28 aprel

Tarixdə bu gün

İlin 118-ci (uzun illərdə 119-cu) günü.

Mühüm hadisələr:

. Doğum günləri:

1914 — Xalq yazıçısı Qılman İsabala oğlu Musayev (Qılman İlkin) Bakı qəzasının Mərdəkan kəndində anadan olmuşdur

 Qılman Musayev ilk təhsilini Mərdəkanda almış, 1926–1929-cu illərdə şəhər pedaqoji texnikumunda və 1932–1936-cı illərdə Azərbaycan Pedaqoji İnstitutunun dil-ədəbiyyat fakültəsində oxumuşdur.

Qılman İlkin əmək fəaliyyətinə Xaçmaz rayonunun Əhmədoba kəndində məktəb müəllimi olaraq başlamışdır.

1931–1932-ci illərdə “Gənc işçi” qəzeti redaksiyasında ədəbi işçi olmuş, burada əsərləri çap olunmuş, 1938-ci ildən “Uşaqgəncnəşr”də məsləhətçi, baş redaktor və direktor vəzifələrində çalışmışdır.

Böyük Vətən müharibəsində iştirak etmiş, qələmini süngüyə çevirmişdir.  Müharibədən qayıtdıqdan sonra Qılman İlkin Nizami Gəncəvi yubileyi komitəsində elmi katib və Azərbaycan Dövlət Universitetində baş müəllim vəzifələrini  tutmuş, Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul olunmuşdur.

1960–1963-cü illərdə Azərbaycan Dövlət Nəşriyyatının baş redaktoru, 1963–1967-ci illərdə “Azərbaycan” jurnalının baş redaktoru, 1967–1971-ci illərdə isə yenidən Azərbaycan Dövlət Nəşriyyatında direktor vəzifələrində işləmişdir.

Qılman İlkin ədəbi yaradıcılığa 1943-cü ildə “Yaralı şahin” adlı hekayəsi ilə başlamışdır. Onun Nəcəf bəy Vəzirovun uşaqlıq illərinə həsr etdiyi “Həyat yollarında” adlı povesti 1947-ci ildə çapdan çıxmışdır. Bundan əlavə, onun yaradıcılığında “Qalada üsyan” (1959), “Şimal küləyi” (1962), “Hədiyyə” (1969), “Dağlı məhəlləsi” (1978), “Dəniz qapısı” (1984), “Madam Qədri” (1988), “Bakı və bakılılar” (2006) əsərləri də yer alır. 1994–2000-ci illərdə “Sən Bakını tanıyırsanmı?”, “Tovuz lələyi” kitabları kütləvi tirajla nəşr olunmuşdur. Onun “Qalada üsyan” romanı əsasında “Azərbaycanfilm”də “Yenilməz batalyon” filmi çəkilmişdir. O, eyni zamanda “Kölgələr sürünür” filminin ssenarisini də yazmışdır.

Yaradıcılığı boyu 50-dən çox kitabı çap olunan müəllifin bu nəşrlərdə dörd romanı yer alır. Digər kitabları isə əsasən povest və hekayələrdən ibarətdir.

6 noyabr 2009-cu ildə 81 yaşında vəfat etmişdir.

1917 — Məşhur aktrisa, Xalq artisti Məhluqə Ələsgər qızı Sadıqova Şuşa şəhərində anadan olmuşdur.

5 il buradakı 1 saylı qız məktəbində oxuyub. 1930-cu ildə ailəsi Bakıya köçüb və Məhluqə xanım 6 saylı Sovet məktəbində yeddinci sinifi bitirib. O, 1936-cı ildə Bakı Tibb Texnikumunun diş texniki fakültəsini qurtarıb.  Tələbə ikən  rəqs və dram dərnəklərində məşğul olub. Məhluqə Sadıqova 1936-cı il sentyabr ayının 27-də Akademik Milli Dram Teatrının truppasına götürülüb və həyatını bununla sənətə bağlayıb.. Aktrisa 54 il bu teatrda çalışıb. 1992-ci ildə yenicə yaradılan Bakı Bələdiyyə Teatrında aktrisalıq edib.

