5 iyul

Tarixdə bu gün

İlin 186-cı (uzun illərdə 187-ci) günü.

Mühüm hadisələr:

1924 — Parisdə 42 ölkənin iştirak etdiyi VIII Yay Olimpiya Oyunları açılmışdir.

1606 — I Abbas Gəncəni Osmanlılardan geri almışdır.

Doğum günləri:

1881 — Azərbaycan Xalq Cümhuriyyətinin liderlərindən biri, azərbaycançılığın inkişafında xidməti olan milli ziyalı, ictimai-siyasi və dövlət xadimi, publicist Yusifbəyli Nəsib bəy Yusif oğlu 1881-ci ildə Gəncə şəhərində anadan olub. Odessa Dövlət Universitetinin hüquq fakültəsində təhsil alıb. İnqilabi hadisələrlə bağlı universiteti yarımçıq qoyub və təhsilini Xarkov universitetində davam etdirib, ancaq maliyyə çatışmazlığı ucbatından 4-cü kursdan oranı da yarımçıq qoyub Krıma getməli olub. Burada İsmayıl Qaspıralının “Tərcüman” qəzetiylə əməkdaşlıq edib, Qaspıralının qızı Şəfiqə xanımla evlənib. Nəsib bəy 1909-cu ildə Gəncəyə qayıdaraq ictimai-siyasi fəaliyyətə başlayır. Qurucusu olduğu Milli Federalistlərin Türk Partiyası 1917-ci ildə Müsavat Partiyası ilə birləşir. Zaqafqaziya Seyminin üzvü, Zaqafqaziya federativ hökumətində maarif naziri olub. Azərbaycan Xalq Cümhuriyyətini quranlardan biri və hökumətinin bütün kabinetlərində təmsil olunmuş Nəsib bəy bəy 4-cü və 5-ci hökumətlərə rəhbərlik edib. Aprel inqilabından sonra Bakını tərk edib və 1920-ci il mayın 31-də yolda qətlə yetirilib.

1950 — Şair, nasir, publisist, müəllim və tərcüməçi, Azərbaycan Yazıçılar Birliyi Şəki bölməsinin sədri Vaqif Cumay oğlu Aslanovn Şəki rayonunun Kiş kəndində anadan olmuşdur.

1968-1973-cü illərdə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun Fransız və Azərbaycan dilləri fakültəsini bitirmişdir.

1973-1993-cü illərdə Şəkinin Kiş kəndindəki orta məktəbdə öz ixtisası üzrə müəllimlik etmişdir.

1994-1997-ci illərdə Şəki Regional Elmi Mərkəzində “Folklor və el sənətləri” laboratoriyasının rəhbəri olmuşdur. 1997-ci ilin sonlarından AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu nəzdində yaradılan Folklor Elmi-Mədəni Mərkəzinin, 2003-2013-cü illərdə isə Folklor İnstitutunun Şəki sektoruna rəhbərlik etmişdir. 1995-ci ildən etibarən saathesabı olaraq ADU-nun, sonra Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialında “Azərbaycan ədəbiyyatı tarixi”ndən, o cümlədən, “Türk xalqları ədəbiyyatı”ndan, “Azərbaycan ədəbi tənqidinin tarixi”ndən, “Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı”ndan dərs demişdir. Hal-hazırda ADPU-nun Şəki filialında pedaqoji fəaliyyətini davam etdirməkdədir.

1998-ci ildən Azərbaycan Yazıçılar Birliyi Şəki bölməsinin sədridir.

İlk mətbu şeiri 1967-ci ilin may ayında Şəkidə çıxan “İpəkçi” qəzetində dərc edilmişdir.

İlk kitabı “Aydın” poemasıdır.

Vaqif Aslan tərçümələri ilə də məşhurdur. Vaqif Aslan həm də kinossenarilər müəllifidir. “Odla qol-boyun” qısametrajlı bədii filmi və “Şəki: tarixin naxışları” qısametrajlı sənədli filmi onun senariləri əsasında çəkilmişdir.

