Mövqe

Əsl ziyalılar, xalqın bel bağladığı ziyalılar cəmiyyətdə nə baş versə , dərhal xəbər tutur və isti-isti də bu xəbərlərə reaksiya verirlər. Bu da normal bir haldır. Ziyalı olan bir kəs cəmiyyətdə yaşayıb, bu məkanda baş verənlərdən kənarda qala bilməz. Ölkəmizdə azadlıq və əmin-amanlıq üçün, insanların xoşbəxtliyi üçün can qoymuş, külunc çalmış insanların üstümüzdəki haqlarına məsuliyyət və cavabdehlikdir bu.
Heç yazı-pozu bilməyən 94 yaşlı Zeynəb nənə də, adi sürücü də, inşaatçı da, futbolçu da, həkim də, alim də, bir sözlə, hər kəs üçrəngli bayrağımız altında cəm olmalıdır. Amma elə məsələlər, elə hadisələr var ki, onların mahiyyətini, bizim üçün xeyirli-zərərli tərəflərini heç də hamı eyni dəərcədə anlaya bilmir. C.Məmmədquluzadənin “İranda hürriyyət” hekayəsini oxumamış olmazsınız: keçən əsrin əvvəllərində (1905-1911) İranda məşrutəçilərin böyük hərəkatı baş vermişdi. Çox böyük siyasi əhəmiyyəti olan bu hərəkat çox keçmədən boğulmuş, Məmmədəli şahın xalqa verdiyi yalançı hürriyyət vədi fonunda qələmə yalan çıxmışdı.

Cəlil Məmmədquluzadə də bu münasibətl “Molla Nəsrəddin” jurnalının ilk nömrəsində “İranda hürriyyət” hekayəsi dərc etdirmişdi. Əsərin əvvəlində verilən “Təbriz… camaata hürriyyət müjdəsi verildi: belə ki, sərbazların ciyərçilik, qəssabçılıq və dilənçilik etmələrinə dövlət tərəfindən maneçilik yoxdur” xəbəri bu hürriyyətin mahiyyətini tam ortaya qoyur.
Əsərin qəhrəmanı Kərbəlayı Məmmədəli ehtiyac üzündən Arazın o tayından bu tayına bir qarın çörəkpulu qazanmağa gəlmişdi. 2-3 ayın başında güc-bəla köç-külfətinə 6-7 arşın çitdən-mitdən, 3-4 manat da xərclik göndərə bilirdi. İndi İranda hürriyyət xəbərini eşidəndə , Kərbəlayı Məmmədəlinin həmkəndliləri Kabla İmamali, Kabla Novruz, Qasıməli, Oruc, Məşədi Bayram bilmirlər sevincdən nə etsinlər: “Qonsur, deyillər sabah həmşərilərin hamısını çağıracaq, hürriyyət paylıyacaq. Ay can, ay can…! Sağ olsun bizim padşahımız, ay can..!”
Konsulla görüşəndə isə konsul onlara deyib ki, xəbər quru vəd verilir ki, sizin hürriyyətb payınızı vətəndə paylayacaqlar. Ona görə də biçarə Məmmədəli 2-3 ay yenə özünü cəbrə salıb 3-4 manat xərclik,6-7 arşın də çit alıb hazırlamışdı ki, Arazın o tayındakı ailəsinə hürriyyət payı ilə bağlı irzini boş-boşuna göndərməsin. İndi gəlib mirzəyə yazdırdığı məktubun mərkəzində də bu fikir dururdu ki, mənim hürriyyət payıma toxunmayın, özümə göndərin. Budəfəki 3-4 manat pulu və 6-7 arşın çiti də həmişəkindən fərqli olaraq onları xətirləri xoş olsun, onun hürriyyət payına toxunmasınlar deyə göndərəcəkdi.
Cəlil Məmmədquluzadə bir tərəfdən çox böyük ustalıqla yumoristik tərzdə avamlığın, mütiliyin, biçarələyin səviyyəsiuni göstərir, əsl mətləbləri açıqlayır: hürriyyət verilmir, paylanmır, böyük mübarizələrlə qazanılır, qorunub saxlanılır.

