Qadın, ana, ailə dyərləri

Rəvayət:
Guya qədimlərdə oğlan və qız bir bədəndə yaranıbmış. Elə bir bədəndə sevib-sevişirlərmiş. Amma sonralar işlətdikləri hansısa qəbahətə görə, Allah onları cəzalandırır və bir-birindən ayırır. Guya o vaxtdan da bir-birlərindən ayrı düşmüş paralardan hər kəs nə vaxt öz parasını tapırsa, ürəklərində yenidən sevgi duyğuları baş qaldırır və onlar bir daha birləşirlər. Həm də əbədi olaraq birləşirlər… Onları yalnız ölüm ayıra bilirmiş.
Rəvayət olsa da, sevgini obrazlı olaraq ifadə etmək üçün təsirli nümunədir. Təəssüflər olsun ki, zaman irəliyə doğru davam etdikcə dəyərlərimiz cürbəcürə aşınmalara məruz qaldı. İndi ən adi incuiklikdən, umu-küsüdən, anlaşılmazlıqdan, kənar təsirdən elə rahatca sevginin qətlinə fərman verirlər ki.
Çünki belə sevgililər heç vaxt öz bədənlərindən ayrılmış paralarını tapıb qovuşmayıblar, sevməyiblər, ailə həyatına hazırlanmayıblar. 2-3 dəfə görüşməklə toy edirlər.
Sevən oğlanla qız arasındakı tanışlıq, münasibətlər, dostluq, nə deyirsinizsə-deyin, ilk çağlarında hələ formalaşmış sevgi deyildir. Sevgi o vaxt əsl sevgi adlana bilər ki, sevən tərəflər arasındakı münasibətlər getdikcə daha da dərinləşir və elə mərhələyə qədəm qoyur ki, artıq gənclərin hər ikisi də hiss edir ki, aralarındakı bu münasibətin adı yoldaşlıq deyil, dostluq da deyil. Bunun adı əlahəzrət Sevgidir.
Belə sevgililər, təbii ki, qarşılarına çıxan bütün sədləri dəf edəcəklər. Əgər kimlərsə düşünürlərsə ki, sevgi əlahiddə qadına sahib olub, evlilik özəlliyini yaşamaqdır, səhv edir. Əsl segi insana yataq yoldaşı deyil, həyat yoldaşı bəxş edir. Amma təəssüf ki, günümüzün sevgi-ailə münasibətlərində bu məqam daha aparıcıdır. 30-40 il bundan əvvəl 4-5 uşaqlı ailə azuşaqlı ailə hesab olunurdu. İndi isə, xüsusi ilə şəhərlərdə, 2 uşaqlı ailə çoxuşaqlı ailə hesab olunur. İndiki gənclər evlilik həyatı yaşamaq istəyirlər, amma dünyaya uşaq gətirmək istəmirılər. Ona görə istəmirlər ki, qayğıları çox olmasın, formalarını itirməsinlər.
Bir vaxt dünyaya 6, 8, 10 övlad gətirən ananın qızları, nəvələri bu gün 2 uşaqdan çox uşaq istəmir. Ha iqtisadi səbəbləri bəhanə kimi gətirsələr də, inanmaq olmur, vallah.
Mənim anam “Qəhrəman ana” idi : 8 oğul+2 qız. Dünyaya 10 uşaq gətirmək, onların qayğısına qalmaq, ağzını yığışdırmaq, üstəlik həyət-bacaya baxmaq, ərə baxmaq hər zərif məxluqun işi deyil. Bu işləri hər gün, özü də səhərdən axşama kimi etmək yalnız əmək qəhrəmanlığı yox, həm də ailə qarşısında məsuliyyət, bir sevgi qəhrəmanlığı demək idi. Yalnız o Qadınlar, o Analar bu qəhrəmanlığı edə bilirdilər, bu qədər işlərin öhdəsindən yalnız onlar gələ bilirdilər. Onlar bunu yuxularından, dincliklərindən “oğurlayıb” edirdilər. Ona görə də süfrə başında mürgü vururdular, ayaqüstə yatırdılar. O dövrün anaları bunu bir də ona görə edə bilirdilər ki, onlar ailə qurarkən, ata ər evinə gələrkən missiyalarını bilirdilər, ər evinə ram olub gəlirdilər.
