İlin 117-ci (uzun illərdə 118-ci) günü.

Doğum günləri:

1940— Məşhur ədəbiyyatşünas, tənqidçi, folklorşünas alim, filologiya elmləri doktoru , Əməkdar elm xadimi, professor Bəhlul Ağabala oğlu Abdullayev Lerik rayonu Zuvand bölgəsi Lələhiran kəndində kolxozçu ailəsində anadan olmuşdur.
1958-ci ildə Biləsuvar rayonunda orta məktəbi bitirmişdir. 1962-1967-ci illərdə ADU-nun filologiya fakültəsində ali təhsil almışdır. 1967-1971-ci illərdə Biləsuvar şəhəri Nizami adına orta məktəbində dil-ədəbiyyat müəllimi olmuşdur . 1971-ci ildə Azərbaycan EA Nizami adına Ədəbiyyat İnstitutunun aspiranturasına daxil olmuşdir 1974-cü ildə “Yusif Vəzir Çəmənzəminli və folklor” mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir 1993-cü ildə isə “Azərbaycan mərasim folkloru və onun poetikası” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.
Ədəbi fəaliyyətə 60-cı illərdən başlamışdır. “Qaynar çeşmə” məqaləsi “Ədəbiyyat və incəsənət” qəzetində (1 iyun 1969) çap ediləndən sonra dövri mətbuatda foklorun təbliği ilə ardıcıl məşğul olmuşdur.
25 mart 2011 –ci ildə 70 yaşında vəfat etmişdir.

1951 — Azərbaycan musiqiçisi, kamança ifaçısı, Azərbaycan Respublikasının Əməkdar artisti Ədalət Səfərəli oğlu Vəzirov Bakı şəhərində anadan olmuşdur.
Bülbül adına Orta İxtisas Musiqi Məktəbində və Azərbaycan Dövlət Konservatoriyasında təhsil alıb.
O, 1974-cü ildə Moskvada keçirilən V Beynəlxalq Musiqi müsabiqəsinin qalibi olub. 1980-ci ildən Azərbaycan Dövlət Konservatoriyasında və Sumqayıt Musiqi Texnikumunda (2000-2002-ci illərdə direktor ) müəllim işləyib, bir çox tanınmış musiqiçilərlər yetişdirib.
O, uzun müddət əməkdar artist Baba Salahovun rəhbərlik etdiyi Xalq çalğı alətləri ansamblında, SSRİ Xalq Artisti Zeynəb Xanlarovanın rəhbərlik etdiyi ansamblda çalışmışdır. Bir çox xarici ölkələrdə – ABŞ, Kanada, İraq, Misir, Türkiyədə ifaçılıq sənətimizi yüksək səviyyədə nümayiş etdirib. Ədalət Vəzirov kamança ifaçılığından əlavə peşəkar fortepiano və qarmon ifaçısı idi.
Ədalət Vəzirov xalq mahnısı, rəqs, rəng və təsniflərini, muğamları mükəmməl ifa etmək, üçlükdə xanəndəni, tarzəni düzgün müşayiət etməklə yanaşı, Azərbaycan və dünya bəstəkarlarının əsərlərini yüksək səviyyədə ifa etmək bacarığına malik bir ifaçı olmuşdur.
5 Oktyabr 2002-ci ildə vəfat edib.

1955— Şair, jurnalist, “Ocaq” qəzetinin təsisçisi və baş redaktoru Vəli Xramçaylı Sibirdə anadan olub.
“Dərviş” təxəllüsü ilə tanınır. Əslən Qazax rayonunun İkinci Şıxlı kəndindəndir.
Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirib. “Azərbaycan təbiəti” jurnalında şöbə müdiri, məsul katib, baş redaktorun müavini vəzifəsində çalışıb.
7 şeir kitabının müəllifidir.
Vəli Xramçaylının son illərdə yazdığı kitablardan biri də “Şairin kitabı”dır. Şair bu kitabda vətən həsrətindən, yar sevgisindən, dostluğa vəfadan, uşaqlığın ən gözəl çağlarından yazıb. Kitabdakı şeirlər oxucunun qəlbinin dərin tellərinə toxunur. Kitabdakı vətən həsrəti ilə bağlı şeirlər hər bir insanın vətənini, doğulduğu yerləri xatırlamasına, vətəni haqda dərin düşüncələrə dalmasına səbəb olur.
Şairin sevgi ilə bağlı şeirlərində yar həsrəti, sevgi acısı daha qabarıq hiss olunur. Yarına qovuşmayan aşiqin yarsız keçirdiyi günlərdə çəkdiyi əzablar, yar həsrəti daha çox öz əksini tapır.