44 günlük müharibə təkcə Zəfər savaşımız deyil, həm də gələcək savaşların xitaməsi idi: bizə əsl görk oldu. Çünki xanlıqlar dövründən, daha sonra “Gülüstan” , “Türkmənçay ”sülh müqavilələrindən üzübəri ölkəmizin bütün zəif və güclü tərəflərinin səbəblərini ortaya çıxardı. Bizə bu gerçəyi anlatdı ki, biz yalnız bir olanda, birgə olanda həllolunmaz sayılan bütün problemləri, çətinlikləri zəfərlə başa vura bilərik. Əbədi azadlığı yalnız bütöv xalqın birgə səyləri ilə qazana bilərik.
Bunlar cəmiyyətin, ayrı-ayrılıqda fərdlərin intellektual səviyyəsinin yetkin olub- olması ilə bağlı məsələlərdir. İntellektual səviyyə də öz-özünə yaranmır, kortəbii olaraq formalaşmır. O, marketlərdə də satılmır. Şəxsiyyətin ahəngdar inkişaf edən səviyyəsi ilə adidən aliyə doğru dialektik inkişaf yolu ilə qazanılır. Bu prosesdə elm və təhsilin, ədəbiyyat və sənətin, mətbuat və televiziyanın təsiri danılmazdır. Mətbuat və televiziya insanları ali ideallar uğrunda mübarzədə təşvir etməkdə ən qüdrətli ideya tribunasıdır. O, daim sərvaxt olmalı, cəmiyyətin intellektual səviyyəsi ilə ayaqlaşmağı bacarmalıdır. Amma cəmiyyəti narahat edən, mənəviyyatımıza qarşı yönəli məqamlar da şüurlu şəkildə üstündən keçilməməlidir. Doğru deyilsə, bizi böyük fəlakətlərə, faciələrə aparırsa, ziyalımız da, deputatımız da, sadə vətəndaşımız fəal həyat mövqeyini ortaya qoymalıdır. Bu, həm də cəmiyyətin üstündə olan ideoloji qayğıların ən böyüyüdür.Yaxşıdan danışıb,yaxşını təbliğ edib, mənfililikləri görməzlikdən gələcəyiksə, onda sabah, sabah olmasın, olsun 10 il sonra, bir vaxtla qeyd qaldığın, biganəlik göstərdiyin həmin eybəcərlik daha böyük ampulada, daha zərərli dozada qarşına çıxacaq. Sən məmursan, əlahiddə həyat şəraitin var, səndən ötəcək? Dar təfəkkür, məhdud baxış bucağı…
Unudulmaz şairimiz Məmməd Araz çox dəqiq təsvir edib insan oğlunu, Vətənin bu vəziyyətini:
Səndən ötən mənə dəydi,
Məndən ötən sənə dəydi.
Səndən, məndən ötən zərbə
Vətən, vətən, sənə dəydi…
Bir az öncə qeyd etdiyimiz kimi, xalqımız dünyanı heyrətə salan 3 əsrin Zəfər dastanını yazdı. Türkiyə, Pakistan, Qazaxıstan və daha bir neçə dost ölkədən başqa, kimsə, istəməzdi Zəfərimizi. Onu cənab Ali Baş Komandan İlham Əliyev Milli Ordumuzla qazandı, gənclərimizlə qazandı.

Bu gün İlham Əliyev cənablarının gəncliyə etimadı və diqqəti hər kəsə məlumdur. Bizim ideya və real gücümüz məhz gənclərimizlə bağlıdır. Ona görə də istər xarici qüvvələr, istərsə də sapı özümüzdən olan mürtəce qüvvələr açıq və ya gizli şəkildə ölkəmizin daxilində təxribat aparır, gənclərimizi cürbəcür vasitələrlə öz tərəflərinə çəkməyə çalışır, müxtəlif planlar hazırlayır, onlardan bir vasitə kimi istifadə etmək üçün məkrli siyasət yeridirlər. Bunun bir ciddi forması gənclərin şüurunu pozmaqdır. Şüuru xüsusi dərmanlarla pozmurlar ki: zərərli ideologiyaları sosial şəbəkələrlə, mətbuat və televiziya vasitəsilə çox qısa müddətdə və kütləvi şəkildə beyinlərə yeridirlər. Yadınızdadırsa, bu ilin əvvəlində “Biz amal uğrunda çarpışırıq, qəzetlər də bizim qalalarımızdır” adlı silsilə yazılar dərc etmişdik və həmin yazılarda ancaq bu məsələni problem olaraq ortaya qoymuşduq. Çox məşhur insanlar bu narahatçılığı hər zaman dilə gətirir, fəqət, heç nə dəyişmir.
