Tarixdə bu gün

İlin 116-cı (uzun illərdə 117-ci) günü.
Mühüm hadisələr:
1986 – Çernobl hadisəsi baş verdi.
2007 – Pekində Olimpiya Oyunlarının məşəli yandırıldı.
Doğum günləri:

1908 — Görkəmli ədəbiyyatşünas alim, yazıçı, Əməkdar Elm xadimi, filologiya elmləri doktoru , professor Mir Cəlal Əli oğlu Paşaye Şərqi Azərbaycanın Təbriz şəhərinin Sufiyan şəhərindən 9 km məsafəsində yerləşən Şəbüstər şəhristanının Əndəbil kəndində doğulmuşdur.
Kiçik yaşlarında atası Gəncəyə köçdüyündən uşaqlığı burada keçmişdir. 1918-ci ildə atası vəfat etmiş, böyük qardaşının himayəsində yaşamışdır. 1918–1919-cu illərdə Xeyriyyə cəmiyyətinin köməyi ilə ibtidai təhsil almışdır. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra Gəncə Darülmüəlliminə daxil olmuşdur (1924–1928). Tələbə təşkilatının, sonra isə şəhər tələbə həmkarlar təşkilatının sədri seçilmişdir (1926–1927). 1928-ci ildə Gəncə Darülmüəllimi bitirib, Gədəbəy yeddiillik məktəbində müəllimlik etmişdir.
1929-1930 – 1 №-li Gəncə şəhər məktəbində direktor vəzifəsində işləmişdir.
Kazan Şərq Pedaqoji İnstitutunun ədəbiyyat şöbəsində (1930–1932) təhsil almışdır. 1932- ci ildə Bakıya qayıdaraq Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutunun aspiranturasına daxil olmuşdur, eyni vaxtda “Kommunist”, “Gənc işçi” qəzetlərində işləmişdir. Bu ərəfədə “Sağlam yollarda” adlı ilk kitabı çapdan çıxmışdır.
1940-cı ildə “Füzulinin poetikası” mövzusunda namizədlik dissertasiyası, 1947-ci ildə “Azərbaycanda ədəbi məktəblər” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.
Onun ədəbiyyat nəzəriyyəsinə dair araşdırmaları, xüsusilə məşhur “Ədəbiyyatşünaslığın əsasları” dərsliyi Azərbaycan filoloji mühitində diqqətəlayiq yer tutur. “Klassik irs və müasirləri”mizə dair məqalələri, monoqrafik tədqiqatları, “Azərbaycanda ədəbi məktəblər” mövzusunda yazdığı doktorluq dissertasiyası, “Füzuli sənətkarlığı”, “Cəlil Məmmədquluzadə realizmi haqqında” və sair bu kimi əsərləri onun ədəbi-nəzəri düşüncə ilə ardıcıl və sistemli şəkildə məşğul olmasını təsdiqləyən çox ciddi faktlardır.
1928-ci ildən ədəbi fəaliyyətə başlamışdır. “Kommunist” qəzetində şöbə müdiri, “Gənc işçi” qəzetində məsul katib, həm də Azərbaycan Elmlər Akademiyası Nizami ad. Ədəbiyyat İnstitutunda elmi işçi olmuşdur (1932–1935). Azərbaycan Dövlət Universitetində dosent, 1948-ci ildən professor kimi fəaliyət göstərmişdir. Azərbaycan ədəbiyyatı kafedrasının müdiri olmuşdur.
1978-ci il sentyabrın 28-də vəfat etmiş, ikinci Fəxri Xiyabanda dəfn edilmişdir.
Azərbaycan Respublikasının birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın babasıdır.

