Mövqe


Bu gün televiziyada, internetdə yayımlanan müxtəlif serial və proqramlarda Qərb ölkələri azadlığın, demokratiyanın vətəni kimi ideallaşdırılır. Əslində isə məhz həmin “ideal” ölkələrdə gəncliyi fəal həyatdan uzaqlaşdırmaq üçün onlara sərhədsiz demokratiya bəxş edərək, sərhədsiz də mənəviyyatsızlığa sürükləmişlər. Kapitalizm dünyasının televiziyası üçün məzmunsuz seriallar, bayağı, diringi musiqilər, gözəllik müsabiqələri və s. bu kimi şou programları xarakterikdir. Bu televiziyalar sağlam əqidəli, dünya xalqlarına, bəşəri dəyərlərə hörmət edən gənclər yetişdirməyi qarşısına məqsəd qoymayıb. Onlar daha çox alıcı kütləsi və əyləncə təfəkkürlü auditoriya formalaşdırır.
Çox təəssüf ki, bizim özəl telekanallar, kütləvi informasiya vasitələri əksər layihələrini xarici ölkələrin televiziyasından götürüb təkrar edir və heç bir ictimai əhəmiyyət kəsb etməyən məsələləri müzakirəyə çıxarırlar.
Mən bir vətəndaş, dinləyici olaraq fikrimi bildirirəm: öncə televiziya verilişlərinin, televiziyanın özünün aydın hədəfi olmalıdır. Təsadüfi adamlar layihə aparmamalı, ciddi məsuliyyət və yaradıcılıq tələb edən belə fəaliyyət ancaq peşəkarlara həvalə edilməlidir.
Müğənni, ekstrasens, falçı, model, modelyer, aşpaz, prodüsser və sair ixtisası, oxuduğu məktəb haqqında heç bir məlumat olmayan kimlərəsə yox.
Araşdırsan, bu aparıcılar heç 5-10 şairin, nasirin adını bilmir, 2 kitab oxumayıb, əzbərdən 2 şeir deyə bilmir. Ona görə də lüğət ehtiyatları bəsit, nitqləri kasad, təfəkkür səviyyələri də aşağı olur. Belə layihə müəllifləri ekranlara müzakirəyə ancaq əyləncə təfərrüatı yaradan şou verilişləri, problemli ailələrdə baş verən qarşıdurmaları, xəyanəti və sair bu kimi heç bir ictimai əhəmiyyət kəsb etməyən məsələləri çıxarırlar.
Onlar auditoriya ilə maraqlı ünsiyyət qura bilmir, zövqsüz tamaşaçıl auditoriyası formalaşdırılar.

Buna görə də “Qəfəs”, “Mərc Şou”, “Yağ kimi”, “Onun yarısı”, “Səhər səhər”(ARB), “Toy olsun”, “Yarımada”, “10-lar”, “Günəbaxan”, “Beş barmaq”, “5də5”, “Bu bizik Toliklə”, “Boş anlar”, “Vüsaləylə sözbəsöz”, “Şou məkan”, “Sayqa ilə bu axşam”, “Canım sizə desin”, “Gündəlik” və s. kimi verilişlər nəinki dil qüsurları ilə müşayiət olunması, eləcə də məzmunca zəif və qüsurlu olması da təbii idi.
Özəl televiziyalar yaranandan fikir verin, veriliş və layihələri xatırlayın, kimlər (Tarix Əliyev (Tolik)Zaur Kamal, Ülvira, Yusif, Zaur Baxşəliyev, Yusif, Elgiz, Əli Mirəliyev, Kamran Həsənli, İlqar və s ) bu ekranlarda görünmədi. Əksəriyyət layihələr də də bir-birinin təkrarı. Ona görə də heç biri cəmiyyət tərəfindən müsbət qarşılanmadı.
Amma bizim televiziyanın Ofeliya Sənani, Gülşən Əkbərova, Həqiqət Əskərzadə, Tamillə Ələkbərova, Nailə İslamzadə, Kəmalə Əzizqızı, Rafiq Həşimov kimi peşəkar nümayəndələri var. Onlar efir mədəniyyətimizə imza atmış çox ünlü televiziyoçulardır. Ədəbiyyatımıza, tarix və mədəniyətimizə nə dərəcədə bələdlikləri apardıqları veriliş və proqramların müvəffəqiyyətini təmin edirdi. Çox şirin danışıqları vardı, nitqləri səlis və rəvan idi. Bayağı geyinməzdilər, yersiz hərəkətləri olmazd. Tamaşaçıların qarşısına hər verilişə uyğun da geyimlə çıxardılae. Onlar canlı məktəbdirlər və televiziyamıza bu gün də böyük nüfuz və fayda gətirə bilərlər.