Bizim bir çox kütləvi informasiya vasitələri, özəl telekanallar, sosial şəbəkə vasitələri, internet televiziyaları bu məqsədə xidmət edən bayağı mövzuları bu gün də yaymaqdadır. İnternet texnologiyaları ilə tirajlamaq isə ildırım sürətilə yayımlanmaq deməkdir. Vaxtında qarşsı alınmasa, internet vasitəsilə metastaz daha içərilərə işləyəcək. Fəqət, bütün bunlara susqunluq daha qabarıq şəkildə hiss olunmaqdadır.
Söz demək haqqı olanlar insanları narahat edən məsələlərin televiizya və mətbuatda yanlış paylaşımına sərt təpki göstərməlidirlər.
Mətbuat, televizya izləyicisini, oxucusunu macərə həyatına, striptiz salonlara səsləməmildir. Son illərin mətbuatını analiz etsək, qarşımızda utanc səhifələr açılacaq. Namus, əxlaq toxunulmazlığı olduqca həssas məsələ olan bir xalq üçün əmisi arvadını, 14 yaşlı xalası qızını, 87 yaşlı bibisini, məktəbli dayısı qızını, müəlliməni təcavüzə məruz qoymaq necə ağıla sığa bilər?
Əgər belə yazılara təpki göstərilməyəksə, onda hər gün qohum-qardaşın da bir-birinə xəyanət etdiyi haqqında ağıla gəlməyən xəbərlər eşidəcəyik.
Manşetlərdən nümunələr:”Göyçayda qayınata gəlinini zorladı”, “Qayınanasını yataq otağına salıb zorladı, sonra…”, “Əvvəl bacısını zorladı, sonra isə qızına… – Azərbaycanda iyrənc cinayət hadisəsi”, hansından deyib ötəsən.
Bu ilin oktyabr ayının əvvəlində cənc bir qız özü ekranda bildirdi ki, xalam oğlu məni zorladı. Bir baxın, bir məktəbyaşlı qızımız (belə faktlar bir deyil, iki deyil, beş deyil) böyüklərin iblisanə oyununa tuş gəlib. Mətbuat, televiziya isə bu acıya fərdi yanaşır. Bu cür hadisələr cəmiyyətin aşınmaya sürükləndiyinə aid bir faktdır. Mətbuat və televiziya niyə ona belə yanaşmalıdır? Heç təcavüzə uğramış şəxs, özü də yeniyetmə qız uşağı , televiziyaya, yaxud da mətbuata çıxıb deyərmi ki, xalamoğlu məni zorladı(?!). Bəs belə xəbər üçün qızın təbəssümlü şəklini tirajlamaq nə deməkdir? Qarşısına maarifləndiricilik missiyası qoyan mətbu vasitəni bu yavrunun gələcək taleyi niyə narahat etmədi?
Həmin qızın bu şəkildə kobud informasiya hədəfinə çevrilməsi, şəkillərinin tirajlanması özü beynəlxalq uşaq hüquqları ilə bağlı bütün öhdəliklərə ziddir. Belə hadisələr məhkəmənin razılığı olmadan ictimailəşdirilməməlidir.
Millət Vəkili Aqil Abbas da o vaxt buna etirazını bildirdi və məsələni Milli Məclisin gündəliyinə çıxaracağına söz vermişdi.
Çox keçmədi ki İmişlidə ata 11 yaşlı qızını zorladığı haqqında xəbərlər insanları sarsıtdı. Daha sonra Yevlaxda əmisi 13 yaşlı qardaşı qızını qaçırıb (https://polemika.az/qardasi-qizini-zorlayan-%C9%99mi-h%C9%99bs-edildi).
Bu yaxınlarda ixtisasca jurnalist olmayan bir mətbuat yetkilisinin internetdə bir yazısına rast gəlmişdim. Birbaşa deyir ki, sovet dövründə jurnalistika olmayıb. Bir az dəqiqləşdirək: olub, amma indiki kimi belə nəzarətsiz kütləvi informasiya vasitəsi ola bilməzdi. Son 3 hadisənin arasındakı zaman yaxınlıqlarına baxın. Cəmiyyət aşınmaya doğru getmirmi? İnsanlar bu xəbərdən sarsıldığı kimi, artıq həm də hər kəsdən şübhələnir və qorxur. Yoldan keçənlərdən yox ey, öz yaxınlarından: ataslndan, qardaşından, əmisindən, dayısından, bibisindən,yoldaşından, ərindən… Belə yaşamaq olarmı? Bu, təkcə bir ailənin başına gələn xəyanət məsələsi deyil. Bu, həm də ailə institutunu göz görə-görə dağılmağa məruz qoymaq deməkdir. Bu, həm də cəmiyyət üzvləri arasında əxlaqi-mənəvi birlik formalarını sarsıtmağa yönəli qəsddir.
