25 aprel

Tarixdə bu gün

İlin 115-ci (uzun illərdə 116-cı) günü

Mühüm hadisələr:

1719 — Daniel Defonun məşhur əsəri “Robinzon Kruzo” nəşr edildi.

Doğum günləri:

1905— Görkəmli ədəbiyyatşünas, tənqidçi, filologiya elmləri doktoru , professor Mikayıl Həsən oğlu Rəfili Qasım İsmayılov rayonunun (indiki Goranboy rayonu) Borsunlu kəndində anadan olmuşdur.

İbtidai təhsilini doğulduğu kənddə, orta təhsilini isə Gəncədə almış və bu dövrdə də bədii yaradıcılığa başlamışdır. Onun “Mikayıl Rəfizadə” imzası ilə ilk qələm təcrübələri “Mücadileyi-həyat” hekayəsi, “Elmə doğru” şeiri və “Qərb mədəniyyəti” məqaləsi “Əfkari-mütəəllimin” jurnalında (1919, 2,3 nömrələrində) dərc olunmuşdur.

Təhsilini   artırmaq məqsədilə Gəncəyə, sonra   Bakıya  gəlmiş, burada Azərbaycan Politexnik İnstitutuna daxil olmuş, həm də Azərbaycan Dövlət Universitetinin Şərq dilləri fakültəsində məşğələlərin dinləyicisi olmuşdur. “Maarif və mədəniyyət” jurnalı redaksiyasında işləmişdir.

1927-ci ildə Moskva Dövlət Universitetində təhsil almışdır. 1929-cu ildə Moskvaya I Ümumittifaq proletar yazıçılarının qurultayına nümayəndə seçilir. Azərbaycan Dövlət Pedaqoji İnstitutunda rus ədəbiyyatı kafedrasında müəllim, sonra dosent (1930-1935) işləmiş, eyni zamanda “Bakinski raboçi” qəzeti redaksiyasında mədəniyyət şöbəsinin müdir müavini olmuşdur.

1934-1935-ci illərdə SSRİ Elmlər Akademiyasının Azərbaycan filialında elmi işçi işləmişdir. Sovet yazıçılarının I Ümumittifaq qurultayına nümayəndə seçilmişdir.

1935-1936-cı illərdə SSRİ EA-nın (Leninqrad) aspiranturasında təhsil almış, orada “Azərbaycan ədəbiyyatının rus mədəniyyəti ilə əlaqələri haqqında” mövzusunda dissertasiya müdafiə etmişdir. Sonra “Puşkinin həyat və yaradıcılığı”, “Puşkin və Azərbaycan”, “M.F.Axundov” əsərlərini yazmışdır (1935-1937).

Nizami yubiley komitəsi tərkibində məsul katib olmuşdur. 1938-ci ildən Azərbaycan Pedaqoji İnstitutunda və Azərbaycan Dövlət Universitetində professor olmuş, Azərbaycan ədəbiyyatı tarixi kursunu aparmışdır.

İkinci Dünya müharibəsi illərində radioda, Qızıl Ordu hissələrində, hərbi xəstəxanalarda çıxışlar etmiş, “Səbuhi” ssenarisini, “Şirvanşah İbrahim” pyesini yazmışdır.

1958-ci il aprelin 25-də vəfat etmişdir.

1908— Məşhur Azərbaycan qarmonçusu Teyyub Hacı Məmməd oğlu Dəmirov Bakıda anadan olub.

O, Kor Əhədin tələbəsi və davamçısı olmuş, Əhməd Bakıxanovun bədii rəhbəri olduğu Xalq çalğı alətləri ansamblı 1941-ci ildə yenidən bərpa olunanda orada qarmon ifa etmişdir

Teyyub Dəmirovun ifaçılıq sənətində muğamlar, xalq mahnıları və rəqslər əsas yeri tutur. Bundan əlavə o, Azərbaycanda keçirilən müxtəlif musiqi tədbirlərinin iştirakçısı olmuşdur. İfaçılıq və tədris fəaliyyəti ilə yanaşı,  o, bir sıra rənglər və dəramədlər də bəstələmiş, Azərbaycan qarmonunun inkişafında mühüm rol oynamışdır.