Daha sonra Flora Xəlilzadə, Həmidə Ömərova, Mehriban Ələkbərzadə, İlhamiyyə Rza, İradə İsaq kimi jurnalist və veriliş müəlliflərinin adlarını da ehtiramla çəkmək istəyirəm. Onların apardığı verilişlər izləyicilər tərəfindən hər zaman rəğbətlə qarşılanıb və bu gün də belədir.
Mən qeyri-ixtisas sahiblərinin veriliş aparmasının heç də əleyhdarı deyiləm.
Mənim xatırladığım ziyalılardan teatrşünas alim Mehdi Məmmədov, geologiya-mineralogiya elmləri doktoru Xudu Məmmədov, biologiya elmləri doktoru, professor Qara Mustafayev, tibb elmləri namizədləri Əlfəddin Abdullayev və Hacıbala Bədəlov, teatrşünas alim, professor İlham Rəhimli, kinoşünas Ayaz Salayev çox məzmunlu veriliş aparırdılar, auditoriyaları da bütün Azərbaycan, dünyanın başqa yerlərində Azərbaycan televiziyasını dinləyən daha neçə milyonlar.
Çünki onlar verilişlərini öz ixtisas sahələri üzrə aparırdılar və məşğul olduqları sahələlərin də kamil biliciləri idi. Digər tərəfdən, onların verilişləri xalqın, torpağımızın, mədəniyyətimizin taleyi ilə bağlı olduğu üçün həm ideoloji baxımından, həm də sənətkarlıq və dil baxımından da kamil və mükəmməl olurdu.
İstər televiziya və radio, istər ənənəvi mətbuat, istərsə elektron mətbuat, istərsə də internet resursları ilk növbədə ideyalı olmalıdır, bəşəri olmalıdır. Əgər bunlar varsa, demək, burada elmi yanaşma, məsuliyyət də var və burada Ana dilinə laqeydlikdən söhbət gedə bilməz.
Müasir dövrümüzdə televiziya, mətbuat, artıq internet də cəmiyyəti istiqamətləndirən, cəmiyyətə təsir edə bilən ən güclü tribunalardır. Bu təsir cəmiyyətin ali məramlarına, ideallarına xidmət etdiyi kimi, cəmiyyəti kütləşdirə də bilər. Uşaq və yeniyetmələr arasında sosial şəbəkələrə maraq artdığı indiki dövrdə xüsusilə diqqətli olmaq lazımdır. Onları doğru-düzgün tərbiyə etmək, mənfi təsirlərdən qorumaq böyüklərin də, cəmiyyətin də vacib qayğılarından biridir.
Məlumdur ki, uşaqlar izlədikləri serial və çizgi filmlərini, eləcə də şou verilişlərinin mahiyyətini çox vaxt analiz edə bilmir, dərhal da təsirə düşürlər. Hər gün eşitdiyimiz intihar hadisələrində, təcavüz cinayətlərində, narkotikaya, macəralı həyata olan meyillərdə televizya, mətbuat və internetin təsiri şəksizdir.
Uşaq və yeniyetmələr elə bilirlər ki, filmdə, televizorda göstərilənlər doğrudur. Əgər televizorda göstərirlərsə, demək, bunlar ola bilər, yaşana bilər. Başqa sözlə, televiziya və mətbuatın insanlara verdiyi mesaj nədirsə, insanlar da onu alırlar. Çox təəssüflə qeyd etmək lazımdır ki, son illər bizim kütləvi informasiya vasitələrində narahatedici məqamlar çoxalmağa doğru səmt götürüb.