Mən Bakıya ilk dəfə sovet dövründə – 1972-cı ilin sentyabrında gəlmişdim. Atamla kirayəlik ev axtarırdıq. Razin qəzəbəsinin, Montinin, Bayılın, Ermənikəndin, “Semaşko”nun, “28 Aprel ” , “Nərimanov” , “Gənclik” metrolarının yaxınlığındakı həyət evlərinin az qala çoxunda olmuşduq. Keçmiş Bakı məhəllələrində adamlar arasında indikindən qat-qat böyük mədəniyyət, qonaqpərvərlik, abır-həya görmüşdüm. Həyətlərdə səmimiyyət dolu bir həyat qaynayırdı. İndi yoxdu belə bir həyət-baca. Hərə evinin qapısını açıb içəri girir, səhər işə gedəndə də ertədən oyanar, tələm-tələsik avtomobilinə özünü çatdırıb, həyətdən uzaqlaşar. Bina evlərində də belədir. Çox qonşu, üz-üzə qapılar var ki, bir-birlərini tanımırlar.
Deyirlər ki, bu gün insanlar tamaşaya baxmır, kino izləmir, kitab oxumur. Axı bu günün komediyası, filmi tamaşaçı üçün ideal yarada bilmir, tamaşaçını ideallara bağlaya bilmir. Çünki mövzu aktual deyil, məzmun təsadüfi ssenaristlər tərəfindən uydurulub, reşissor işi çılızdır. Şou mətbuatının zorla tanınmış aktyor etdiyi Fərda Xudaverdiyev sosial şəbəkələrin hansı birindəsə yazıbmış ki, özünə çox yüksək maaşla ssenarist axtarır.

Şit, bayağı gülüşlə nə qədər pul qazanmaq olar ki, ssenaristə də yüksək maaş vəd edəsən. Deyəsən, müğənni şou müğənnilərindən biri belə elan vermişdi. Onda belə çıxır ki, ssenarist ona yüksək maaş vəd edən şəxsin diqtə etdiklərini ssenariləçdirəcək.Süni epizodlar, yol xəritələri cızılacaq. Filmi gah dağda, gah aranda çəkmək olacaq. Lap sponsor istəsə, bir səhnəni Yakutiyada cərəyan etdirə bilərlər. Axı əsər belə yaranmamalı, ərsəyə belə gəlməməlidir. Qələmə alınan bir misra belə, ictimai məzmun kəsb etməlidir. Kiməsə lazım olmalıdır, onu cahan süfrəsinə öz payını töhfə etməyə sövq etməlidir.
Müəllif öz sənət əsərləri ilə estetik ideaallarla yanaşı, milli mənsubiyyətinə, tarixinə də sadiq qalmalıdır.
Məsələn, “Əhməd haradadır?”, “Böyük dayaq”, “Qızmar günəş altında” filmlərini, eləcə də sover dövründə ailə-məişət mövzusunda ekranlaşdırılmış digər filmlər, adam ləzzət alır.
“Əhməd haradadır?” filmi 1963-cü ildə çəkilmişdir. Az qala 60 ilə yaxın bir müddətdir bu dövr. Baxmayaraq ki, film həyata vəsiqə alandan sonra onu dərin süjet xəttinə malik olmayan, sırf məişət mövzusu üzərində qurulmuş bir ekran əsəri kimi xarakterizə olunmuşdu .
O vaxt hətta mərkəz bu əsərə primitiv, zəif, “burjua- meşşanlığı təmsil edən” film yarlığı da qoymuşdular.
Həqiqətdə isə “Əhməd haradadır?” filmi Azərbaycan xalqının məişət və mədəniyyətindən, аdət-ənənələrindən, etiket normalarından bəhs edən çox dəyərli, zəngin etnoqrafik bir mənbə idi və bu gün də belədir.
Davamı var…

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.