Teyyub Dəmirov 9 avqust 1970-ci ildə Bakıda vəfat etmişdir.

Onun ifasında səsləndirilən “Bayatı-Şiraz”, “Segah”, “Rast”, “Zabul”, “Bayatı-Qacar”, “Şur” muğamlarının səsyazmaları Azərbaycan televiziyası və radiosunun fondunda saxlanılır.

1914— Məşhur teatr və kino aktyoru, Xalq artisti Məhəmməd İsmayıl oğlu Bürcəliyev Şəki şəhərində anadan olmuşdur.

Şəki şəhərində 5-illik orta təhsilini başa vurduqdan sonra 1932-ci ildə təhsilini davam etdirmək məqsədi ilə fabrik-zavod məktəbinə daxil olmuşdur. Sabit Rəhmanın dəvəti ilə 1932-ci ildə Şəki Dövlət Dram Teatrında aktyor kimi fəaliyyətə başlamışdır. 1932-1935-ci illərdə Şəki Dövlət Dram Teatrında fəaliyyət göstərmiş və maraqlı obrazlar qaleriyası yaratmışdır. 1935-ci ildən ömrünün sonunadək, yəni, 1994-cü ilədək Gəncə Dövlət Dram Teatrında çalışmışdır. 1967-1968-ci illərdə N.K.Krupuskaya adına Moskva Dövlət İncəsənət Universitetinin “Teatr aktyoru və rejissoru” fakültəsini bitirmişdir.

1948-ci ildə M.Bürcəliyev “Yadigar” adlı bir dram əsəri də qələmə alıb. Həmin il “Yadigar” pyesi Gəncə Dövlət Dram Teatrında tamaşaya qoyulub. Pyesin quruluşçu rejissoru Ağəli Dadaşov, rəssamı Bəhram Əfəndiyev və musiqi tərtibatçısı Şəmsəddin Fətullayev olub. M.Bürcəliyevin “Yadigar” pyesi 1948-ci ildə keçmiş SSRİ-də keçirilmiş “Müasir dramaturqların əsərlərinə baxış” festivalında 3-cü dərəcəli mükafata layiq görülmüşdür. Həmçinin M.Bürcəliyev respublikada çapdan çıxan qəzet və jurnallarda 75-dən artıq məqalə, resenziya və oçerkin müəllifidir.

Məmməd Bürcəliyev Gəncə Dövlət Dram Teatrının səhnəsində 300-dən artıq maraqlı obrazlar qaleriyası yaratmışdır. Həmçinin bu teatrın səhnəsində M.Bürcəliyev 11 pyesə quruluşçu rejissor kimi səhnə həyatı bəxş etmişdir.

M.Bürcəliyev “Azərbaycanfilm”in istehsalı olan bir neçə filmdə də yaddaqalan obrazlar yaratmışdır. “Dəli Kür” filmində Allahyar, “Qəm pəncərəsi” filmində Rəşid bəy, “O dünyadan salam” filmində Hacı Baxşəli və s. obrazları aktyorun geniş yaradıcılıq imkanlarından, böyük potensial qüvvəsindən xəbər verir.

1944-1945-ci illərdə Məmməd Bürcəliyev Fikrət Əmirov ilə birgə ilk dəfə olaraq Gəncə Dövlət Filarmoniyasını yaratmışlar və həmin illərdə Gəncə Dövlət Filarmoniyasının direktoru Məmməd Bürcəliyev olmuşdur.

Məmməd Bürcəliyev 1994-cü il noyabr ayının 25-də Gəncə şəhərində vəfat etmişdir.

1957— Azərbaycanın kino və teatr aktrisası,  Xalq artisti, dosent Həmidə Məmməd qızı Ömərova Bakıda müəllim ailəsində anadan olmuşdur.

