılı” hekayəsində isə geniş cümlələr daha üstünlük təşkil edir. Məsələn:
***Get-gedə elə qızışdılar ki, eşidən deyərdi, insanlar bu yazıqlara görən niyə belə zülm eləyir(15 söz).
***Səhəri gün axşamçağı qoyun-quzu örüşdən dönəndə narazılar elə kəndin kənarındanca dönüb üzüaşağı getdilər (14 söz).
***Kənardan baxan bir ağıllı olsaydı, evlərin bünövrəsiz tikildiyini, qapı –pəncərənin əyri , eyvanın tərs qoyulduğunu o saat görərdi (17 söz).
***Gecələrin birində kəndə buyurub mehmanada gecələyən canavar ot-əncər yeməkdən doymayıb, quruldayan qarnını ətlə doyurmaq fikrinə düşdü (16 söz).
***Qaçmaq asan olsun deyə, kənddən çıxan yolun üstündə yaşayan öküzgilə baş çəkməyi qərara aldı(14 söz).
***Yerindən qalxa bilməyən canavar damdan ağzının suyu axa-axa ana inəyin qolları arasına yatmış(?Ü) buzovu seyr eylədi (17 söz).
***Yazıq canavar (???), axı o, haradan biləydi ki, öküz tikdiyi evin pilləkəni damından çox yuxarıdaymış(14 söz).
***Bir dəfə gecələrin birində körpə oğlaq ovuna çıxmış çaqqal da, təxminən oxşar hadisə ilə qarşılaşdı(15).
***Başıaşağı tikilmiş aynabəndin tərs qoyulmuş pəncərəsindən keçibdüz təkəgilin evinin ortasına düşdü(15 söz).
***Divarboyu qaçanlar arasında qonşu təkənin üç-dörd aylıq çəpişi və bir xeyli ondan böyük dıbırı da var idi (18 söz).
***Hələ ova çıxanda tərsinə qoyulmuş qapıdan yuvalanmış ayını, tərs navalçanın gubbiltusundan qulaqları batan tülkünü, üzü küləyə qoyulmuş bacanın tüstüsündən boğulan porsuğu demirəm(22 söz).