Hətta, bəzən valideynəlr övladlarına təsir edə, inandıra bilmirlər. Bu eybəcər hal övladlarına nümunə ola bilməyən ailələrdə daha qabarıq şəkildə özünü göstərir.
Sosioloqlar televiziyanın insan həyatındakı yeri ilə bağlı maraqlı hesablama aparmışlar.
Məlum olmuşdur ki, 75 il ömür sürən bir şəxs ömrünün 9 ilini televiziya qarşısında keçirir, yəni, 75 il ömür payı olan insan bunun 3285 gününü şüurlu olaraq televiziyaya həsr edir. İnternet, hətta, televiziyanı daha da üstələmişdir. Türkiyədə bununla bağlı digər bir araşdırmada isə məlum olmuşdur ki, 54 milyon türk vətəndaşı hər gün vaxtının ortalama olaraq 7 saatını internetə sərf edir.
6 yaşında bir uşaq həyatının 1 ilini televiziyanın qarşısında keçirmiş olur. 11-15 yaşlarındakı uşaq isə yatmadığı zamanın 55 faizini televiziya qarşısında keçirirmiş.
Bu yaş qrupundakı uşaqlar gündə orta hesabla 7.5 saatını ya televiziya, ya da kompüter başında keçirirlər.
Son 10 ildə bu aludəçilik 40 faiz artmışdır.
Mütəxəssislər bu qənaətdədirlər ki, ailədaxili ziddiyyətlərin və boşanmaların, eləcə də cinayət hadisələrinin artmasında mənfi nümunələrin böyük təsiri var.
Boşanma, kriminal hadisələrin əksəriyyətində internetin, sosial şəbəkələrin adı keçir. Digər bir maraqlı araşdırma məlumatına da türk saytlarında rast gəlmişəm. Məhkəməyə müraciət edilən boşanma mübahisələrində diqqət çəkən məqam bilirsiniz nə olmuşdur: ərlərini aldadan qadınların sayında böyük bir artım müşahidə edilir.
Əgər əvvəlki illərdə yoldaşlarını aldadan kişilərin sayının çox olurdusa, son illərdə tamam əksi olmuşdur: kişilər arvadları tərəfindən daha çox aldadılır , yəni, qadınlar ərlərinə xəyanət edir.
Araşdırma nəticələri çox açı, həm də düşündürücüdür. Acıdır ona görə ki, daha neçə ailənin ittifaqı pozulacaq. Düşündürücüdür ona görı ki, ailədə artıq müvazinət itib: biri od olarsa, su olacaq o birisi yoxdur. Elə ikisi də acı tüstüylə alovlanan oddur, yəni tüstüylə yanırlarsa, orada həyat alovu da yoxdur.

Həmin araşdırmalarda diqqəti cəlb edən daha başqa ciddi bir məqam: Türkiyədə izlənilən proqramlar (xəbər kanalları istisna olmaqla) arasında insan və cəmiyyət üçün faydalı proqram nisbəti yalnız 1 saatdır, yəni, sorğuya cəlb edilənlər daha çox şou, digər əyləncə proqramlarını, oyun və s. izləmişlər.
Bu gün Azərbaycanda da eyni vəziyyət müşahidə olunur: həm televizitada, həm də mətbuatda insanları mənfi davranışlara təşviq edən məqamlar olduqca çoxdur. Şou-biznes xarakterli verilişlərin çəkisi getdikcə artmaqdadır; verilişlərin balanslaşdırılması istiqamətində nisbət gözlənilmir, nəticədə keyfiyyətsiz əyləncələr, bayağı musiqilər, bazar, küçə söhbətlərinə çevrilən sosial verilişlər yenə əvvəlki kimi davam etməkdədir. Efirə söz deməyə “kal qoşub kotan çəkməyən” , “süfrəyə nanın tökməyən”, “arı qəhri çəkməyən” elə şəxsləri dəvət edirlər ki, bunların ” kəsdiyi əriştələrin” nə doyumluğu, nə də təpəri olacaqdır.
Davamı var…

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.