Vəfat etmişdir:

1975 –Azərbaycanın ilk qadın bəstəkarı, Əməkdar incəsənət xadimi Ağabacı İsmayıl qızı Rzayeva 62 yaşında vəfat etmişdir.

Ağabacı İsmayıl qızı Rzayeva 15 dekabr 1912-ci ildə Bakıda musiqiyə dərin hörmət bəslənilən ziyalı ailəsində anadan olmuşdur. Atası İsmayıl ixtisasca iqtisadçı olsa da, muğamların sirlərinə yiyələnmiş, onları tarda çalmağı öz atası, məşhur tarzən Mirzə Fərəcdən öyrənmişdi.

Ağabacı babasının vəfatından sonra əvvəlcə Pedaqoji texnikumu bitirib (1929), bir neçə il Saray, Kürdəxanı və Maştağa kəndlərində müəllimlik edir. Lakin o, uşaqlıqdan sevdiyi musiqidən heç cür ayrıla bilmirdi. Yaxşı səsi olan qızları başına yığıb xor yaradır, özü də onları tarda müşayiət edirdi. Maştağada Yerli radio qovşağı yaradılarkən gənc müəllimənin təşəbbüsü və yaxından iştirakı ilə xəbərlər arasında musiqi nömrələri də verilərdi. Onu da qeyd etmək lazımdır ki, A. Rzayeva musiqi-maarifçilik işini ömrünün sonuna kimi davam etdirmişdi.

1934-cü ildə əvvəlcə konservatoriyanın nəzdində Xalq musiqisi şöbəsi təşkil olunarkən Üzeyir bəy Ağabacı ilə bacısı Ruqiyyəni öz yanına çağırtdırıb, adəti üzrə bığlarını tumarlaya-tumarlaya deyir: “Qoçaq qızlarsız, heç kəs öz qızını tar çalmağa qoymur, özümüzünkülər gəlsə, başqaları da baxıb həvəsə düşərlər”.

Ağabacı xanım not çalğısı üzrə ali təhsilli tarzən və bəstəkar Səid Rüstəmovdan, muğam üzrə Mirzə Mənsur Mənsurovdan dərs alır.

Azərbaycan Dövlət Konservatoriyasında Üzeyir Hacıbəyovun kompozisiya sinifində təhsil almış, onun ən sevimli tələbələrindən biri olmuşdur.

1938-ci ildə isə Moskvada keçirilən Azərbaycan incəsənəti dekadasında iştirak edib. O, həm Azərbaycanda, həm də bütün Şərqdə peşəkar musiqi təhsilini almış ilk qadın-bəstəkardır.

Onun ardınca digər istedadlı qızlar da (Ədilə Hüseynzadə, Hökümə Nəcəfova, Şəfiqə Axundova) bəstəkarlıq sahəsinə gəlirlər.

Ağabacı Rzayeva bir çox mahnı və romansların, həmçinin “Höcət eləmə” (1965, İsmayıl Quliyevlə birgə) musiqili komediyasının, “Ögey ana” dramı, Xalq Çalğı Alətləri Orkestri, simli kvartet üçün pyeslərin, simfonik əsərlərin, Nəsiminin sözlərinə 7 romansın və s. əsərlərin müəllifidir. İfa olunmamış əsərləri İncəsənət Arxivində saxlanılır.

Xalq çalğı alətləri orkestrinin tərkibinə klarnet alətinin salınması da Ağabacı Rzayevanın adı ilə bağlıdır.

1987 — Tərcüməçi, tənqidçi, ssenarist, Əməkdar İncəsənət xadimi İbrahimov İshaq İbrahim oğlu vəfat etmişdir.

İshaq İbrahimov 1921-ci il fevralın 21-də Bakı şəhərində qulluqçu ailəsində anadan olmuşdur. Burada orta məktəbi bitirmiş, İkinci Dünya müharibəsinin başlanması ona təhsilini davam etdirməyə imkan verməmişdir. 1941-ci ilin sentyabrından Sovet Ordusu sıralarında əsgəri borcunu yerinə yetirməyə başlamışdır: ön cəbhədə əldə silah vuruşmuş, yaralanmış, müalicədən sonra yenidən Cənub-qərb cəbhəsində topçu diviziyasında kəşfıyyat rəisi, ştab rəisi kimi döyüşlərdə iştirak etmişdir.

