30 aprel

Tarixdə bu gün

İlin 120-ci (uzun illərdə 121-ci) günü.

Tarixi  hadisələr:

1563 – Kral VI Çarlzın əmri ilə bütün yəhudilər Fransadan qovuldu.

1993 – BMT Təhlükəsizlik Şurası Azərbaycanın Kəlbəcər rayonunun ermənilər tərəfindən işğalı ilə bağlı 822 saylı qətnaməsini qəbul edib.

2007 – Rusiya Federasiyasının Tatarıstan Respublikasında ilk dəfə Azərbaycan dilində “Azərbaycan” qəzeti işıq üzü görüb. 2011-ci ildən qəzet “Odlar Yurdu” adlanır.

2009 — Azərbaycan Dövlət Neft Akademiyasında terror hadisəsi baş verib.

Doğum günləri:

1882 — Xeyriyyəçi, Azərbaycanın ilk qarmon ifaçısı, dövrünün pedaqoqu Ələkbərbəy Cavad oğlu Nəzərli Xızı şəhərinin Sayadlı kəndində anadan olmuşdur.

O, Üzeyir Hacıbəylinin şəxsi dəvəti ilə Azərbaycan Dövlət Opera və Balet Teatrına dəvət olunaraq “Koroğlu” operasının premyerasının ilk müşayətçisi olmuşdur. Azərbaycan Dövlət Opera və Balet Teatrının Üzeyirbəy orkestrinin aparıcı solisti olan Ələkbərbəy Nəzərli “Koroğlu”, “Əsli və Kərəm”, “Aşıq Qərib”, “Ər və arvad” və digər bu kimi tamaşaların müşayətçisi olaraq Azərbaycan milli opera musiqi sənəti sahəsinin inkişafına öz töhfəsini vermişdir.

Ələkbərbəy Nəzərli Azərbaycanın ilk qarmon ifaçısı kimi, dünyanın ən nadir qarmon alətlərini toplayan kolleksiyasının XIX-XX əsrdə Azərbaycanda ilk və yeganə sahibi olmuşdur. Milli qarmonlarla bərabər “fizi qarmon” (ayaq hərəkəti ilə işləyən), piano “Şreyder” (alman istehsalı), “Ağ və qırmızı” royallar, “Karpuşkin”, “Aziatskiy”, “Nəfəs ilə idarə olunan qarmon” və s.

Ələkbərbəy Nəzərli 1925-1930-cu illərdə   Bakının mərkəzində yerləşən və qeyri-adi yaşıllığı ilə hər kəsi heyran edən ( Bu mülkə valeh olan Üzeyir Hacıbəyli və Cabbar Qaryağdıoğlu  ona  “İsa bulağı” adı vermişlər)mülkə  Qarabağın və Zaqafqaziyanın sayılıb-seçilən musiqişünas və muğam ustadlarını öz şəxsi mülkünə dəvət edərək  Bakıda  “Məclisi-üns” Muğam-musiqi  və  xeyriyyə məclisinin ilk təşkilatçısı olmuşdur. Ələkbərbəy Nəzərli Bakı, Qarabağ və Zaqafqaziyadan dəvət etdiyi xanəndələri və musiqişünasları öz şəxsi mülkündə qəbul edirdi.

Azərbaycanın incəsənət xadimi Firudin Şuşinskinin “Opera Musiqi sənəti” adlı yazdığı kitabında, Xalq artistli   Eldar Mansurovun kitabında, Fərəh Əliyevanın “XX əsr musiqişünasları” ,  Əhsən Rəhmanlının “Qarmon ifaçılığı sənəti və onun Azərbaycanda tədrisi” adlı,  eləcədə bir çox digər  kitablarda Ələkbərbəy və Mehdibəy Nəzərli qardaşlarının Dövlət Opera Musiqi sənəti sahəsinə verdikləri töhfələri- xidmətləri barədə geniş məlumatlar vermişlər.

1911 — Geologiya-mineralogiya elmləri doktoru, professor, Azərbaycan EA akademiki Ədhəm Şahlarbəy oğlu Şıxəlibəyli Şamaxı qəzasının Bico kəndində (indiki Ağsu rayonu) anadan olmuşdur.

1937-ci ildə Azərbaycan Sənaye İnstitutunun geoloji-kəşfiyyat fakültəsini bitirmişdir. 1947-ci ildə “Boyük Qafqazın cənub yamacının Azərbaycan hissəsinin geoloji quruluşu” mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. 1954-cü ildən Geologiya İnstitutunda (indiki Geologiya və Geofizika İnstitutu) işləmişdir. 1965-ci ildə “Kiçik Qafqazın şərq hissəsinin geoloji quruluşu və tektonik inkişaf tarixi (Azərbaycan)” mövzusunda doktorluq dissertasiyası müdəfiə etmişdir. 1968-ci ildə Azərbaycan EA müxbir üzvü, 1983-cü ildə isə həqiqi üzvü seçilmişdir. Azərbaycan EA Yer haqqında Elm bölməsinin akademik-katibinin müavini olmuşdur. Uzun illər İnstitutun geotektonika, stratiqrafiya və litologiya şöbəsinə başçılıq etmişdir.