Qırx ildən çox radionun “Bulaq” folklor-etnoqrafik verilişinin əvəzsiz ifaçılarından biri olub. Öz ifalarında xarakterik ifadə vasitələrinə üstünlük verən Məhluqə  çoxlu sayda  xarakterik rollar  ifa edib.

Aktrisa 2003-cü il avqust ayının 15-də Bakıda vəfat edib.

1920 — Məşhur Azərbaycan tarzəni, Xalq artisti Hacı Məmmədov Şamaxı şəhərində anadan olub.

Hacı Məmmədov uşaq vaxtlarından tar çalmağa həvəs göstərib və böyük musiqi qabiliyyəti sayəsində hələ 11 yaşında ikən Xalq Çalğı Alətləri Orkestrinə qəbul edilib.

1948-ci ildə Azərbaycan Dövlət Tibb Universitetini bitirmiş, 1949-1970 illərdə həkim – cərrah işləmişdir.

Tarda çalmağı müstəqil öyrənmşdir. 1930-1948 ci illərdə Azərbaycan Xalq Çalğı Ansanblı Orkestrində işləmiş, 1949 cu ildən Azərbaycan Dövlət Filarmoniyasının solisti olmuşdur. 40 ildən çox M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında işləyən H.Məmmədovun şux, oynaq ifa tərzi həmişə diqqəti cəlb edib. Təsadüfi deyil ki, o, rus və Qərbi Avropa müəlliflərinin klassik əsərlərinin tarda ilk ifaçısı olub.

“Orta Mahur”, “Çoban bayatı” və digər xalq mahnıları onun ifasında çox məşhurdur.

Hacı Məmmədov 2 avqust 1981-ci ildə a1 yaşında vəfat etmişdir.

1923— Azərbaycan Respublikasının Əməkdar elm xadimi, tibb elmləri doktoru, Azərbaycan Milli Elmlər Akademiyasının akademiki Zərifə Əziz qızı Əliyeva Naxçıvan Muxtar Respublikası Keçmiş İliç rayonunun Şaxtaxtı kəndində anadan olmuşdur.

1947-ci ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunu bitirmişdir.

Azərbaycan Elmi-Tədqiqat Oftalmologiya İnstitutunda elmi işçi, 1969-cu ildən isə Ə.Əliyev adına Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunda göz xəstəlikləri kafedrasının dosenti, professor, görmə orqanlarının peşə patologiyası laboratoriyasının müdiri, oftalmologiya kafedrasının müdiri (1982-1985) vəzifələrində çalışmışdır. Azərbaycan Elmlər Akademiyasının Fiziologiya İnstitutunda görmə orqanının peşə patologiyasının öyrənilməsi üzrə ixtisaslaşdırılmış elmi-tədqiqat laboratoriyasında az intensivli zəhərli istehsal sahələrində görmə orqanına fizioloji, klinik, funksional, histoloji mexanizmlərin təsirinin öyrənilməsi üzrə bir sıra qiymətli tədqiqatlar aparmışdır.

Həkimlər Tamerlan Əliyev, Cəmil Əliyevin və musiqiçi Gülarə Əliyevanın bacısıdır.

Həkim və ictimai xadim  Əziz Əliyevin qızıdır.

Z.Əliyevanın Azərbaycanda oftalmologiya elminin inkişafında müstəsna xidmətləri vardır. O, vaxtilə Azərbaycanda geniş yayılmış traxomanın, dünya təcrübəsində birincilər sırasında peşə, xüsusilə kimya və elektron sənayelərində peşə fəaliyyəti ilə bağlı göz xəstəliklərinin öyrənilməsi, profilaktikası və müalicəsinə, habelə oftalmologiyanın müasir problemlərinə dair bir çox sanballı tədqiqatların, o cümlədən “Terapevtik oftalmologiya”, “İridodiaqnostikanın əsasları” kimi nadir elmi əsərlərin müəlliflərindən biri, 12 monoqrafiya, dərslik və dərs vəsaitinin, 150-yə yaxın elmi işin, 1 ixtira və 12 səmərələşdirici təklifin müəllifidir. Z.Əliyeva yüksək ixtisaslı səhiyyə kadrları hazırlanmasına böyük əmək sərf etmişdir.

