Mövqe
Bəyənmədiyimiz sovet dönəmində bunlar hamısı ölçülüb-biçilərdi. Kimsə də ağlına gələni ekranlaşdırıb ortaya atılmaq fikrinə düşməzdi, insanlara, xalqa lazım olmayan şeir, poema, roman nəşriyyatlara yol tapa bilməzdi. Heç kim xatırlaya bilməz ki, o vaxt hansısa film qüsurlu olaydı, heç bir əxlaqi-mənəvi keyfiyyətlər ehtiva etməyəydi, amma televiziyada, ekranlarda nümayiş etdiriləydi? Özü də həmin dövrdə kino, V.İ.Leninin sözü olmasın, insanlar üçün bütün incəsənətlərdən ən əhəmiyyətlisi idi.Çünki bu sənət sahəsi görüntülü və səsli olduğu üçün daha emosional və daha inandırıcıdır.


Ədalətlə də deyək ki, o illərdə pis kino da yox idi, pis aktyor da. Əsasən, rus filmlərinə (Mosfilm) və bir də Azərbaycan filmlərinə baxardıq . Məsələn, “Ən vacib müsahibə”, “Gilas ağacı”, “Var olun, qızlar”, “Ulduz”, “Gün keçdi”,”Böyük dayaq”, “Əhməd haradadır?”, “Görüş”, “Uzaq sahillərdə”,”Qanun naminə”, “Tütək səsi”, “Sevinc buxtası”, ” Alma almaya bənzər”,”Bizim küçənin oğlanları”, “Ulduzlar sönmür”, “Mən ki gözəl deyildim”, “Uşaqlığın son gecəsi” və s.
Bu filmlərin ssenari müəllifləri, rejissorları və aktyor heyəti də mötəbər idi.
Bu filmlərin hər biri əsl həyat dərsliyi, tərbiyə məktəbi idi. Onların belə qüdrətli alınmasının əsas səbəbi bu idi ki, əsərlər özü ideyalı idi, kamil idi. Bu əsərlər təkcə insanları əyləndirmək üçün deyil, həm də tərbiyələndirmək üçün xərc çəkilib ekranlaşdırılmışdı.

İstər vətənpərvərlik mövzusunda, istər qahrəmanlıq, istərsə də ailə-məişət mövzsunda olsun, bütün əsərlər belə idi. Məsələn, əsasən, dedektiv janrda çəkilmiş “Görüş yerini dəyişmək olmaz” filmi. Bu filmdə sovet kinosunun ulduzları çəkilib. Hadisələr müharibənin yenicə bitdiyi ərəfədə Moskavada cərəyan edir. “Qara pişik” adlı quldur dəstəsi paytaxtda saysız-hesabsız cinayətlər törətməkdədir. Belə bir vaxtda Qleb Jeqlov (Vladimir Vısotski) və Vladimir Şarapov (Vladimir Konkin) kimi cəsur əməliyyat işçiləri “Qara pişik” adlı quldur dəstəsinə qarşı amansız mübarizə aparır. Filmin sonunda cinayətkar dəstənin bütün üzvləri həbs olunur.
Əsər o qədər maraqlı və peşəkarlıqla ekranlaşdırılıb ki, kimsə vahimə keçirmir, ümidsizliyə qapılmır. Jeqlov, Konkin kimi mübariz qanun keşikçiləri, sanki Moskvanın hansısa bir rayonunda deyil, bütün ovaxtkı sovetlər ölkəsində keşik çəkir. izləyib başa çatandan sonra hamıda da belə bir əminlik yaranır ki, cinayətin, cinayətkarlığın sonu yoxdur.
Digər bir xarici seriala da diqqət edək, məsələn, 2003-cü ildən yayımlanan türk serialı “Qurdlar vadisi: Pusqu”ya .
Filmdə mafiyalararası qarşıdurmalar, dövlət-mafiya əlaqələri, çoxlu sayda qətliamlardan, bir sözlə, serialın adının doğurduğu saysız-hesabsız vahimələrdən bəhs edilir. Mən bu filmə qədər heç bir filmdə insana qarşı tərədilən bu qədər amansız işgəncə formaları görməmişdim. Bu film nümayiş etdiriləndən sonra, hətta bir çox yerlərdə özlərini seriallardakı mafiya üzvlərinə bənzədərək onları təqlid etmək istəyənlər də peyda olmuşdu.
Amma “Görüş yerini dəyişmək olmaz”filminin öz seyrçisində yaratdığı assosiativlik isə müsbətdir: yeniyetmə və gəncləri cinayətə və cinayətkara qarşı nifrət ruhunda kökləyir. Macəra, təhlükə və risklərlə dolu olsa da, filmin müsbət qəhrəmanları neçə-neçə gənci polis, əməliyyat müvəkkili, təhqiqatçı, prokuror, hakim olmağa ilhamlandırmışdır. Bu, sovet dövründə təkcə ədəbiyyatın, incəsənətin deyil, eləcə də televiziya və mətbuatın qarşısında qoyduğu əsas vəzifələr idi. Televiziya, mətbuat insanları həm maarifləndirməli, həm də onların asudə vaxtlarının səmərəli keçiməsinə xidmət etməli idi.
Buna görə də hər bir proqram və layihə hazırlanarkən müzakirə ediləcək mövzulardan, veriliş aparıcılarından, verilişə dəvət edilənlərdən tutmuş ta səhnə dekorosiyasınacan bütün nüanslar əvvəlcədən ciddi-cəhdlə incələnirdi, ölçülüb-biçilirdi.
Amma indi nə gəldi, necə gəldi yazırlar.Nə gəldi, necə gəldi çəkirlər.
Pul üçün, kiminsə çirkin xislətinə çatması üçün mövzunu, ssenarini necə istəyirlər o formada da işləyirlər.