1956— Azərbaycanlı teatr və kino aktrisası, Əməkdar artist Ulduzə Nəsirova anadan olub.
Ulduzə Nəsirova 1974-1978 -ci illərdə M.A.Əliyev adına Axərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyorluğu fakultəsində təhsil alıb.
1978-ci ildə U.Nəsirova təyinatla M.Davudova adına Mingəçevir Dövlət Dram teatrına işləməyə göndərilib. Az bir müddətdə Mingəçevir teatrının səhnəsində bir-birinin ardınca oynadığı obrazlarını özünəməxsus ştrix və boyalarla yaradaraq tamaşaçı rəğbəti qazana bilmişdir. Onun zəhmətkeşliyi, oynadığı rollara yaradıcı münasibəti az bir müddətdə Ulduzə xanımı Mingəçevir tamaşaçılarının sevimlisi etmişdir.
1984-cü ildən U.Nəsirova, taleyini Sumqayıt Dövlət Dram teatrı ilə bağlamışdır. Bu teatrda işlədiyi müddətdə U.Nəsirova müxtəlif səpkili, zidd xarakterli rollar ifa etmişdir.
1993-cü ildə Respublikamızda keçirilən mono-tamaşalar festivalında Çingiz Ələsgərlinin “Etiraf” adlı əsəri ilə çıxış edən U.Nəsirova həmin festivalın “Faciə ilahəsi” adına layiq görülmüşdür. Bu istedadlı aktrisanın sənətkarlığını nəinki sumqayıtlılar, Azərbaycan tamaşaçıları, hətta Dağıstan və Qazaxıstan teatrsevərləri də rəğbətlə qarşılamışlar.
U.Nəsirova 2003-cü ildə Respublika Prezidenti mükafatçısı olub.

1964 —Virtüoz balaban ifaçısı və ustadı, Azərbaycanın Xalq artisti Əlixan Səmədov Sumqayıtda musiqiçi ailəsində anadan olub.
Əslən Lerik rayonundandır.
Orta təhsilini 1979-cu ildə doğulduğu şəhərdə başa vurub. 1979-1982-ci illərdə N.Nərimanov adına mədəniyyət evində qarmon dərnəyinə gedib.
1980-1982-ci illərdə 1 nömrəli Musiqi Məktəbində qaboy dərsləri alıb. Sonra bir il Sumqayıt Kimya zavodunun nəzdindəki musiqi ansamblında işləyib. 1983-1985-ci illərdə sovet ordusunda əsgər olub. 1985-1990-cı illərdə indiki Azərbaycan Dövlət Pedaqoji Universitetində bədən tərbiyyəsi və hərbi hazırlıq müəllimi ixtisasına yiyələnib.
Üyni zamanda bir çox musiqi alətlərini böyük bir ustalıqla ifa edir.
1993-cü ildə musiqi sənətini daha da inkişaf etdirmək məqsədi ilə Türkiyəyə köçən Səmədov balabanı ilə qısa müddətdə böyük dinləyici kütləsi qazanıb.
“Balaban metodu” kitabının müəllifi Əlixan Səmədov müxtəlif mükafatlara layiq görülüb.
27 may 2018-ci ildə Azərbaycanın Xalq artisti fəxri adına layiq görülmüşdür.
Vəfat etmişdir:

1994— “Azərbaycan Bayrağı” ordenli döyüşçü Ramiz Hüseyn oğlu Abbasov Vətən uğrunda döyüşlərdə qəhrəmancasına həlak olmuşdur.
Ramiz Abbasov 19 may 1964-cü ildə anadan olmuşdur.
Azərbaycan Respublikasının ərazi bütıvlüyünün qorunması uğrunda gedən döyüşlərdə xüsusi xidmətlərinə, şəxsi igidliyinə və şücaətlərinə görə ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunmuşdur.
Bakı şəhəri Binəqədi rayonunda yaşadığı Ə.Naxçıvani küçəsi 29 saylı binaya baralyefi vurulmuşdur.

