29 aprel

Tarixdə bir gün

İlin 119-cu (uzun illərdə 120-ci) günü.

Mühüm hadisələr:

1945 – Sovet tankları Berlinə daxil oldu.

1992 – Azərbaycan Respublikası Cənubi Afrika ilə diplomatik əlaqələr qurmuşdur.

Doğum günləri:

1916– Əməkdar incəsənət xadimi – bəstəkarlıq təhsili almış ilk azərbaycanlı qadın Ədilə Hacıağa qızı Hüseynzadə anadan olmuşdur.

Ədilə Hacıağa qızı Hüseynzadə XX əsrin 40-cı illərində Üzeyir Hacıbəyovun təşəbbüsü və xeyir-duası ilə musiqi aləminə gəlmiş, 1942-1948-ci illərdə Azərbaycan Dövlət Konservatoriyasının xalq musiqisi şöbəsində Üzeyir bəydən dərs almışdır. O, 1953-cü ildə Azərbaycan Dövlət Konservatoriyasını bəstəkarlıq ixtisası üzrə bitirmiş ilk azərbaycanlı qadındır. Ə. Hüseynzadə bir çox janrlarda uğurla çalışaraq simfonik poema, simli kvartet, kantata, xor miniatürləri yaratmışdır. Lakin bəstəkarın yaradıcılığında romans janrı daha çox üstünlük təşkil edir. Milli musiqimizdə romans janrının təşəkkülündə onun özünəməxsus yeri vardır. Ə. Hüseynzadənin Nizaminin sözlərinə yazılmış “Vəslin həvəsi” romansı, habelə Nəsimi, Füzuli, Natəvan, Səməd Vurğun, Nəbi Xəzri, Bəxtiyar Vahabzadə, Rəsul Rza, Nigar Rəfibəylinin şerlərinə bəstələnmiş romansları və şəksiz nailiyyəti olan “Duyğular” vokal silsiləsi musiqimizin inciləridir.

Ə.Hüseynzadə Ü.Hacıbəyovun “Arşin mal alan” operettası əsasında çəkilmiş bədii filmdə (1945) Asya rolunu səsləndirmişdir. Onun yaradıcılığının əsasını, vokal əsərlərinin üstün oldüğü kamera musiqisi təşkil etsə də, Ədilə xanım bir sıra iri həcmli əsərlər də yaratmışdır.

Ə.Hüseynzadə yaradıcılığından uzaqlaşmadan uzun illər Bülbül adına orta ixtisas musiqi məktəbində qabiliyyətli uşaqlara kompozisiyanın əsaslarını tədris etmişdir.

Ədilə Hüseynzadə gözəl səsə malik bir vokal ustası kimi də sənət tariximizdə iz qoymuşdur: ümumdünya şöhrətli “Arşın mal alan” kinofilmində Asyanın vokal partiyasını məhz Ədilə xanım oxumuşdur.

Ədilə xanım uzun illər (1953-1988) Bülbül adına orta ixtisas musiqi məktəbində “bəstəkarlıq” fənnindən dərs demiş, gənc istedadların aşkarlanması işində əlindən gələni əsirgəməmişdir.

Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, dahi Üzeyir Hacıbəyovun son və sevimli tələbələrindən biri olmuş bəstəkar Ədilə xanıın Hüseynzadə 2005-ci ildə vəfat etmişdir.

1919 — Azərbaycan kinorejissoru, ssenarist, pedaqoq, Xalq artisti , Qırmızı Əmək Bayrağı, Xalqlar Dostluğu və “Şərəf nişanı” ordenləri laureatı Əjdər Mütəllim oğlu İbrahimov Aşqabad şəhərində anadan olmuşdur.

1940-cı ildə Aşqabad Teatr Məktəbini, 1952-ci ildə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun Kinorejissorluq fakültəsində təhsil alaraq Sergey Yutkeviç və Mixail Rommun sinfini bitirib. İkinci dünya müharibəsinin iştirakçısı olub.

1952-ci ildə yenidən Aşqabada — “Türkmənfilm”ə qayıdıb. Burada “Firuzə”, “Xəzərin şərqində” və s. filmlərə quruluş verib. 1954-1959-cu illərdə Bakı kinostudiyasında işləyib. 1954-cü ildə Lətif Səfərovun quruluş verdiyi “Bəxtiyar” və Tofiq Tağızadənin 1955-ci ildə çəkdiyi “Görüş” filmlərində ikinci rejissor işləyib. Bakı Kinostudiyasında quruluşçu rejissor kimi ilk böyük işini 1957-ci ildə reallaşdırıb və “Mosfilm”lə bu studiyanın birgə ekranlaşdırdığı “Bir məhəlləli iki oğlan” filminə İlya Qurinlə birlikdə quruluş verib. 1958-ci ildə “Onun böyük ürəyi” filmini çəkib. Bu filmin ssenarisini yazıçı İmran Qasımov qələmə almışdı. Film Sumqayıt haqqında, burada gedən nəhəng quruculuq işləri barədə idi. Süjetdə Böyük Vətən müharibəsi, ondan əvvəlki və sonrakı dövrlər əhatə edilirdi. Burada rejissor özü də Rəsulov rolunda çəkilmişdi.

1959-1962-ci illərdə Vyetnam Demokratik Respublikasında ilk milli kino məktəbinin yaradılması, milli aktyor və rejissor kadrlarının hazırlanmasında fəal iştirak etdi. Əjdər İbrahimovun bədii rəhbərliyi ilə “İki əsgər”, “Acgöz quş”, “Bir payız günündə” filmləri yaradıldı.