Akademik Zərifə Əliyeva Ümumittifaq Oftalmoloqlar Cəmiyyəti Rəyasət Heyətinin, Sovet Sülhü Müdafiə Komitəsinin, Azərbaycan Oftalmologiya Cəmiyyəti İdarə Heyətinin, “Vestnik oftalmoloqu” (Moskva) jurnalı redaksiya heyətinin üzvü idi.

Yüksək elmi nailiyyətlərinə görə SSRİ Tibb Elmlər Akademiyasının M.İ.Averbax adına mükafatına layiq görülmüşdür (1981).

1985-ci il aprel ayının 15-də Moskva şəhərində vəfat edən Zərifə xanım Əliyevanın cənazəsi 1994-cü ildə Moskvanın Novo-Deviçye qəbiristanlığından Bakıya gətirilərək, Fəxri Xiyabanda – atasının qəbri yanında dəfn olunmuşdur.

1924 —Tanınmış Azərbaycan bəstəkarı, hüquqşünas Ələkbər Tağıyev Gəncədə anadan olmuşdur. Ələkbər Tağıyev ilk təhsilini Gəncədə alıb və 1938-ci ildə Şəhər xalq məhkəməsində əmək fəaliyyətinə başlayıb. O, 36 ilə yaxın bir müddətdə prokurorluq orqanlarında çalışmışdır. Ələkbər Tağıyev mahnı yazmağa 1958-ci ildən – oğlu Xaliq Tağıyevin anadan olmasından sonra başlayıb. İlk mahnısı olan “Qonşu qız” mahnısını da Gəncədə yaşadığı illərdə yazıb. Həmin vaxtlar Ələkbər Tağıyev yazdığı mahnıları ilk olaraq, musiqiçi, eyni zamanda yaxın dostu Akif Bakıxanova göstərir və onunla məsləhətləşirdi. “Qonşu qız” mahnısının qazandığı uğurdan ruhlanan bəstəkar qısa müddətdə “Şirin arzular”, “Sən gəlməz oldun”, “Dinə bilmədim”, “Bakı gecələri”, “Azərbaycanım mənim” kimi mahnılar bəstələyib. Ələkbər Tağıyevin mahnı yaradıcılığı konservatoriya-bəstəkarlıq məktəbi keçməmiş digər istedadlı müsiqiçilərin də həvəsini artırdı və onları yaradıcılığa ruhlandırdı.

İlk mahnılarının çoxunun ifaçısı Zeynəb Xanlarova olub və bu əməkdaşlıq 10 ilə yaxın müddətdə davam edib. 1972-ci ildən Ələkbər Tağıyev Nisə Qasımova ilə əməkdaşlıq edib. 70-ci illərdə Nisə Qasımova musiqisi Ələkbər Tağıyevə aid olan “Ay ellər”, ” Sənsən Həyatım”, “Eşqimi sönməyə qoymaram”, “Gözləyəcəyəm” , “Qəşəngdir” və yaradıcılığında xüsusi yer tutan “Azərbaycan qızıyam” mahnılarını ifa edir. Bu mahnılar onu tez bir zamanda məşhurlaşdırır. Elə həmin illərdə SSRİ Dövlət Elektro Musiqi Orkestri ilə birgə Nisə Qasımova Moskvada Ələkbər Tağıyevin mahnılarından ibarət albomunu lentə aldırır.

Ələkbər Tağıyev peşəkar musiqi təhsili almaq üçün 1962-ci ildə Asəf Zeynallı adına Bakı Musiqi Məktəbinin nəzdindəki bəstəkarlıq kursuna daxil olur, 1964-cü ildə təhsilini müvəffəqiyyətlə bitirir, ardınca isə SSRİ Musiqi Fondunun üzvü seçilir.