1994 — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Ramiz Qərib oğlu Budaqov Gülçülük kəndində tabor komandirinin həyatını xilas edərək şəhid olub..
ölümündən sonra “Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalı ilə təltif edilib.
Ramiz Budaqov 1973-ci il 7 noyabr tarixində Qazaxıstan vilayətində anadan olub.

2005— Görkəmli tarixçi, etnoqraf, tarix elmləri doktoru, professor Qəmərşah Cavadov vəfat etmişdir.
Qəmərşah Cavadov 1938-ci il fevral ayının 23-də Quba rayonunun Aydınkənd kəndində anadan olmuşdur. Atası və beş əmisi Böyük Vətən Müharibəsindən geri dönməmişdir.
Qəmərşah Cavadov orta məktəbi bitirdikdən sonra 1956-cı ildə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsinə daxil olmuşdur. Universiteti tarixçi ixtisası ilə bitirdikdən sonra bir müddət Dəvəçi rayonunun (indiki Şabran rayonu) Aygünlü kənd məktəbində müəllim işləmişdir. Sonra Azərbaycan EA Tarix İnstitutunda etnoqrafiya ixtisası üzrə aspiranturaya qəbul olmuşdur. Bu o dövr idi ki, dünya xalqlarının – tarixi-etnoqrafik atlaslarının yazılmasına başlanmışdı. Bu fundamental əsərin bir bölməsi Qafqaz xalqlarının əkinçilik təsərrüfatına, onun əmək alətlərinin xəritələşdirilməsinə həsr edilmişdi. Azərbaycanda ilk dəfə idi ki, ənənəvi əkinçilik alətlərinin toplayıb növlərini aşkar etmək, xüsusiyyətlərini müəyyənləşdirmək, inkişaf dinamikasını izləmək, forma və variantlarını tapıb xəritələşdirmək, beləliklə də azərbaycanlıların dünya xalqları sırasında özünəməxsus əkinçilik texnikasına malik olduğunu sübut etmək tələb olunurdu. Bunun öhdəsindən məhz Qəmərşah Cavadov gəldi. 20 illik gərgin axtarışlar nəticəsində Azərbaycan tarixşünaslığı üçün son dərəcə vacib olan bu məsələləri tutarlı mənbələr və etnoqrafik faktlar əsasında sübuta yetirdi. Qəmərşah Cavadov ilk dəfə olaraq xalq əkinçilik texnikasının məhəlli köklərini və inkişaf mənbələrini müəyyən etməklə azərbaycanlıları gəlmə etnos sayanlara tutarlı cavab verdi. Dünya şöhrətli akademik V.K.Bondarçuk Qəmərşah Cavadovun elmi monoqrafiyasına yazdığı rəydə bildirirdi: “Q.Cavadovun monoqrafiyası onun müəllifinin Azərbaycan xalqının əkinçilik texnikasının öyrənilməsi və tədqiqi sahəsində nə kimi böyük, əzəmətli işlər gördüyünü qiymətləndirməyə əsas verir. Gənc alimin tədqiqatları… dünya etnoqrafiya elminə böyük töhfədir”.
Həyatını və elmi fəaliyyətini Azərbaycan EA-ya bağlayan, ömrünün 40 ildən artıq bir dövrünü tarix və müasir etnoqrafiyanın müxtəlif məsələlərinə həsr edən Q.Cavadov 300-ə yaxın elmi məqalənin və 10 monoqrafiyanın müəllifidir. Bunların arasında “XIX əsr və XX əsrin əvvəllərində Azərbaycanın əkinçilik alətləri”, “Azərbaycanda əkinçilik mədəniyyəti: ənənələr və müasirlik”, “Əkinçilik mədəniyyətimizin sorağı ilə”, “Xalq təbabətimiz məişətimizdə”, “Udilər”, “Talışlar” kitabları xüsusi yer tutur. Müəllif bu əsərlərində Azərbaycan etnoqrafiyasının müxtəlif problemlərinin həllinə nail olaraq azərbaycançılıq, onun etnik əsasları, Azərbaycan xalqının etnososial birliyinin yaranmasında respublikamızın ərazisində məskunlaşmış azsaylı xalq və etnik qrupların rolunu da ciddi və obyektiv tədqiq etmişdir.

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.