Ekran üçün, auditoriya üçün uyğun olmayan, cəmiyyət tərəfindən müsbət imici olmayan adamlar indi cəmiyyətə nəyisə öyrətmək istəyir: özünə umac ova bilmir, başqalarına əriştə kəsirlər. Əgər kiminsə , istər kişi aparıcılar, istərsə də qadın aparıcılar olsun, fərqi yoxdur, ailə həyatı uğursuz olubsa, bəziləri, hətta, 2-3 dəfə ərə gedib və ya yoldaşını boşayıbsa, indi onun ailə münaqişələri həll etməyə ekspert kimi dəvət edilməsi hansı məntiqlədir?
Cəmiyyət qarşısında özünü idarə edə bilməyən, başqalarına nümunə ola bilməyən kəsləri televizora necə dəvət etmək olar: o da canlı yayımda qeyri-etik hərəkətlər edə,qeyri-etik ifadələr işlədə.
Efirdə təhqir və davalara azmı rast gəlmişik?
Belə hallar nəinki təsadüfi adamların verilişlərində, eləcə də səhnənin, televiziyanın cikini-bikini bilən adamların verilişlərində də baş verir. Belə vəziyyətlər üçün kanal, proqram rəhbərləri məsuliyyət daşıyırlar. Amma hər halda verilişi aparan şəxs də hansı auditoriyanı idarə edəcəyini, verilişə iştirakçı kimi dəvət etdiyi adamı əvvəlcədən görüb tanımalıdır: görək onun cəmiyyətə söz deməyə qabiliyyəti və savadı çatırmı?
Doğrudur, televiziya, mətbuat o zaman özəl deyildi, onların bütün qayğıları dövlətin üzərində idi. Televiziya, qəzet öz proqram və layihələrini bu əminlikdə həyata keçirirdi. İndi isə tamam ayrı vəziyyətdir. Yaradıcı qurumların maliyyə çətinlikləri var və bu səbəbdən onlar müəyyən problemlərlə üz-üzədirlər. Sahibkarlar isə az izləyicisi olan intellekt verilişlərinə vəsait qoymaq istəmirlər, başqa sözlə, onlar daha çox istehlakçı cəlb etmək üçün reklam olunacaqları kanalın, mətbu vasitələrin daha çox izləyicili olmasına üstünlük verirlər. Bu isə əxlaqi-mənəvi sərhədlərin keşiyində duran verilişlərlə mümkün deyil və ya mümkün olacaqsa da, hələ uzun vaxt tələb edəcək.
Günümüzün real mənzərəsi isə belədir ki, bizim istər televiziya kanallarının, istərsə də kütləvi informasiya vasitələrinin aparıcı mövzuları aşağıdakılardır:
-Şou əyləncələri;
-musiqili proqramlar;
-xarici seriallar;
-şiddət və zorakılıq xəbərləri;
-cinsi motivli (adam oğurluğu -qızqaçırma), zorlama, fahişəlik fahişəliyə cəlb etmə, uşaqbazlıq) xəbərlər;
-xəyanət, aldatma (bəzən bir ailənin ən yaxın üzvləri – əmi, dayı,xala, bibi, bacı, qardaş, bacanaq, kürəkən, qayın və s. tərəfindən edilən şərəfsiz əməllərlə bağlı);
-kim kimlə sevişdi, evləndi, boşandı, barışdı tipli heç bir ictimai əhəmiyyəti olmayan yazılar;
– xarici ölkə, eləcə də ölkəmizin şou nümayəndələrinin, aktrisaların, modellərin açıq-saçıq şəkilləri və s.
Bunlar da istehsalçıların mənafelərinə uyğundur.