İndiki zamanda analıq, qadınlıq institutu tamam fərqlidir. Gəlinlər çox təcrübəsizdirlər. Çox az gəlin tapılar ki, yeməyə qaydasınca duz tökməyi bacarır. Çox az gəlin tapılar ki, 4-5 uşaq arzulasın. Gecə yuxu aparıb uşaq da ağlaya-ağlaya qalmasın…
Mən bir neçə il qabaq bir internet yazısı oxumuşdum. Deməli, alimlər yeni üsul icad ediblər. Tutaq ki, ailə quran çütlük evliliklərinin, deyək ki, 15 il üçün uşaq istəmirlər. Yeni üsul imkan verəcək ki, döl qabiliyyətli toxumu labaratoriya şəraitində saxlasınlar. Nə vaxt uşaq arzu etsələr, toxumu bədənə köçürməklə istəklərini həyata keçirsinlər. Belə ailə həyatı, uşaq sevgisi olurmu…? Bir şəxs 25 yaşında ailə qurubsa, bunlar həmin yolla 15 ildən sonra uşaq sahibi olsalar, bu uşaq ata-ana hərarəti yox, baba hərarəti duyan kimi olacaq. Ailə quran qızlarımız belə etməməlidirlər. Filosoflardan birinin dediyi kimi, “Heç bir bəzək, makiyaj, qadını analıq sevgisi qədər gözəlləşdirə bilməz”. Bu, fiziki gözəllik deyil, ruhi, mənəvi gözəllikdir.
Azərbaycan ailəsi heç vaxt belə olmayıb. İndi müşahidə etdiyimiz hallar həyatımıza, mənəviyyatımıza hamısı Qərb ölkələrindən, ispan seriallarından sirayət etdi.
Bəzi xanımlar belə nümunələr haqqında eşidib, seriallarda görüb elə bilirlər ki, guya serialda görünənlər, doğrudan da ər-arvaddır, onlar xoşbəxtdir.
Hatəmxan ağanın sözü olmasın : “Bizdə çox arvadlılıq adətdir, avropalılarda isə çox ərlilik”.

Xaricdə qadınlar azad yox, sərbəstdirlər. Kim necə istəyir, necə arzu edir həyatını qurur, istədiyi formada yaşayır və s. Fransada, məsələn, nikah, vacib də deyil. Gənclər bir-birlərini bəyəndilərsə, ailəli kimi yaşayırlar, ta bəyəniləcən. 7 aydan sonra 1-1-lərini bəyənmirlərsə, səssiz –küysüz ayrılırlar, yenidən 7 aylıq macəra axtarmaq üçün biri çevrilib saga, biri də sola gedir.
Afrika ölkələrində bu gün də poliqamiya, yəni bir şəxsin ikidən çox əks cinslə nikah hüququ davam etməkdədir.
İki il öncə saytlarımızın birində yazmışdılar ki, Səudiyyə Ərəbistanında çoxarvadlılıq akademiyası yaradıla bilər. Onların fikrincə, bir kişi eyni anda 3 qadınla ailə həyatı qura bilər, bir şərtlə ki, hər 3 nikah eyni ayda bağlanmış olsun. Əgər bu kişi 10 il ərzində bu qadınlarla “sülh içrə yaşamağı” bacarmışsa, akademiya ona 4-cü arvadı tapmağa yardımçı olacaq.
2014-cü ildə İraqda uşaqların 9 yaşına qədər nikaha daxil ola bilməsini qanunla nizamlamaq istəyirdilər.
Ən erkən nikahlar kütləvi şəkildə Nigeriya, Çad, Banqladeş, Mali və Efiopiya kimi ölkələrdə baş tutur. 2003-2009-cu illərin tədqiqatlarına əsasən, bu ölkələrdə evliliklərin 20%-dən çoxu 15 yaşından əvvəl baş verir.
Eynicinslilərin nikahı hazırda dünyanın 20 ölkəsində, Meksianın bir neçə ştatında və Böyük Britaniyanın bəzi ərazilərində, Almaniyada, Hollandiyada leqallaşdırılıb.
Bunlar mənəvi eybəcərlikdir.
Mətbuatda (üzr istəyirəm) baş vermiş cinayət hadisələrindən bəhs edərkən qeyri-təbii yolla cinsi münasibətlərdən yazırlar. Adamın əti tökülür. Kişi öz halalına belə baxışla necə yanaşa bilər? Belə intim hərislik hansı ülvi sevgini doğura bilər?
İnsan da bütün digər canlılar kimi bioloji varlıqdır. Onunda orqanizm olaraq intim münasibətlərə ehtiyacı var. Amma bu, o demək deyil ki, kişilər yalnız buna görə ailə qururlar. Qadın ancaq kişilərin bu hisslərini təmin etmək üçündür.