Ələkbər Tağıyev Azərbaycan musiqi tarixində ilk bəstəkarlardandır ki, adlarla (“Arzu qızım”, “Leyla” və s.) mahnılar yazıb.

Bəstəkarın “Sən gəlməz oldun”, “Arzu qızım”, “Sənə qurban”, “Sədaqətim var” kimi mahnılar dəfələrlə türk, rus, erməni müğənnilərinin repertuarına daxil olub, mahnı müsabiqələrində ifa edilib, klip çəkilib, hətta müxtəlif filmlərdə də istifadə olunub.

1926 — Prezident təqaüdçüsü, akademik Nurəddin Mustafa oğlu Kazımov Gəncə şəhərində anadan olmuşdur. 1933-cü ildə orada “III İnternasional” adına orta ümumtəhsil məktəbinə daxil olmuş və 1943-cü ildə həmin məktəbi bitirmişdir. 1945-ci ildə Azərbaycan Dövlət Universiteti tarix fakültəsinin fəlsəfə şöbəsinə daxil olmuş və təhsilini davam etdirmək üçün 1947-ci ildə Sankt-Peterburq Dövlət Universitetinin fəlsəfə fakültəsinin III kursuna köçürülmüş  və 1950-ci ildə həmin ali məktəbi yüksək təlim müvəffəqiyyəti ilə bitirmişdir.

1950-1952-ci illərdə Şəki Müəllimlər İnstitutunun pedaqogika və psixologiya kafedrasında baş müəllim vəzifəsində işləmişdir. Sonradan 1952-ci ilin sentyabrından 1953-cü ilin mayına qədər Bakı Vilayət Maarif Şöbəsində məktəb inspektoru, daha sonra isə Azərbaycan SSR Maarif Nazirliyində (1953) Ali və orta pedaqoji təhsil şöbəsində inspektor vəzifələrində çalışmışdır.

1953-1956-cı illərdə Azərbaycan Dövlət Elmi-Tədqiqat Pedaqogika İnstitutunda aspirantura təhsili almışdır. 1957-ci ildə M.F.Axundov adına Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutunda baş müəllim, 1957 və 1973-cü illərdə Azərbaycan Dövlət Elmi-Tədqiqat Pedaqogika İnstitutunda elmi işlər üzrə direktor müavini, sonra isə direktoru (1973-1976) olmuşdur. Ona 1958-ci ildə “Müqayisə haqqında K.D.Uşinskinin fikirləri və məktəb təcrübəsi üçün bunun əhəmiyyəti” mövzusunda dissertasiyasına görə pedaqoji elmlər namizədi, 1969-cu ildə isə “Məktəbdə müqayisə üzərində işin nəzəriyyəsi və təcrübəsi” mövzusunda yazdığı əsərə görə pedaqoji elmlər doktoru elmi dərəcəsi verilmişdir. 1973-cü ildə professor elmi adına layiq görülmüşdür. 1976-1982-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetində elmi işlər üzrə prorektor vəzifəsində işləmişdir.

1984-cü ildən etibarən təxminən 30 il Azərbaycan Dillər Universitetinin pedaqogika kafedrasına rəhbərlik etmişdir.

6 dekabr 2018-ci ildə Bakı şəhərində dünyasını dəyişib.

1929— AMEA- nın müxbir üzvü, filologiya elmləri doktoru, professor, azərbaycanlı qadınlar arasında filologiya elmləri nami­zədi və elmlər doktoru elmi adı almış ilk alim və Dilçilik İnstitutunun ilk qadın direktoru Zərifə İsmayıl qızı Budaqova İrəvan şəhərində anadan olmuşdur.