Azərbaycanın Əməkdar elm xadimi, professor Ə.Ş.Şıxəlibəyli 250-dən çox elmi əsərin, o cümlədən 15 monoqrafiyanın müəllifi və Azərbaycanın geologji, tektonik, paleotektonik, geomorfoloji, neotektonik və metallogenik xəritələrinin, Qafqazın və Avropanın tektonik xəritələrinin həmmüəllifidir.

1996-cı ildə 85 yaşında vəfat etmişdir.

1947 —Görkəmli tarzən, Xalq artisti , Azərbaycan Respublikasının Dövlət Mükafatı laureatı Ramiz Əyyub oğlu Quliyev Ağdamda qulluqçu ailəsində anadan olub. 1954-cü ildə Ağdam şəhər 7 illik musiqi məktəbinə, 1960-cı ildə Üzeyir Hacıbəyov adına Ağdam orta ixtisas musiqi məktəbinə daxil olub. 1964–1969-cu illərdə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında tar və dirijorluq ixtisasları üzrə təhsil alıb.

Ağdam musiqi məktəbi illərində “Şur” xalq çalğı alətləri ansamblının tərkibində bir çox müsabiqə və festivallarda iştirak etmişdir.

1974-cü il onun həyatında əlamətdar olmuşdur. Belə ki, həmin ilin iyun ayında musiqiçilərin Zaqafqaziya festivalında o, birinci mükafatа, oktyabr ayında iсə Moskvada keçirilən estrada artistlərinin V Ümumittifaq müsabiqəsində laureat adına layiq görülmüşdür.

1974–1992-ci illər ərzində Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının Xalq çalğı alətləri kafedrasında tar ixtisası üzrə müəllim, baş müəllim, dosent, professor kimi pedaqoji fəaliyyət göstərib. 1992–2002-ci illərdə həmin kafedraya rəhbərlik edib.

Dünyanın əksər ölkələrində konsertlər verib.

1988-ci ildə YUNESKO xətti ilə ABŞ-da keçirilən Beynəlxalq folklor festivalındakı uğurlu çıхışından sonra yüksək ifaçılıг məharətinə görə komitə rəhbərliyinin xüsusi diplomuna layiq görülmüşdür.

R.Quliyev respublikada keçirilən bir çox müsabiqə və festivallarda münsiflər heyətinin sədri kimi fəaliyyət göstərmişdir.

1980-ci, 1982-ci, 1986-cı, 1992–94-cü illərdə musiqi məktəbləri arasında xalq çalğı alətləri üzrə keçirilən Respublika müsabiqələrinin təşkilində iştirak etmiş və münsiflər heyətinin sədri olmuşdur.

Ramiz Quliyev  hazırda Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında öz pedaqoji fəaliyyətini davam etdirir.

1966— Məşhur qarmon ifaçısı, Xalq artisti , “Qaytağı” instrumental ansamblının bədii rəhbəri Ənvər Sadıqov Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. Ənvər erkən yaşlarından musiqiyə böyük həvəs göstərib, evdə fortepiano və qarmon  alətlərind ifa etməyi öyrənib . 1978-ci ildə O “Bakı fəhləsi” mədəniyyət evində “Azərbaycan qarmonu” sinfinə daxil olub, burada  qarmonun sirrlərini mənimsəyib, Azərbaycan xalq musiqisini, muğamlarını, rəqs və bəstəkar əsərlərini dərindən öyrənmişdir.

1979-cu ildən başlayaraq, artıq bir çox özfəaliyyət musiqi kollektivlərində qarmon ifaçısı kimi fəaliyyət göstərir, solist, konsertmeystr kimi Azərbaycanın bir çox bölgələrində konsert proqramları ilə çıxış edir.

Ənvər Sadıqov 1983-cü ildə 254 nömrəli orta məktəbi bitirdikdən sonra Hacı Zeynalabdin Tağıyev adına klubda “Azərbaycan qarmonu” dərnəyinin rəhbəri kimi fəaliyyətə başlayır. 1984-86 cı illəri hərbi xidmətdə keçirir. Qayıtdıqdan sonra yenə də həmin klubda müəllim kimi çalışır və musiqiyə 2 il fasilə verdiyinə baxmayaraq , yenə də musiqiçi və aranjimançı kimi öz fəaliyyətini davam etdirir.