Ordudan tərxis ediləndən sonra Uşaqgəncnəşrdə tərcüməçi-redaktor işləmişdir . Azərbaycan Dövlət Teatr İnstitutunun Teatrşünaslıq fakültəsində təhsilini davam etdirmiş, eyni zamanda bədii tərcümə ilə məşğul olmuşdur. 1975-1984-cü illərdə  Azərbaycan Yazıçılar İttifaqının katibi İşləmişdir.

1991 — Azərbaycan Xalq rəssamı Hüseyn Əlirza oğlu Əliyev 80 yaşında vəfat etmişdir.

Əliyev Hüseyn Əlirza oğlu 1911-ci il aprelin 22-də Comərdli kəndində Kərbəlayı Cəfər oğlu Əlirzanın və Narıngül xanımın ailəsində dünyaya göz açmışdır. Rəssam kimi ilk təbiət mənzərəsini çəkəndə onun 12 yaşı olub[2]. Bakıda Rəssamlıq Texnikumunda oxumuşdur (1927-1932).

1922-1931-ci illərdə “Molla Nəsrəddin” jurnalı ilə əməkdaşlıq etmiş, onun bir sıra karikaturaları jurnalın səhifələrində çap olunmuşdur.

Hüseyn Əliyev Leninqrad Rəngkarlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutunu bitirdiyi ildən (1932-1935) təqaüdə çıxanadək “Xalq qəzeti”nin (“Kommunist”) bədii tərtibat şöbəsində əvvəlcə baş rəssam, sonra da bədii tərtibat şöbəsinin müdiri vəzifəsində işləyib (1935-ci il oktyabr ayının 4-dən).

Böyük Vətən Müharibəsinin iştirakçısı olmuşdur.  

Azərbaycan xalq rəssamı Hüseyn Əliyevin müxtəlif sərgilərdə nümayiş etdirilən rəsm əsərləri arasında, onun Comərdli kəndində çəkdiyi “Yəhər Təpə” və “Mahmud bulağ”  tabloları özünəməxsus yer tutur.

1994 — Azərbaycan paleontologiyası məktəbinin banisi, arxeoloq,  tarix elmlər doktoru , professor Məmmədəli Murad oğlu Hüseynov  72 yaşında vəfat etmişdir.

Məmmədəli Hüseynov 3 aprel 1922-ci ildə Qazax rayonunun Mollacəfərli kəndində anadan olmuşdur

Məmmədəli Hüseynov 1946-1951-ci illərdə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Tarix fakültəsində ali təhsil almışdır. O, ali təhsilini başa vurduqdan sonra Azərbaycan Tarixi Muzeyində (indiki Azərbaycan Milli Elmlər Akademiyası Milli Azərbaycan Tarixi Muzeyi) əmək fəaliyyətinə başlamışdır.

Məmmədəli Hüseynov 1971-1994 illərdə Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutu Daş dövrü arxeologiyası şöbəsinə rəhbərlik etmişdir. O, eyni zamanda 1976-1993-cü illərdə Bakı Dövlət Universitetinin Tarix fakültəsində təşkil olunmuş Arxeologiya və Etnoqrafiya kafedrasının müdiri olmuşdur.

Məmmədəli Hüseynov 1960-cı ildə Tbilisidəki Arxeologiya, Etnoqrafiya və Tarix institutunun Elmi Şurasında “Aveydağ paleolit düşərgələri”adlı namizədlik dissertasiyasını müdafiə edərək tarix elmləri namizədi alimlik dərəcəsi almışdır. O, 1985-ci ilin oktyabr ayında Kiyev şəhərində “Azərbaycanın qədim paleoliti” adlı doktorluq dissertasiyasını müdafiə edərək tarix elmləri doktoru alimlik dərəcəsini almışdır. Ona 1987-ci ildə professor adı verilmişdir.