1943-cü ildə Ermənistan SSR Pedaqoji Texnikumunda, 1945-ci ildə Ermənistan SSR Dövlət Pedaqoji İnstitununun Azərbaycan dili və ədəbiyyatı fakültəsində təhsil almışdır. 1948-ci il­də tarixi Azərbaycan torpağı olan indiki Ermənistan ərazisindəki azərbaycanlıların böyük qisminin deportasiya edilməsi nəticəsində Zərifə Budaqovanın da ailəsi Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərinə köçmüş və o, 1948-1949-cu illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Azərbaycan dili və ədəbiyyatı fakültəsində təhsilini davam etdirərək oranı fərqlənmə diplomu ilə bitirmişdir. 1949-1953-cü illərdə Moskva şəhərində keçmiş SSRİ Elmlər Akademiyası Dilçilik İnstitutunun Türk dilləri sektorunun aspiranturasında oxumuş, 1953-cü ildə “Azərbaycan dilində feilin tərz kateqoriyası” mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. 1953-1955-ci illərdə Azərbaycan EA Dil və Ədəbiyyat İnstitutunda (o zaman bu institutlar birgə olmuşlar) böyük elmi işçi vəzifəsində çalışmış, 1955-ci ildən 1989-cu ilədək (ömrünün sonuna qədər) Dilçilik İnstitutunun Müasir Azərbaycan dili şöbəsinə rəhbərlik etmişdir. Zərifə Budaqova 1963-cü il­də “Azərbaycan ədəbi dilində sadə cümlə” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. 1968-ci il­də “Türk dilləri” ixtisası üzrə professor elmi adı qazanmış, 1980-ci ildə AMEAnın müxbir üzvü seçilmişdir. Dilçi alim 1984-1988-ci illərdə Azərbaycan Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunun direktor müavini, 1988-1989-cu illərdə direktoru vəzifəsində çalışmışdır.

Zərifə Budaqova azərbaycanlı qadınlar arasında filologiya elmləri namizədi və elmlər doktoru elmi adı almış ilk alim və Dilçilik İnstitutunun ilk qadın direktoru olmuşdur.

Alim 100-dən artıq elmi əsərin, 8 kitabın müəllifidir. O, bir çox beynəlxalq, ümumittifaq və respublika miqyaslı simpozium, konfrans, müşavirə və elmi sessiyalarda iştirak edərək Azərbaycan Elmlər Akademiyasını təmsil etmişdir.

Dilçi alim 20-dən çox elmlər namizədi və elmlər doktoru yetişdirmişdir.

AMEA-nın müxbir üzvü Zərifə Buda­qova 1989-cu il noyabrın 7-də Bakı şəhərində vəfat etmişdir.

1938— Filologiya elmləri doktoru, professor, Azərbaycan Prezidenti yanında Dövlət Dil Komissiyasının, AMEA Orfoqrafiya Komissiyasının üzvü Adil Məhəmməd oğlu Babayev Naxçıvan MSSR-nin Ordubad rayonunun Dırnıs kəndində anadan olmuşdur

1962-ci ildə ADU-nun Filologiya fakütəsini fərqlənmə diplomu ilə bitirmişdir. Elə həmin ildən bu günə kimi Azərbaycan Dillər Universitetində işləyir.

Dilçilik, ədəbiyyatşünaslıq, jurnalistlik, habelə bədii yaradıcılıqla məşğul olur. O, dilçilik və ədəbiyyatşünaslıq sahəsində məhsuldar çalışır. İndiyədək onun 20 kitabı, 24 proqramı, 200-ə qədər müxtəlif xarakterli məqaləsi çap olunmuşdur. Ali məktəblər üzrə 4 dərsliyin alternativsiz müəllifidir.

12 nəfər elmlər namizədinin elmi rəhbəri, 3 nəfər elmlər doktorunun məsləhətçisi, 40 nəfərin opponenti olmuşdur.

Onun “O qızı hər gün görürsən” pyesi televiziyada dəfələrlə göstərilmişdir.

Yazdığı “Sarı Gəlin” pyesi 1989-cu ildən Azərbaycan televiziyasında göstərilir.

“Apardı sellər Saranı” müəllifin son pyesidir. Bu pyesi 1918-ci ildə Naxçıvanın Andranik qoşunlarının qırğınından xilas etməsinə həsr edilmişdir.