1975-1979-cu illərdə Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun aktyorluq şöbəsində təhsil almışdır. 1979-1993-ci illərdə C. Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında, 1992-1993-ci illərdə Azərbaycan Kinematoqrafçılar İttifaqında çalışmışdır. Filmlərə çəkilməklə yanaşı, 500-dən artıq bədii filmin dublyajı və səsləndirilməsində fəal iştirak etmiş, “Azərbaycan kinosunda feminizm”, “ABŞ kinosu: 1895-1945-ci illər”, “Amerika kino tarixi” kitablarını qələmə almışdır. Hazırda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Kinoşünaslıq” kafedrasına rəhbərlik edir.

1986-cı ildən Azərbaycan Dövlət Televiziyasında “Retro” kinozalının aparıcısı, 2002-ci ildən “Kinoştrix” verilişinin ssenari müəllifi olmuşdur.

Şəfiqə (“Qızıl uçurum”), Çinarə (“Anlamaq istəyirəm”), Zümrüd (“Yol əhvalatı”), gəlin (“Vah!”), Zeynəb (“Babamızın babasının babası”), Telli (“Qorxma, mən səninləyəm”), Məleykə (“Üzeyir ömrü”), Afaq (“Nizami”), Şəfiqə (“Musiqi müəllimi”), Tamara (“Burulğan”), Nazlı (“Şirbalanın məhəbbəti”), Nuriyə (“Divlər zindanı”, İran k/s), Nurzad (“Əzablı yollar”), Zivər (“Doğma sahillər”), xan qızı (“Dədə Qorqud oğuznamələri”), Elmira (“Dronqo”) və s. obrazlar yaratmışdır.

1969 — Yəhudi əsilli Azərbaycanın Milli Qəhrəmanı Asif Aqarunoviç Aqarunov Bakının Əmircan qəsəbəsində yəhudi ailəsində anadan olub.

Musiqi məktəbində nəfəs aləti olan truba sinfini bitirmişdi.

Suraxanı rayonundakı 154 saylı məktəbin səkkizinci sinfini bitirərək peşə məktəbində sürücü-mexanik ixtisasına yiyələnib.Hərbi xidmətə gedənə qədər işləyib, ailəsinə kömək də  edirmiş. 1987-ci ildə Aqarunov Gürcüstanda hərbi xidmətə çağırılıb  və xidməti dövründə tank komandiri olub. 1989-cu ildə ordu sıralarından tərxis olunaraq Bakıya dönərək Suraxanıda maşınqayırma zavodunda işləyib.

Qarabağ müharibəsi başlayarkən, Aqarunovun  hərbi komissarlığa gedərək  könüllü olaraq   cəbhəyə yazılmışdır. 

Tank komandiri təyin edilən Albert Aqarunov Şuşada Elçin Məmmədovun başçılıq etdiyi 777 nömrəli xüsusi təyinatlı batalyonda döyüşüb. 1992-ci il may ayının 8-i Şuşaya bir  erməni tankına   şəhərdə erməni bayrağı asmaq  tapşırığı verilibmiş.  O, şəhərə ilk  girərək erməni bayrağını uca bir yerdə asmalı imiş . Lakin ermənilərin  442 nömrəli tankı Şuşaya girməyə cəhd elədiyi anda Albert Aqarunovun 533 nömrəli tankı tərəfindən vurulur. Tankın komandiri Qaqik Avşaryan, sürücü mexanik Aşot Avanesyan, atıcı-artirelist Şahen Sarkisyan elə ilk və son atəşdən maşının kabinəsində məhv edilir. Ermənilər Birinci Qarabağ müharibəsindən sonra Avşaryanın yanmış T-72 tankının bərpa edib, onu tünd yaşıl rəngə boyayıb, onun 442 nömrəsini ağ rənglə gövdəsində yazıb, təpənin başında Şuşaya tuşlanmış vəziyyətdə qoyublar.

Aqarunovun döyüşdüyü “Səbayıl” tank taborunun komandiri Hacı Əzimovun xatirələrindən:

” T-72 tankları mürəkkəb idi. Albert öz əsgər yoldaşlarına da bu tankdan istifadə üsullarını öyrədirdi. “

O, Xankəndi, Daşaltı, Cəmilli istiqamətində gedən döyüşlərdə erməni işğalçılarının xeyli canlı qüvvəsini, zirehli texnikasını məhv edib. Ermənilərin Şuşaya hücumu vaxtı Albert Aqarunov düşmənin 9 tank, 7 ZTR və bir çox texnikanı məhv edib. Dostlarının dediklərinə görə, düşmənin iki tankı bir-birinə yaxınlaşan zaman Aqarunov bir mərmi ilə iki tankı vurdu. Buna görə bu metod döyüş yoldaşları tərəfindən “yəhudi buterbrodu” adını alıb. Ermənilər onun başına 5 milyon rubl pul mükafatı qoymuşdular.