Müqayisə üçün nəzər saldığımız başqa hekayə və nağılların heç birində, kiçik istisnalar nəzərə alınmazsa, uşaqların söz dağarcığı üçün namünasib, hədyan söz yoxdur, amma tək bir hekayədə nə qədər qəliz fikir, ifadə və hədyan söz vardır. Məsələn, “ayğır”, “madyan”, “qoyun”, “dişi at”, “dıbır”, “sıpa”, “qoduq”, “eşşəkgil”, “ata eşşək”,”maya” və s, həm vulqar sözlər şirinlik və məsumluqla yoğrulmuş uşaq rununa yaraşmır. Bu söz və ifadələrin əksəriyyəti heç yuxarı sinif şagirdləri üçün aydın olmayan sözlərdir.
Vulqar sözlər didaktik baxımdan ilk mütailə vərdişi formalaşdılan uşaqların leksikasına daxil edilməməlidir. Fikir verin:
Vulqar sözlər
***…qoyunsan ki, qoyun!
*** Görmürsən ki, bizi qoyun yerinə qoyurlar?!
*** Bax bu yerdə qoç hislənərdi:
– Dur, dur, tez elə, dərsini oxu. Sən qoyun oğlu qoyunun bilmədiyi o qədər sual var ki, hansına cavab verək?!
*** Qatır gah atası eşşəyə, gah da anası ata baxdı.
Ən narahatedici məqam isə hekayədə kiçikyaşlı uşaqlarda cinsəl təəssüratlar oyada biləcək cümlə və sözlərin yer almasıdırş Məsələn:
*** Bir pəyədə onbeş-iyirmi kişinin içində (??)yaşamaqdan bezmişəm.
*** Ayğır at istəyirlər. Amma ayğıra şərait yaratmırlar ki, madyanın yanında başıaşağı olmasın.
***Köşək dəvə ilə nərin qızıdır.
***… dişi at, kəl ilə camış cütlüyünün, öküzlə inəyin
Balaca oxucular üçün hər fikri, hər sözü belə, yüz dəfə ölçüb-biçib işlətmək lazımdır. Məsələn, hekayədə belə cümlə var: “Gözəl xanımımın südünün qaymağı da özümün olsun, qatığının ayranı da…” Məgər heyvanlar öz məhsullarını yeyirlər?
Və yaxud: ” Eşşək kimi işləyirəm. Bir dəfə “sağ ol” deyən yoxdur”. Məgər eşşək adam kimi işləməlidir? Uşaq adi sözlərin mənasını hələ yeni-yeni qavramağa başladığı vaxtda frazeoloji ifadəni anlaya bilməz axı.
Hekayədə bir neçə məqamda ziddiyyətli fikirlər də yer almışdır. Hekayənin məzmununa görə getdikcə xudpəsəndləşən heyvanlar artıq insanları bəyənmir, sərbəst yaşamaq istəyirlər. Onlar özlərinə ayrıc bir məmləkət yaradırlar, infrastruktur quryrlar: məktəb, xəstəxana, mehmanxana və s tikirlər. Sitat: “Gecələrin birində kəndə buyurub mehmanada gecələyən canavar ot-əncər yeməkdən doymayıb, quruldayan qarnını ətlə doyurmaq fikrinə düşdü. ” Bir yaşayış məskənində mehmanxananın olması təbiidir , amma vəhşi heyvanların orada yer ala bilməsi necə ola bilər? Ayının orda nə işi var, yırtıcılar dəstəsinə mənsub olan porsuğun da həmçinin. Haradandlr bu tolerantlıq?
Ehtiyatlılıqda “İlanın ağına da lənət, qarasına da” fəlsəfəsi ilə addım atılan bir məmləkətdə “qonaqlar”, “qəriblər” üçün inşa edilmiş mehmanxanaların qapılarını vəhşi , yırtıcı heyvanlara taybatay açmaq ermənilərə Azərbaycanın ən gözəl guşələrində yer vermək humanizminə bənzəyir.
Hekayədə bir çox söz və ifadələr də vardır ki, ciddi redaktə olsaydı, təshih ediləcəkdi. Məsələn, “Düz deyirsən, əzizim” cümləsini “Doğru deyirsən, əzizim” kimi yazmaq daha dəqiq olardı. “Qoç buynuzlarını silkələdi” yox, “Qoç buynuzlarını əsdirdi”yazmaq lazım idi.
“Nazlı-duzlu buzovuma yığdığım südü aparıb içirlər” cümləsini də “Nazlı-duzlu buzovuma topldığım südü sağıb içirlər” kimi ifadə etmək olardı.
“Yamyaşıl çöllərin otu, səmanın günəşi, çayların şərbət kimi suyu…” cümləsində cümlə üzvlərinin sıralanması qaydası pozulmuşdur: yamyaşıl olan elə otun özüdür.
“Ayağını ilk pilləkənə qoyub, bir göz qırpımında son pilləkənədək qalxdı” cümləsində isə “pilləkən” yox, “pillə” yazılmalıdır: ” Ayağını pilləkənin ilk pilləsinə qoyub son pilləsinədək qalxdı” kimi”.
P.S: Hekayəni oxuyandan sonra onun çap olunduğu “Təhsil” nəşriyyatına baş çəkib, kitabların necə hazırlanması, çapa qədər hansı mərhələdən keçməsi ilə tanış olmaq istədim. Bu məqsədlə nəşriyyatın Nərimanov rayonunda yerləşən binasına getdim. Kimsə məni qəbul etmək istəmirdi, təkidli xahişimdən sonra qəbul etsələr də, maraqlanmaq istədiklərimə cavab tapa bilmədim. Bir qədər ancaq kitab çapı, onun təbliği, paylanması, satışı barədə danışa bildil. Mətləbə gələndə söhbət yenə ümumi məsələlərə yönəlirdi. Binadan ayrılarkən nəşriyyatının girəcəyindəki şüar şəklində asılmış deviz – ” Pis yazıçı yoxdur, pis naşir var” fikrini oxuyub, təəccüb etdim ki, bəs cəmi 16 səhifə olan bir hekayədə bu qədər ciddi səhvlər nəzərdən necə qaçıb?

Son

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.