1995 -cı ildə n başlayaraq müxtəlif ansambllarda, daha sonra Azərbaycan Dövlət Televiziyası və Radiosunda fəaliyyət göstərir. Bütün bu illər ərzində Ənvər Sadıqov bir çox xarici ölkələrdə musiqi proqramları ilə çıxış etmiş, Azərbaycan musiqisini layiqincə təmsil etmişdir.

2017-ci ildən konservatoriyada müəllim vəzifəsində çalışır, 2019-cu ildən konservatoriyanın “İnstrumental-muğam” kafedrasında Azərbaycan qarmonu aləti üzrə ixtisas-muğam fənnindən baş müəllim kimi dərs deyir.

2001-ci ildən başlayaraq Ənvər, hələ lap gənc yaşlarından arzusunda olduğu yeni Azərbaycan qarmonunun üzərində eksperimentlər apararaq çalışır və nəhayət , 2007-ci ildə “ReneveR” adlı üç oktavalı və yeni registrli qarmonun yaranmasına nail olur.

Ənvər Sadıqov rəhbərlik etdiyi “Qaytağı” ansamblı ilə bu gün də  Azərbaycanın hüdudlarından kənarda olduğu kimi,  ölkəmizdə də mütəmadi olaraq mədəni tədbirlərdə, yaradıcılıq gecələrində, konsert proqramlarında çıxış edir.

1982 —Əməkdar rəssam, Naxçıvan Rəssamlar Birliyinin sədri, “Yeni Era” Dünya Rəssamlıq Akademiyasının həqiqi üzvü Ülviyyə Tapdıq qızı Həmzəyeva Naxçıvan Muxtar Respublikası Babək rayonu Şəkərabad kəndində anadan olmuşdur. Orta təhsilini Naxçıvan şəhərində almışdır. 2003-cü ildə Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsinin təsviri incəsənət ixtisasını fərqlənmə ilə bitirmişdir.

2006-cı ildə Naxçıvan Dövlət Universitetinin pedaqogika nəzəriyyəsi və tarixi ixtisası üzrə magistr pilləsini fərqlənmə ilə bitirmişdir. Naxçıvan Dövlət Universitetin təsviri incəsənət və rəsmxət kafedrasının baş müəllimi kimi fəaliyyət göstərmişdir. Universitetin dissertantıdır.

Yeni Azərbaycan Partiyasının VII qurultayında (5 mart 2021-ci il) YAP İdarə Heyətinin üzvü seçilib.

Əsərlərində əsasən milliliyi, qədimliyi, mifologiyanı və real həyatın fəlsəfəsini özünəməxsus tərzdə əks etdirməyə çalışır. Əsərləri Azərbaycan sənətinin qədim ənənələri ilə dərin əlaqəlidir. Xalçaların, miniatürlərin və qədim petrogliflərin nümunələrini xatırladan rəsm əsərləri, əfsanələr və nağılların fantastik personajlarını canlandırır.

Vəfat etmişdir:

1992 — Azərbaycanın Milli Qəhrəmanı, Şuşa özünümüdafiə batalyonunun komandiri Ramiz Bulud oğlu Qəmbərov Vətən uğrunda döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur.

Ramiz Qəmbərov 2 iyul 1962-ci ildə Şuşa şəhərində anadan olmuşdur.

1979-cu ildə H.Hacıyev adına Şuşa şəhər orta məktəbini bitirmişdir. 1980-ci ildə hərbi xidmətə çağırılmış, 1982-ci ildə ordudan tərxis olunaraq Şuşaya qayıtmışdır. 1986-cı ildə Azərbaycan İnşaat Mühəndisləri İnstituna daxil olmuşdur. Amma təhsilini başa çatdıra bilməmişdir. Qarabağ müharibəsi minlərlə qeyrətli Azərbaycan oğulları kimi Ramizi də torpaqlarımızın müdafiəsinə qalxmağa məcbur etmişdir.

Ramiz 1988-ci ildən xalq hərəkatına qoşulmuşdur. O, 1992-ci ildə könüllü özünümüdafiə batalyonu yaratmış və bu batalyonun başçısı olmuşdur. Onun taboru Şuşa şəhərinin, Kərkicahan, Kosalar, Nəbilər, Qaybalı, Malıbəyli, Quşçular, Göytala kəndlərinin müdafiəsində mərdliklə vuruşmuşdur. 29 aprel 1992-ci ildə erməni işğalçıları Kosalar və Kərkicahan kəndləri yaxınlığındakı postlara hücum edən zaman Ramiz Qəmbərovun taboru döyüşə atılmış və bu döyüşdə cəsur komandir ağır yaralanmış, 30 aprel 1992-ci ildə    dünyasını dəyişmişdir.

Azərbaycan Respublikası Prezidentinin 7 iyun 1992-ci il tarixli 833 saylı fərmanı ilə Qəmbərov Ramiz Bulud oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülmüşdür.