Aqarunov 8 may 1992-cu ildə Şuşa uğrunda gedən döyüşlərdə snayper gülləsinə tuş gəlib və döyüş meydanında həlak olub.

 Qəhrəman tankçımız Bakıda Şəhidlər xiyabanında dəfn edilmişdir.

Bakıda vaxtilə təhsil aldığı 154 nömrəli məktəb və Nərimanov rayonunda küçə onun adını daşıyır.

2010-cu ildə “Salnamə” sənədli filmlər studiyası “Qarabağ qəhramanları” silsiləsindən onun haqda “Dostuma məktub” filmini çəkib. Filmin ssenari müəllifi və rejissoru Yefim Abramovdur.

2017-ci ildə Səadət Şükürova Albert Aqarunov haqqında “Yaşadığım torpaq” sənədli filmini çəkib.

Azərbaycan Respublikası Prezidentinin 7 iyun 1992-ci il tarixli 833 saylı fərmanı ilə Aqarunov Albert Aqarunoviç ölümündən sonra  Azərbaycan Milli Qəhrəmanı fəxri  adına layiq görülmüşdür.

Vəfat etmişdir:

1995 — Şair, publisist, tərcüməçi Ağacavad Əbdülhəsən oğlu Əlizadə vəfat etmişdir.

Ağacavad Əlizadə 1928-ci il martın 21-də Azərbaycanın Salyan şəhərində anadan olmuşdur.

Bakıda 40 saylı fəhlə-gənclər orta məktəbini bitirdikdən sonra ADU-nun filologiya fakültəsində təhsil almışdır. Əmək fəaliyyətinə Salyan mərkəzi kitabxanasında kitabxanaçı kimi başlamışdır . Sonra Salyan Dövlət Dram teatrında aktyor və rejissor müavini,radio qovşağında ədəbi müvəkkil,  direktor və “Qələbə” rayon qəzeti redaksiyasında məsul katib olmuşdur.  Daha sonralar  “Bakı” axşam qəzeti redaksiyasında məsul katibin müavini və tərcüməçi , “Azərbaycan” jurnalı redaksiyasında ədəbi işçi, tənqid və biblioqrafıya şöbəsinin müdiri, məsul katib, “Ədəbiyyat və incəsənət” qəzeti redaksiyasında məsul katib , “Yazıçı” nəşriyyatında böyük redaktor  işləmişdir.

İlk mətbu şeri “9 May” 1946-cı ildə Salyan rayonunun “Sosializm yolu” qəzetində çap olunmuşdur. Dövri mətbuatda müntəzəm çıxış etmişdir. Oçerk, publisistika və bədii tərcümə ilə də ardıcıl məşğul olmuşdur. Bir sıra televiziya filmlərinin ssenari müəllifıdir. Onun sözlərinə bir neçə mahnı bəstələnmişdir.

Bayramlar və xüsusi günlər:

Hər İl 25 Aprel  bütün dünyada  DNT Günü  kimi qeyd olunur.

 Bəşəriyyətin ən böyük və ən sirli kəşflərindən biri olan DNT molekulunun quruluşu 1953-ci ildə Nobel mükafatı laueratları  Ceyms Uatson, Frensis Krik, Moris Uilkins və Rozalinda Franklin tərəfindən “Nature” jurnalında dərc olunmuşdur. Bundan  50 il sonra –  2003-ci ildə isə  “İnsan Genom” layihəsi   ərsəyə gəlmişdir.

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.

Ana və Uşaq.com – sadəcə, bir sayt deyil, cəmiyyət üçün kiçik də olsa, fayda vermək istəyən bir təşəbbüsdür.

Bağlantı