1943 — Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, biologiya elmləri doktoru, professor; AMEA-nın həqiqi üzvü; Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Himayəçilik Şurasının üzvü , YUNESKO-nun Azərbaycan Milli MaB (İnsan və Biosfer) Komitəsinin sədri Urxan Kazım oğlu Ələkbərov Bakı şəhərində anadan olmuşdur.

1965-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Biologiya fakültəsini bitirmiş, həmin il SSRİ Elmlər Akademiyasının Ümumi Genetika İnstitutunun aspiranturasına daxil olmuşdur.

Əmək fəaliyyətinə 1965-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasında başlamışdır. 1968-78-ci illərdə AMEA Botanika İnstitutunda kiçik elmi işçi, elmi katib, elmi işlər üzrə direktor müavini, direktor vəzifələrində çalışmış, 1987-1996-cı illərdə AMEA-nın vitse-prezidenti olmuşdur. O, 1988-2002-ci illərdə AMEA Genetika və Seleksiya İnstitutunun direktoru olmuş, 2011-ci ilə qədər AMEA-nın müşaviri kimi fəaliyyət göstərmişdir.

Akademik Urxan Ələkbərov 310 elmi əsərin, o cümlədən 30 kitab və dərsliklərin müəllifidir. O, Elm və inkişafın planlaşdırılması və idarə edilməsi sahəsində dünyada tanınmış ekspertdir və bir çox beynəlxalq təşkilatlarda o cümlədən BMT və YUNESCO-nun koordinatoru və müşaviri kimi çalışır. Yüksəkixtisaslı kadrların hazırlanmasında da alimin böyük xidmətləri vardır. Onun rəhbərliyi ilə 22 fəlsəfə və elmlər doktoru hazırlanmışdır.

Vəfat etmişdir:

1993 — Qarabağ müharibəsi iştirakçısı, şəhid Ərəstun Əhməd oğlu Kərimov Vətən uğrunda döyüşlərdə qəhrəmancasına həlak olmuşdur.

Ərəstun Kərimov 3 may 1956-cı ildə Laçın rayonunun Mişni kəndində anadan olub. Orta məktəbi doğma kəndində bitirdikdən sonra Azərbaycan Neft-Kimya İnstitutuna daxil olaraq Mühəndis-elektromexanik ixtisasına yiyələnib. Qarabağ müharibəsinə qədər “Azərelektroterm” Elm İstehsalat Birliyinin Bakı Elektroterm avadanlıqları zavodunda işləyib.