Məmmədəli Hüseynovun rəhbərliyi altında 1956-cı ildə Elmlər Akademiyasının Azərbaycan Tarixi muzeyində paleolit arxeoloji ekspedisiyası təşkil olunmuşdur. Məmmədəli Hüseynov 1958 ildə Qazax rayonu ərazisində kəşfiyyat işləri aparmış və Daşsalahlı mustye düşərgəsini aşkar etmişdir. Daşsalahlı düşərgəsində aparılan arxeoloji qazıntılar zamanı mustye mədəniyyətinə aid zəngin elmi materiallar tapılmışdır.

Məmmədəli Hüseynov 1960 ildə o, Qarabağın Quruçay və Köndələnçay sahillərində arxeoloji kəşfiyyat işləri aparmış və çoxtəbəqəli Azıx və Tağlar paleolit düşərgələrini aşkar etmişdir.

Quruçay və Köndələnçay vadilərində, həmçinin Qarabağın dağlıq hissəsində karst mağaraları olduqca zəngindir. Lakin hələlik bu diyarda ən zəngin maddi-mədəniyyət nümunələrinə malik paleolit məskənləri Azıx və Tağlar mağaralarında qeydə alınıb, arxeoloji cəhətdən ən müasir elmi biliklər səviyyəsində tədqiq olunmuşdur. Məmmədəli Hüseynov 1968 ildə Azıx mağara düşərgəsinin orta aşel təbəqəsindən daş alətlər və daşlaşmış heyvan sümükləri ilə bir yerdə 350-400 min il yaşı olan ibtidai insanın alt çənə sümüyünün bir hissəsini də tapmaqla dünyaya səs saldı. Sonrakı illərdə tədqiqatların davam etdirilməsi nəticəsində Azıxda və ümumiyyətlə, Quruçay vadisində erkən insanın hələ 2 milyon il bundan öncə məskunlaşdığı arxeoloq Məmmədəli Hüseynov tərəfindən tutarlı elmi dəlillərlə sübuta yetirildi.

Məmmədəli Hüseynov 6 kitab və 100-dən çox elmi əsərin müəllifidir.

2002 — Görkəmli xanəndə, Azərbaycan Respublikasının Xalq artisti Yaqub Məhəmməd oğlu Məmmədov 72 yaşında vəfat etmişdir.

Yaqub Məmmədov 5 may 1930-cu ildə Ağcabədi rayonunda anadan olmuşdur. Qarabağ xanəndəlik məktəbinin XX əsrin II yarısında yetişmiş orta nəslinin görkəmli nümayəndəsi olmuşdur. Qarabağ torpağında boya-başa çatmış Yaqub Məmmədov professional musiqi təhsilini Azərbaycan Dövlət Musiqi Məktəbində almışdır.

Görkəmli xanəndə Seyid Şuşinskidən muğam dəsgahları, xanəndəlik sənətinin sirlərini öyrənmiş, həmçinin musiqi və poeziya sahəsində dərin biliklər qazanmışdır. Yüksək ifaçılıq mədəniyyətinə malik xanəndə gözəl səsi, təkraredilməz oxuma tərzi ilə diqqəti cəlb etmişdir.

O, bütün muğam dəstgahlarının gözəl bilicisi olmaqla yanaşı, həm də Azərbaycan poeziyasını dərindən bilirdi. Yaqub Məmmədov uzun illər Azərbaycan Dövlət Filarmoniyasında solist olmuş, konsertlərdə çıxış etmişdir. Onun ifasında qrammafon vallarına yazılmış muğam dəstgahları bütün Yaxın və Orta Şərqdə yayılmışdır.

Ustad xanəndə kimi püxtələşmiş Yaqub Məmmədov sənətdə öz ənənələrini yaratmışdır. Öz dövrünün bir çox xanəndələri, eyni zamanda, yeni gələn nəsil onun yaradıcılığından bəhrələnmişlər.

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.

Ana və Uşaq.com – sadəcə, bir sayt deyil, cəmiyyət üçün kiçik də olsa, fayda vermək istəyən bir təşəbbüsdür.

Bağlantı