1947 — Azərbaycanın Əməkdar incəsənət xadimi, kinorejissoru və rejissor assistenti, Gülbəniz Yusif qızı Əzimzadə Bakıda ziyalı ailəsində anadan olub.
1963-1968-ci illərdə Ə.Əzimzadə adına Azərbaycan Dövlət rəssamlıq məktəbində oxuyub. 1969-1974-ci illərdə Moskvada ÜDKİ-nun rejissorluq fakültəsində təhsil almışdır. Azərbaycanın kino tarixində ilk qadın kinorejissorlardan biridir. Diplom işi “Nəğmə dərsi”dir. 1
1974-1998-ci illərdə “Azərbaycanfilm” kinostudiyasında quruluşçu-rejissor işləmişdir. Filmləri bir sıra kinofestivallarda mükafatlara layiq görülmüşdür. “Molodost-80”, Kiyev şəhəri – priz və diplom, 1981 Yerevan şəhəri, lX Televiziya filmləri festivalı Baş priz. G.Əzimzadənin ilk mühüm ekran işi R.İbrahimbəyovun ssenarisi əsasında çəkdiyi “Nəğmə dərsi” qısametrajlı bədii filmdir.
Anarın “Dantenin yubileyi” povesti əsasında quruluş verdiyi eyniadlı film 1978-ci ildə ekranlaşdırılıb və maraqla qarşılanıb. Onun “Təkcə adanı özünlə apara bilməzsə” adlı bədii filminin əsas mövzusunu insana və təbiətə məhəbbət təşkil edir. Rejissora böyük uğur qazandıran bu film 1980-1981-ci illərdə fəxri mükafatlara layiq görülüb. Bunlardan başqa, G.Əzimzadə “Qaladan tapılan mücrü”, “Ötən ilin son gecəsi”, “İmtahan”, “Qətl günü” kimi maraqlı filmlərin də quruluşçu rejissorudur. Onun “Müqəddəs oda yanaram” və “Ümid” adlı yeni dövr filmlərində Qarabağ müharibəsinin gətirdiyi faciələr və insanın həyatda yerini tapması kimi mühüm mövzular öz əksini tapıb.
Gülbəniz Əzimzadə 2006-cı il dekabrın 7-də vəfat edib.
Vəfat etmişdir:

1992—Görkəmli tənqidçi, ədəbiyyatşünas, filologiya elmləri doktoru , professor, Azərbaycanın Əməkdar elm xadimi, Azərbaycan milli yaradıcılıq akademiyasının müxbir üzvü olmuş Mirəli Mir Ələkbər oğlu Seyidov 74 yaşında vəfat etmişdir.
Seyidov Mirəli Mir Ələkbər oğlu 1918-ci il mayın 5-də-də Qərbi Azərbaycanın İrəvan şəhərində bəy ailəsində anadan olmuşdur. Burada ibtidai məktəbi, Bakıda S.Ağamahoğlu adına hidromeliorasiya texnikumunu bitirmişdir . Yerevan Dövlət Pedaqoji İnstitutunun Azərbaycan bölməsində təhsil almışdır (1938-1944). Eyni zamanda Ermənistan Dövlət Universitetinin Şərq şöbəsində oxumuşdur (1941-1945). Həmin illər “Sovet Ermənistanı” qəzeti redaksiyasında korrektor, ədəbi işçi, gənclər şöbəsinin müdiri, məsul katibin müavini vəzifələrində işləmiş, mətbuat müvəkkili olmuşdur. AMEA-nın Nizami adına Ədəbiyyat Muzeyinin orta əsrlər Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri (1945-1953), Nizami adına Dil və Ədəbiyyat İnstitutunda orta əsrlər şöbəsində baş elmi işçi (1953-1960), ədəbi əlaqələr şöbəsində baş elmi işçi (1960-1967), şöbə müdiri (1967-1980), Azərbaycan mifologiyası və Orta əsrlər folkloru şöbəsinin müdiri (1980-1988), institutun Xalq yaradıcılığı şöbəsində aparıcı elmi işçi işləmişdir (1987-ci ildən). 1982-ci ildə Türkiyədə keçirilən 4-cü türkoloji konqresdə Sovet nümayəndə heyətinin tərkibində olmuş, “Azərbaycan mərasimlərində teatr ünsürləri (Yuğ mərasiminə əsasən)” mövzusunda məruzə etmişdir. Ədəbi fəaliyyətə 1941-ci ildə ” Sovet Ermənistanı” qəzetində çap etdirdiyi rəy və oçerklərlə başlamışdır. Həmin dövrdən mətbuatda vaxtaşırı çıxış etmişdir. 1968-ci ildə “Azərbaycan-erməni ədəbi əlaqələri (ən qədim dövrdən XVIII əsrin sonunadək)” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. “Azərbaycan mifologiyası Azərbaycan xalqının mənşəyini öyrənməkdə bir mənbə kimi” mövzusunda tədqiqat üzərində çalışırdı. Ümumittifaq türkoloji müşavirə və konfranslarda iştirak etmişdir.
1992-ci il aprelin 26-da Bakıda vəfat etmiş, ikinci Fəxri xiyabanda dəfn olunmuşdur.
Yaşadığı binanın divarına xatirə lövhəsi vurulmuşdur.
Yasamal rayonunda adına küçə vardır.