Ə.İbrahimov sonralar “Mosfilm”də rejissor kimi öz fəaliyyətini davam etdirir. Onun “Ürək əhvalatları”, “Məhəbbətim mənim, kədərim mənim” (“Azərbaycanfilm”lə birgə) filmləri rejissorun şöhrətini daha da artırır.

Əjdər İbrahimov 20 sentyabr 1993-cü ildə Moskvada vəfat etmiş və Bakıda Fəxri Xiyabanda dəfn edilmişdir.

1967— Azərbaycan kino aktyoru və rejissoru, Azərbaycanın Əməkdar incəsənət xadimi Elxan Pərviz oğlu Cəfərov 29 aprel 1967-ci ildə Bakı şəhərində anadan olmuşdur.

Elxan Cəfərov hələ uşaq yaşlarında bir neçə filmə çəkilib. Onun ifa etdiyi çoxsaylı uşaq rolları arasında A. Dovjenko adına kinostudiyanın “Hazır ol, əlahəzrət” filmində şahzadə rolu da var.

Hazırda rejissordur, klip və filmlər çəkir.

“Dolu” filminə görə “Ən yaxşı rejissor işi” nominasiyasında “Qızıl Pəri” mükafatı na, 2018-cı ildə isə

Azərbaycanın Əməkdar incəsənət xadimi fəxri adına layiq görülmüşdür.

Vəfat etmişdir:

1979 — Tanınmış tənqidçi, ədəbiyyatşünas, filologiya elmləri doktoru Hidayat Əli oğlu Əfəndiyev 71 yaşında vəfat etmişdir.

Hidayət Əfəndiyev 1908-ci il avqustun 1-də Bakı quberniyasının Şamaxı şəhərində qulluqçu ailəsində doğulmuşdur. Atası Ağa Əli Naseh öz dövrünün tanmmış şairlərindən idi. Mirzə Ələkbər Sabirin və Abbas Səhhətin yaxın dostu olmuşdur. 6 yaşında ikən atasını itirdiyindən anasının himayəsi altında boya-başa çatmışdır. İbtidai təhsilini Şamaxıda rus-tatar məktəbində, sonra realnı məktəbin hazırlıq sinfində almışdır. Şamaxıda mart hadisələri (1918) başlar-başlamaz ailəlikcə Gəncəyə köçmüşlər. Azərbaycanda aprel çevrilişindən sonra yenidən doğma yurda qayıtmışlar.

1922-ci ildə Hidayət Əfəndiyevi   təhsil almaq üçün Bakı müəllimlər seminariyasına   göndəriblər.  Təhsilini bitirdikdən sonra  bir müddət Şamaxıda I və II dərəcəli məktəblərdə müəllimlik edib, həm də ali pedaqoji institutda təhsilini davam etdirib. Ağdaş rayon maarif şöbəsinə təlimatçı-metodist təyin olunur. 1932-ci ildə Bakıya qayıdır, pedaqoji və ədəbi fəaliyyətə başlayır. Azərbaycan Baş Mətbuat İdarəsində siyasi redaktor (1932-1935), Azərbaycan Qiyabi Pedaqoji İnstitutunda müəllim (1935-1941) işləyir, 1946-cı ildən ADU-nun filologiya fakültəsinin Azərbaycan ədəbiyyatı kafedrasında baş müəllim, dosent olur.

1953-cü ildə “XX əsr Azərbaycan bədii nəsri tarixindən” mövzusunda namizədlik, 1973-cü ildə isə  “Azərbaycan klassik bədii nəsri tarixi (qədim dövrdən 1905-ci ilədək)” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.

1979-cu il aprelin 29-da vəfat etmişdir.

Bayramlar və xüsusi günlər:

29 aprel Dünya Arzu Günüdür. Bir balaca bu günün necə yaranması , məramı barədə qısa tanış olaq:

“Make-A-Wish” Foundation (“ing. Make a wish”-  “Ürəyində bir arzu tut”) ölümcül xəstə uşaqların istəyini yerinə yetirməyə kömək edən Beynəlxalq Xeyriyyə Fondudur. Fond 1980-ci ildə yaradılıb, bu müddət ərzində 240 mindən artıq uşağın istəyi yerinə yetirilmişdir.

30 mindən çox könüllü fondun işlərinə kömək edir.

 Beynəlxalq Rəqs Günü  Beynəlxalq Teatr İnstitutu (ITI) və UNESCO ortağı QHT Beynəlxalq Rəqs Komitəsi tərəfindən 1982-ci ildə tanıdılmışdır və hər il 29 apreldə qeyd edilir.Bu tarix, müasir baletin yaradıcısı Jan-Jorj Noverrin(1727-1810) ad günü xatirəsinə (ITI)ın Beynəlxalq Rəqs Komitəsi tərəfindən təyin olunmuşdur..

Hər il bununla bağlı təntənəli tədbirlər,konsertlər keçirilir.

Azərbaycan xalqınında özünəməxsus bir çox rəqsləri vardır.Onlara nümunə olaraq “Vağzalı”, “Uzundərə”, “Nəlbəki”, “Ceyranı”, “Cəngi”, “Qaytağı”, “Qazağı”, “Xançobanı” rəqslərini göstərmək olar.


Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.

Ana və Uşaq.com – sadəcə, bir sayt deyil, cəmiyyət üçün kiçik də olsa, fayda vermək istəyən bir təşəbbüsdür.

Bağlantı