Savadlı mütəxəssis, vətənpərvər bir igid olan Ərəstun Kərimov 1992-ci ildə Bakı Ali Hərbi Komandirlər Məktəbinin müdavimi olub. Baş leytenant xidmət etdiyi poliqonda olarkən taqım komandiri vəzifəsini daşıyıb. Öz taqımının şəxsi heyətinin döyüş hazırlığının artırılması uğrunda daim səy göstərib. Axı erməni qəsbkarlarına qarşı səfərbərliyə nail olmaq ən ümdə vəzifə idi. Ərəstunun komandirlik etdiyi taqım ilk dəfə 1993-cü il martın 10-da taborun başqa bölmələri ilə birlikdə döyüş zonasına göndərildi. Martın 15-də Ərəstun öz taqımı ilə ilk döyüşdə iştirak etdi. Döyüş hazırlığı elə ilk gündən özünü göstərdi,düşmən layiqli cavab alıb geri çəkilməyə məcbur oldu. Bu döyüşdə Kərimovun taqımı düşmənin iki PDM-ni və bir tankını vurub sıradan çıxartdı. Döyüş meydanında çoxlu düşmən əsgərlərinin cəsədləri qaldı.
İlk qələbə əsgərlərin mənəvi ruhunun yüksəlməsinə, onlara öz qüvvələrinə inamı artırmağa kömək etdi. Hər gün qazanılan qələbələr erməniləri daha artıq qüvvə ilə döyüşə girməyə məcbur etdi. Martın 24-də düşmənin daha böyük qüvvə ilə həmləsi yenə də boşa çıxdı. Düşmənin texnika və canlı itkisi komandanlıq tərəfindən diqqəti özünə cəlb etdi. Ən ağır müdafiə sahəsi Ərəstun və onun əsgərlərinə etibar edildi. 1993-cü il martın 28-də düşmənlər yeni qüvvə ilə Ərəstunun taqımının müdafiə zonasına hücum etdilər. Güclü artileriya və çoxlu miqdarda erməni piyadalarına qarşı döyüş başlandı. Düşmən xeyli itki versə də, əsgərlərimizin mövqeləri arxasına keçə bildilər. Ərəstun və üç əsgəri mühasirəyə düşdülər. Artıq patron qurtarmışdı, düşmən isə səngərin önündə idi. Əsir düşməyin nə olduğunu Ərəstun çox gözəl bilirdi. Şərəfli ölüm, yoxsa düşmən əlində alçaldıcı əsirlik? Qərar qəti idi – şərəfli şəhid ölümü. Əsir düşməmək üçün Ərəstun və 3 əsgəri özlərini qumbara ilə partlatdılar. Düşmənlər bu cəsarəti görüb bir müddət yaxına gələ bilmə-dilər. Bu vaxt ərzində köməyə gələn qüvvələrimiz ermənilərin cəhdlərinə baxmayaraq, döyüş dostlarının cəsədlərini götürməyə nail oldular. Ərəstun bu döyüşdə qəhrəmanlıqla həlak oldu və sübut elədi ki, o, Vətənimizin ən layiqli övladlarından biridir.

Ərəstunun həyat yoldaşı Mənsumə də çox əziyyətlərə qatlaşdı, amma qürurunu sındırmadı. Ərəstunun yadigarı olan Sahil və Röya balalarını Ərəstunun arzuladığı kimi böyütdü. Oğlu Sahil 587 balla BDU-nun iqtisadi kibernetika fakültəsinə daxil olub və oranı bitirdikdən sonra magistratura təhsili alır. Qızı Röya isə Diaqnostika Tibb Mərkəzinin əməliyyat şöbəsində tibb bacısı işləyir. Atasına layiq nəsil davamçılarıdır.

Dövlətimiz də Ərəstunun bu qəhrəmanlığını yüksək qiymətləndirərək Bakı şəhəri, Həzi Aslanov adına qəsəbədə (Xətai rayonu) 3-cü dairə küçəsinə və Laçın rayonu Mişni kənd mədəniyyət evinə onun adını vermişdir.
Mişni kəndində adına küçə var.

1998— Pedaqoq xanəndə, Azərbaycan Dövlət Filarmoniyasının solisti, Azərbaycan Respublikasının əməkdar müəllimi Nəriman Mövsüm oğlu Əliyev Bakıda vəfat etmiş və Buzovna qəsəbəsində dəfn edilmişdir.

Nəriman Əliyev 5 may 1930-cu ildə Bakının Buzovna qəsəbəsində anadan olmuşdur. 1942-ci ildə 206 saylı məktəbin 7-ci sinfini bitirmişdir.

1956-cı ildə Asəf Zeynallı adına Bakı Musiqi texnikumunun xanəndəlik sinfinə daxil olmuşdur. 1960-cı ildə Texnikumu bitirərək Azərbaycan Estrada Birliyinə, daha sonra isə Azərbaycan Dövlət Filarmoniyasına solist kimi qəbul edilmişdir. 1964-cü ildə 12 nömrəli musiqi məktəbinin axşam şöbəsində muğam müəllimi işləmişdir. 1965-ci il sentyabrın 1-dən 1997-ci il yanvarın 1-nə kimi Asəf Zeynallı adına Bakı Musiqi texnikumunda xanəndəlik sinfində dərs demiş, həmin şöbənin baş müəllimi olmuşdur.

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.

Ana və Uşaq.com – sadəcə, bir sayt deyil, cəmiyyət üçün kiçik də olsa, fayda vermək istəyən bir təşəbbüsdür.

Bağlantı