1996 — Muğam ustası, xanəndə Mürşüd Səlim oğlu Məmmədov 67 yaşında vəfat etmişdir.
Mürşüd Məmmədov 1929-cu ildə cənnət Qarabağda – Ağdam rayonunun Muradbəyli kəndində dünyaya göz açmışdır. Kiçik yaşlarından musiqiyə marağı olan Mürşüd qonşuluqda yaşayan Əhməd Ağdamskinin evinə yığışıb istedadlı xanəndələrin ifa etdiyi xalq mahnılarını və muğamlarını dinlər, onlardan eşitdiyi muğamları gizlicə zümzümə edərdi.
Mürşüd Məmmədovun hələ kiçik yaşında ifa etdiyi Qarabağ şikəstəsi bütun Qarabağda insanları heyrətə gətirmişdir. Əsasən, Əhməd Ağdamski onun ifasını dinlədiyində gözlərindən qeyri ixtiyari yaş gəlmiş və onu bağrına basmışdir.
Mürşüd Məmmədov İkinci dünya müharibəsindən sonra isə ailəsi ilə birlikdə Şəki şəhərinə köçür. Bir müddət Şəki şəhər Piyonerlər evində bədii özfəaliyyət kollektivinin solisti kimi fəaliyyət göstərir. Qısa zaman ərzində onun şöhrəti, adı-sanı Şəkiyə və ətraf rayonlara yayılır.
Mürşüd Məmmədov 1955-ci ildə Bakıda keçirilən Respublika xalq yaradıcılığı festivalının qalibi olub. Bundan sonra Seyid Şuşinski ona Bakiya köçməyi tövsiyə edib.
Nəhayət, Mürşüd Məmmədov Azərbaycan Dövlət Filarmoniyası nəzdində fəaliyyət göstərən “AzKonsert”in solisti olur.
1956-cı ildə ailəsini köçürüb gətirən M.Məmmədovun Kömürçü bazarının yanindaki evi sənət məbədgahına çevrilir. Əliağa Vahid, Seyid Şuşinski, Xan Şuşinski, Yavər Kələntərli, Hacı Məmmədov, Ramiz Quliyev, Habil Əliyev, Əbülfət Əliyev, İldırım Həsənov, Arif Babayev, İslam Rzayev və digər sənət adamları bu evə toplaşar və sənət barədə maraqlı söhbətlər edərdilər.
Seyid Şuşinski onun bu istedadını görərək, davamçısı olaraq görmüş və müəllimi Cabbar Qaryağdıoğlundan qalan “Qızıl Qavalı”nı tələbəsi Mürşüdə hədiyə etmisdir.
Mürşüd Məmmədov “Rast”, “Segah zabul”, “Qatar”, “Bayatı Şiraz”, “Mənsuriyyə”, “Qarabağ Şikəstəsi” kimi muğamların gözəl ifaçısı idi. İfa etdiyi muğamlar hal-hazırda Azərbaycan Respublikasınin Qızıl fondunda və UNESCO-nun dəstəyi ilə yaradılan “Qarabağ xanəndələri” albomunda yer almaqdadır.

2010 — Tanınmış aktyor və teatr xadimi Yusif Mehdi oğlu Muxtarov 26 aprel 2010-cu ildə ürək çatışmazlığından vəfat etmişdir.
Yusif Muxtarov 1941-ciildə anadan olmuşdur.
Əvvəlcə, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini və daha sonra Plexanov adına Moskva Dövlət Xalq Təsərrüfatı Akademiyasını bitirib. Əmək fəaliyyətinə 1964-cü ildən Azərbaycan Dövlət Radio və Televiziya şirkətində diktor vəzifəsi ilə başlayıb. 1994-cü ilə kimi orada diktor, ictimat-siyasi verilişlər redaksiyasının baş redaktoru, diktor şöbəsinin bədii rəhbəri vəzifələrində çalışıb.
1992-ci ildən 2010-cu ilədək Bakı Bələdiyyə Teatrının sərəncamçı direktoru olmuşdur.
Yusif Mehdi oğlu Muxtarov bir çox filmlərdə, televiziya tamaşalarında yaddaqalan rollar yaradıb.
Azərbaycan radiosunun Qızıl fondunda Yusif Muxtarovun səsində 350-dən artıq bədii verilişlər saxlanılmaqdadır.

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.