Belə hal narahatlılıq doğurmaya bilməz ki, bu gün cəmiyyətdə insanları narahat edən problemlər, mənəvi aşınmalar televiziya mövcud olandan indiyə kimi toplanan mənəvi dəyərlərdən çoxdur. Çünki bu gün Azərbaycan cəmiyyətində insanların asudə vaxtları şou məkanlarının cazibəsindədir. Bu gün yeni dövrün davranış və əxlaq tərzini şou məkanı müəyyənləşdirir. İstər mətbuatda, istərsə də özəl televiziyalarda proqramların çoxu yeniyetmə və gəncləri məcara həyatına, eyş –işrətə sürükləyir, açıq şəkildə olmasa da, qulağına pıçıldayırmış kimi.
“Hamilə model geyimi ilə heyrətləndirdi”, “Yenicə ana olan model ideal bədəni ilə heyrətləndirdi”, “Cəsarət belə olar – Şəffaf libasda podiuma çıxdı”, “Qalın qaşları sayəsində pula pul demir – Fotolar” , “Azərbaycanlı modelin bu rəqsi kişiləri dəli edəcək – VİDEO” və sair bu kimi manşetə çıxarılmış şit qənaətlər, qiymətləndirmələr nə deməkdir? Əvvələn, heyrətlənmək bir hal-vəziyyət ifadəsi kimi, tamam başqa mənanı bildirir; manşetdə və ya səhnədə hansı pozadasa çılpaq bədən görəndə gözündə, beynində, cismində dəyişiklik olan kəsin halı, yəni heyrətlənməsi iradəsizlik, görməmişlik təzahürüdür, belələrinə el arasında bir az mədəni şəkildə “şörgöz” deyirlər. Bu mövzuda yazıların manşetlərinə iradıma gəlincə isə, 30-40 il bundan əvvəl Azərbaycan mühitində hamilə qadın öz həyətində ailə üzvlərinin gözünə görünməyə xəcalət çəkirdi…İndi hamilə qadını səhnəyə, podiuma çıxarıb izləyiciləri heyrətləndirirlər. Doğrudanmı açıq-saçıq geyinmək cəsarət(???)

nümunəsidir, doğrudanmı Amerikada model agentlikləri Samanta Diqiakomo adlı qıza ancaq qaşlarına görə müraciət edirlərmiş? Onda guya dünyada tək olan bu qızın gen qaşlarını ancaq baş geyimləri, üz kosmetikası hüdudlarında reklam edəydilər, dəniz sahilində çimərlik geyimində yox?
Amma nə yaxşı ki belə nümunələr daha çox xarici ölkələrə məxsusdur. Bizim həyatda müşahidə edilənlər də məhz televiziya, mətbuat, internet vasitəsilə Qərb həyatından sirayət edib və edilməkdədir.
Davamı var…

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.