İnsan yaranmışların ən şərəflisidir. O nə qədər yaşayacaq bu həyatdan zövq almalıdır, mənəvi zövq deyirəm ha. Əgər dünyaya övladları gəlirsə, sonra nəvəsi, nəticəsi olursa, bu da mənəvi zövqdür. İnsan nəslinin, cəmiyyətin mövcud olması üçün də ailə birliklərinə ehtiyacımız var. Bir ata övladını evləndirərkən onun məqsədi o deyil ki, oğlunun cinsi rahatlığı təmin edilmiş olsun. Ata istəyir ki, ictimai-faydalı əməklə məşğul olsun, ailə, cəmiyyət qarşısında cavabdehlik daşısın, məsuliyyətli olsun. Bu atanın da nəsli itməsin, yəni nəsil xətti davam etsin. Təbii ki, övladı biz uşaqlıqda bildiyimiz kimi, hansısa bir şəhərdən “posılka” ilə göndərmirlər. Bunun üçün intim münasibətlər qaçılmazdır. Deməli, intim münasibətlər, məqsəd deyil, məqsədə çatmaq üçün vasitədir.
Bu münasibətlərdə seriallarda səpkilənən çılpaq, ehtiraslı əlaqələr qəbuledilməzdir. Mən subyektiv fikrimi bildirirəm: intim açgözlərin münasibətlərindən doğulan uşaqla ağayanalıqla yaşanan özəl həyat və bu münasibətlədən dünyaya gələn uşaq hökmən fərqli keyfiyyətdə olacaqdır.
Sosial şəbəkələrdə, şəxsi söhbətlərdə bu motiv çox vurğulanır, hətta mütəxəssislər də intim uyğunsuzluğu ailə problemlərinin bir səbəbi kimi dəyərləndirirlər.
Cənnət xalanın (Nəsibə Zeynalova) dediklərini xatırlayaq: ” Məşədi Kazımla 30 il bir yastığa baş qoyduq, amma bir dəfə məni maç etmədi.”
Yumor ovqatı qatmaq istəmirəm, amma bu, rejissorun dədə-baba əxlaq tərzimizlə bağlı tamaşaya əlavə etdiyi uğurlu məqamdır.
Bu gün ailə münasibətlərində, qadın-kişi münasibətlərində haqqında eşitdiyimiz eybəcərliklər sərbəstsiz azadlıqlarla xaricdən sirayət etdi.
Bizə Qərbin gender, feminism moizələri lazım deyildi. Bəlkə də dünyanın heç bir yerində Azərbaycan qadınının şərəfi bu dərəcədə ucalığa qaldırılmayıb. İndi də başlayıblar ailə dəyərlərimizi sarsıtmağa: karobkalarda selofonlarda satılan genləri dəyişdirilmiş nataraz-nataraz almalar kimi, 100 cürə ampulada gender, feminizm “demokratiya sovqatı” paylayırlar.
Bizim “Azad Qadın” ideyalarə Qərbin feminizmindən də, genderindən də məzmunlu və qədimdir. Dədə Qorqud cəmiyyətindən ta bu yana tarixi incələyin: nə qədər fəxarətli səhifələr qarşınıza çıxsın.
7 oktyabr 1901-ci ildə Bakıda müsəlman qızlar üçün ilk məktəb açılmışdır. 1915- ci ilə qədər Bakıda bu məktəblərin sayı 5-ə çatıb.
1908-ci ildə “Nicat” adlı ilk Azərbaycan qadın xeyriyyə cəmiyyəti yaradılmışdır. Bu təşkilaat yoxsullara təkcə yardım etmək üçün deyil, həm də onların mədəni səviyyəsini qaldırmaq, maarifləndirmək məqsədi daşıyırdı.
1923 -cü il noyabrında ilk qadın jurnalı “Şərq qadını” fəaliyyətə başlayıb.
Azərbaycan qadınlığının inkişafı tarixində iz qoymuş Sara xatun, Ağa Bəyim ağa, Heyran xanım, Qönçəbəyim, Xyrşid Banu Natəvan, Fatma xanım Kəminə, Gövhər ağa, Rübabə Qasımova, Gövhər xanım Qacar, Liza xanım Muxtarova, Hənifə xanım Məlikova, Həmidə Məmmədquluzdə, Zaqafqaziyada ilk Azərbaycan dili müəlliməsi, eləcə də ilk Azərbaycan qadın jurnalisti və yazıçısı Şəfiqə Məmmədəmin qızı Əfəndizadə, ilk rəssamlıq təhsili almış Qeysər Seyfulla qızı Kaşıyeva, ilk azərbaycanlı qadın dramaturq Səkinə Mirzə Heybət qızı Axundzadə və keçən əsrin ortalarından üzübəri gəldikcə ictimai-siyasi, mədəni həyatımızın aparıcı simalarına çevrilmiş saysız-hesabsız Azərbaycan qadınlarını, onların həyat yolu ilə tanış olduqca, bu ölkədə feminizmdən, gender bərabərliyindən söz salmağı heç cürə anlamaq olmur.
Davamı var…


Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.