Ramiz Qəmbərov Şuşa şəhərində dəfn edilmişdir.

Bakı şəhərindəki küçələrdən biri onun adını daşıyır.

Ramiz Qəmbərov haqqında rejissor Kəmalə Musazadənin quruluşunda “Şuşalı şəhid” adlı film çəkilmişdir.

2010— Azərbaycan rəqqasəsi, baletmeyster və pedaqoq, milli rəqslərin ustası, səhnə quruluşçusu, Xalq artisti Əminə Dilbazi (Əminə Paşa qızı Dilbazi) 90 yaşında vəfat etmişdir.

Əminə Dilbazi 26 dekabr 1919-cu ildə Qazaxda anadan olmuşdur.

Səhnə fəaliyyətinə 1935-ci ildə başlayan rəqqas ilk əvvəl estradada milli rəqslərin ifaçısı kimi çıxış edib. 1935-ci ildə ilk dəfə səhnəyə çıxaraq Üzeyir Hacıbəyovun bəstələdiyi “Kolxoz çölləri” mahnısını ifa edib. 1939-cu ildən xalq rəqslərini səhnədə ifa edib. O, 1936-1969-cu illərdə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyası Mahnı və Rəqs Ansamblının solisti olaraq çalışmış və burada müxtəlif illərdə rəqs qrupuna rəhbərlik etmişdir.

Əminə Dilbazi 1959-cu ildə Azərbaycan Tibb İnstitutunun yaratdığı “Çinar” tələbə rəqs kollektivinə, 1962-65-ci illərdə Azərbaycan mahnı və rəqs ansamblına, 1967-68-ci illərdə isə “Sevinc” rəqs ansamblına rəhbərlik etmişdir. 1949-cu ildən Xoreoqrafiya Məktəbində pedaqoji fəaliyyət göstərib.

Əminə Dilbazi bir çox filmlərdə rəqslərə quruluş verib. O, Azərbaycan Dövlət filarmoniyasının səhnəsində oynanılan “Dədə Qorqud”, “Azərbaycan toyu”, “Bir bağçanın gülləri” səhnə əsərlərində əsas partiyaların ifaçısı olmuşdur. Onun oynadığı “İnnabı”, “Tərəkəmə”, “Vağzalı”, “Turacı”, “Naz eləmə” rəqsləri xüsusilə məşhurdur. Repertuarına rus rəqsləri, ukrayna rəqsləri, özbək rəqsləri, ərəb rəqsləri də daxil olan Əminə Dilbazi “Leyli və Məcnun” operasında, “Arşın mal alan” və “O olmasın bu olsun” komediyaları və s. əsərlərdə də rəqslərə quruluş verib. Azərbaycan musiqili komediya teatrında, habelə osetin, özbək ansambllarında da rəqsləri tamaşaya qoyub. “

Bayramlar və tarixi günlər:

Hər il aprelin 30-u dünyada Beynəlxalq Caz Günü kimi qeyd edilir. 2012-ci ildə UNESCO tərəfindən elan edilən bu gün dünyanın cazsevər ölkələrində keçirilən konsert proqramları ilə yadda qalır. Əlamətdar gün hər il dünyanın 190-dək ölkəsində qeyd edilir.

 Azərbaycan cazının bünövrəsi 1930-cu illərin sonunda Niyazi və Tofiq Quliyevin yaratdığı “Dövlət Cazı” adı ilə tanınan Dövlət Estrada Orkestri tərəfindən qoyulub. Azərbaycanda estrada və caz musiqisinin ikinci həyatı Rafiq Babayevin yaratdığı “Qaya” ansamblı ilə başlayır. Bu ansambl keçmiş SSRİ-də böyük şöhrət qazanmışdır. Vaqif Mustafazadə dövrü isə Azərbaycanda cazın intibah dövrü hesab edilə bilər. Virtouz musiqiçi muğamla cazın sintezini yaradıb. Özündən sonra onun yolunu qızı Əzizə Mustafazadə davam etdirir.

Böyük təməllər üzərində qurulmuş Azərbaycan cazı indi gənc ifaçıların timsalında daha da inkişaf edir. Beynəlxalq Montre caz festivalının qalibi İsfar Sarabskinin adını çəkmək yetərlidir ki, Azərbaycanda caz ənənəsinin necə yaşadığının şahidi olasan. Həmçinin Rain Sultanov, Salman Qənbərov, Emil Əfrasiyaboğlu, Şahin Növrəsli kimi tanınmış ifaçılar bu ənənələri uğurla davam etdirirlər.

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.

Ana və Uşaq.com – sadəcə, bir sayt deyil, cəmiyyət üçün kiçik də olsa, fayda vermək istəyən bir təşəbbüsdür.

Bağlantı