Maraqlı məlumatlar

Dilbər könlüm aramı,
Yoxdur könlüm aramı,
Sən ki təbib deyildin,
Neçin açdın yaramı, durnam?
*****
Sən haralisan, durnam?
Mən buralarda durmam,
Gedəlisən, əsmər yarım,
Gəl sinəm üstə dolan.
*****
Qarpız kəsdim, yeyən yox,
Halın necə, deyən yox,
Yarım mənlə barışıb,
Gözün aydin deyən yox, durnam.
*****
Qarpız kəsdim bal kimi,
Dilimlədim nar kimi,
Gördüm yarın əllərini,
Gecə yağmiş qar kimi, durnam.

Durnalar (lat. Gruidae) – durnakimilər dəstəsinə aid quş fəsiləsinə mənsubdurlar.
Görünüşü, səsi çox gözəldir. Boyları 1, 5 metrdir. Bunun da daha çöx hissəsini ayaqları tutur. Boynu zümrüd-yaşılı rəngdədir, başının arxa tərəfində geriyə doğru sallanan zülf olur. Təpəsi, qanadlarının ucu, boynunun bir hissəsi qara rəngdədir. Qanadlarında göz oxşayan , mavi, qırmızı və yaşıl tüklər var. Bu rənglər elə həmahəngdir ki, əsrarəngiz bir gözəllik yaranır. Əndamları mütənasib, valehedicidir.
Durnalar saflıq, vəfa, sevgi, sədaqət , azadlıq və qürur simvoludur. Orta Asiyadan başlamış Yaponiyaya qədər dünyanın hər yerində bu quşlar müqəddəs qəbul edilirlər.
Hələ qədim Yunanıstanda durnaların səsi yaz əkin vaxtının gəlişindən və məhsul yığımından xəbər verirdi. Odur ki, bu quşlar yunanlarda hər zaman yazın, günəşin, istinin və təbiətin oyanmasının simvolu olub.
Türk mifologiyasında, hətta, belə inanc var ki, kim durna ovlasa, mütləq ona sədəmə toxunacaq. Ona görə də insanlar, ümumiyyətlə, bu quşlara toxunmaz, yuvasını pozmaz.
Dünya ədəbiyyatında olduğu kimi, Azərbaycan folklorunda – nağıl və dastanlarımızda, bayatılarımızda, əfsanə və rəvayətlərimizdə nümunələr vardır.
Bir çox xalq şeirində, xüsusilə xalq mahnılarda durnalar insan duyğularını anladan çox qüvvətli obrazdır. Durnalar bəzən hüznün, bəzən ayrılığın, bəzən də xoşbəxtliyin xəbərçisi olmuşlar. Hətta onlar uşaqları olmayan qadınlara uşaq da bəxş edirmiş.
Bu zərif quş gözəllikləri ilə min illərdir dildə-ağızda dolaşır.
Gənc qızların gözəlliyini izah etmək üçün bir simvol olaraq durna telindən saçlarına sancarlarmış.
Durnalar quraq düzənliklərdə, xüsusilə çay vadilərində, göllərdə və bataqlıq yerlərdə yaşayır. Cəmi iki yumurta yumurtlayar. Bu yumurtalar göy rəngə çalan, çilli, qarışıq rəngdədir. Kürt dövründə hər ikisi yuvanı növbə ilə gözləyər və yuvaya yad kimsə, nəsə yaxınlaşsa, ona hücum edərlər. Durna bir ayağı üzərində dolaşır. O biri ayağını qıvıraraq havada tutar. Gedərkən ayağını sərt basdığı təqdirdə yerin yarılacağından qorxduğu kimi yozulur.
Durnalar köç zamanı aralarından birini başçı seçərlər və onun ardınca gedərlər. Gecələr dayanar, münasib yer tapıb yatarlar. Yenə aralarından biri keşik çəkər. Keşik çəkən də xəyanət etməz, digərlərinə zərər gəlməməsi üçün yatmaz. Çox səmimdirlər. İşlərində xəyanət, kin yox. Biri məxsusi bir səs çıxardımı, digərləri bu kodu dərhal başa düşüb icra edəcək. 60-70 il yaşayarlar. Sonadək vəfa nümayiş etdirərlər. Aralarına xarici quş almazlar.
Durnalar yerdə olarkən təhlkə hiss etsələr, məsələn, tülkü onların izinə düşsə, onlar balalarını qorumaq üçün maraqlı bir üsul seçərlər. Durna balaları 9 həftəyə kimi uça bilmirlər. Odur ki, ata və ana durna balalarını ağzına alıb bir balaca qaçandan sonra onu yerə qoyub, biri sağa, biri sola qaçmağa başlayar: yəni tülkünü çaşdırar və beləliklə də, balalarını xilas edərlər.
İnanclara görə durnalar bərəkət və rifah simvolu hesab olunurlar: əgər onlar bir tarlanı məskən seçərsə, qovalamaq olmaz, çünki durnaların gəlişi həmin tarlaya bərəkət gələcəyindən xəbər verir.
Bəzi rəvayətlərə görə durnalar təkdir. Onlar bəzən yüz ilə qədər yaşaya bilsələr də, tərəf müqabilləri öldükdə, o biri tərəf də yaşaya bilmir və yaşamaq istəmir.
Durnalar cütlər halında yaşayır və tək yoldaşlı bir həyat sürərlər, yəni insanlar kimi heç bir halda yoldaşlarını tərk etmirlər. Subaylıqlarında çüt gəzdikləri kimi, “ailəlik”lərində də balalarını da yanlarında gəzdirərlər. Sanki aqvaparka ailəliklə gəzintiyə çıxırlar.
Bu quşlar yuvalarını digərlərindən ayırar, özlərinə ikilikdə son dərəcə sadə bir həyat tərzini seçərək yaşayarlar.
Hətta hansı bir durnanı ovçu vurarsa və cütlərdən biri ölərsə, sağ qalan durna yaşamaq istəməz, ölümü seçər və özünü suya təslim edər.
Təbiətin bu nadir canlısından insanlar üçün əxz edilməli çox şey var…. Mahnıda deyildiyi kimi, bir ömür qoşa uçsalar yorulmaz: yeməyə, içməyə belə, ayrılmaz. Olsa-olsa, birgə rəqs etməyə qanad saxlayarlar: Bu quşların məhəbbəti o qədər möhtəşəmdir ki: hər gün sevgililəri üçün rəqs edərlər.


Durnaların səmada öz hərəkətləri ilə əks etdirdikləri fiqurları, düzülüşləri, qövsi hərəkətləri o qədər seyr etmişik ki. Bunların hər birinin öz anlamı var.
Hər şeydən əvvəl, durna uçuşunda birlikdə olma anlamı var, xoşbəxtliyə, bəxtəvərliyə diqqət yaradan çağırış var.
Digər tərəfdən durnalar bir ölkədən, bir xalqdan digər ölkəyə, xalqa salam elçisidir. İndinin özündə də insan ürəyində durnalarla qəribçilikdə, özündən uzaq olan əzizinə salam göndərir.
Bu gün durnalar Qırmızı kitaba düşən heyvanlardan biridir. Bu əsrarəngiz heyvan sanki tükənmək üzrədir. Səbəblər çoxdur: təbii şəraitdən tutmuş insan münasibətlərinədək sanki bu quşların qəsdinə dayanıb. İnsan təbiətə uğunlaşmaq əvəzinə, təbiəti özünə uyğunlaşdırır. İnsanlar durnaların yaşaması üçün əlverişli hesab olunan sulu otlaq və çəmənlikləri drenaj, kanal və s. qurutma vasitələri ilə təbii mühitdən çıxarırlar. Kənd təsərrüfatında süni gübrə və dərmanlardan istifadə də durnaların köçünə səbəb olur. Axı durnalar dayaz su sahələrində, nisbətən bataqlıq olan sahələrdə məskunlaşır, yuva qurur. Bu sahələrin ətrafındakı çayırlıq və tarlalarda yaşaya bilirlər.
Durnaların əti halaldır və beyni dalaq böyüməsi zamanı müalicə vasitəsi kimi istifadə olunur. Söz yox ki, bu amil də durnaların sayca azalmasına təsir etməkdədir.
Artıq dünyada anlayıblar ki, çöllərin bu sevdalı gözəli təbiətdən tükənmək üzrədir. Ona görə də bir sıra addımlar atılmaqdadır. Məsələn, hər il sentyabrın 8-də “Durna günü” keçirilir. Bu, ilk dəfə Amerikada qeyd edilməyə başlayıb və sonralar digər ölkələrə də yayılmışdır. Amerikalılar daha çox Amerika durnasının mühafizəsinə ayrılıblar. Onlar Amerika durnasının yuvasını tapdıqca onu daha təhlükəsiz və münasib yerə köçürürlər.
Florida ştatında durnaları münbit çayırlıqlara yönəltmək üçün təyyarələr ayrılır və köç ərəfəsində durnalardan əvvəl havaya bu təyyarələr qaldırılır. Təyyarə qabaqda, durnalar da arxada. Pilotlar təyyarənin arxasınca istiqamət götürən durnaları beləcə yeni çayırlıqlarda məskunlaşdırırlar.
Fəqət, durnaların insanları, çöllərimizi tərk etməsi davam etməkdədir.
Nəhayət, insanlar bunun fərqində olmalıdırlar. Fərqində olmalıdırlar ki, “üçtelli, dördtelli, beştelli durnam” deyə şərqi qoşduğumuz bu sevdalı gözəllər təkcə ovçu əlindən yox, həm də biganəlikdən yaralıdırlar. İlahi rəqsləri, zəriflikləri, vəfa və sevgi nümunələri ilə insanlığı heyrətə salan bu sevdalılar bizi tərk edib harda bahar var, harda sevgi var, harda diqqət var, ora üz tuturlar…






Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.